Atropat — Vikipediya

Midiya dövləti

Atropat
Atropatın dairəvi heykəli 2004-2006-cı illərdə Azərbaycan Hərb Tarixi muzeyi üçün rəssam-heykəltaraş Natiq Camal Afşar tərəfindən akril boya ilə boyanmış gips materialından hazırlanıb.
Atropatın dairəvi heykəli 2004-2006-cı illərdə Azərbaycan Hərb Tarixi muzeyi üçün rəssam-heykəltaraş Natiq Camal Afşar tərəfindən akril boya ilə boyanmış gips materialından hazırlanıb.
Atropatenanın İlk hökmdarı
E.ə. 323[1]. – E.ə. 300
ƏvvəlkiAstiaq (Midiya hökmdarı)
Sonrakınaməlum
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. IV əsr
Vəfat tarixi güm. e. ə. IV əsr
Fəaliyyəti qubernator
Ailəsi Atropatidlər
Dini Zərdüştlük
Hərbi xidmət
Döyüşlər

Atropat (yun. Aτρoπάτης) — Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı[3], əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı.[4]. Bəzi tədqiqatçılara əsasən isə Atropat fars olmuşdur.[5][6]

Satraplığı[redaktə | mənbəni redaktə et]

Tarixi mənbələrdə Atropatın adına ilk dəfə eramızdan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qavqamela adlanan yerdə Makedoniyalı İskəndərlə Əhəmənilər hökmdarı Dara arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar rast gəlinir. Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanlarısisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur.[7]

Makedoniyalı İsgəndərin dövründə hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Atropat yeganə satrap idi ki , İsgəndər onu hakimiyyətdən uzaqlaşdırmadı . Atropat İskəndərlə açıq düşmənçilik xəttinin faydasızlığını anlayaraq, diplomatik danışıqlar yolunu seçir. Bu yolla da o, Midiya torpaqlarından bir qismini işğal olunmaqdan qoruyur. Həmin ərazi sonradan Kiçik Midiya, Atropat Midiyası və nəhayət, Atropatena adlanır. E.ə. 324-cü ilin sonlarında Bariaks adlı bir nəfər özünü İranMidiya hökmdarı elan edərək, işğalçılarla mübarizəyə qalxır. Atropat öz qüvvələri ilə qiyamı yatırır, Bariaksı əsir alaraq, onu və yoldaşlarını İsgəndərə təhvil verir. Beləliklə Atropat İsgəndərin güvənini qazanır. Suzdakı təntənələr zamanı Atropat öz qızını Makedoniya süvarilərinin rəhbəri, İskəndərin ən yaxın silahdaşlarından olan Perdikkaya ərə verir və bu onun Midiya satrapı kimi mövqeyini daha da möhkəmləndirir.[7] İsgəndər tez-tez öz imperiyasını gəzirdi. Belə səfərlərindən birində o, elə həmin il - e.ə. 324-cü ildə - qədim zamanlardan at yetişdirməklə məşhur olan və Atropatena sərhədlərində yerləşən Nisey düzlərinə dostu Hefestionla birlikdə yola düşür. Atropat da buraya gələrək, bir müddət vaxtını İsgəndərlə keçirir. Lakin Hefestionun qəfil ölümü İsgəndəri sarsıdır. Atropat İsgəndəri əyləndirməkdən ötrü məclisə kişi paltarı geymiş və təbərdin əvəzinə nizələrlə və yüngül qalxanlarla silahlanmış qadınlardan ibarət süvari dəstəsi gətirir. Qədim tarixçilərin dediklərinə görə, bunlar Qafqaz Albaniyasının yuxarı dağlarında yaşayan əfsanəvi amazonkalar idi. Lakin, Bizans tarixçisi Nikomediyalı Arrian bu hekayəni inkar edir.[8]

Makedoniyalı İsgəndərin ölümündən sonra[redaktə | mənbəni redaktə et]

E.ə. 323-cü il iyunun 13-də İsgəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babildə vəfat edir. Onun cəsədi soyumamış satraplar ölkəni bölüşdürməkdən ötrü Babilistanda toplaşırlar. Babil bölüşdürülməsində Kiçik Midiya Atropata, Böyük Midiya isə Pifona verilir. Bizans tarixçisi Yustinin fikrincə isə Böyük Midiya da Atropata verilmişdi.[9] Dövlətin rəhbərliyi regent qismində Atropatın kürəkəni Perdikkaya keçir. Perdikka dövləti parçalanmadan nə qədər qorusa belə onun bu cəhdləri satrapların müqaviməti ilə üzləşir və nəticədə e.ə. 321-ci ildə regent Pifon tərəfindən öldürülür. Ölkənin ikinci bölüşdürülməsi başlanır. Akademik İqrar Əliyevin sözlərinə görə, bu vaxtdan etibarən Kiçik Midiyanı müstəqil dövlət hesab etmək mümkündür[10]. Kiçik Midiya bir qədər sonra Atropatena müstəqil dövlətə çevrilir və Atropat özünə şah titulu götürür. Midiya dövlətinin süqutundan bir əsr sonra Azərbaycan ərazisində yenidən müstəqil bir dövlət yaranır. Atropatın zamanından başlayaraq, məhz bu ərazilərdə dövləti və etnik varisliyi qoruyub saxlayan yeni-yeni dövlət qurumları mövcud olur. Kiçik Midiya Atropatın siyasəti nəticəsində Şərqdə Makedoniya işğalçılarından can qurtaran ilk müstəqil dövlət olur.

Qədim yunan coğrafiyaşünası Strabon özünün məşhur "Coğrafiya"sında yazır:

"Midiya iki yerə bölünür. Bir hissəni Böyük Midiya adlandırırlar. İkinci hissə Atropat Midiyasıdır. Bu yer öz adını sərkərdə Atropatın adından götürmüşdür. Atropat istəmirdi ki, bu torpaqlar da Böyük Midiya kimi makedoniyalıların asılılığında qalsın. Doğrudan da çar Atropat ölkəsinin müstəqilliyinə özü qərar vermiş, bu qərarını bəyan etmişdi və indi də irsi hakimiyyət onun ailəsinə məxsusdur. Bu dövlətin hökmdarları Ermənistan, SuriyaParfiya çarları ilə nikah əlaqələri qurmuşlar. Bu, hərbi qüvvə baxımından kifayət qədər əhəmiyyətli bir ölkədir, belə ki, o meydana 10000 süvari və 40000 piyada çıxara bilər."[11]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • İqrar Əliyev. Atropatena tarixinin oçerki. Bakı, 1989
  • Fazili Abdulla. Atropatena. Bakı, 1992
  • Fazili Abdulla. Qədim və erkən orta əsrlər Azərbaycan tarixi İran tarixşünaslığında. Bakı, 1974
  • Azərbaycan tarixi. 7 cilddə. Bakı. 2007. 1-ci cild

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.28
  2. 2,0 2,1 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  3. Susan M. Sherwin-White, Amélie Kuhrt, "From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire", University of California Press, 1993. pg 78: – " The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid"
  4. Azərbaycan tarixi. 1. Bakı: Elm. 2007. səh. 217. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  5. Bosworth, A.B., and Baynham, E.J. Alexander the Great in Fact and Fiction. Oxford, 2002, səh 92
  6. "Jona Lendering - Atropat - Livius". 2007-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.
  7. 7,0 7,1 Chaumont, M. L. (1989), "Atropates Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine", Encyclopaedia Iranica 3.1, London: Routledge & Kegan Paul
  8. Smith, William, ed. (1867), "Atropates Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine", Dictionary of Greek and Roman Biography and Mythology, Boston
  9. "Yustin, Filippik tarix, XIII Kitab". 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.
  10. İqrar Əliyev. Atropatena tarixinin oçerki (rus). Bakı: Azərnəşr. 1989. ISBN 5-552-00480-9. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  11. Strabon, Coğrafiya, XI, 13