Anar Nağılbaz — Vikipediya

Anar Nağılbaz
Anar Rizvan oğlu Cəbiyev
Fayl:Anar Nağılbaz.jpg
Ümumi məlumatlar
Ləqəbi Azərbaycan repinin atası[1]
Doğum tarixi 28 mart 1976(1976-03-28)
Doğum yeri
Vəfat tarixi 4 avqust 2018(2018-08-04) (42 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, aktyor, rejissor, ssenarist, bəstəkar, prodüser
Fəaliyyət illəri 1992-ci ildən
Janr hip-hop[d]

Anar Nağılbaz (tam adı: Anar Rizvan oğlu Cəbiyev; 28 mart 1976, Xırdalan4 avqust 2018, Bakı) — Azərbaycan repçisi, aktyor, rejissor, ssenarist, bəstəkar və prodüser. Azərbaycanın ilk repçisi sayılır.[2]

Anar Nağılbaz müxtəlif dövrdə Almaz Ələsgərova, Brilliant Dadaşova, Dəyirman, Elşad Xose, Kənan MM, Nüşabə Ələsgərli, ProMete, Səbinə Babayeva, Şölə Səfərəliyeva, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Anar Nağılbaz 1976-cı il mart ayının 28-də Xırdalanda Azərbaycan millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlmişdir. Ailənin sonuncu övladı və evin son beşiyi idi. Uşaqlıqda səhhəti ilə problemləri olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.[3]

1988-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 1990-cı ildə Krımda Artek düşərgəsində ilk dəfə rep deyib.[3] 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa etmişdir.[3] Həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib.

Bir sıra universitet və mədəniyyət saraylarında tamaşaları olub.[3] Yazdığı "Meşə nağılı" tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırıb.[3] 1990–1992-ci illərdə "Kirpi" jurnalının, 1993–1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olmuşdur.

1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaratmışdır. Rep kimi ilk səhnə çıxışı 1991-ci ilin iyulun 28-də Azərbaycan Dövlət Mahnı Teatrında olmuşdu. Özünün sözlərinə görə, ilk çıxışları cəmiyyət tərəfindən qarışıqlı qarşılanıb:

" Səhnəyə ilk dəfə rep gətirdim. Bu insanlar tərəfindən gözəl qarşılansa da, bəzi mental dəyərləri qabardan insanlar da var. Hətta Əmircan Mədəniyyət sarayında bizi pomidor atəşinə tutmuşdular. Çünki sizin dediyiniz kimi bu ilk sayılan repə qarşı vətəndaşların bir-birinə uymayan fərqli mövqeləri idi.[3] "

Populyarlıq qazanması[redaktə | mənbəni redaktə et]

1992-ci ildə "Canlı klip şou" rep bəstəsini ictimaiyyətə təqdim etmişdir. 1993-cü ildə "Narkodünya" mahnısıyla populyarlıq qazanmışdır. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Bakı Dövlət Sirkində çıxmışdır. Azərbaycan KİV-ləri Anar Nağılbazı "Azərbaycan repinin atası" kimi işıqlandırmışdı.

1997-ci ildə ilk albomu işıq üzü görmüşdür. Həmin ildə "Bakı oğrusu" bədii filmini çəkmişdir.[4]

Sonrakı illər[redaktə | mənbəni redaktə et]

2012-ci il iyulun 2-də Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.[5]

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri zamanı çəkdiyi "Gəl seçkilərə" klipinə görə, dövlət qurumlarının birində olan işini itirmişdir.[6]

2015-ci il yanvarın 12-də hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə şahid qismində istintaqda ifadə verib.[7] Həmin ildə Anar Nağılbaz Azərbaycanı tərk edərək Çexiyanın Praqa şəhərinə köçmüşdü.[8]

Ölümü[redaktə | mənbəni redaktə et]

Sirrozdan əziyyət çəkən Anar Nağılbaz, 2018-ci il avqustun 4-də evə qayıdandan sonra vəziyyəti pisləşmişdi.[9] Ailəsi ona təcili yardım maşını çağırsa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib.[9] Azərbaycan mətbuatında repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma kimi qeyd olunur. Masazır qəbiristanlığında torpağa tapşırılıb.[10]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Anar Nağılbaz iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Anjelikadan 2 övladı var. 2017-ci ilin noyabr ayında repçinin internetdə pornoqrafiya videosu yayılmışdı.[11] Bunun nəticəsində, 2017-ci il dekabrın 12-də Anar Nağılbaz Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.[11] O, möhkəm stress keçirirmişdi.[11] Onun şəkəri qalxmış və təzyiqi tamamilə aşağı düşmüşdü.[11]

2018-ci ilin iyunun 30-da Aytən adlı bir qadınla gizli şəkildə ailə qurmuşdu.[12] Özündən yaşca kiçik olan Aytənlə ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı.[12]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Anar Nağılbazın diskoqrafiyasına 10 studiya albomu daxildir.

Studiya albomları
Ad İl Qeyd
Sabah olmayacaq 1997
Keçdi günlər 1999
Keçdi günlər 2000
O qızı görən olubmu? 2000
Zaman o zaman deyl! 2001
Azeri İmic Servis 2002
Dost 2003
İç xəbər 2005
No narkotik 2005
Göbələk 2005
Non-stop 2007

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Bakı oğrusu — Anar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://ucnoqta.az/?p=19619.
  2. "Умер первый рэпер Азербайджана". news.rambler.ru. news.rambler.ru. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  3. 1 2 3 4 5 6 "Kimdir Anar?". www.anl.az. www.anl.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  4. "Anar Nağılbaz: "Ailə repə olan münasibətimi dəyişdi"". muztv.az. muztv.az. 2020-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  5. "Anar Nağılbaz kim idi? - VİDEO". www.interpress.az. www.interpress.az. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  6. "Anar Nağılbaz iş axtaranda..." www.azadliq.org. www.azadliq.org. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  7. "Anar Nağılbaz: "Mənə dedilər ki, Rəsulun üzünə durmasan..."". www.azadliq.org. www.azadliq.org. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  8. "Anar Nağılbaz hansı xəstəliyə tutulub?". sonxeber.az. sonxeber.az. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  9. 1 2 "Скончался рэпер Анар Нагылбаз - ФОТО". www.1news.az. www.1news.az. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  10. "Anar Nağılbaz dəfn olundu". news.milli.az. news.milli.az. 2018-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  11. 1 2 3 4 "İntim videosu yayılan Anar Nağılbaz ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib". sputnik.az. sputnik.az. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  12. 1 2 "Anar Nağılbaz ölümündən 24 saat öncə nələr yazıb? (Fotolar)". musavat.com. musavat.com. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]