Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri — Vikipediya

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləriAzərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürü.[1]

Cümhuriyyət elan edildiyi gündən (1918, 28 may) dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət verildi[2]. Ən mühüm dövlət rəmzlərindən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Daha sonra isə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himni də qəbul edildi.

Dövlət bayrağı[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycan bayrağı
Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət bayrağı, Gəncə.1918, 21 iyun

1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.

O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan anti-azərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.

Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur.[3]

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi:

"Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".[4]

Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı:

"Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".[5]

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il iyunun 21-də Dövlət bayrağı haqqında qərar qəbul etdi:

" Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.[4] "

Həmin qərara əsasən qırmızı rəngli Dövlət bayrağı üzərində ağ rəngli aypara və səkkizgüşəli ulduz təsvir olunmuşdu. Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağına bənzəyirdi və Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi[6]. Lakin

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd

Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu.[7] Əfqani "Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti" və "İslam birliyi" kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi Məhəmməd Əmin Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, "ümmətçilik" ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.[8]

1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:

Azərbaycan Xalq Cümhuriyyətininüçrəngli dövlət bayrağı. Bakı, 1918, 9 noyabr
" Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.[4]

"

Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib.[9] Bəzi iddialara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilərtürkmənlər) ulduzun 8 guşəsində əks edilib.[10] Digər fərziyyələr də var.[9]

1919-cu ildə AXC hökumətinin poçt markası.
Əli bəy Hüseynzadə

ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi:

" Türk qanlı, islam imanlı, avropa mədəniyyətli.[4] "

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır.[11] Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan Məhəmməd Əmin Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi.[11] O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur".[11]

Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:

" 'Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.[11] "

Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi:

" Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur.[11] "

Cümhuriyyətin Dövlət bayrağı Aprel işğalı nəticəsində ləğv edilsə də, Azərbaycan xalqının istiqlal mübarizəsində böyük rol oynadı.

1988-ci ildə Milli Azadlıq Hərəkatı başlandıqda üçrəngli bayraq yenidən qaldırıldı. Bununla da Məhəmməd Əmin Rəsulzadənin uzaqgörənliklə dediyi "Bir kərə yüksələn bayraq bir daha enməz" əlamı özünü doğrultdu. Bu tarixi akt Azərbaycan SSR rəhbərliyinin də fəaliyyətinə ciddi təsir göstərdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu, 1990-cı il noyabrın 29-da "Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında" fərman verildi və 1991-ci il fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Konstitusiyanın 23-cü maddəsinin II bəndində göstərilir ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir"[12].

Dövlət gerbi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycan gerbi
Azərbaycan gerbi (İstanbul, "Alaeddin" mətbəəsi)

Hər bir gerb müəyyən ölkənin, dövlətin, millətin, şəhərin özünəməxsus milli adət-ənənələrini, dini və mifik görüşlərini, həmçinin tarixi, siyasi-ideoloji və mədəni baxışlarını müxtəlif simvollar vasitəsilə başqalarına – digər xalqlara, millətlərə, dövlətlərə çatdırmağa, bəyan etməyə xidmət edir.

Dövlət gerbinin layihəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı[13].

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət bayrağı ilə birlikdə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himninin rəsmi qaydada qəbul edilməsi sahəsində müəyyən tədbirlər görülmüşdü. Dövlət gerbi və Dövlət möhürü haqqında ilk dəfə 1919-cu il martın 23-də müsabiqə elan olunmuşdu[14].

Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-sinə qədər təqdim olunmalı idi. Çox güman ki, müsabiqəyə təqdim olunmuş layihələr bəyənilməmiş və qəbul edilməmişdir. Buna görə də 1920-ci il yanvarın 30-da Hökumət hərbi ordenlər, milli himn, dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan etmək barədə yenidən qərar çıxarmışdı[15]. Ordenlərin layihəsinə baxılması işi hərbi nazirliyə, himn, gerb və möhür layihələrinə baxılması isə xalq maarifi nazirliyinə tapşırılmışdı. Xalq maarifi nazirliyi bu məqsədlə "Azərbaycan" qəzetində dəfələrlə elan verərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat, ən yaxşı gerb və möhür layihələri üçün isə 25 min manat mükafat müəyyən olunmuşdur. Elanda bildirilirdi ki, müsabiqədə iştirak etmək istəyənlər həmin il mayın 1-nə qədər öz layihələrini məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına təqdim etməlidirlər. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da "Azərbaycan" qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı bu mühüm dövlət tədbirinin başa çatdırılmasına imkan vermədi[16].

Azərbaycan müstəqilliyini bərpa edəndən (1991, 18 oktyabr) sonra dövlət gerbi haqqında yeni müsabiqə elan olundu. Müsabiqə komissiyasına daxil olan eskizlər Azərbaycan Respublikasının Milli Məclisində geniş müzakirə edildi, lakin onlar qənaətbəxş hesab olunmadı. Buna görə də yuxarıda bəhs olunan gerb layihəsini bərpa etmək qərara alındı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam Rafiq Məmmədov tərəfindən təkmilləşdirildi. 1993-cü il 19 yanvar tarixli konstitusiya qanunu ilə dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi[15].

Dövlət himni[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycan himni
Azərbaycan Xalq Cümhuriyyəti himninin sözləri

Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil ("əsgəri musiqi" anlamında) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılırdı. Bugünkü anlamda himni əvəz edən tarixi təbil ("əsgəri musiqi") müəyyən günlərdə və yerlərdə yalnız hökmdarın icazəsi, qərarı ilə çalınırdı. Türk dünyasının ən uzunömürlü dövləti olmuş Osmanlı imperatorluğunda dövlətin əsgəri musiqisi əvvəllər "mehtərxaneyi-humayun" ("imperatorluğun, hökmdarın əsgəri musiqisi"), sonralar isə həmin imperatorluğun axırınadək (1923-cü ilədək) "musiqiyi-humayun" ("dövlət musiqisi") adlanırdı. Çox maraqlıdır ki, dövlət musiqisi – təbil çalınarkən hökmdar istisna olmaqla hamının onu ayaq üstə dinləməsi bir qanun idi. Bu ənənə Azərbaycan dövlətçiliyi tarixində də mövcud olmuşdur. Təkcə bunu demək kifayət edər ki, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında dövlət musiqisini icra edən təbilçilər dəstəsinin 98 nəfər ən məşhur musiqiçidən təşkil edildiyini tarixi qaynaqlar da təsdiqləməkdədir.

Bu nümunələr göstərir ki, dövlətçiliyimizdə dövlət himninin – milli marşın – milli himnin mənşəyi və tarixi təkamülünün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub və XX əsrin əvvəllərindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından xeyli əvvəl, yəni 1917-ci il dekabrın 17-də "Açıq söz" qəzetində Yusif Vəzir Çəmənzəminlinin çap etdirdiyi "Zəruri məsələlər" adlı yazısında Azərbaycan xalqını milli birliyə, Vətənin və millətin taleyi üçün mübarizəyə, qəhrəmanlığa səsləyən milli marşların yaradılması vəzifəsinin şairlərin, ilk növbədə bəstəkar Üzeyir Hacıbəyovun üzərinə düşdüyünü xüsusi vurğulayırdı[17].

Üzeyir Hacıbəyov 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı "Milli marş" həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmişdi. "Milli marş" 1920-ci il 27 aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti himninin sözləri

Vurulur meydanda sənc, dəf, Düzülür əsgərlər səfbəsəf!

Yürüyün şövqlə düşmənə tərəf, Biliniz Cəngizdir bizə sələf!

Giriniz meydana sanki şir, Əlinizdə şəmşir ilə şir, Dilinizdə olsun bu zikir,

Ya Allah, Ya Allah, Ya Allah, Hüvə-Kəbir![18]

Üzeyir Hacıbəyov

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919–1920-ci illərdə hazırlanmışsa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında qərar qəbul etmişdi. Bu məqsədlə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etmişdir. Bu atributların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ikinci ildönümünədək – yəni 28 may 1920-ci ilədək qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin təəssüf ki, 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi[17].

Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı"nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir[19].

"Azərbaycan marşı" 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjeman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olunduqdan sonra Üzeyir bəy Hacıbəylinin Xalq Cümhuriyyəti illərində yazdığı "Azərbaycan marşı" Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli qanunu ilə dövlət himni kimi təsdiq olunmuşdur[15].

Dövlət möhürü[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Dövlət möhürü (AXC)

Cümhuriyyət Hökuməti 1919 il martın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət möhürünün layihəsini hazırlamaq üçün müsabiqə elan olunması barədə qərar qəbul etdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-nə qədər Poçt və Teleqraf nazirliyinə təqdim edilməli idi[15].

Lakin həmin müsabiqənin nəticələri barədə hələlik məlumat aşkar edilməmişdir. İkinci dəfə isə Cümhuriyyət Hökuməti 1920-ci il yanvarın 30-da Dövlət himni və gerbi ilə yanaşı, Dövlət möhürünün də layihəsini hazırlamaq barədə qərar qəbul etdi. Qərara əsasən, bu məsələ ilə bağlı müsabiqə elan olunması xalq maarifi nazirinə həvalə olundu. Xalq maarifi nazirliyi müsabiqə barədə qəzetlərdə verdiyi elanlarda Dövlət himni, gerbi və möhürü üçün müsabiqəyə təqdim olunacaq layihələrin həmin il mayın 1-nə qədər məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına göndərilməsini xahiş edirdi. Müsabiqənin nəticələri Azərbaycan İstiqlalının ikinci ildönümünə, yəni 1920 il mayın 28-nə qədər elan olunmalı idi. 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı müsabiqənin başa çatmasına imkan vermədi.[20]

Kağız pullar[redaktə | mənbəni redaktə et]

Hökumət 1919-cu ilin əvvəllərindən dövlətin ən mühüm sayılan kağız pullar buraxmağa başladı. 1919-cu il ərzində 25, 50, 100, 250 manatlıq kağız pullar buraxıldı. 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominalın – 500 manatlıq əsginasın üzərində Azərbaycan Xalq Cümhuriyyətinin və nominalın adı Azərbaycan, rus və fransız dillərində verilmişdi. 1919–1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rublla göstərilirdi. Bundan əsas məqsəd uzun illər boyu Rusiya kağız pullarına öyrəşmiş əhalidə yeni milli pula tədricən inam yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin bu sahədə siyasətinin mahiyyəti milli valyutanı – manatı beynəlxalq miqyasda tanıtmaqla bağlı idi. 500 manatlıq əsginasın üzərində Cümhuriyyətin və nominalın adlarının fransızca verilməsi də bununla əlaqədar olmuşdur.

İstiqrazlar[redaktə | mənbəni redaktə et]

1919-cu il avqustun 20-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin icazəsi ilə Bakı bələdiyyə idarəsi tərəfindən hər biri 500 manat olmaqla, 100 min ədəd nəzərdə tutulan faizsiz və hərəsi 50 bilet olmaqla, 2 min seriyaya bölünmüş 550 milyon manatlıq uduşlu istiqrazlar da buraxıldı.

Müsabiqə[redaktə | mənbəni redaktə et]

Səməd bəy Mehmandarov

Cümhuriyyətin hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun əmri ilə Cümhuriyyətin ilk ordeninin – "İstiqlal" ordeninin layihəsi ilə əlaqədar müsabiqə elan edilmişdi. Müsabiqənin şərtlərinə əsasən, ordenin layihəsini iki variantda – hərbi xidmətə və mülki xidmətə görə hazırlamaq nəzərdə tutulmuşdu. Müsabiqəyə 100-ə yaxın layihə təqdim olunmuşdu. Həmin layihənlərdən bir neçəsi Fətəli xan Xoyskinin arxivindən tapılmışdır. Görünür, onlar müsabiqəyə təqdim olunduqdan sonra seçilib saxlanmışdılar.

Poçt markaları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti müstəqil poçt markaları da buraxmışdır. Poçt və teleqraf nazirliyi Hökumətin tapşırığı ilə 1919-cu ilin iyununda ilki poçt markalarının hazırlanmasına başlamışdı. Markaların layihələrini hazırlamaq poçt və teleqraf nazirliyinin xüsusi tapşırıqlar üzrə məmuru, rəssam Zeynal Əlizadəyə həvalə olunmuşdu. 1919-cu il oktyabrın 20-də milli poçt markaları buraxıldı. Şərq naxışları və müxtəlif rəmzlərlə (əlində Azərbaycan bayrağı tutmuş əsgər, oraq tutmuş kəndli, Suraxanı Atəşgahı, İçərişəhərdən görünüş, Şirvanşahlar Saray Kompleksi və s.) bəzədilmiş 10, 20, 40, 60 qəpiklik, 1, 2, 5, 10, 25, hətta 50 manatlıq markalar buraxılmışdı. Bütün markaların üzərində Azərbaycan və fransız dillərində "Azərbaycan Cümhuriyyəti" sözləri yazılmışdı. Markaların hazırlanmasında və buraxılmasında poçt və teleqraf naziri Camo bəy Hacınskinin mühüm əməyi olmuşdur. Milli markaların dövriyyəyə buraxılması ilə əlaqədar "Azərbaycan" qəzetinin 1919-cu il 11, 12 və 13 oktyabr tarixli saylarında hökumət məlumatları dərc olunmuşdu.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. 440 səh.
  • Azərbaycan Respublikasının Konstitusiyası, B., 2002;
  • Azərbaycan tarixi, 7 cilddə, c.5, Bakı, 2001;
  • Azərbaycanda dövlətçilik və onun rəmzləri (tərtibçisi və mətnin müəllifı Nailə Vəlixanlı), Bakı, 2000;
  • Əliyev İ., Məhərrəmov E., Azərbaycan Respublikasının Dövlət rəmzləri, Bakı, 2000;
  • Mərdanov Misir, Quliyev Əsgər, Azərbaycan Respublikasının dövlət rəmzləri, Bakı, 2001;
  • Rəsulzadə M.Ə., Azərbaycan Cümhuriyyəti, Bakı, 1990;
  • Азербайджанская Демократическая Республика (1918–1920). Законодательные акты (сборник документов), Баку, 1998.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 169. ISBN 9952-417-14-2.
  2. "Azərbaycan Xalq Cümhuriyyəti - Bayraq". Preslib (az.). 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
  3. "Azərbaycan Xalq Cümhuriyyəti. Bayraq. preslib.az". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  4. 4,0 4,1 4,2 4,3 "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. 5 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  5. Mustafayeva, Sabire. "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ…". www.regionplus.az. 9 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  6. ""Azərbaycan Xalq Cümhuriyyəti" saytı". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  7. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I–II cildlər. Bakı, 2005.
  8. Alakbarov, Faig. "Azərbaycan türkçülüyü ideyası - VI". modern.az. 20 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.
  9. 9,0 9,1 "Bayrağımızın sirri". www.anspress.com. 16 November 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  10. Encyclopædia Britannica Online, s. v. "flag of Azerbaijan", accessed April 23, 2016, http://www.britannica.com/topic/flag-of-Azerbaijan Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine.
  11. 11,0 11,1 11,2 11,3 11,4 (http://files.preslib.az/projects/remz/pdf/remz_bayraq.pdf Arxivləşdirilib 2022-07-13 at the Wayback Machine) Bayraq. preslib.az.
  12. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 171. ISBN 9952-417-14-2.
  13. "Azərbaycan Xalq Cümhuriyyəti" (az.). axc.preslib.az. 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  14. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 172. ISBN 9952-417-14-2.
  15. 15,0 15,1 15,2 15,3 Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 335. ISBN 9952-417-14-2.
  16. "Yaranma tarixi" (az.). azerbaijans.com. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  17. 17,0 17,1 "Azərbaycan Xalq Cümhuriyyəti. Himn. preslib.az". 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  18. "Azərbaycan Xalq Cümhuriyyətinin himn. [[Youtube]] saytında". 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  19. "Azərbaycan Respublikası Dövlət himninin yaranma tarixi" (az.). azerbaijans.com. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  20. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" (PDF) (az.). ebooks.az. 2022-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 iyun 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

П: «Azərbaycan Xalq Cümhuriyyəti»