Ağdam Dövlət Dram Teatrı — Vikipediya

Ağdam Dövlət Dram Teatrı
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı
Teatrın inzibati binası. Ağdam rayonu Quzanlı kəndi.
Teatrın inzibati binası. Ağdam rayonu Quzanlı kəndi.
Ümumi məlumatlar
Əsası qoyulub 1902, rəsmi olaraq: 1968
Heyət
Direktor Məhəmməd Hüseynov
Baş rejissor Novruz Cəfərov (2017)
Yerləşməsi
Ölkə
Yerləşir Ağdam rayonu
Ünvan Ağdam şəhəri, Quzanlı qəsəbəsi [1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri.[2]

Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir.

1923-cü ildə teatra "dövlət teatrı" statusu verilmiş[mənbə göstərin], 1937-ci ildən isə teatra Ə. Haqverdiyevin adı verilmişdir. İlk günlərdən teatrın yaradıcı kollektivində Əməkdar Artistlər Qaflan MuradovNarınc Məlikova çalışırdı. 1937—1941-ci illərdə teatrda qoyulmuş C. Cabbarlının "Aydın", S. Vurğunun "Vaqif", G. Mdivaninin "Vətən namusu", Z. Hacıbəyovun "Evliykən subay", Ü. Hacıbəyovun "O olmasın, bu olsun", N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" kimi tamaşaları öz ideya mükəmməlliyi ilə seçilirdi. Teatr Azərbaycan əsərləri ilə yanaşı, rus, belarus, gürcü dramaturgiyasına da müraciət edirdi. Zəngin repertuara baxmayaraq, müharibədən sonrakı dövrdə bir çox əyalət teatrlarında olduğu kimi, teatrın yaradıcılıq səviyyəsi günün tələbələrindən olduqca aşağı dururdu. Rəhbərlik arasında savadlı, ixtisaslı kadrlar azlıq təşkil edirdi. 1947-ci ildə Azərbaycan SSR incəsənət işləri idarəsinin iclasında qeyd edilmişdir ki, dövlət qurumlarının onlara dəstək olmaq üçün göstərdiyi səylərə baxmayaraq, bir çox rayon teatr rəhbərliyi tamaşaların keyfiyyəti üzərində çox zəif çalışır, tamaşaçılar arasında mədəni-kütləvi, təşkilati işlər aparmır. Bu səbəbdən 1949-cu ildə dövlət respublikanın bir çox teatrını, o cümlədən Ağdam Dram teatrını, bağlamaq qərarına gəlmişdir.[3]

Ağdam Dövlət Dram Teatrının işğaldan dərhal sonrakı vəziyyəti. Öndə olan lövhə binanın işğaldan əvvəlki vəziyyətini göstərir.[4]

1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Ə. Haqverdiyev adına Ağdam Dram Teatrı artıq dövlət teatrı statusunda yenindən fəaliyyətə başlamış, 1969-cu il martın 26-sı və 27-də İ.Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi", B.Vahabzadənin "Vicdan" pyeslərinin tamaşası ilə Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirmişdir. Yaradıcılığın ilk beşilliyində H. Vahidin "Küsülüyəm, barışmaram", S. Vurğunun "Vaqif", M. Əlizadənin "Qığılcım", S. Axundovun "Əməllər yaşadır", C. Cabbarlının "Solğun çiçəklər", Ə. Yusifovun "Odlar içində", Ş. Məmmədovanın "Natəvan" və s., xarici əsərlərdən J.-B. Molyerin "Zorən tbib", V. Eftimiunun "Ölümü görən adam", K. Qoldoninin "Mehmanxana sahibəsi" tamaşaları səhnəyə qoyulmuşdur. Bəzi zəifliklər, nöqsan cəhətləri istisna olmaqla rejissor işinin aydınlığı, aktyor ifasının səlisliyi teatrşünasların diqqətini cəlb etmişdir. Növbəti illərdə S. S. Axundovun "Eşq və intiqam", A. Şaiqin "Fitnə", İ. Əfəndiyev və H. Mehdinin "İntizar", M. Lermontovun "İki qardaş", J. B. Molyerin "Skapenin kələkləri" kimi görkəmli əsərlər səhnələşdirilmişdir.[3]

1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğalından sonra teatr fəaliyyətini əvvəl Bərdə şəhərində, 2004-cü ildən isə Ağdam rayonu Quzanlı kəndində davam etdirmişdir. 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilmişdir. Teatrın Ağdamdakı binası isə şəhərin digər binaları kimi erməni işğalı dövründə məhv edilmişdir.[5] Ağdamın işğaldan azad olunmasından sonra Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov müsahibədə bilmirmişdir ki, teatrın əvvəlki binasının yerində yeni binanın inşa ediləcəyi məsələsi diqqətdədir.[6]

1994-cü ildən 2014-cü ilə qədər Elxan Mikayılov,[7] 2014-2017-ci illərdə əməkdar artist Sərvər Əliyev, [8] 2017-2021-ci illərdə respublikanın əməkdar artisti Novruz Cəfərov teatrın baş rejissoru işləmişlər.2021-ci ildən isə Kərim Həsənov teatrın baş rejissoru işləyir.[9][10]

Repertuarı[redaktə | mənbəni redaktə et]

Teatr fəaliyyətdə olduğu müddətdə S.Vurğunun "Vaqif", "Fərhad və Şirin", Urazbek Bakiyevin "Qaraqum" faciəsi, M.F.Axundovun "Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)", "Hekayəti-molla İbrahim kimyagər", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", S.S.Axundovun "Eşq və intiqam", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Pəri cadu", S.Rüstəmin "Qaçaq Nəbi", C.Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Solğun çiçiəklər", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", "Sənsiz", M.Lermontovun "İki qardaş" və bu kimi bir çox dramaturqların əsərlərinin tamaşasını hazırlamışdır.

Bu müddət ərzində müxtəlif illərdə teatrda respublikanın bir çox tanınmış rejissorları — əməkdar mədəniyyət işçisi Heydər Şəmsizadə, əməkdar mədəniyyət işçisi Rafiq Atakişiyev, əməkdar incəsənət xadimi Vaqif Şərifov, Ədalət Ziyadxanov, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov və başqaları çalışmışlar.

Aktyorlar[redaktə | mənbəni redaktə et]

Əməkdar mədəniyyət işçisi Məmməd Əmirov, əməkdar artistlər Qaflan Muradov, Narınc Məlikova, Qurban Mirzəyev, Simuzər Namazova, Tofiq Qarayev, Səkinə Süleymanova, Cəmilə Məmmədova, xalq artisti Svetlana Həkimova, aktyorlar İbrahim Yusifov, Vaqif Qasımov, Səyyaf Əlizadə, Fəqumə Yusifova, Aidə Qasımova, Kərim Həsənov, Suliddin Quliyev, Elşən Cavadov, Nizami Ələkbərov və digərləri çalışmış və indi də çalışmaqdadırlar.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bölgə teatrları". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-06.
  2. "Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-06.
  3. 1 2 İnqilab Kərimov. Şuşa—Ağdam teatrı. Bakı, Elm, 2001, s. 65—83, 90—114
  4. "Mədəniyyət Nazirliyi: Ağdam Teatrının binası olduğu kimi saxlanıla bilər". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
  5. Tahir Ağaməmmədov. Taleyinə köçkünlük həyatı yazılan Ağdam teatrı tamaşaçıları yeni səhnə əsərləri ilə sevindirəcək Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine. Azərtac. 23 yanvar 2016-cı il.
  6. Mehdi Mükərrəmoğlu. Mədəniyyət abidələrinin bərpası diqqət mərkəzindədir Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine. Xalq qəzeti. 15 avqust 2021-ci il.
  7. "Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dövlət Dram Teatrı". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-06.
  8. "Sərvər Əliyev baş rejissor təyin edildi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-05.
  9. manera.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Manera.az. 03.10.2017. 2019-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  10. Kulis.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Kulis.lent.az. 03.10.2017. 2018-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]