Antologiya — Vikipediya

Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 19992006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır. 1907-ci ildə P.F.Yakuboviç "Rus muzası" antologiyasını nəşr etdirmişdir. Azərbaycanda bir sıra xalqların ədəbiyyatı antologiyaları da buraxılmışdır. Özbək (1958) və Dağıstan (1959) ədəbiyyatı, çex poeziyası (1960), alman (1981) və fransız (2000) ədəbiyyatı antologiyaları və s. [1], [2]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 553. ISBN 978-9952-441-02-4.
  2. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı,1978, səh.12