Bakı metrosu — Vikipediya

Bakı metrosu
Bakmil metrostansiyası-(81-717M/714M Növü yeni qabaqlı qatar - Bakı Metropoliteni MMC tərəfindən yerli olaraq modernləşdirilmişdir).
Bakmil metrostansiyası-(81-717M/714M Növü yeni qabaqlı qatar - Bakı Metropoliteni MMC tərəfindən yerli olaraq modernləşdirilmişdir).
Təsvir
Ölkə Azərbaycan Azərbaycan
Yerləşməsi Bakı Bakı
Açılış tarixi 6 noyabr 1967
Saytı metro.gov.az
Marşrut şəbəkəsi
Stansiyaların sayı 27 işləyən
4 tikilən
4 layihələndirilən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı metrosuAzərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi, Türk ölkələri arasında qurulan ilk metropoliten.[1]

Metropoliten ümumi uzunluğu təxminən 40 km olan 3 xəttdən, 27 işləyən və dörd tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 11-nin vestibülü vardır. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4,000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17.1 kilometrdən artıqdır. Bakı metrosunun nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çox saylı əyrilər mövcuddur. "Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud — Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt — Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 50 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.[2]

Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerdədir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də MoskvaLeninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.

Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12.1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500–700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.

1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metrosunun istismara verilməsini xeyli gecikdirir.

1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.

1967-ci il noyabrın 6-da Bakı şəhərində metrosunun 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, GənclikNəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən Stepan Şaumyan stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metronun daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

Birinci sahədən sonra 2.3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6.4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.

28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.

2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır. 2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçilmişdir. 2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.

2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir.[4] 2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilmişdir.[5] 2011-ci il dekabrın 30-da "Məşədi Əzizbəyov" stansiyası yenidənqurmadan sonra "Koroğlu" adı ilə istifadəyə verilmişdir. 2015-ci il dekabrın 28-də Elmlər Akademiyası stansiyasının 2 çıxışı istifadəyə verilmişdir. 2016-cı il aprelin 19-da 3-cü Bənövşəyi xətt və onun tərkibində olan AvtovağzalMemar Əcəmi stansiyaları istifadəyə verilmişdir.[6] 2019-cu ilin aprelində Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb. Metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.[7] 2021-ci il mayın 29-da 8 Noyabr stansiyası istifadəyə verilmişdir. 2022-ci il dekabrın 23-də Xocəsən stansiyasıXocəsən elektrik deposu istifadəyə verilmişdir.

Bakı Metropolitenin inkişafı

Rəhbərlər[redaktə | mənbəni redaktə et]

1.Lütfəli Nuriyev (1966-1976)

2.Fikrət Kəngərli (1976-1979)

3.İqor Xankişiyev (1979-1987)

4.Vahid Nadirli (1987-1993)

5.Cəfər Yusifov (1993-1998)

6.Tağı Əhmədov (1998-2014)

Xətlər və stansiyalar[redaktə | mənbəni redaktə et]

Xətləri 3
Xətlərin uzunluğu 40.7 km
Yaşıl xətt 14,5 km
Qırmızı xətt 20,1 km
Bənövşəyi xətt 6.1 km
Layihələndirilən xətləri 2 (Mavi və Sarı)
Yolların uzunluğu 88.91 km
Tunellərin uzunluğu 91.36 km

1-ci xətt[redaktə | mənbəni redaktə et]

İçərişəhər-Sahil-28 May-Gənclik-N. Nərimanov-Ulduz-Koroğlu-Q. Qarayev-Neftçilər-Xalqlar Dostluğu-Əhmədli-H. Aslanov Bakmil

20,1 km
İçərişəhər - Həzi Aslanov xətti

6,5 km 1967
İçərişəhərN. Nərimanov
2,1 km 1970
N. NərimanovUlduz
5,3 km 1972
UlduzNeftçilər
2,2 km 1976
28 MayNizami
0,5 km 1979
N. NərimanovBakmil
3,3 km 1989
NetfçilərƏhmədli
1,4 km 2002
ƏhmədliH. Aslanov

2-ci xətt[redaktə | mənbəni redaktə et]

Xətai-C. Cabbarlı Nizami-Elmlər Akademiyası-İnşaatçılar-20 yanvar-Memar Əcəmi-Nəsimi-Azadlıq-Dərnəgül

14,5 km
Dərnəgül- NizamiC. Cabbarlı-Xətai xətti

2,3 km 1968
C. CabbarlıXətai
2,2 km 1976
C. CabbarlıNizami
6,5 km 1985
NizamiMemar Əcəmi
2,1 km 2008
Memar ƏcəmiNəsimi
1,3 km 2009
NəsimiAzadlıq prospekti
1,5 km 2011
Azadlıq prospektiDərnəgül

3-cü xətt[redaktə | mənbəni redaktə et]

Xocəsən-Avtovağzal-Memar Əcəmi-2-8 Noyabr-B-4 (tikilməkdədir)

6,1 km
Xocəsən - 8 Noyabr xətti

2,1 km 2016
AvtovağzalMemar Əcəmi-2
1,6 km 2021
Memar Əcəmi-28 Noyabr
2,4 km 2022
AvtovağzalXocəsən

Adları dəyişdirilmiş stansiyalar[redaktə | mənbəni redaktə et]

Əvvəlki adı İndiki adı Dəyişdirilmə tarixi
"Şaumyan" "Xətai" 13 noyabr 1988
"XI Qızıl Ordu Meydanı" "20 Yanvar" 27 aprel 1992
"28 Aprel" "28 May" 9 aprel 1992
"Avrora" "Qara Qarayev" 27 aprel 1992
"Elektrozavod" "Bakmil" 1 yanvar 1993
"26 Bakı Komissarı" "Sahil" 9 aprel 1992
"Bakı Soveti" "İçәrişәhәr" 25 aprel 2007
"Məşədi Əzizbəyov" "Koroğlu" 30 dekabr 2011

Gələcək planlar[redaktə | mənbəni redaktə et]

Gələcəkdə Bakı metrosu xətlərinin sayını 5-ə, şəbəkənin uzunluğunu 40 kilometrdən 119 kilometrə, stansiyaların sayı isə 27-dən 77-yə çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir. Bunun üçün, ilk növbədə, yeni xətlər inşa olunmalıdır. Bu isə ictimai nəqliyyat növlərinin yükünün azaldılmasına kömək edəcək. Əsas məqsədlərə metronun vaqon parkının mütəmadi çağdaşlaşdırılması, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə maksimum rahatlıq yaradılması daxildir. Yeni proqram sayəsində metro digər ictimai nəqliyyat vasitələri ilə uzlaşdırılacaq və inteqrasiyası təmin ediləcək (Avtovağzal stansiyasının çıxışlarından biri Bakı Beynaxalq Avtovağzal Kompleksinə aparır). Bu isə əsasən, metropoliten şəbəkəsinin təkmilləşdirilməsi nəticəsində baş verəcək. Yeni xətlərdə sərnişinlərin rahatlığını təmin etmək üçün platformaların uzunluğu artırılacaq və bunun hesabına alınacaq qatarlar ən müasir texnologiyalarla təchiz olunmaqla yanaşı, vaqonlarının sayı 5-dən 7-yə çatdırılacaq.Tikilən obyektlərdən daha biri — Bakı metrosunun texnoloji korpusunun bu ilin noyabrında — metropoliten işçilərinin peşə bayramında istifadəyə verilməsi gözlənilir. 2–4-cü mərtəbələrdə dispetçer məntəqələri yerləşəcək. 3-cü mərtəbədə akt zalı da olacaq. Burada son tamamlama və dizayn işləri görülür. 9-cu mərtəbədə hər biri 100 nəfərə qulluq edəcək iki yeməkxana olacaq və burada tikinti işləri yekunlaşıb və təchizatla bağlı məsələlər həll olunur.

Stansiyaların təmiri və yenidən qurulması[redaktə | mənbəni redaktə et]

Köhnə stansiyaların yenidən qurulması və yeni çıxışları tikilməsi də planın tərkib hissəsidir. 2008-ci ildə yenidən qurulan "İçərişəhər" stansiyasının ardınca "Koroğlu" stansiyası da rekonstruksiya olunaraq, 2011-ci il dekabrın 30-da istifadəyə verildi. 2014-cü ilin əvvəlində "28 May" stansiyasının yenidən qurulması başa çatdı . 2012-ci ilin sentyabrında burada Cəfər Cabbarlı meydanına çıxışın eskalatorları müasir analoqları ilə əvəzləndi. Əvvəlkindən fərqli olaraq burada 4 eskalator quraşdırıldı. 2009-cu ildə 28 May stansiyasının, 2015-ci ildə isə Elmlər Akademiyası stansiyasının ikinci çıxışı inşa olunmuşdu.

Qırmızı xətt[redaktə | mənbəni redaktə et]

Metropolitenin inkişaf planında 1-ci (Qırmızı) xəttdə 6 yeni stansiyanın tikilməsi planlaşdırılır. Xətt "İçərişəhərdən" Badamdara (burada 4 stansiya tikiləcək) və "Həzi Aslanovdan" Hərbi Akademiya istiqamətində uzanacaq.

Ən vacib məsələlərdən biri də bu xətlərin bir-birindən ayrılmasıdır. Bu istiqamətlərdə müstəqil hərəkətin təşkili qarşıdakı illərdə həll olunmalıdır və artıq bu istiqamətdə bir neçə təklif dəyərləndirilmə mərhələsindədir. 2015-ci ildə Bakı metrosunun iki xəttinin ayrılmasına başlanmısdır. Metronun iki müstəqil xətti olacaq — "Həzi Aslanov"–"İçərişəhər"(Qırmızı) və "Dərnəgül"–"Xətai" (Yaşıl). 1-ci xətt "28 May" stansiyasından, 2-ci isə "Cəfər Cabbarlı"dan keçməklə işləyəcək".

Cəmi 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Xəttin uzunluğu 28,5 km olacaq.

Yaşıl xətt[redaktə | mənbəni redaktə et]

2-ci (Yaşıl) xəttdə tikinti davam edir: Dərnəgül stansiyasının yaxınlığında Dərnəgül Elektrik deposu tikilir, Şah İsmayıl Xətai stansiyasından Ağ şəhərdə yerləşəcək Y-14, Y-15 və Y-16 stansiyaların istiqamətində tunellər qazılmaqdadır[8], Həzi Aslanov stansiyasına keçidi olacaq Məhəmməd Hadi stansiyası, Günəşli və Yeni Günəşli yaşayış massivlərində isə daha 2 yeni stansiya tikilməkdədir.

2-ci (Yaşıl) xəttin tam sərbəst işləməsi üçün Dərnəgül stansiyasının yaxınlığında elektrik depo tikilir və eyni zamanda 28 May stansiyasının ərazisində yeni tunel inşa olunur. Bu işlər başa çatandan sonra 2-ci xəttdə istifadə olunan qatarlar Bakmil deposuna getməyəcəklər. Dərnəgüldən gələn qatarlar Nizami Gəncəvi stasiyasından sonra Cəfər Cabbarlı stansiyasına və oradan Şah İsmayıl Xətai stansiyasına gedəcəklər.

Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin 10 stansiyası istismardadır. Xəttin uzunluğu 41,8 km olacaq.

Bənövşəyi xətt[redaktə | mənbəni redaktə et]

19 aprel 2016-cı il 3-cü xəttin ilk iki stansiyasının (Avtovağzal və Memar Əcəmi-2) açılışı olunmuşdur. 29 may 2021-ci il tarixində 3-cü xəttin üçüncü stansiyasının (8 Noyabr) açılışı olmuş və 31 maydan istifadəyə verilmişdir. 23 Dekabr 2022-ci il tarixində 3-cü xəttin dördüncü və ilk yerüstü stansiyasının (Xocəsən) və Deponun açılışı olmuşdur. Hal-hazırda 3-cü (Bənövşəyi) xəttdə aktiv tikinti işləri davam edir: Cəlil Məmmədquluzadə küçəsində şərti adı B-4 olan stansiya inşa olunur, Qış bulvarının yanında yerləşəcək B-5 şərti adlı stansiya istiqamətində tunellər qazılmaqdadır. Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Xəttin uzunluğu 18,5 km olacaq.

Mavi xətt[redaktə | mənbəni redaktə et]

Yeni Yasamalda başlayacaq 4-cü (Mavi) xətt "İnşaatçılar" stansiyasında Yaşıl, Ceyhun Səlimov küçəsində inşa olunan 8 Noyabr stansiyasında Bənövşəyi, sonra "Gənclik" stansiyasında Qırmızı xətlə qovuşacaq. "Gənclik-2" stansiyasından əvvəl xəttin daha bir stansiyası Teymur Əliyev küçəsində olacaq və sonrakı tədbirlər planına görə, artıq Binəqədidən Bibiheybətə qədər uzanacaq Sarı xətlə keçid stansiyasında birləşəcək. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək. Son dayanacaq Ramana qəsəbəsində olacaq. Xəttin uzunluğu 16,3 km olacaq.

Sarı xətt[redaktə | mənbəni redaktə et]

Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq. Xəttin uzunluğu 14,7 km olacaq.

Tikinti texnologiyaları[redaktə | mənbəni redaktə et]

Bakı metrosunun 81–717/714 tipli köhnə vaqonları
Bakı metrosunun 81–760B/761B/763B tipli yeni vaqonları

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Bakı Metropoliteninin 2011–2015-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq olunduqdan sonra metro tikintisi daha da intensivləşib. Buna isə xüsusi texnologiyalarsız nail olmaq mümkün deyil. Məhz dövlət proqramı çərçivəsində ölkəyə daha bir texnoloji yenilik — tunelqazma kompleksləri gətirilir. Bunun nəticəsində metro tikintisinin sürətləndirilməsi və tikintinin maya dəyərinin aşağı salınması təmin olunacaq. Vaxtilə sınansa da, tətbiqinə imkan verilməyən bu avadanlıqlar indi əsas qazma vasitələrinə çevriliblər. Yeni — Bənövşə xəttin inşasına cəlb olunmuş Almaniya istehsalı olan "Herrenknext" və ABŞ istehsalı olan "Robins" tunelqazma kompleksləri da cəlb edilib. Bu avadanlıqlar Bakı metrosunun inşaat tarixində tamamilə yeni, müasirlik və texnoloji üstünlük səhifəsini açır.

Bu vaxt ərzində tikilən "Memar Əcəmi-2" stansiyasında, əvvəlki illərdə tikilən stansiyalardan

81-717M/714M Növü yeni qabaqlı qatar - Bakı Metropoliteni MMC tərəfindən yerli olaraq modernləşdirilmişdir.

olaraq, inşaat işləri daha sürətli templə gedirdi. Bunun səbəbi inşaat işlərinin yeni metodla aparılmasıdır. "Qruntda divar" və yaxud "diafraqma uol" ("Diaphragm Wall") adlandırılan bu üsul stansiyanın yerində betonlanma ilə divarın qurulmasına söykənir. O, məhdud ərazilərdə ətraf mühitin tamlığını və vəhdətini pozmadan qazıntı işlərinin aparılmasına ideal şərait yaradır. Ümumən bu üsul ağır hidrogeoloji şərait üçün ən ideal variantlardan biridir. İnşaatın səssiz-küysüz aparılması – ölçmələr nəticəsində məlum olub ki, tikintidən ətrafa yayılan səs hətta avtomobillərin yolda hərəkəti nəticəsində yaranan səsdən də azdır. Tikinti zamanı inşaat meydançası heç bir titrəməyə səbəb olmur və ətrafdakı binaların, kanalların, kəmərlərin çökməsi mümkünsüzdür. Bütün bu prosesin daha bir vacib məqamı isə onun tikintinin smeta dəyərini 25 faizə qədər azaltmasıdır. Dayaq divarlar və qoruyucu konstruksiyalara çəkilən xərci 50, süzülmə örtüyündə isə 65 faizə qədər aşağı salmaq mümkündür.

2011–2015-ci illərdə "Elmlər Akademiyası"nın ikinci çıxışı inşa olunmuşdu. Buranın çox ağır hidrogeoloji şəraiti sirr deyil. Əvvəllər metro tikintisi zamanı tunelləri, qazılmış şaxtaları su basması da olub. Burada müasir üsullardan biri olan "maili inyeksiya"ya tətbiq olunmuşdur. Son illərdə ağır mühəndis-geoloji şəraitdə təməl və özüllərin qournması məqsədilə maili inyeksiyalamadan İngiltərə, Almaniya, İtaliyada da geniş istifadə olunmağa başlayıb.

Bakı metrosu "Ginnesin Rekordlar Kitabı"nda[redaktə | mənbəni redaktə et]

28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 adam həlak olub, 270 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilib[9]. Beləliklə, ilk dəfə 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşən Bakı metrosunun, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşdü[10]. Birinci göstərici dəyişməyən rekordlar siyahısına daxildir.

Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir "uğura" imza atıb və təqribən 15 ilə yaxın müddətdə "keçici bayrağı" heç kimə verməyib[11].

Gediş haqqı[redaktə | mənbəni redaktə et]

1967-ci il noyabrın 6-dan istismarı başlanmış Bakı metrosunda Azərbaycan müstəqillik qazanana qədər gediş haqqı Sovet pulu ilə 5 qəpik idi[12]. 1992-ci ilə yanvarın 4-də Bakı metrosunda ilk dəfə gediş haqqının qiymət dəyişikliyi edildi. Qərara əsasən, qiymətlər 15 qəpik oldu. Yeni qiymət 1992-ci il martın 1-nə qədər qüvvədə qaldı. Həmin tarixdən bir sərnişinin daşınma haqqı 30 qəpik müəyyən edildi. 1992-ci ilin iyun ayından gediş haqqı 1 Sovet rublu olur. Həmin vaxtdan jeton sistemi tətbiq edilməyə başlanır. Həmin il dekabrın 17-də qiymətlər yenidən dəyişərək, 3 rubl olur. 1993-cü ildə isə qiymətlər iki dəfə dəyişmişdir. İyulun 26-dan metropolitendən istifadənin qiyməti 5 rubl müəyyən edildi. Dekabrın 1-də isə gediş haqqı 30 rubl təyin edilməklə yanaşı, ödəmə vasitəsi kimi talon sistemi müəyyən edilir. 1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilməklə sərnişinlər gediş haqqını milli pul vahidi – Azərbaycan manatı ilə ödəməyə başlayırlar. Bir jeton və ya bir gediş sərnişinə 3 manata başa gəlirdi. 1994-cü il fevralın 15-də yenidən talon sistemi tətbiq edilməklə gediş haqqı 5 manat olur. Həmin il iyulun 1-dən jeton sisteminə yenidən qayıdılır. Metropolitendən istifadə isə 20 manat müəyyən edilir. 1994-cü il noyabrın 7-də 50 manat, həmin il dekabrın 15-dən gedişin qiyməti 100 manat olmuşdur. Qiymətlər 1995-ci il fevralın 5-də dəyişdi və 300 manat təyin edilsə də, cəmi 6 gün sonra 150 manata endirilir. Sonrakı qiymət dəyişikliyi 1996-cı il iyunun 27-də olur və 250 manata gediş haqqı 10 ilə yaxın dəyişməz qalır. 2006-cı il yanvarın 1-dən yeni milli pul siyasətinin nəticəsi kimi, qiymətlər də yenilənir. Yeni Azərbaycan manatı ilə gediş haqqı 5 qəpiyə bərabər olur. Həmin il martın 1-dən gediş haqqının yeganə ödəmə vasitəsi 2 manat dəyərində girov haqqı ödənişi olan plastik kartlara keçilir. 30 sentyabr 2009-cu ildə Tarif (Qiymət) Şurasının iclasında Bakı metrosunda gediş haqqının qaldırılması barədə məsələ müzakirə olundu. Oktyabrın 1-dən gediş haqqının 15 qəpik olması barədə qərar qəbul edildi[13][14]. 2011-ci il noyabrın 24-də Tarif (Qiymət) Şurasının iclasında metropolitendə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olundu. Həmin qərara əsasən, 2011-ci il dekabrın 1-dən gediş haqqı 20 qəpik həddində müəyyənləşdirilir[15]. 2015-ci il avqust ayının 8-dən Bakı metrosunda gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir. Həm də həmin gündən ilk dəfə şəhər ictimai sərnişindaşıma sahəsində iki fərqli nəqliyyat sisteminin inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqinə başlanılır. Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında 2018-ci il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olunmuşdur.[12] Tarif(qiymət) Şurasının 31 yanvar 2023 tarixində keçirilən iclasda 1 gediş üçün 40 qəpik olaraq müəyyənləşdirilib.[16]

Bakı metropoliten jetonları
1992-ci il jetonu
1990-x
1990-x
2000-ci il
2000-ci il
Bakı metropoliten kartları
2015-ci ilədək istifadə olunmuş Metro kartı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cəmiyyəti, 6 noyabr-Bakı metrosunun açılış günü | "Bakı Metropoliteni" Qapalı Səhmdar. "6 noyabr – Bakı metrosunun açılış günü". metro.gov.az (az.). 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-01.
  2. "Gələn il Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  3. "Arxivlənmiş surət". 2012-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-24.
  4. "Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı metrosunun perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  5. http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20110629054034393[ölü keçid]
  6. CBC. "Новая линия Бакинского метрополитена" (rus). Youtube.com. 21.04.2016. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  7. "Bakı metrosunun tarixində ilk dəfə qadın maşinist işə qəbul olunub". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-13.
  8. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-10.
  9. "28 oktyabr". 2009-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-28.
  10. "İki məşum qəzanın tarixçəsi". 2009-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-14.
  11. "Bakı Metrosu rekordu əldən verəcəkmi?". 2010-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-14.
  12. 12,0 12,1 Həmin il metroda gediş haqqı 300 manat olub — Cəmi 6 gün Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine. qafqazinfo.az, 12.09.2018  (az.)
  13. "İlk bahalaşma". 2015-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-01.
  14. "Metroda gediş haqqı qaldırıldı". 2009-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-01.
  15. Metroda gediş haqqı 20 qəpik oldu[ölü keçid]
  16. "Azərbaycanda metro və avtobuslarda minimum gedişhaqqı 40 qəpiyə çatdırılıb". Report İnformasiya Agentliyi (az.). 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]