Ağstafa rayonu — Vikipediya

Bu məqalə Ağstafa rayonu haqqındadır. Şəhər üçün Ağstafa səhifəsinə baxın.
Rayon
Ağstafa rayonu

41°07′08″ şm. e. 45°27′14″ ş. u.


Ölkə
Daxildir Qazax-Tovuz
İnzibati mərkəz Ağstafa
İcra başçısı Seymur Orucov
Tarixi və coğrafiyası
Yaradılıb 1939
Sahəsi
  • 1.504 km²
Hündürlük
239 m
Əhalisi
Əhalisi
  • 88.379 nəf. (1 yanvar 2020)
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-AGA
Telefon kodu 994 22
Poçt indeksi AZ 0500
Avtomobil nömrəsi 05
Rəsmi sayt
Ağstafa rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağstafa rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1593-cü ildə Osmanlı Axıstabad sancağı olmuşdur. Ağstafa rayonu 1939-cu ildə təşkil olunmuşdur, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (1. yanvar 2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri , Bakı-Tbilisi-Ərzurum qaz kəməriTrans-Anadolu qaz boru kəməri rayonun ərazisindən keçir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km² –dir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir. Gürcüstan Respublikası, Ermənistan Respublikası, TovuzQazax rayonları ilə həmsərhəddir. Rayonun ərazisi qərbdən Qazax rayonuyla, şərq və cənub-şərqdən Tovuz rayonuyla, Şimal-qərbdən Gürcüstanın Qardabani, şimaldan Qaraçöp (Saqareco), Şimal-şərqdən Siqnaxi rayonlarıyla, cənubdan Ermənistanın Şəmşəddin (Berd) rayonuyla qonşudur.

Rayonda bir şəhər (Ağstafa), 9 qəsəbə (Vurğun, Poylu, Şəkərli, Ceyrançöl, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Həzi Aslanov, Qarayazı) və 29 kənd var. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur.

Rayonun inzibati mərkəzi Ağstafa şəhəridir. 1941-ci ildə şəhər statusu almışdır. Okean səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (01.01.2013-cü il tarixə) 12716 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 450 km-dir.

Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür çayı və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə-Qazax və Qarayazı düzləri), cənub-qərb və şimal-şərq hissələri alçaq dağlıqdır. Təbaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. Rayonun ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı axınları Ağstafa rayonu ərazisindədir. Yovşanlı-şoran-otulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində Tuqay meşələri vardır. Heyvanları: ayı, canavar, tülkü, çöldonuzu, boz dovşan, çölsiçanı və s. Quşları: qırqovul, turac, kəklik, göyərçin və s. Qarayazı Dövlət qoruğu Ağstafa rayonu ərazisindədir.

Relyefi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın şimal qərb hissəsində, Böyük Qafqazın ətəkləri, Kiçik Qafqazla Qabirri yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl öndağlığında yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə, Qazax və Qarayazı düzləri). Cənub-qərb, şimal və şimal-şərq hissələri (Yaylacıq silsiləsi, Çobandağ silsiləsi) alçaq dağlıqdır. Şərq hissəsi Çeyrançöl düzüdür. Ən yüksək zirvəsi 1083 metr olub rayonun cənub hissəsindədir.[1]

İqlimi[redaktə | mənbəni redaktə et]

İqlimi sərt qış və isti yayla xarakterizə olunur. İllik yağıntı 350–700 mm-dir.

Geoloji quruluşu[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində Təbaşir, Paleogen, Antropogen çöküntüləri yayılmışdır.[1]

Landşaftı[redaktə | mənbəni redaktə et]

Əsasən, dağ-şabalıdı, dağ-boz qəhvəyi, şabalıdı, açıq-şabalıdı torpaqları daha geniş yayılmışdır. Kiçik Qafqaza aid olan hissəsində dağ meşələri, Kür çayının sahilində isə kiçik sahələrdə tuqay meşələrinin fraqmentlərinə rast gəlinir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon ərazisindəki Şomutəpə yaşayış yerindən aşkarlanmış Eneolit dövrünə aid dişlü sümük oraq. Milli Azərbaycan Tarixi Muzeyi

Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalartəpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI–V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göycəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir.

Ağstafa rayonu Qırılı kəndi ərazisində yerləşən Eneolit dövrünə aid Qarğalartəpəsi yaşayış yerindən aşkarlanmış gil qadın bütü. Milli Azərbaycan Tarixi Muzeyi.

Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin 24 yanvarda təşkil olunmuş, 1959-cu il 4 dekabrda ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, Yenikənd, Marsovka, Oraq-Çəkic, V. İ. Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:

  • Kalininkənd – Vurğun qəsəbəsi adı ilə (1990-cı il),
  • Kirovkənd – Həsənsu kəndi adı ilə (1990-cı il),
  • Yenikənd – Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il),
  • Marksovka – Xətai kəndi adı ilə (1992-ci il)),
  • Oraq-Çəkic – Qaçaq Kərəm kəndi adlandırılmış,
  • V. İ. Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.

Qarabağ müharibəsi dövründə Ağstafa rayonu 163 nəfər şəhid vermişdir. Onlardan beş nəfəri Milli Qəhrəman adına layiq görülmüşdür.[2] 2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri qeydiyyata alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Bioloji və zooloji zənginliyi[redaktə | mənbəni redaktə et]

Flora[redaktə | mənbəni redaktə et]

Rayonun tuqay meşələri bir neçə zonadan ibarətdir. Kür çayının sahilləri boyunca söyüd, yulğun, böyürtkan, çaytikanı və adi zirinc kollardan ibarət pöhrəliklərə təsadüf edilir. Onlardan sonrakı sıranı ağyarpaq qovaq, titrək və qara qovaq, ağ tut və müxtəlif söyüd növlərindən ibarət olan tuqay meşələri tutur. Ağacları ağəmsə, hüyəmə, mərəvcə, meşəüzümü kimi sarmaşan bitkilərlə sarınmışdır. Böyürtkan, adi birgöz, yulğun, adi nar keçilməz meşəaltı yaradır. Bəzi əraxilərdə meşə çoxyaruslu struktura malikdir. Birinci yarus hündürlüyü 20–25 metrə çatan qovaq ağaclarından ibarət olur. İkinci yarusda 12–15 metr hündürlüyə malik söyüd və tut ağacları yerləşir. Üçüncü yarus hündürlüyü 7–8 metr olan tut, iydə, yemişan və qarağacdan ibarətdir.

Ot örtüyü sıx olub, əsasən, topal, ətirşah, dalamaz, gicitkan, dilqanadan və yabanı kök növlərindən təşkil olunmuşdur. Qovaq və söyüd ağaclarından yuxarıdakı zona uzunsaplaq palıd, saqqızağac, ağ tutdan ibarətdir. Meşəaltı zona müxtəlif növ yemişan, adi zirinc, zoğal, əzgil, qaratikan kollarından ibarətdir. Buradakı qarağacların orta ömrü 60–70 il, palıd ağaclarının isə 90 ildir. Burada hündürlüyü 35–40 metrə, gövdəsinin diametri 2.5 metrə çatan nəhəng ağaclar az deyil.

Çeyrançöl ərazisində yarımsəhra bitkiləri geniş yayılmışdır. Buranın yovşanlıqları zəngin flora müxtəlifliyinə (190 cinsə aid olan 300-ə yaxın borulu bitki növü) malikdir.

Çeyrançöl yovşanlıqlarında rast gəlinən 4 növ Azərbaycan endemləridir. Bunlar qınlı xaşa, lebedur məsməsi, eyxler tülpanı və karyagin yemliyi növləridir. Burada, həmçinin 13 Qafqaz endemi vardır.[1]

Fauna[redaktə | mənbəni redaktə et]

Kür çayı balıqlarla zəngindir. Bunlar, əsasən, Kür xramulyası, çəki, naxa, qalınalın, durnabalıq, mursa, qızılxallı, kür şirbiti, qıjovçu və gümüşcə növləridir. Ərazidə qaban, boz dovşan, çölsiçanı və başqa heyvan növlərinə rast gəlinir. Yırtıcılardan ayı, canavar, adi tülkü, porsuq, meşə pişiyi və çaqqala daha çox rast gəlinir.

Quşlardan qırqovul, turac, boz kəklik, göyərçin, qızılı qızlarquşu, susüpürən, murad-quşu, adi alaçöhrə, almabaş qaraördək, kiçik ağvağ və digərlərinə daha çox rast gəlinir. Qarayazı Dövlət Təbiət Qoruğu Ağstafa rayonu ərazisindədir.[1]

Abidələri[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında [Aşağı Kəsəmən] kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri. Aşağı Kəsəmən, Tatlı, Yuxarı Göycəli, Həsənsu kəndlərini də qeyd etməliyik.

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s.

Tarixi və memarlıq abidələrinin siyahısı[redaktə | mənbəni redaktə et]

Daş dövrünə aid olan abidələr:

  1. Paleolit düşərgəsi yaşayış yeri (paleolit) – Köçəsgər kəndi
  2. Açıq paleolit düşərgəsi (paleolit) – Tatlı kəndi
  3. Töyrətəpə yaşayış yeri (neolit – tunc dövrü) – Aşağı Kəsəmən kəndi
  4. I Şomutəpə yaşayış yeri (neolit) – Ağstafa şəhəri
  5. Qarğalartəpəsi yaşayış yeri (neolit) – Qırılı kəndi
  6. Arzamastəpə yaşayış yeri (neolit) – Vurğun qəsəbəsi
  7. Molla Nağı təpəsi (daş dövrü – eneolit) – Köçəsgər kəndi
  8. Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc) – Aşağı Kəsəmən kəndi
  9. Çəpiş təpəsi yaşayış yeri (eneolit – tunc) – Həsənsu çayının ətrafı
  10. Çinlitəpə yaşayış yeri (eneolit) – Tatlı kəndi

Tunc dövrünə aid olan abidələr:

  1. Qədim yaşayış yeri və qəbiristanlıq (çoban daşı) (tunc – ilk dəmir dövrü) – Dağkəsəmən kəndi
  2. Cantəpə yaşayış yeri (tunc) – Ağstafa şəhəri
  3. Sarı qaznaq qəbiristanlığı (tunc) – Köçəsgər kəndi
  4. Alcaqtəpə yaşayış yeri (tunc-dəmir) – Tatlı kəndi
  5. Alcaqtəpə yaşayış yeri (tunc) – Tatlı kəndi
  6. Qabaqtəpə yaşayı yeri (tunc-dəmir) – Pirili kəndi
  7. Yastıtəpə yaşayış yeri (son tunc) – Ağstafa şəhəri
  8. Durnatəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi
  9. Böyüktəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi
  10. Hasarlıtəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
  11. Sarıtəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
  12. Qoşatəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
  13. Hasarlıqala qədim yaşayış yeri (son tunc – dəmir) – Tatlı kəndi
  14. II Şomutəpə yaşayış yeri (tunc – ilk dəmir) – Yuxarı Göyçəli kəndi
  15. Nadir bəy təpəsi yaşayış yeri (son tunc) – Həsənsu kəndi
  16. Ağalıq təpəsi yaşayış yeri (son tunc – ilk dəmir) – Ağstafa-Qazax şose yolu
  17. Arançı təpəsi yaşayış yeri (son tunc – dəmir) – Ağstafa-Dağkəsəmən yolu
  18. Dəyirmantəpə yaşayış yeri (son tunc – ilk orta əsr) – Dağkəsəmən yolu
  19. Ağtəpə yaşayış yeri (son tunc – antik dövr) – Aşağı Göyçəli kəndi
  20. Maraltəpə yaşayış yeri (son tunc – antik) – Aşağı Göyçəli kəndi
  21. Şiş Quzey piri (dəmir dövrü) – Köçəsgər kəndi
  22. Nekropol (antik dövr) – Pirili kəndi

Orta əsrlərə aid olan abidələr:

  1. Tatlı Alban məbədi (ilk orta əsrlər) – Yuxarı Göyçəli və Tatlı kəndləri arasında
  2. Haça dağ airi tikilisi (orta əsrlər) – Köçəsgər kəndi
  3. Yaşayış yeri (IV–VII əsrlər) – Dağkəsəmən kəndi
  4. Kəhriz (XIX əsr) – Kolxələfli kəndi

Əhalisi[redaktə | mənbəni redaktə et]

Ağstafa rayonunun əhalisi 01.01.2013-cü il tarixə 82702 min nəfər təşkil edir. Rayon əhalisinin 20435-i şəhərdə, 62267-i kənddə yaşayır. Rayon əhalisinin 40711-ni kişilər, 41991-ni qadınlar təşkil edir. Rayon əhalisinin milli tərkibində azərbaycanlılarla yanaşı rus, gürcü, kürd türk və digər millətlərin nümayəndələri də vardır. Hazırda məşğul əhalinin sayı 38953 nəfərdir, o cümlədən kənd təsərrüfatı sahəsində 16809 nəfər, sənayedə çalışanların sayı 170 nəfər, tikintidə 218 nəfər, təhsil, mədəniyyətdə 3718 nəfər, səhiyyə, sosial təminatda 1105 nəfər, nəqliyyat-rabitədə 632 nəfər, ticarət və ictimai-iaşədə 927 nəfər, kreditləşmə, maliyyə və sığorta sahəsində 22 nəfər, idarəetmə orqanlarının aparatında 324 nəfər, digər təşkilatlarda 14971 nəfərdir. Məşğul əhalinin 5890 nəfəri dövlət, 33063 nəfəri qeyri dövlət sahələrində çalışanlardır. Ağstafa rayonunda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 94 ailə(302 nəfər) müvəqqəti məskunlaşmışdır. Rayon ərazisində məskunlaşmış qaçqınların ümumi sayı 465 ailə, 1706 nəfərdir.

Bələdiyyələr[redaktə | mənbəni redaktə et]

Ağstafa rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 39 yaşayış məntəqəsində 29 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 4 qəsəbə, 24 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər, qəsəbə və kəndlərin idarə olunmasında iştirak edir. Onlar Ağstafa (şəhər), Ağgöl, Aşağı Göycəli, Aşağı Kəsəmən, Böyük Kəsik, Dağ Kəsəmən, Düzqışlaq, Eynallı, Göycəli, Həsənsu, Kolxəlfəli, Köhnəqışlaq, Köçvəlli, Köçəsgər, Muğanlı, Pirili, Poylu, Poylu (qəsəbə), Qarahəsənli, Qarayazı (qəsəbə), Qıraq Kəsəmən, Qırılı, Sadıqlı, Saloğlu (qəsəbə), Tatlı, Vurğun (qəsəbə), Xılxına, Xətai və Zəlimxan bələdiyyələridir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri[redaktə | mənbəni redaktə et]

Hazırda rayonda 39 kitabxana, 13 mədəniyyət evi, 1 musiqi məktəbi, 3 muzey, 1 rəsm qalereyası, 25 klub vardır. Rayon əhalisinə Mərkəzi xəstəxana, 1 kənd xəstəxanası, 18 kənd həkim məntəqəsi, 15 kənd tibb məntəqəsi səhiyyə xidməti göstərir. Rayon Təhsil Şöbəsində gənc nəslin təlim tərbiyəsi ilə 1745 müəllim məşğul olur. Rayonda 39 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tədris müəssisəsi, 34 uşaq bağçası fəaliyyət göstərir. Ağstafa şəhərində möhtəşəm Heydər Əliyev adına mədəniyyət və istirahət pakı, müasir tələblərə cavab verən Səməd Vurğun, Mehdi Mustafayev, Gənclər parkları yerli sakinlərin, eləcə də rayonumuza gələn qonaqların ən sevimli istirahət güşələridir. Ağstafa şəhərində fəaliyyət göstərən möhtəşəm Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən Gənclər Mərkəzi, Yay kinoteatrı, Səməd Vurğun adına parkda fəaliyyət göstərən "Yazıçılar Evi" müxtəlif tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün ən müasir standartlara cavab verən avadanlıqlarla təhciz edilmişdir. Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 9 yarımstansiya, 366 KTM və TM fəaliyyət göstərir. 8 TM və KTM –də ÖİN kabelləşmə işləri aparılmışdır 2 ədəd yeni TM quraşdırılmışdır.

Həmçinin bax: Mədəniyyət müəssisələrinin siyahısı Təhsil müəssisələrinin siyahısı Körpələr evi-uşaq bağçalarının siyahısı Səhiyyə müəssisələrinin siyahısı

İnfrastruktur[redaktə | mənbəni redaktə et]

Rayonun 18 yaşayış məntəqəsində 10857 abonent qazla təmin olunmuşdur. 2012-ci il ərzində 458 abonentin mənzilinə qaz sayğacları quraşdırılaraq təbii qazla təmin edilmişdir. Rayonun müxtəlif istiqamətlərində 6985 p/m müxtəlif diametrli qaz xətləri çəkilmişdir.

Rayonun ərazisində 599,2 km yol şəbəkəsi vardır ki, onlardan 130,6 km-i mərkəzi, 468,6 km-i isə yerli daxili yollardır. Rayon ərazisindən Bakı-Tbilisi dəmiryolu xətti keçir ki, onun da 60,0 km-i rayon ərazisinə düşür. Bakı-Tbilisi baş yolu üzərində Ağstafa-Qazax mənzilinin 8,0 km-i rayon ərazisinə düşür.

2012-ci ilin iyul ayının 1-nə olan məlumata görə Ağstafa TKQ-ı üzrə EATS –in ümumi tutumu 7344 ədəd əhalinin istifadəsində olan nömrələrin sayı 6277 ədədə çatmışdır. Bütün EATs-də ümumi tutumu 1136 port olan genişzolaqlı internet xidməti (ADSL) quraşdırılaraq rayon üzrə ADSL istifadəçilərinin sayı 704 nəfərə çatmışdır. Bu istiqamətdə işlər davam etdirilir. Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun tikintisi üçün layihə-smeta sənədləri hazırlanır və yaxın müddətdə tikintisinə başlanılması planlaşdırılmışdır. Hazırda Ağstafa şəhərində Azərbaycanın tarixi və müasir memarlıq abidələri parkının və Həsənsu kəndi yaxınlığında Pein bal mərkəzinin tikintisi işləri aparılır.

Qəsəbələr/Kəndlər[redaktə | mənbəni redaktə et]

Əhalisinin 25%-i şəhər əhalisi, 75%-ni isə kənd əhalisi təşkil edir. Ağstafa rayonu 1 şəhər, 9 qəsəbə, 29 kənd olmaqla 39 yaşayış məntəqəsindən ibarətdir. Qəsəbələri: Vurğun, Şəkərli, Poylu, Ceyrançöl, Saloğlu, Qarayazı, Soyuqbulaq, Soyuqbulaqlar, Həzi Aslanov. Kəndləri: Poylu, Qıraq Kəsəmən, Zəlimxan, Aşağı Kəsəmən (Yenikənd), Dağ Kəsəmən, Köçəsgər, Tatlı, Göycəli, Köhnəqışlaq, Yaradullu, Düzqışlaq, Qarahəsənli, Mollacəfərli, Xılxına, Kolayır, Pirili, Kolxəlfəli, Muğanlı, Sadıqlı, Köçvəlli, Həsənsu, Xətai, Yenigün, Aşağı Göycəli, Qaçaq Kərəm, Eynallı, Göycəli, Qırılı, Böyük Kəsik, Ağgöl, M. Mikayılov adına Qoyunçuluq sovxozudur.

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Ağstafa rayonunun ərazisi 1504 km², əhalisi 01.10.2013-cü il tarixə rəsmi qeydiyyatda 83.3 min nəfərdir. Rayonda 1 şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi vardır. Yaşayış məntəqələri 29 inzibati ərazi dairəsi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon ərazisində 132 idarə, müəssisə və təşkilat, 5 bank filialı, 2 bank olmayan kredit təşkilatı, 4 mehmanxana fəaliyyət göstərir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, ictimai-iaşə xidməti sahəsində çalışır.

Hazırda məşğul əhalinin sayı 41019 nəfərdir, o cümlədən kənd təsərrüfatı sahəsində 16903 nəfər, sənayedə çalışanların sayı 170 nəfər, tikintidə 228 nəfər, təhsil, mədəniyyətdə 3718 nəfər, səhiyyə, sosial təminatda 1105 nəfər, nəqliyyat-rabitədə 723 nəfər, ticarət və ictimai-iaşədə 1018 nəfər, kreditləşmə, maliyyə və sığorta sahəsində 22 nəfər, idarəetmə orqanlarının aparatında 324 nəfər, digər təşkilatlarda 16751 nəfərdir. Məşğul əhalinin 6064 nəfəri dövlət, 34955 nəfəri qeyri dövlət sahələrində çalışanlardır.

2013-cü ilin doqquz ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 90.9 milyon manat olmuşdur, bu ötən ilin eyni dövrü ilə müqayisədə 8.0 faiz çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 6.8 faiz artmışdır. Cari ilin ötən dövrü ərzində sənaye məhsulu 2.6 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 3.3 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 35.6 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 5.6 faiz çox, əsas kapitala yönəldilən investisiyaların həcmi 30.7 milyon manat, əvvəlki ilə nisbətən 11.3 faiz çox, tikintidə 15.0 faiz, rabitə xidmətində 14.5 faiz, ticarətdə 4.6 faiz artım olmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6.7 faiz, pərakəndə əmtəə dövriyyəsi 4.6 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 217.40 manata çatdırılmışdır. Ümumi məhsul buraxılışının tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisi 66.4 faiz təşkil edir.

Ağstafa rayonu üzrə 2013-cü ilin doqquz ayı ərzində yerli gəlirlər üzrə proqnoz 2656 min manata qarşı 2699 min manat və ya 101.6 faiz yerinə yetirilmişdir Büdcəyə daxil olan vəsaitlər ilk növbədə əmək haqqına və ona bərabər tutulan xərclərə yönəldilmişdir. Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 4100 nəfər sosial müavinət alan qeydə alınmışdır. Sosial məişət xidməti sektorunda 276 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülmüşdür. Cari ilin doqquz ayı ərzində Ünvanlı Sosial Yardım almaq üçün 1259 ailəyə təyinat aparılmışdır. Təyinat aparılan ailə üzvülərinin sayı 5606 nəfər, hər ailəyə ödənilən yardımın məbləği 114 manat 65 qəpik, bir nəfərə düşən sosial yardımın məbləği 25 manat 75 qəpik təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi 12252 nəfər əmək pensiyaçısına xidmət edir. Cari ilin 9 ayı ərzində 367 nəfərə əmək pensiyası təyin edilmişdir, bir nəfərə düşən orta aylıq pensiyanın məbləği 157 manat 18 qəpik təşkil edir. 2013-cü ilin doqquz ayı ərzində rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə cəmi 14.0 milyon manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları tərəfindən 46 layihə üzrə 548.0 min manat güzəştli kreditlər verilmişdir. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 317.2 min manat və 185.0 min ABŞ dolları həcmində olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun olaraq həyata keçirilir. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 2013-cü ilin doqquz ayı ərzində 604 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. İşlə təmin olunanların (388 nəfər) 64.2 faizi daimi işlərdə işləyənlərdir. Nəzərinizə çatdırım ki, ikinci Dövlət Proqramı çərçivəsində rayon üzrə 3065 yeni iş yerləri açılmışdır, bundan 2041 daimi iş yerləridir.

Həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 01.10.2013-cü il tarixədək 1774 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. Bundan 1084 nəfəri yeni yaradılmış, 690 nəfəri isə infrastrukturun yaxşılaşdırılması və abadlıq işlərində işləyənlərdir.

Əhalinin sağlam həyat şəraitinin yaxşılaşdırıllması məqsədilə sosial yönümlü obyektlərin tikintisinə geniş yer verilir. Ağstafa şəhərində heç bir kommunal şəraiti olamayan qəzalı binalarda yaşayan əhalinin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə yeni müasir çoxmənzilli yaşayış binalarının, məktəb və məktəbəqədər müəssisələrin yeni binalarının tikintisi ön plana çəkilmişdir. Rayonda elə bir sahə, kənd və ya küçə yoxdur ki, orada yenilik olmasın, Ağstafa sanki böyük bir tikinti meydançasını xatırladır. Kommunal şəraiti olmayan binalarda yaşayan sakinlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə Ağstafa şəhərində 1 ədəd 16 mənzilli və 2 ədəd 40 və 48 mənzilli yaşayış binalarında son tamamlama işləri aparılır. Rayonun Soyuqbulaq qəsəbəsində 220, Göycəli kəndində 360 şagird yerlik məktəb binası, Köçəsgər kənd 1 saylı orta məktəbinin qəzalı korpusun əvəzində yenisi tikilib istifadəyə verilmiş, mövcud korpusda bərpa güçləndirmə və əsaslı təmir işləri aparılmışdır. Ağstafa şəhərində 115 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatdırılmış, 4 saylı uşaq bağçası körpələr evinin dam örtüyü dəyişdirilmiş və təmir işləri aparılmış, 48 mənzilli 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində 3 saylı uşaq bağçası-körpələr evinin köçürülməsi üçün yeni uşaq bağçası inşa olunmuşdur. Ağstafa şəhəri üçün ən vacib infrastruktur obyektlərindən olan su və kanalizasiya təchizatı layihəsi uğurla həyata keçirilir. Rayonun Eynallı və Kolxəlfəli kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılmışdır. Respublika əhəmiyyətli Ağstafa-Böyük Kəsik-Sadıqlı-Gürcüstanla dövlət sərhədi avtomobil yolu və Poylu-Düzqışlaq-Kolayır avtomobil yollarının tikintisi keyfiyyətlə həyata keçirilir.

Ağstafa Qaz İstismar Sahəsi tərəfindən cari ilin 9 ayı ərzində ümumi əhali abonentlərinin sayı 11422-ə çatdırılmışdır. Rayonda aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar şəhərin 20 yanvar küçəsindən keçən müxtəlif diametrli yerüstü paylayıcı qaz xətlərinin istiqaməti qismən dəyişdirilərək yeraltı çəkilməsi başa çatdırılmışdır. Rayonun Qaçaq Kərəm və Dağ Kəsəmən kəndlərində abonentlərin təbii qaz təchizatının normal həyata keçirilməsi, Aşağı Kəsəmən kəndinin bir hissəsində yaşanan problemin qismən aradan qaldırılması üçün dövrələmə qaz xətti çəkilmişdir. Rayonun Aşağı Göycəli, Xılxına, Mollacəfərli, Qarahəsənli, Düzqışlaq və Kolayır kəndlərində əhaliyə təbii qaz yanacağının verilməsi təmin edilmişdir. Hazırda rayonun Qırılı, Kolxəlfəli və Pirili kəndlərində qazlaşdırma işləri aparılır.

2013-cü ilin ötən 9 ayı ərzində Ağstafa Telekommunikasiya Qovşağı tərəfindən 257 abonentə telefon çəkilmiş, rayon mərkəzində 487 abonentə internet verilmiş, Köçəsgər, S. Vurğun, Dağ Kəsəmən, Poylu, Qıraq Kəsəmən, Eynallı, Muğanlı kəndlərinə internet verilmiş və bu gün qovşaq üzrə cəmi 1509 abonent sürətli internetdən istifadə edir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı 25826, xırda buynuzlu davarların baş sayı 171944-ə çatmışdır. Ət istehsalı 179 ton, süd istehsalı 756 ton, yun istehsalı 9 ton, yumurta istehsalı 137 min ədəd artmışdır.

"Ağstafa Aqroservis" MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. "Ağstafasüd" ASC-də 2142 hektar taxıl sahəsinin hər hektarından 33.4 sentner məhsul tədarük edilmişdir ki, bu da rayonun taxıl sahələrinin göstəricilərindən 5.6 sentner çoxdur.

Avtomobil və dəmir yolları[redaktə | mənbəni redaktə et]

Ağstafa rayonu daxilində dəmir yolu I və II kateqoriyadan ibarətdir. Baş yollar I kateqoriyaya aiddir. Bu da Qardabani-Böyük Kəsik mənzilinin 43 km-dən Tatlı-Tovuz mənzilinin 102 km-dək uzunluğunda olan ərazinin 95 km-ni təşkil edir. Qazax budaq qolu üzrə dəmir yolları isə II kateqoriyaya aiddir. Bu da stansiya Ağstafanın 2-ci km-dən Yeni Poylu-Qazax mənzilinin 7-ci km-dək uzunluğunda olan ərazinin 6 km-ni təşkil edir.

Ağstafa rayonu ərazisində avtomobil yolları üç hissədən, respublika əhəmiyyətli yollardan, yerli əhəmiyyətli yollardan və şəhər yollarından ibarətdir. Respublika əhəmiyyətli yollar Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhəddinə qədər II kateqoriya olmaqla uzunluğu 20 km, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhəddinə qədər III kateqoriya olmaqla uzunluğu 54 km təşkil edir.

Yerli əhəmiyyətli yollar III və IV kateqoriyaya mənsub olmaqla cəmi 109 km təşkil edir.

Şəhər yollarının uzunluğu isə 67,6 km-dir.

Rayon üzrə yolların uzunluğu 565,12 km-dir.

Qoruqları[redaktə | mənbəni redaktə et]

Qarayazı Dövlət Təbiət Qoruğunun sahəsi 9572 hektardır. Əsasən Tuqay meşəliyidir. 6794 meşə ilə örtülü sahəsi var.

Azərbaycan Respublikası Prezidentinin 19.12.2007-ci il tarixli 2363 saylı sərəncamına əsasən Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilmişdir. Həmin sərəncamın 30-cu bəndinə əsasən Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin tabeliyinə verilmişdir. Ağstafa Rayonu İcra Hakimiyyəti tərəfindən qoruğun fəaliyyət göstərməsi üçün Ağstafa şəhərinin mərkəzində Mənzil İstismar Sahəsinin balansında olan binada 3 otaq ayrılmışdır.

Görkəmli şəxsləri[redaktə | mənbəni redaktə et]

  • Əliheydər Hüseynli (1994–2020)- 2-ci Qarabağ Müharibəsi şəhidi
  • Nəriman Həsənzadə (1932) şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı(2017)[1], "İlin şairi" makafatı laureatı (2010), "Şərəf" ordenli. Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü (2002), 2004-cü ildən isə akademiki.
  • İsrafil ağa Kərbəlayev (1866–1917) — XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur.
  • Balasöyün — XIX əsrin sonu, XX əsrin əvvəllərində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur. Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası).
  • İsfəndiyar Haqqıxlı — tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı.
  • Səməd ağa Ağamalıoğlu (1867–1930) — məşhur inqilabçı, Azəbaycan MİK sədrinin müavini (1921), Azərbaycan SSR MİK sədri (Spiker), ZSFSR MİK sədrlərindən biri (1922–1929), Ümumittifaq Yeni Türk əlifbası komitəsinin sədri.
  • Mehdi Mustafayev (1914–1979) — Sosialist Əməyi Qəhrəmanı, Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri (1948–1979), Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
  • Süleyman Tatlıyev (1925) — Nazirlər Sovetində işlər idarəsinin müdiri (1970–1978), Nazirlər Soveti sədrinin I müavini (1978–1985), Respublika Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985–1989), Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti (1994-cü ildən), SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
  • Hüseyn Arif (1924–1994) — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1994). "Qızıl oraq" mükafatı (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
  • İsa Muğanna (1928) — Azərbaycanın xalq yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi, bir çox filmlərin ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, "İstiqlal" ordenli Prezident təqaüdçüsü.
  • Eyvaz Qələmçəli (1929–2003) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Həmid Abbas (1935–1999) — şair, jurnalist, tərcüməçi, əməkdar incəsənt xadimi, Azərbaycan KP MK-da məsul işçi (1970–1981), Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1981–1999), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
  • Fərman Eyvazlı (yazıçı) (1930–1996) — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965–1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967–1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Nüsrət Kəsəmənli (1946–2003) — şair, Respublika Lenin komsomolu mükafatı laureatı, Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981–1984), "Azərbaycanfilm" kinostudiasında baş redaktor.
  • Salatın Əhmədli (1956) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Hümmət Əlizadə (1907–1941) ədəbiyyatşünas
  • Aslan Qəhrəmanlı (1939–2014) — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Universitetinin rektoru (2011–2012)
  • İlyas Abdullayev (1913–1985) — Azərbaycan SSR EA-nın akademiki, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1950), kənd təsərrüfatı naziri (!950–1953), Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (Spiker) (1958–1959), SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuşdur.
  • Məqsəd Səttarov (1925–2000) — fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri (1972–2000).
  • Nizami Cəfərov (1959) — filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru.
  • Mustafa Hacıqasımov (1883–1969) — tibb elmləri doktoru, professor, Azərbaycan SSR-nın əməkdar həkimi, əməkdar elm xadimi, respublikanın baş ginekoloqu (1952–1956).
  • Tofiq Hüseynov (professor) (1938) — Alim, filologiya elmləri doktoru, Professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri.
  • Şəmsəddin Cəfərov (1925–1976) — Azərbaycanlı alim, fəlsəfə elmlər doktoru, professor. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsinə görə" medalı laureatı. Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi.
  • Arif Ələkbərov (1965) — iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin "Kommersiya" fakültəsinin dekanı (2001–2004), 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiri
  • Müseyib Allahverdiyev (1909–1969) — Sovet İttifaqı Qəhrəmanı (1945), taqım komandiri.
  • Rafiq Alıcanov (1965–1993) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Əjdər Babayev (1950–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
  • İlham Həsənov (1976–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Novruz Qurbanov (1975–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Arif Qədiməliyev (1975–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Habil Əzizov (1968–1990) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb.
  • Elmira Əmrahqızı (1952–1998) — Tanınmış Azərbaycan jurnalisti, "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993–1998), "Qızıl qələm" mükafatı laureatı. "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb.
  • Eldar Namazov (1956) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999)
  • Həsənəli Qədimov (1942–2015) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995–2000), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015)
  • Çoban Əfqan (Ələkbər Namazov) (1866–1924) — Azərbaycan aşığı.
  • İslam Fəziyev (1909-) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlarının II və III Qurultaylarının iştirakçısı.
  • Aşıq Ədhəm Ərəbov (1912-) — Azərbaycan aşığı. Aşıqların III Qurultayında iştirak edib.
  • Aslan Aslanov (aşıq) (1928) — Azərbaycan aşığı, Ağstafa rayon Mədəniyyət evində aşıqların bədii rəhbəri (1957). Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının iştirakçısı olub.
  • Baba Mirzəyev (Baba Mahmudoğlu) (1940) — müğənni, Azərbaycanın xalq artisti.
  • Vidadi Əliyev (1945) – Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1978), 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalına layiq görülüb. 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.
  • Tariyel Qasımov (1939) — aktyor, Azərbaycanın xalq artisti.
  • Sabir Məmmədov (1961) — Azərbaycanlı aktyor.

Görüntülər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 . Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015 (az.)
  2. "Şəhidlər tariximizin şanlı səhifəsidir". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.

Rayon sosial şəbəkələrdə[redaktə | mənbəni redaktə et]

Ağstafa rayon İcra hakimiyyətinin rəsmi Facebook səhifəsi[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]