Çəqanə — Vikipediya

Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir.

Tarixçə[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur.[1]

Söz açımı[redaktə | mənbəni redaktə et]

Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir.[2]

Quruluşu[redaktə | mənbəni redaktə et]

Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir.

Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür və onun üzərində səs rezonatorları üçün oyuqlar açılır. İfaçı şişi yerə dayayaraq, aləti şaquli vəziyyətdə saxlayır və sağ əlində tutduğu kamanla səsləndirir. Alətin ümumi uzunluğu 820 mm, çanağının uzunluğu 420 mm, eni 220 mm, hündürlüyü 140 mm-dir.

Diapazonu böyük oktavanın "fa #" səsindən ikinci oktavanın "fa #" səsinə kimidir. Ansambl və orkestrlə, eləcə də solo aləti kimi istifadə edilə bilər.[3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Меджнун Керимов. О восстановлении забытых древних азербайджанских инструментов чанга, чагане и барбета Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Международный музыкальный культурологический журнал HARMONY
  2. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
  3. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Çəqanə Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
  4. "Azərbaycan ənənəvi musiqi atlası - Çəqanə". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.

Ünlü ifaçıları[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]