Azərbaycan irsinin qorunması — Vikipediya

Azərbaycan irsinin qorunmasıAzərbaycanın təbii və mədəni irsinin ölkə və beynəlxalq səviyyədə qorunması.

Təbii irsin qorunması[redaktə | mənbəni redaktə et]

Şahdağ Milli Parkı
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu
Göygöl Milli Parkı
Qax Dövlət Təbiət Yasaqlığı
Lerikdə meşə
Yanardağ dövlət tarix-mədəniyyət və təbiət qoruğu
Gəmiqaya

Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış landşaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rekreasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar yaradılmışdır.

Xüsusi mühafizə olunan təbiət əraziləri — xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Xüsusi mühafizə olunan təbiət obyektləri — elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır:

  • bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması;
  • xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi;
  • sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı;
  • xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət;
  • xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması;
  • xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı;
  • beynəlxalq əməkdaşlıq.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur.

Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur.[1]

Qoruqlar[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycan qoruqları

Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2–3 dəfədən çox genişləndirilmişdir.

Dövlət təbiət qoruqları — səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədiylə yaradılan təbiət mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqları xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan təbiət obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri və sair) yerləşdiyi ərazilərdə (torpaq və su məkanı (akvatoriya) sahələrində) yaradılır. Dövlət təbiət qoruqlarının əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

Dövlət təbiət qoruqları elmi müəssisə və təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Dövlət təbiət qoruqlarının təşkili üçün ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir. Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağan edilir. Hər bir dövlət təbiət qoruğunun əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.[1]

Milli parklar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur milli parkı, Şirvan milli parkı, Ağ göl milli parkı, 2004-cü ildə Hirkan milli parkı, Altıağac milli parkı, 2005-ci ildə Abşeron milli parkı, 2006-cı ildə Şahdağ milli parkı, 2008-ci ildə Göygöl milli parkı, 2012-ci ildə isə Samur-Yalama milli parkı yaradılıb.

Milli parklar — xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Milli parkları əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Milli parkların hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər. Milli parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Hər bir milli park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Milli parkların əsas vəzifələri aşağıdakılardır:

  • təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlama;
  • turizm və rekreasiya üçün şərait yaratmaq;
  • təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
  • əhalini ekoloji maarifləndirmək;
  • ekoloji monitorinqi həyata keçirmək;
  • zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.

Turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və sair) yol verilir. Milli parklarda müəyyən edilmiş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.[1]

2018-ci il siyahısı[redaktə | mənbəni redaktə et]

Milli parklar[2]

  1. Hirkan Milli Parkı
  2. Şirvan Milli Parkı
  3. Göygöl Milli Parkı
  4. Abşeron Milli Parkı
  5. Ağgöl Milli Parkı
  6. Altıağac Milli Parkı
  7. Şahdağ Milli Parkı
  8. Zəngəzur Milli Parkı
  9. Samur-Yalama Milli Parkı

Dövlət qoruqları[2]
1. Qızılağac Dövlət Təbiət Qoruğu
2. Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu
3. Türyançay Dövlət Təbiət Qoruğu
4. İlisu Dövlət Təbiət Qoruğu
5. Zaqatala Dövlət Təbiət Qoruğu
6. Bəsitçay Dövlət Təbiət Qoruğu
7. Qarayazı Dövlət Təbiət Qoruğu
8. Qaragöl Dövlət Təbiət Qoruğu
9. Şirvan Dövlət Təbiət Qoruğu
10. Eldar Şamı Dövlət Təbiət Qoruğu
11. Korçay Dövlət Təbiət Qoruğu
12. Yanardağ dövlət tarix-mədəniyyət və təbiət qoruğu

Dövlət Təbiət Yasaqlıqları

1. Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
2. Şəki Dövlət Təbiət Yasaqlığı
3. Laçın Dövlət Təbiət Yasaqlığı
4. İsmayıllı Dövlət Təbiət Yasaqlığı
5. Qusar Dövlət Təbiət Yasaqlığı
6. Qızılca Dövlət Təbiət Yasaqlığı
7. Qubadlı Dövlət Təbiət Yasaqlığı
8. Zuvand Dövlət Təbiət Yasaqlığı
9. Şəmkir Dövlət Təbiət Yasaqlığı
10. Bərdə Dövlət Təbiət Yasaqlığı
11. Korçay Dövlət Təbiət Yasaqlığı
12. Bəndovan Dövlət Təbiət Yasaqlığı
13. Gil adası Dövlət Təbiət Yasaqlığı
14. Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
15. Daşaltı Dövlət Təbiət Yasaqlığı
16. Qəbələ Dövlət Təbiət Yasaqlığı
17. Arazboyu Dövlət Təbiət Yasaqlığı
18. Qax Dövlət Təbiət Yasaqlığı
19. Ordubad Dövlət Təbiət Yasaqlığı
20. Arazboyu Dövlət Təbiət Yasaqlığı
21. Hirkan Dövlət Təbiət Yasaqlığı
22. Zaqatala Dövlət Təbiət Yasaqlığı
23. Arpaçay Dövlət Təbiət Yasaqlığı
24. Rvarud Dövlət Təbiət Yasaqlığı

Mədəni irsin qorunması[redaktə | mənbəni redaktə et]

Dünya əhəmiyyətli memarlıq abidəsi Möminə Xatun türbəsi
Dünya əhəmiyyətli memarlıq abidəsi Xudavəng monastırı freskosu
Dünya əhəmiyyətli arxeoloji abidə olan Kabalaka
Ölkə əhəmiyyətli memarlıq abidəsi Şamaxı Cümə məscidi
Ölkə əhəmiyyətli memarlıq abidəsi Qeysəriyyə abidəsi
Ölkə əhəmiyyətli monumental abidə olan Nizami Gəncəvinin heykəli barelyefi
Yerli əhəmiyyətli dekorativ abidə olan Naxçıvan qoyun daş heykəlləri

Maddi[redaktə | mənbəni redaktə et]

Daşınmaz[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarından qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və sərhədboyu zolaqlarında, silahlı münaqişələr zamanı döyüş əməliyyatları zonalarında, hərbi qurumların ərazilərində istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər:

a) arxeoloji abidələr — insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.;

b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;

c) tarix abidələri — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri;

ç) sənədli abidələr — rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;

d) incəsənət abidələri — tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri;

e) qoruqlar — tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər;

ə) adibələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası.

Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür. Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və təsdiq edir. Təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Dünya əhəmiyyətli abidələrin siyahısı müvafiq beynəlxalq təşkilatlara təqdim edilir.

Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra aparılır.[3]

Tarixi abidələrin qeydiyyatı və tarixi qoruqların siyahısı[redaktə | mənbəni redaktə et]

Azərbaycandakı tarixi
abidələrin milli qeydiyyatı
[4]
Dünya əhəmiyyətli

  1. Memarlıq abidələri
  2. Arxeoloji abidələr

Ölkə əhəmiyyətli

  1. Memarlıq abidələri
  2. Arxeoloji abidələr
  3. Bağ-park, monumental və xatirə abidələri

Yerli əhəmiyyətli

  1. Memarlıq abidələri
  2. Arxeoloji abidələr
  3. Bağ-park, monumental və xatirə abidələri
  4. Dekorativ tətbiqi sənət nümunələri
Azərbaycanın tarixi qoruqları
  1. Gülüstan tarix-mədəniyyət qoruğu
  2. İçərişəhər tarix-memarlıq qoruğu
  3. Nardaran tarix-mədəniyyət qoruğu
  4. Çıraqqala tarixi qoruğu
  5. Şabran tarixi qoruğu
  6. Yanardağ tarix-mədəniyyət və təbiət qoruğu
  7. Qobustan tarixi-bədii qoruğu
  8. Xınalıq tarix-memarlıq və etnoqrafiya qoruğu
  9. Keşikçidağ tarix-mədəniyyət qoruğu
  10. Atəşgah tarix-memarlıq qoruğu
  11. Gəncə tarix-mədəniyyət qoruğu
  12. Qala tarix-etnoqrafiya qoruğu
  13. Şuşa tarix-memarlıq qoruğu
  14. Yuxarı Baş tarix-memarlıq qoruğu
  15. Basqal tarix-mədəniyyət qoruğu
  16. Lahıc tarix-mədəniyyət qoruğu
  17. Kiş tarix-mədəniyyət qoruğu
  18. Ordubad tarix-mədəniyyət qoruğu
  19. Zaqatala tarix-mədəniyyət qoruğu
  20. Qəbələ tarix-mədəniyyət qoruğu
  21. Avey tarix-mədəniyyət qoruğu
  22. İlisu tarix-mədəniyyət qoruğu
  23. Gəmiqaya tarix-bədii qoruğu
  24. Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğu
  25. Arpaçay tarix-mədəniyyət qoruğu
  26. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi
  27. Nizami məqbərə kompleksi
  28. Quba Soyqırımı Memorial Kompleksi

Daşınar[redaktə | mənbəni redaktə et]

Ovçular təpəsi boyunbağısı. Heydər Əliyev Mərkəzi
Çıraqlı balbalları. Azərbaycan Tarix Muzeyi
Əfşan xalçası. Azərbaycan Xalça Muzeyi
Xəzər bu gün. Tahir Salahov. Azərbaycan Milli İncəsənət Muzeyi

Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilərək qorunur.

5.2. Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması, saxlanması və ya sərgilənməsi olan muzeylər, kitabxanalar, arxivlər, dini qurumlar, arxeoloji komplekslər və bu qəbildən olan digər təşkilatlar tərəfindən aşağıdakı tədbirlər həyata keçirilməlidir:

5.2.1. mikrofilmlərə, rəngli fotoşəkillər də daxil olmaqla, mədəni sərvətlərin inventarlaşdırılmasının və kataloqlarının aparılmasının həyata keçirilməsi;

5.2.2. mədəni sərvətlərin zədələnməsinə, dağılmasına, deformasiyasına və dəyərini itirməsinə səbəb ola biləcək istidən, işıqdan, nəmişlikdən, çirklənmədən, müxtəlif kimyəvi və bioloji təsirlərdən, titrəyişdən qorunması üçün müasir texniki və təhlükəsizlik vasitələrindən istifadə edilməsi;

5.2.3. zəruri mütəxəssislərin hazırlanmasının təmin edilməsi.

5.3. Hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları, o cümlədən ictimai və yaradıcılıq birlikləri mülkiyyətlərində olan daşınar mədəni sərvətləri qorumalıdırlar. Bu məqsədlə onlar tərəfindən aşağıdakı tədbirlər görülməlidir:

5.3.1. mülkiyyətlərində olan mədəni sərvətlərin siyahıya alınması, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi;

5.3.2. mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə mühafizə müqaviləsinin bağlanılması.

5.4. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.[5]

Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

• muzeylərdə mühafizə olunan mədəniyyət sərvətlərinin və əşyaların nümayişinin hamı üçün açıq olması; • milli sərvətlərin saxlandığı muzeylərin və muzey fondlarının mühafizəsinə dövlət qayğısı, onların ilk növbədə maliyyələşdirilməsi.

Muzey fəaliyyəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

• elmi-tədqiqat və elmi-kütləvi iş aparan maddi-mədəniyyət obyektlərinin toplandığı yeni muzeylərin yaradılması; • muzeylərin fəaliyyəti üçün zəruri olan normativ-hüquqi aktların hazırlanması və onların icrasına nəzarət; • muzeylərin müvafiq binalarla təmin edilməsi, muzey binalarının lazımi vəziyyətdə saxlanılması, muzey əşyalarının və kolleksiyalarının mühafizəsi vasitələri və müasir texniki avadanlıqla təmin edilməsi; • dövlət muzeylərində muzey kolleksiyalarının konservasiya və bərpası, muzey əşyalarının nadir nümunələrinin surətlərinin çıxarılması, muzey üçün əşyaların və kolleksiyaların satın alınması, elmi işlənilməsi, nəşriyyat fəaliyyəti üçün zəruri olan maliyyə vəsaitinin ayrılması; • xarici ölkə muzeylərində saxlanılan və Azərbaycan xalqının milli sərvəti olan nadir muzey əşyalarının və kolleksiyalarının tədqiqi, öyrənilməsi və Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması; • təbii fəlakət, yanğın, silahlı münaqişə, müharibə və digər təhlükə yarandığı zaman muzey fondlarının mühafizəsinin təmin olunması; • muzeylərin saxlanmasına, inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə maliyyə vəsaitinin ayrılması və muzey kadrlarının hazırlanması.

Azərbaycan Respublikasında muzeylər mədəniyyət, elmi-tədqiqat, maarifləndirmə funksiyalarını yerinə yetirən müəssisə forması kimi "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada yaradılır.

Azərbaycan Respublikasında muzeylər:

• muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması, öyrənilməsi və təbliği; • Azərbaycan xalqının milli sərvətləri, tarixi və görkəmli şəxsiyyətləri ilə geniş xalq kütlələrini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb etmək; • Muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılır.

Azərbaycan Respublikasında dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər fəaliyyət göstərir.

Azərbaycan Respublikasında muzey fəaliyyətinə:

• muzey əşyalarının və kolleksiyalarının komplektləşdirilməsi, onların uçotunun, mühafizəsinin təşkili və bütövlüyünün təmin olunması; • muzey kolleksiyaları, arxiv, kitabxana və digər materiallar əsasında elmi tədqiqatlar; • muzey ekspozisiyalarının və sərgilərin təşkili, muzey sahəsində dizayn və tərtibat işlərinin həyata keçirilməsi; • muzey əşyalarının konservasiyası və bərpasının bütün növləri; • muzey kolleksiyalarının kataloqlarının hazırlanması və nəşr olunması; • muzey kolleksiyalarının təbliği daxildir.[6]

Qeyri-maddi[redaktə | mənbəni redaktə et]

Azərbaycan folkloru qəhrəmanları: "Kitabi Dədə Qorqud" ("Basatın Təpəgözü öldürdüyü boy"), "Koroğlu""Aşıq Qərib" dastanlarına həsr edilmiş rəsm əsərləri

Qeyri-maddi mədəni irs – Azərbaycan xalqına məxsus və kollektiv yaradıcılığın nəticəsı sayılan şifahi ənənələrdə və ifadə formalarında özünəməxsusluğun daşıycısı olan dil də daxil olmaqla ifaçılıq sənətində, adət-ənənələrdə, bayram mərasimlərində, təbiətə və kainata aid bilik və ənənələrdə, ənənəvi sənətkarlıqla əlaqədar bilik və vərdişlərdə əksini tapmış ənənələr, təqdimat, ifadə formalarl və nümunəOər, biliklər və vərdışlər. Milli Mətbəx nümunələri, o cümlədən mətbəx ləvazımatları, qablar, ocaqlar, milli xörəklər (yeməklər) və içkilər, onların adları, hazırlanma texnologıyaları, ənənəvi qıda və milli mədəniyyətlə bağlı ənənələr də qeyri-maddi mədəni irsə daxıldır. Qeyri-maddi mədəni irs ənənəvi mədənı ifadələrın və ənənəvı biliklərın bütün növlərini, eləcə də milli mətbəxə aıd bılıklərı əhatə edır;

Azərbaycan xalqının milli özünəməxsusluğunun ən vacib konponenti onun mədəni irsi, o cümlədən, qeyri-maddi mədəni irsin mayasını təşkil edən folklorudur. Bu mənada Azərbaycan xalqının folklor nümunələrinin hüquqi qorunması problemi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının əsas hədəflərindən biri hesab olunur. Bundan başqa Azərbaycanın milli qanunvericilik sisteminə daxil olan "Folklor nümunələrinin hüquqi qorunması haqqında" qanun (16 may 2003-cü il) milli səviyyədə qeyri-maddi mədəni irsin qorunmasına hüquqi təminatlar yaradır. Ancaq son illər YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ardıcıl müzakirələr aparması və bir sıra sənədlər qəbul etməsi milli qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradır. Sözügedən təkmilləşdirilmə prosesini şərtləndirən əsas amillərdən biri də folklorşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır.

"Folklor" dedikdə nə başa düşülür? Sovet ədəbiyatşünaslığında "folklor" dedikdə əksər hallarda yalnız şifahi xalq ədəbiyyatı nümunələri başa düşülüb. Ancaq aşağıda təfsilatı ilə verilmiş YUNESKO-nun tövsiyyələrində folklor (qeyri-maddi mədəni irs) dedikdə şifahi xalq ədəbiyyatını da özündə ehtiva edən daha geniş və əhatəli incəsənət nümunələri nəzərdə tutulur. YUNESKO-nun 2003-cü ildə qəbul edilmiş "Qeyri-maddi irsin qorunmasi" haqqında Beynəlxalq Konvensiyanın 2-ci bəndi məhz təsviri sənətlərə həsr edilib. Göründüyü kimi, folklor nümunələrinə verilmiş anlayışlardakı uyğunsuzluqlar Azərbaycan folklorşünaslığının yeni elmi-nəzəri konsepsiyasının hazırlanması problemini aktuallaşdırır. Hazırda ali məktəblərdə tədris olunan şifahi xalq ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi dərsliklərində folklor nümunələri dedikdə şifahi xalq ədəbiyyatı başa düşülür.

"Folklor nümunələrinin hüquqi qorunması haqqında" qanunun 1.0.1-ci maddəsində Azərbaycan folkloru nümunələrinin anlayışı verilib: "Azərbaycan folkloru nümunələri (bundan sonra folklor nümunələri) — Azərbaycan xalqı, onun ayrı-ayrı fərdlər tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələrini, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılıq nümunələri".

Toponimlər[redaktə | mənbəni redaktə et]

İrəvan quberniyasının türk toponimləri ilə zəngin şərq hissəsi. 1896-cı il

XX-XXI əsrlərdə Ermənistan SSRErmənistan Respublikası hökuməti ölkədəki türk toponimlərini dəyişdirmişdir. Adların dəyişməsi ermənilərin Ermənistana köçməsi və azərbaycanlıların deportasiyası kimi hadisələrlə bağlı idi. Toponimlərin dəyişdirilməsi metodlarına tamamilə tərcümə etmə, toponimin bir hissəsinin tərcüməsi, linqvistik dəyişiklik və toponimin tamamilə dəyişdirilməsi daxildir.[7] XX əsrin əvvəllərində Ermənistanda 2310 coğrafi addan 2000-i türk mənşəli idi.[8] Toponimlərin böyük miqdarda dəyişməsi 1935-ci il, müharibədən sonrakı illər, 1967-1968-ci illər və 1988-ci ildə baş vermişdir. 1980-ci illərin sonunda Ermənistanda türk mənşəli adı olan 152 Azərbaycan kəndi var idi. Ermənistan Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin rəhbəri Manuk Vardanyan 2006-cı ildə 53 yaşayış məntəqəsinin adının dəyişdiyini, 2007-ci ildə 21 adın dəyişəcəyini bildirmiş, prosesin ləng getməsini erməni adları tapmağın çətinliyi ilə izah etmişdir.[9] Həmçinin XX-XXI əsrlərdə Ermənistanda 107 hidronimdən 71-i, 315 oronimdən 164-ü adını dəyişib. Bunlardan bəziləri iki sözün birləşməsindən yaranıb, ikinci söz hidronimlər üçün çay, göl, bulaq, su, oronimlər üçün dağ, təpə, qaya kimi türk sözləridir.[10] Azərbaycan tərəfi Ermənistanda türk toponimlərinin dəyişdirilməsini "mədəniyyət teorizmi" və "linqvistik genosid" adlandırır.[11]

Gürcüstanda rayon inzibati bölgüsünə keçildikdən sonra azərbaycan mənşəli toponimlərin gürcüləşdirilməsinə başlanmışdır. 1940-50-ci illərdə ilk olaraq rayon mərkəzlərinin adları dəyişdirilmişdir. 1989-92-ci illərdə isə əsasən Bolnisi rayonunu əhatə edən kənd, dağ və çay adları gürcüləşdirilmişdir.[12] Toponimlərin bərpa olunması ilə bağlı çoxsaylı ictimai çağırışlara baxmayaraq problem həll olunmamış qalır.[13][14] 27 iyun 2005-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasısındakı deputatı R.Hüseynov Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti və sosial problemləri barədə sənəd yaymış və burada Azərbaycan mənşəli toponimlərin bərpası zərurəti də vurğulanmışdır. Sənəd Assambleyada müzakirəyə çıxarılmamış və tövsiyə sənədi olaraq 11 deputat tərəfindən imzalanmışdır.[15]

YUNESCO səviyyəsində[redaktə | mənbəni redaktə et]

Ümumdünya irsi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

  • "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi" 27 noyabr — 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci Sessiyasında İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırılmış, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 22–30 iyun 2009-cu il tarixində İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidənin YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusu bərpa edilmişdir.
  • "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" 23 iyun — 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
  • Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi

Qeyri-maddi mədəni irs[redaktə | mənbəni redaktə et]

Azərbaycan muğamı, tarı və kamançası
Novruz bayramı
Lahıc misgərlik sənəti

Azərbaycanın 11 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

  • "Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  • "Azərbaycan Aşıq Sənəti" 28 Sentyabr — 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri — maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  • "Novruz" 28 Sentyabr — 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri — maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. Cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında Əfqanıstan, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan nominasiyaya qoşulmuşlar.
  • "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti" 15–19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri — maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  • "Tar və Onun İfaçılıq Sənəti" 3–7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Tar və onun ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  • "Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" 2–8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
  • "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması" 24–28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  • "Lahıcın misgərlik sənəti" 30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  • "Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka" cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında çoxmillətli nominasiya kimi YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir.
  • "Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi" 2017-ci ilin 6 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
  • "Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti" çoxmillətli nominasiya kimi (İran İslam Respublikası və Azərbaycan) 2017-ci ilin 7 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Dünyanın yaddaşı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısına daxildir:

Füzulinin Azərbaycan dilində divanı
  • Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri orijinal əsər olmaqla bərabər məşhur XII əsr Mərkəz Asiya müəllifi Zeynaddin ibn Əbu İbrahim Curcaninin "Xarəzmşahın ehtiyatları" əsərinə oxşayır. Bu əlyazma nadirdir və dünyanın digər əlyazma anbarlarında tapılmamışdır. Hər halda dünyadakı bilinən digər kataloqlarında bu ada rast gəlinməyib. Yazılma ili məlum olmasa da, əlyazma XVI əsrdə (Hicrə ilə 954) köçürülüb. Kitab tibbi bitkilərin, heyvandan alınan maddələrin, mineralların və mürəkkəb dərmanların əczaçılıq üzrə xüsusiyyətlərinin təsvirini verir. Bu kitab farsca danışan və ya fars dilinin istifadə edildiyi ölkələrdə təbabət və əczaçılığın inkişafına təkan verib. Azərbaycanda bu kitab qismən tədqiq edilib. Əsər əlyazma şəklində qalıb və hələ də tərcümə və çap edilməyib. Əlyazma Nəstəliq xətti ilə ağ kağızda qara mürəkkəb ilə yazılıb. Başlıqlar qırmızı mürəkkəb ilə yazılıb. Cildlənməsi qara dəridəndir. İlk səhifə ornamentlə naxışlanıb.
  • Bu əlyazma Azərbaycanda "Qanun" əsərinin ən qədim əlyazmasıdır və dünyada ən qədim əlyazmalardan biridir. Əlyazma 1143-cü ildə (Hicrə ilə 537) Bağdadda köçürülüb. Tibb elminin qanunu əsəri əczaçılıq və təbabət sahəsindəki ən qədim kitablardan biridir. İkinci kitab əsasən əczaçılığa həsr edilib. O, yüzlərlə təbii dərmanın əczaçılıq baxımından təsvirini verir: bitkilər, minerallar və heyvanlardan alınan maddələr. Bu əlyazmanın nadir olmasının səbəbi əsərin ən qədim əlyazmalarından biri olmasıdır, hansı ki, müəllifin ölümündən 104 il sonra köçürülüb. Tibb elminin qanunu əsərinin ikinci cildi Bakı əlyazmasından özbək və rus dilinə tərcümə edilib. Əlyazma qalın ağ kağız üzərində yazılıb. Mətndə qara, başlıqlarda qırmızı mürəkkəbdən istifadə edilib.
  • Bu əlyazma ərəbcə yazılmışdır və "Cərrahiyyə və cərrahi alətlər" haqqında yazılan ümumi kitabın cildlərindən biridir. Nadir əlyazma dünyada bu kitabın ən nadir və ən qədim əlyazmalarından biridir. Kitabda təxminən 200 tibbi cərrahi alətin şəkli var. Zəhrəvi (1013-cü ildə ölüb) bu qədər çox cərrahi alətin şəklini təqdim edən tək orta əsrlər müəllifidir və onların tətbiqini də izah edir. Bakı əlyazmasının faksimilesi və rus dilinə tərcüməsi 1983-cü ildə Moskvada Professor Ziya Bünyadov tərəfindən edilib. XI əsr kitabının XIII əsr nüsxəsi olan bu kitab filiqranlarla nazik ağ kağız üzərində qara mürəkkəb ilə yazılıb. Fəsillərin başlıqları qalın hərflərlə yazılıb.
  • Məhəmməd Füzulinin Azərbaycan dilində divanı şairin üç divanından biridir. Digər ikisi fars və ərəb dillərində yazılıb. Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir. Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir. Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir. Əlyazma iki miniatürlə bəzədilib. Divan bir neçə dəfə çap edilib. Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib. Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap — 1961-ci il). Füzulinin divanı 1961-ci ildə AMEA Ədəbiyyat İnstitutunda qədim əlyazmaya əsaslanaraq tərtib edildi və çapdan çıxdı.

Yubiley layihələri[redaktə | mənbəni redaktə et]

YUNESCO səviyyəsində aşağıdalı tədbirlər keçirilmişdir:

  • 1994 — Orxon-Yenisey abidələrinin oxunmasının 100 illik yubileyi;
  • 1996 — Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi;
  • 2000 — Kitabi Dədə Qorqud Dastanının 1300 illik yubileyi;
  • 2001 — Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi;
  • 2002 — Mirzə Kazımbəyin 200 illik yubileyi;
  • 2005 — Аkаdеmik Yusif Məmmədəliyеvin 100 illik yubileyi;
  • 2006 — Lətif Kərimovun 100 illik yubileyi;
  • 2008 — Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" Operasının ilk tamaşasının 100 illik yubileyi;
  • 2008 — Mir Cəlal Paşayevin 100 illik yubileyi;
  • 2009 — Səttar Bəhlulzadənin 100 illik yubileyi;
  • 2009 — Akademik Musa Əliyevin 100 illik yubileyi;
  • 2013 — Seyid Yəhyə Bakuvinin vəfatının 550-ci ildönümü;
  • 2013 — Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi;
  • 2013 — Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi;
  • 2014 — İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi;
  • 2014 — Əhməd Əl-Bərdəçinin vəfatının 1100 illik yubileyi;
  • 2015 — "Kitabi Dədə Qorqud" eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi (Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın YUNESKO üzrə Milli Komissiyaları və Daimi Nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə);
  • 2017 — Molla Pənah Vaqifin 300 illik yubileyi;
  • 2017 — Nəsiminin ölümünün 600-cü ildönümü;
  • 2017 — Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illik yubileyi.

2017-ci ilin 30 oktyabr-14 noyabr tarixlərində keçirilmiş YUNESKO Baş konfransının 39-cu sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş 2 yubiley tədbirinin 2018–2019-cu illərdə qeyd olunmasına dair müsbət qərar qəbul edilmişdir:

  • Qara Qarayevin 100 illik yubileyi (1918–2018);
  • Bakı Dövlət Universitetinin 100 illik yubileyi (1919–2019).

Yaradıcı şəhərlər[redaktə | mənbəni redaktə et]

Şəki şəhəri

31 oktyabr 2017-ci ildə Parisdə UNESCO-nun Baş direktoru İrina Bokovanın qərarı ilə "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradır və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir. Bu qərarla Şəki şəhəri də UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib.

əki sənətkarlarının sayı haqqında ilk informasiyaya XIX əsrin başlanğıcında çar məmurlarının tərtib etdikləri statistik məlumatlarda rast gəlinir. 1848-ci ilə aid sənədlərdən məlumdur ki, o zaman əhalinin təkcə geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235 papaqçı, 173 dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi, 41 gümüşbənd çalışıb. Onlar təkcə Şəki əhalisinin deyil, habelə qonşu əyalətlərdən gəlmiş müştərilərin də tələbatını ödəyirdilər. Şəkinin xalq sənətkarları öz ata-babalarından miras qalmış qədim sənət növlərini bu gün də yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkar məşğul olur. Onların bir çoxu artıq beynəlxalq səviyyədə tanınan və qiymətləndirilən sənətkarlardır. Müxtəlif sənət növləri üzrə keçirilmiş respublika və beynəlxalq səviyyəli sərgi, yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının əsərləri yüksək dərəcəli diplomlara, qızıl medala layiq görülmüşdür. Azərbaycanın əməkdar mədəniyyət işçiləri — təkəlduz ustası Möhtərəm Ağahüseynzadə, şəbəkə ustası Əşrəf Rəsulov, məşhur dulusçu Şöyüb Məmmədov və başqaları təkcə respublikamızda deyil, xarici ölkələrdə də tanınırlar.

Şəkinin gümüşbəndlik sahəsində şöhrət qazanmış sənətkarlarından Müftəli bəy və Şəkər bəy Vəlicanbəyovların, usta Əbdülrəhim Hacı Mahmud oğlunun düzəltdiyi zinət əşyaları çox-çox uzaqlara yayılarmış. Qadınlar üçün saysız-hesabsız zinət əşyaları, o cümlədən qızıl bilərzik, belbağı, üzük, tana, yaxa düymələri, həmayil, silsilə və qeyri-imarət növləri şəhərin zərgər dükanlarının başlıca məhsulları imiş. Maraqlıdır ki, 1886-cı ildə Şəkidə 31 zərgərxana fəaliyyət göstərib. Təsadüfi deyil ki, şəkili zərgər Eyyub Mehdi oğlunun düzəltdiyi zərif zərgərlik məmulatı 1896-cı ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya sərgisinin yüksək mükafatına layiq görülüb.

İpəkçiliklə bağlı olan qədim sənət sahələrindən biri də təkəlduzluqdur. Əsrlər boyu ev peşəsi sayılıb və əsasən də qadın təxəyyülünün məhsulu olub. Tədqiqatçı A.Mustafayevin yazdığına görə, XIX əsrin əvvəllərində Şəkidə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 16, püştü üzü bəzəyən 50 təkəlduz dükanı olub.

Deyilənə görə, XIX əsrin ortalarında Azərbaycana səyahət etmiş Aleksandr Düma Şəkinin təkəlduz ustalarının bədii tikmə sahəsindəki məharətinə heyranlığını gizlədə bilməmişdir: "Mən 24 manata Şəkidə bədii tikməli 2 ədəd yəhər aldım. Belə yəhəri Fransada 200 franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq mümkün deyil".

Geopark üçün təkliflər[redaktə | mənbəni redaktə et]

İlanlı dağ

Azərbaycandan geopark üçün aşağıdakı təkliflər irəli sürülmüşdür:

  • Xaltan
  • Basqal
  • Abşeron yarımadasında yerləşən və sahəsi 50 kvadratkilometr olan Qırməki ərazisində bir neçə nadir geoloji obyektin yerləşməsi ilə səciyyələnir. Zəngin landşaft formaları və rəngarəng yarımsəhra bitki örtüyünə malik olan Qırməki palçıq vulkanı, geoloji kəsilişində çoxsaylı qır və bitum laylarının olduğu qədim (aşağı pleystosen — 600–700 min il öncə) dəniz terrası, antiklinal qalxımın yuyulmuş tağında özünəməxsus erozion landşaft yaradan və məhsuldar qatın neftlə doymuş stratotip kəsilişinin yer səthinə çıxdığı Qırməki dərəsi, təbii yanar qazın tektonik çatlarla dərindən yer üzərinə sızdığı Yanardağ hündürlüyü, nəhayət, XVIII–XIX əsrlədə neftin əllə hasil olunduğu qədim neft quyuları kimi abidələr bu geosaytın həqiqətən ilk milli geopark şəklində seçilməsini labüd edir.[16]
  • Naxçıvan Muxtar Respublikasında "İlandağ" geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır. Ərazidə 1977-ci ildə yaradılmış Ordubad Tarixi-Memarlıq Qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur Milli Parkı bu qurumun tərkibinə daxil edilə bilər. Burada geoparkın yaradılmasına üstünlük verən digər bir səbəb ərazinin sərhədyanı bölgədə yerləşməsidir. Arazın sağ sahilində İran İslam Respublikası ərazisində hazırda Culfa geoparkının fəaliyyəti UNESCO və ProGEO tərəfindən dəstəklənən daha yüksək sərhədyanı geoparkın yaradılması üçün şərtlərin mövcudluğunu aydın göstərir. Bununla bağlı Geologiya və Geofizika İnstitutunun nümayəndələri cari ilin fevral ayında UNESCO-nun dəvəti ilə Geoelmlər və Geoparklar Proqramının Parısdə keçirilən 3-cü açıq sessiyasında "İlandağ" geoparkının təşkilinin mümkünlüyü barədə məruzə ilə çıxış ediblər. Sessiyanın katibliyi Azərbaycan alimlərinin təşəbbüsünü maraqla qarşılayıb və geopark yaradılacağı halda onun Qlobal Geoparklar Sisteminə, Ümumdünya İrs Siyahısına salınmasına və müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini bəyan edib. Qeyd edək ki, "İlandağ" geoparkının yaradılması təbiətin və memarlıq abidələrinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı muxtar respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.[17]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". www.e-qanun.az (az.). 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
  2. 1 2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Xüsusi mühafizə olunan təbiət ərazilərinin siyahısı". www.eco.gov.az (az.). 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
  3. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU". www.e-qanun.az (az.). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə Arxivləşdirilib 2021-07-07 at the Wayback Machine, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İstifadə tarixi:9 yanvar 2015
  5. ""Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası"nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". www.e-qanun.az (az.). 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
  6. "Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu". www.icherisheher.gov.az (az.). 2018-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
  7. "The alteration of place names and construction of national identity in Soviet Armenia. Arseny SAPAROV". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  8. Джафар Гияси и Ибрагим Бозйель. ARMENIAN ACTS OF CULTURAL TERRORISM. Анкара 1997 Arxivləşdirilib 2010-01-19 at the Wayback Machine
  9. "Новости Армении. В 2007 году в Армении завершится процесс переименования населенных пунктов республики 16:21. 22/02/2007". 2011-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  10. "Arseny Saparov, International Relations Department, London School of Economics, Houghton Street, London WC2A 2AE, [email protected]". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  11. Джафар Гияси, Ибрагим Бозйель. Армянские акты культурного геноцида. Arxivləşdirilib 2010-01-19 at the Wayback MachineАнкара, 1997 Arxivləşdirilib 2010-01-19 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2010-01-19. İstifadə tarixi: 2021-07-22.  (ing.)
  12. "Borcalı tarixinin qısa xülasəsi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  13. "Report of the Human Rights Monitoring Group of Ethnic Minorities, Renewal of toponymy as one of the real steps on reinstatement of interethnic dialog in Kvemo-Kartli region in Georgia" (PDF). 2012-12-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-22.
  14. "Borçalı Cəmiyyəti Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  15. The position and social problems of Azerbaijanis compactly living in Georgia
  16. "Geoloji irsimizi gələcək nəsillər üçün qoruyub saxlayaq". www.anl.az (az.). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
  17. "Alimlər "İlandağ" geoparkının yaradılmasını təklif ediblər". www.azertag.az (az.). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.