Azərbaycan karikaturunun tarixi — Vikipediya

"Molla Nəsrəddin" jurnalı

Zəngin ənənələrə malik karikatura janrı, Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçmişdir. Dövri mətbuatda, xüsusi satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin ortalarında təsədüf edilir. Və nəhayət, Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də Azərbaycanda "Molla Nəsrəddin" adlı həftəlik satirik jurnal işıq üzü gördü. Bu böyük bir hadisə idi. Jurnalın yaradıcısı, redaktoru və naşiri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin dediyi kimi, Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı, həyatın özü yaratmışdır. İctimai ziddiyyətlərlə dolu həyat, həm ədəbiyyatın, həm də təsviri sənətin qarşısında vəzifələr qoymuşdu. Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış "Molla Nəsrəddin" jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu. Bilavasitə "Molla Nəsrəddin"in təsiri nəticəsində Bakıda Azərbaycan dilində "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "Arı" (1910-1911), "Kəlniyyət" (1912-1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartan-partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl" (1919-1920) kimi illüstrasiyalı jurnallarla yanaşı bu dövrdə Azərbaycanda rus dilində də çoxsaylı satirik məcmuələr: "Cigit" (1907-1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskie streli" (1910), "Baraban" (1912-1913) və digərləri nəşr olunurdu. Daha uzun ömürlü olan "Molla Nəsrəddin" jurnalı müəyyən fasilələrlə 1931-ci ilə qədər işıq üzü görüb.

Xalq rəssamı Əzim Əzimzadə də öz karikaturalarını "Molla Nəsrəddin" jurnalında dərc etdirmişdir. Bu böyük sənətkar sovet dövründə jurnalın baş rəssamı olmuş və onun nəşrində fəal rol oynamışdır. O, öz ətrafına Qəzənfər Xalıqov, İsmayıl Axundov, Hüseyn Əliyev kimi karikaturaçı rəssamları toplayaraq bu sənətin inkişafında böyük rol oynamışdır. Milli karikatura sənətimizin inkişafında Tiflis Rəssamlıq Akademiyasının məzunu Xəlil Musayevin də rolu olmuşdur. Jurnal Tiflisdə nəşr olunduğu illərdə onun burada xeyli karikaturası çap edilmişdir.

Fəaliyyəti əsasən "Zənbur" jurnalı ilə bağlı olan, Odessa Rəssamlıq Akademiyasının məzunu Benedikt Telinqatorun (Beno) yaradıcılığı Azərbaycanda karikatura sənətinin inkişafında əhəmiyyətli rol oynamışdır.

Karikatura sənətimizin inkişafında 1952-ci ildən nəşr olunmağa başlayan "Kirpi" jurnalının xüsusi rolu olmuşdur. Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev kimi rəssamlar bu jurnalın səhifələrində milli karikatura sənətimizin yeni nümunələrini çap etdirdilər. "Kirpi" jurnalı sovet hakimiyyəti illərində öz cürətli çıxışları ilə cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdirirdi.

2006-cı ildən nəşr olunan Azərbaycan Karikaturaçılar Birliyinin orqanı olan "Biz və karikatura" jurnalı karikaturaçı rəssamların öz sənətlərini ifadə etmək üçün geniş imkanlar açmışdır.«Biz və karikatura» Azərbaycanda peşəkar rəssamlar üçün nəzərdə tutulmuş və sırf sənətlə bağlı olan yeganə topludur. Bu jurnal da Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi kimi ötən ilin əvvəlində, «Molla Nəsrəddin»-in 100 illik yubileyi münasibətilə yaradılıb. Jurnalda birləşən rəssamlar artıq mühüm beynəlxalq müsabiqələrdə iştirak ediblər. Ölkəmizdə karikatura sənətinə ayrı-ayrı vaxtlarda biganə münasibət göstərilsə də, o, özünün zəruri sənət nümunəsi olduğunu yenidən təsdiq edə bildi. 100 illik yubileyi ərəfəsində Azərbaycan karikatura sənətində daha bir önəmli addım atıldı. Özündə bu dəyərli sənətlə məşğul olan 60-a yaxın rəssamı birləşdirən Azərbaycan Karikaturaçı Rəssamlar İctimai Birliyi yaradıldı. Birlik Dünya Karikatura Təşkilatları Federasiyasının (FECO) üzvü olaraq, ölkəmizi dünya karikatura ailəsində layiqincə təmsil edir. Bu yaxınlarda Azərbaycan Rəssamlar İttifaqında karikatura bölməsinin yaradılması da sevindirici haldır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]