Şamaxı mədəniyyəti — Vikipediya

Şamaxı rəqqasələri

Şamaxı şəhərinin adına ilk dəfə II əsrdə Kemaxiya kimi rast gəlinir. Bu şəhər 918-1538-ci illərdə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur.

Şamaxı aşıq sənətinin özünəməxsusluq kəsb etməsinin əsas meyarlarından biri də saz havaları ilə muğamın sintez edilərək xüsusi ifa tərzinin yaradılmasıdır. Şamaxı aşıq poeziyasının əsas mövzusu etnoqrafik çalarlar, sevgi-məhəbbət motivləri, gözəlliyin tərənnümü, zəmanədən şikayət, çar və yerli məmurların özbaşınalığı olmuşdur. Həm saz çalıb oxuyan, həm oynayan, həm də dastan söyləyən Şamaxı aşıqlarından Molla Qasım Şirvani (13-14 əsrlər), Əsir Şirvani (16-17 əsrlər), Saleh Şirvani (17 əsr), Zabit Şirvani (18 əsr), Aşıq Mürsəl Babaş oğlu (19 əsr), Aşıq Saleh (19 əsr), Qasım Şirvani (19-20 əsrlər), Məşədi Abbas Şirvani (19-20 əsrlər), Şərifalı ağa Şirvani (19-20 əsrlər), Məhəmməd Zahid Şirvani (19-20 əsrlər), Aşıq Şakir Hacıyev (20 əsr) və b. adlarını qeyd etmək lazımdır.

Azərbaycanda geniş yayılmış milli rəqslərimizdən Abayı, Alçagülü, Ay bəri bax, Azərbaycan, Bənövşə, Birilliant, Çalpapaq, Ceyrani, Gəlin atlandı, Gəlin gətirmə, Gəlin havası, Gülgəz, Heyvagülü, İnnabı, Kəndiri, Koroğlu, Lalə, Mirvari, Misri, Naznazı, Qaytağı, Qoçəli, Şalaxo, Tərəkəmə, Toy, Uzundərə, Zoğalı, Yallı, Xançobanı zəngin mənəvi mədəniyyətə malik olan Şamaxıda da geniş yayılmışdır. Məlumdur ki, 19 əsrin ortalarında Peterburq Rəssamlıq Akademiyasının prezident müavini Q.Q. Qaqarin Azərbaycanın bir sıra bölgələrində, o, cümlədən Şirvanda – Şamaxıda olmuş, gözəl sənət əsərləri yaratmışdır. Onun "Şamaxı rəqqasəsi" adlı tablosu Şirvanın mahir musiqi ifaçıları, rəqqasələri haqqında etnoqrafik məlumat toplamaq baxımından dəyərli sənət əsəri hesab edilə bilər. Ümumiyyətlə, Şamaxıda olan digər səyyahlar da, xüsusən Avropa səyyahları da Şamaxı rəqqasələrini gözəl, yüksək qiymətləndirmiş, onların incə və peşəkar rəqslərindən bəhs etmişlər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Könül Əsədli. "Şamaxının mədəvi mədəniyyəti". Şamaxı Ensiklopediyası. İstifadə tarixi: 2017-12-16.