Adil Babayev (şair) — Vikipediya


Adil Babayev
Adil Qafar oğlu Babayev
Təxəllüsü B.Adil
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Uşağı Etibar Babayev
Fəaliyyəti şair
Mükafatları "Əmək igidliyinə görə" medalı

Adil Qafar oğlu Babayev (28 yanvar 1925, Naxçıvan19 avqust 1977, Bakı) — şair, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1946).

Həyatı[redaktə | mənbəni redaktə et]

Adil Qafar 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 1931–1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M. F. Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A. S. Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülmüşdür. 1945–1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi 1947–1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1956–1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil almışdır. 0, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuş "M. Əzizbəyov adına teatr" (Moskva, 1959), "Şərəfli yol" (1974) monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafına kömək etmişdir. Eyni zamanda M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olmuş (1956–1964), sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləmişdir. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olmuşdur. Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində ta-maşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından (V. Şekspir, V. Vişhevski, N. Dumbadze və s.) çoxlu tərcümələr etmişdir. Onun tərcümə etdiyi — V. Vinnikov və Y. Osnosun "Ağ şanaküllə" (1959), Sao-Yuyyanın "Tufan" (1959), Ş. Miloravanın "Tbilisi Haqqında mahnı" (1961), N. Dumbadzenin "Darıxma, ana" (1972), M. Petrieskunun "Ölümü görmüş insan" (1973) pyesləri tamaşaya qoyulmuşdur. 1941–1945-ci illərdə "Əmək igidliyinə görə" medalına layiq görülmüşdür. 1977-ci il avqustun 19-da Bakıda vəfat etmişdir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. İkinci simfoniya (poema). Bakı: Uşaqgəncnəşr, 1947, 34 səh.
  2. Ürək nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1948, 48 səh.
  3. İlk addımlar. Bakı: Azərnəşr, 1949, 40 səh.
  4. Xəzər sahillərində. Bakı: Uşaqgəncnəşr, 1949, 43 səh.
  5. Gənclik illəri. Bakı: Uşaqgəncnəşr, 1950, 41 səh.
  6. Şeirlər. Bakı: Azərnəşr, 1954, 44 səh.
  7. Döyüş yollarında (poema). Bakı: Uşaqgəncnəşr, 1956, 122 səh.
  8. Ana ürəyi. Bakı: Azərnəşr, 1957, 119 səh.
  9. Unudulmuş yasəmən. Bakı: Uşaqgəncnəşr, 1960, 139 səh.
  10. Anamın üzüyü. Bakı: Azərnəşr, 1963, 38 səh.
  11. Gecikmiş bahar. Bakı: Azərnəşr, 1965, 152 səh.
  12. Lütfəli Abdullayev. Bakı: Azərbaycan SSR teatr cəmiyyəti nəşriyyatı, 1966, 47 səh.
  13. Qılınclar arasında. Bakı: Gənclik, 1969, 83 səh.
  14. Şəhidlərin üsyanı. Bakı: Azərnəşr, 1969, 124 səh.
  15. Leyla Bədirbəyli. Bakı: Azərnəşr, 1970, 81 səh.
  16. Memarın məhəbbəti. Bakı: Gənclik, 1972, 84 səh.
  17. Şərəfli yol. Bakı: Azərnəşr, 1974, 154 səh. (şərikli)
  18. Yolda görüş. Bakı: Gənclik, 1974, 335 səh.
  19. Ağahüseyn Cavadov. Bakı: İşıq, 1976, 41 səh.
  20. Ümid sərvləri. Bakı: Azərnəşr, 1977, 189 səh.
  21. Mənim abidəm. Bakı: Gənclik, 1979, 212 səh.
  22. Təzədən doğulur şair ölən gün. Bakı: Gənclik, 1981, 202 səh.
  23. Pyeslər. Bakı: Yazıçı, 1984, 253 səh.
  24. Ata sorağında (hekayələr). Bakı: Gənclik, 1985, 120 səh.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş Adil Babayev. Ata olsam belə, ata istərəm adlı qısametrajlı sənədli-bədii televiziya filmi həsr olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. səh.63