Banqladeş coğrafiyası — Vikipediya

Banqladeş coğrafiyası
Qitə Asiya
Region Cənubi Asiya
Koordinatlar 24° 00' N, 90° 00' E
Sahə
Sahil xəttinin uzunluğu 580 km
Sərhədlər

4,246 км Birma: 193 km

Hindistan: 4 053км
Ən yüksək nöqtə 1 230 м (Keokradonq)
Ən alçaq nöqtə 0 m (Hind okeanı)
Ən böyük çay Brahmaputra çayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Banqladeş, Banqladeş Xalq Respublikası (Qono Procatontri Banqladeş) — Cənubi Asiyada dövlət. Qərbdə, şimalda və şərqdə Hindistanla, ucqar cənub-şərqdə Myanma ilə həmsərhəddir. Cənubdan Benqal körfəzi ilə əhatələnir.[1] Sahəsi 144,7 min km² (daxili akvatoriyalarla birlikdə 144 min km²). Əhalisi 142,8 milyon nəfərdir (2011). Paytaxtı Dəkkə şəhəridir.

Geoloji quruluşu və faydalı qazıntıları[redaktə | mənbəni redaktə et]

Banqladeşin ərazisi Cənubi Asiyada materik qabığının çökmələr vilayəti daxilindəki Benqal hövzəsindən ibarətdir. Benqal hövzəsi qədim Hindistan platformasının şərq kənarı üzərinə gəlmişdir. Şimalda Erkən Kembri dövrünə qədərki kristallik özülünün Şillonq çıxıntısı ilə hüdudlanır. Qədim Hindistan platformasının özülünü Perm-Təbaşir və Eosen yaşlı çöküntü örtüyü təşkil edir. Özül çöküntülərini Himalay, həmçinin Myanmanın qərb, Hindistanın şərq hissəsindəki silsilələrdən səth suları ilə daşınan Oliqosen Dördüncü dövr qırıntı çöküntüləri örtür. Benqal hövzəsinin şərqini Oliqosen-Dördüncü dövr molassları ilə dolmuş Hindistan-Birma orogeninin ön çökəyi tutur. Çökəyin intensiv dislokasiyaya məruz qalmış daxili qanadını təşkil edən Çittaqonq silsiləsində yer səthinə çıxır. Ölkənin ucqar şimal-şərqini Erkən Neogendən intişar tapmış Himalayönü molass çökəyi qapayır.

Faydalı qazıntılarından təbii yanar qaz yataqları Kaynozoy çöküntüləri ilə, kömür yataqları isə Perm çöküntüləri ilə əlaqədardır. Torf, dəmir filizi (hematit), titan, əhəngdaşı, kaolin, odadavmlı gil yataqları da var. 

Relyefi [redaktə | mənbəni redaktə et]

Banqladeş ərazisinin təqribən 9/10 hissəsini Benqal düzənliyi (Hind-Qanq düzənliyinin şərq hissəsi) və Sundarban sahilboyu düzənliyi tutur; 1 m-dən 20 m-ədək hündürlüklər üstünlük təşkil edir. Cənub-şərq və şərqdə təpələr və alçaq (1200 m-ədək; ölkənin ən hündür nöqtəsi) dağlar var. Bu dağlar Benqal körfəzindən ensiz sahilboyu düzənliklə ayrılır. Şimal-qərbdə relyef cənuba doğru az meyillidir; təpələrin hündürlüyü 300 metrədəkdir. Banqladeş ərazisinin xeyli hissəsi Qanq, Brahmaputra və Meqhna çaylarının deltasından ibarətdir. Sahil xətti güclü parçalanmışdır. Burada çoxlu sayda delta adaları (Dakkhin-Şahbazpur, Cənubi Hatiya, Sandvip və s.) var.[2]   

İqlimi[redaktə | mənbəni redaktə et]

Banqladeşin iqlim xəritəsi

İqlimi subekvatorial mussondur. Qışı mülayim, quru və günəşlidir; yanvarın orta temperaturu 12–25 °C-dir. Yayı isti və yağışlıdır, orta temperatur apreldə (ən isti ay) 33–36 °C-dir. Banqladeş dünyada ən çox yağıntısı olan yerlərdən biridir. İllik yağıntının miqdarı 2000–3000 mm-dir, cənub-qərbdən şimal -şərqə doğru artır; Çittaqonq silsiləsində 5080 mm-ə çatır. Yağıntının 80%-i iyul–oktyabr aylarında düşür. Yağış və daşqınlar dövründə ölkə ərazisinin xeyli hissəsi su altında qalır. Mussonların dəyişdiyi vaxt Benqal körfəzindən gələn fırtınalı və tayfunlu siklonlar böyük fəlakətlərə səbəb olur.[2] 

Daxili suları[redaktə | mənbəni redaktə et]

Əsas çayları Qanq, Brahmaputra (qolları: Tista, Atray) və Meqhnadır. Cənub-şərqdə bir sıra kiçik çaylar (Karnaphuli, Sanqu, Matamuhari və s.) Benqal körfəzi hövzəsinə aiddir. Bütün çaylar çoxsuludur və gəmiçiliyə yararlıdır. Ən iri gölü Haylhaordur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Географическое положение Бангладеш". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
  2. 1 2 "География Бангладеш: природа, климат, растительный и животный мир, население". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.

Mənbə[redaktə | mənbəni redaktə et]