Dadaş Həsənov — Vikipediya

Dadaş Həsənov
Dadaş Əbdül Hüseyn oğlu Həsənov (Həsənzadə)
Şəxsi məlumatlar
Doğum tarixi 19 dekabr 1897(1897-12-19)
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1927(1927-01-28) (29 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Əbdül Hüseyn Həsən oğlu
Anası Güllü Dadaş qızı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dadaş Əbdül Hüseyn oğlu Həsənov (Həsənzadə) (19 dekabr 1897, Şuşa28 yanvar 1927, Bakı) — Azərbaycanın siyasi xadimi, dövlət müstəqilliyinin bərpası uğrunda mübariz, Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921–1923), Gizli "Müsavatın" Mərkəzi Komitəsinin (MK) sədri (1923–1926).

Həyatı[redaktə | mənbəni redaktə et]

1897-ci ildə Şuşa şəhərində doğulmuşdur, 1901-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür[1]. Burada ailəsi ticarətlə məşğul olub varlanmış, sonra neft quyularının sahibi olmuşdur[2]. 1918-ci ilin mart ayında Bakıda bolşevik və daşnak birləşmələri müsəlmanlara qarşı soyqırım törətmişdirlər. O zaman Həsənovlar ailəsi də ciddi ziyan çəkmişdir[2]. Onlar Dağıstana qaçmalı olmuş, əmlakları isə ermənilər tərəfindən qarət edilmişdir. Orada səkkiz ay qaçqın həyatını sürdükdən sonra, 1918-ci ilin oktyabr ayında Türk-Azərbaycan ordusu tərəfindən azad edilmiş Bakıya qayıtmışdırlar.

Qayıdandan sonra Həsənovlar ailəsinin maddi durumu qismən bərpa etsələr də 1920-ci ildə onların bütün əmlakı bolşeviklər tərəfindən müsadirə edilmişdir[1].

D. Həsənov öncə Bakıda "İttihad" adlı İran məktəbində oxumuş, sonra 1914-cü ildə Lənkaran şəhərində gimnaziyaya daxil olmuşdur[1]. 1918-ci ildə gimnaziyanı bitirərək Bakıya qayıtmışdır.

1919-cu ildə müstəqil Azərbaycan hökuməti tərəfindən təsis edilmiş Bakı Dövlət Universitetitin tibb fakültəsinin birinci kursuna daxil olmuş, 1924-cü ildə isə həmin fakültəni bitirərək həkimlik diplomunu almışdır[1].

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

D. Həsənovun əmək fəaliyyəti tələbəlik illərindən başlamışdır. Öncə o, altı ay Fəhlə-Kəndli İnspeksiyasında işləmiş; 1920-ci ildən başlayaraq Fəhlə fakültəsində, 1922–1923-cü illərdə isə müxtəlif fəhlə klublarında mühazirələr oxumuşdur[1]. 1924-cü ildə universiteti bitirəndən sonra, Mamalıq texnikumunda mühazirələr oxumuşdur. Həmin il bir müddət Peşəkarlıq xəstəlikləri institutunda işləmiş, daha sonra isə BDU-nun terapevtik hospitalının həkimi olmuş və bu vəzifədə 1926-cı ilə qədər işləmişdir[1]. Tibb və sanitariya müəssisələri işçilərinin həmkarlar ittifaqının üzvü idi.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1919-cu ildə Dadaş Həsənov, Azərbaycan Cümhuriyyətinin hakim partiyası olan "Müsavat"ın sıralarına daxil olmuşdur. Ölkə Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra siyasi proseslərə aktiv şəkildə qatılmışdır.

Hərbi təşkilatın rəisi[redaktə | mənbəni redaktə et]

D. Həsənov 1920-ci ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərmiş və işğalçı bolşevik rejiminə qarşı mübarizə aparmış Gizli "Müsavat" partiyasının ən fəal üzvlərindən biri olmişdur, 1923-cü ilə qədər həmin partiyanın Bakı komitəsinin nəzdində olan hərbi təşkilata başçılıq etmişdir[3]. Həmin dövr ərzində Azərbaycanda Sovet rejiminə qarşı 50-dən çox üsyan və Sovet obyektlərinə qarşı təxribatlar qeydə alınmışdır[3]. Bu üsyanlarda müsavatçılar fəal iştirak etmişdirlər. D. Həsənovun rəhbərlik etdiyi hərbi təşkilat həmçinin Qızıl Ordu hissələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpası ideyalarını yayan özəklər yaradılmışdır. Onlar türk əsgərlərini və zabitlərini öz tərəfinə çəkmək üçün işlər görülmüş, silah anbarlarının ələ keçirilməsi planını hazırlamış, kəşviyyat işləri aparmışdırlar.

Məhəmməd Əmin Rəsulzadənin xaricə qaçırılması əməliyyatı[redaktə | mənbəni redaktə et]

1922-ci ildə gizli "Müsavatın" Mərkəzi Komitəsi (MK) keçmiş Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadəni Türkiyəyə mühacirətə yollamaq qərarını qəbul etmişdir. Azərbaycan cümhuriyyətinin süqutundan sonra o, Sovet xüsusi xidmət orqanları tərəfindən həbs edilmiş, ancaq sonra azad edilərək Moskvaya göndərilmiş, orada Millətlər Sovetində nəzarət altında işləmişdir.

Bu məxfi planın bilavasitə icraçılarından biri də Dadaş Həsənov idi. Mühacir yazıçı İsmayıl Saryal bu əməliyyatda D. Həsənovun müstəsna rolunu qeyd etmişdir, hətta onu Məhəmməd Əmin Rəsulzadənin xilaskarı adlandırmışdır[4]. Onun yazdığına görə, bu iş olduqca çətin idi, çünki Məhəmməd Əmin Rəsulzadə Moskvada ciddi nəzarət altında yaşayırdı. Buna görə, D. Həsənov Sovet xüsusi xidmət orqanları əməkdaşlarını şübhələndirməmək üçün 3 ay ərzində Moskvada yaşamış, Dövlət Universitetinin tələbəsi olmuş ya da orada işə düzəlmişdir. Bu müddət ərzində də həmin planı tədricən yerinə yetirmişdir.

Gimnaziyada oxuduğu dövrün fotosu. Təxminən 1918 il.

Məhəmməd Əmin Rəsulzadənin qaçırılması əməliyyatını mühacirət etmiş birinci gizli "Müsavatın" Bakı Komitəsinin sədri Əbdül Vahab Məmmədzadə (Yurtsevər) Türkiyədə yayımlanan "Azərbaycan" jurnalında dərc etdiyi məqaləsində xatırlamışdır:

" Müsavatın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri Məhəmməd Əmin Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim bəy Vəkillini və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə yaradılmışdı. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi. [5] "

"Gürcüstan Milli Komitəsi" ilə əlaqələri[redaktə | mənbəni redaktə et]

"Müsavat" rəhbərliyi D. Həsənova həm də bir vaxtlar "Gürcüstan Milli Komitəsi" ilə əlaqə saxlamağı tapşırmışdır. Bu komitə qonşu ölkənin Sovet ordusu tərəfindən işğal edilməsindən sonra yaradılmışdır. Orada Gürcüstanın əsas partiyaları təmsil edilmişdir. Onlar daxili ziddiyyətləri kənara qoyub işğala qarşı birləşmək və silahlı üsyan hazırlamaq qərarına gəlmişdirlər. Eyni zamanda onlar anlayırdılar ki, təkbaşına Sovet Rusiyası ilə vuruşmaq üçün onların kifayət qədər imkanları yoxdur. Ona görə də gürcülər bu işi bütün Qafqaz ölkələri və diyarları ilə birlikdə həyata keçirmək istəyirdilər[6]. Beləliklə onlar, Şümali Qafqaz nümayəndələri və Azərbaycan müsavatçıları ilə bu barədə danışıqlara başladılar. Məqsəd isə planlaşdırılan üsyana rəhbərlik etmək üçün Qafqazda Sovet rejiminin əleyhinə olan bütün qüvvələrin birləşmiş komitəsini yaratmaq idi. "Müsavatın" birinci gizli təşkilatın MK sədri Mizəbala Məmmədzadə 1921-ci ildən başlayaraq gürcülərlə əlaqədə olmuş və bu istiqamətdə işlərin aparılması üçün bir necə müsavatçını təyin etmişdir və onlardan biri də D. Həsənov idi[3]. O, 1923-cü ildə birinci gizli "Müsavatın" MK qərarı ilə Tiflisə getmiş, orada mühacirətdən üsyana rəhbərlik etmək üçün geri qayıtmış Gürcüstanın keçmiş menşevik hökumətinin naziri Noe Homeriki ilə görüşmüşdür. Bakıya qayıdandan sonra isə gürcü menşeviklərinin Bakıdakı nümayəndəsi Qriqori Salukvadze ilə daimi əlaqə yaratmışdır. Daha sonra isə bu işi onun silahdaşı Əli Yusifzadə davam etdirmişdir.

Müsavat Partiyasında[redaktə | mənbəni redaktə et]

1923-cü ildə, Azərbaycan Dövlət Siyasi İdarəsi (ADSİ) gizli fəaliyyət göstərən Müsavat Partiyasını izləyərək ona ağır zərbə endirmişdir[7]. Partiya fəallarına qarşı repressiyalar tətbiq edilmiş, MK sədri Mirzəbala Məmmədzadə İrana qaçmışdır. Buna görə də gürcülərlə planlaşdırılan ümumqafqaz üsyanı baş tutmadı.

Dadaş Həsənovun güllələnməsi haqqında məhkəmə hökmü

O zaman D. Həsənova da xaricə mühacirət etmək təklif olunsa da, o bundan imtina etmişdir. Bu olayı Hüseyn Baykara "Azərbaycan istiqlal mübarizəsi tarixi" əsərində xatırlamışdır:

" Bir gün Əhməd Cavadla qeyri-leqal milli-azadlıq komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və komitənin liderlərindən biri olan Rəhim bəy Vəkilli ilə rastlaşdıq. Uzun danışıqlardan sonra mən (H. Baykara) qeyri-leqal komitənin görkəmli nümayəndələrinin bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getməsini təklif etdim. Onların hər üçü mənim bu təklifimə qarşı çıxdılar və dedilər: "Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?".[8] "

Beləliklə Dadaş Həsənov, Əhməd Hacınski, Əli Yusifzadə və başqa müsavatçılar bu çətin şəraitdə Müsavat Partiyasının fəaliyyətini bərpa edə bilmiş, Sovet hökumətinə qarşı müqavimət hərəkatını davam etdirmişdirlər[3].

Onlar dağıdılmış təşkilatın işini bərpa etmək kimi çox ağır bir vəzifəni yerinə yetirməli idilər. Bu işi repressiyaların şiddətlənən dövründə həyata keçirmək olduqca çətin və təhlükəli idi. Ona görə də partiya fəalları mümkün olan qədər təşkilatın məxfiliyini saxlamağa çalışırdılar.

D. Həsənov Bakının Staro-Poçtovaya (indiki Süleyman Tağızadə) küçəsində yerləşən atasının tikdiyi evi "Müsavatın" ikinci gizli təşkilatının qərargahına çevirmişdir. Burada 1923-cü ilin noyabr "Müsavatın" yeni MK heyətini təsdiq edən toplantısı baş tutmuşdur. Bu toplantıda partiyasının MK sədri D. Həsənov seçilmişdir[1][9][10].

İkinci gizli təşkilatın fəalları əsasən Bakıda və qəzalarda Müsavat Partiyasının özəklərinin fəaliyyətlərinin bərpa edilməsi və onların möhkəmləndirilməsi, repressiyalara uğramış müsavatçıların ailələrinə maddi və mənəvi yardımın edilməsi ilə məşğul olmuşlar. Maddi imkanların olmaması şəraitində bu yardımlar fəalların partiyaya ödədikləri üzvlük haqlarının hesabına edilirdi[3].

D. Həsənov hesab edirdi ki, qarşıya qoyulan məqsədlərə milli ruhda tərbiyə edilmiş "savadlı kadrların yetişdirilməsi ilə nail olmaq olar. Onlar dövlət və təhsil strukturlarına daxil edilməlidir. Belə adamların sayı artdıqca hakimiyyət müstəqillik tərəfdarlarının əlinə keçəcək"[3]. O zaman müsavatçılar hətta kommunist partiyasına daxil olurdular ki, işğalçı rejimi içəridən dağıtsınlar.

D. Həsənovun rəhbərlik etdiyi ikinci gizli "Müsavat" təşkilatı türk (Azərbaycan) xalqının tarixinin, milli və mədəni dəyərlərinin təbliğinə, eləcə də millətin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinə xüsusi yer ayırırdı. Onun ən yaxın silahdaşı və dostu Əhməd Hacınski 1925-ci ilin noyabrında bu istiqamətdə işlərin görülməsi üçün müsavatçıların maarifçilik dərnəklərində və təhsil müəssisələrində həyata keçirməyə başladıqları "Gəncliyin partiyadan kənar tərbiyyələndirmə təlimatı" adlı xüsusi bir plan hazırlamışdır. Bu proqramda xalqın milli şüurunun artmasına nail olmaq üçün humanitar fənlərin tədrisinin necə tədris edilməsi təfərrüatı ilə izah edilirdi. Bununla bərabər, müsavatçılar mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin kitablarını və müxtəlif mövzulara həsr edilmiş vərəqələri də yayırdılar.

Azərbaycanda 1925–1931-ci illərdə gizli təşkilatın maarifçilik fəaliyyəti gəncliyin çoxlu sayda vətənpərvərlik dərnəklərinin yaranmasına gətirib çıxartdı[11]. Eyni zamanda, bu istiqamətdə işlər Sovet hökumətinin nəzarətində olan tədris müəssisələrində də gedirdi. Bunun nəticəsində gəncliyin arasında türk millətçiliyin yayılması qeydə alınmışdır.

Daha sonra gizli təşkilat Bakıda 1926-cı ildə keçirilməsi planlaşdırılan türkoloji konfransa da münasibət bildirmişdir[3]. Belə ki, konfransla əlaqədar qərara alınmışdır ki, "Müsavat" bu tədbiri ümumiyyətlə dəstəkləyir, ancaq ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi qəbul olunmazdır. Bu barədə yayılmış vərəqədə müsavatçılar qeyd edirdilər ki, əlifba dəyişikliyinə ehtiyac vardır, ancaq məsələ burasındadır ki, bu iş bolşeviklər tərəfindən həyata keçirilir. Onlar isə bunu türk dünyasını parçalamaq və onun birləşməsinə imkan verməmək üçün edir; başqa sözlə, öz siyasi məqsədlərini güdürlər. Musavatçıların fikrincə, yeni əlifba təkcə Azərbaycanda yox, həm də bütün türk dünyasında qəbul edilməli, hamı üçün eyni olmalı idi. Ancaq məsələnin bu cür qoyuluşu bolşeviklərin siyasətinə uyğun deyil idi. Buna görə də müsavatçılar hesab edirdilər ki, hazırda yeni əlifbanın qəbul edilməsinə qarşı olmaq və bu məsələni gələcəkdə bütün türk xalqları ilə birlikdə həll etmək lazımdır.

Həbs edilməsi və güllələnməsi[redaktə | mənbəni redaktə et]

1926-cı ilin əvvəllərində ADSİ ikinci gizli "Müsavatın" üzvlərinin siyahısını əldə edərək və onların fəaliyyətlərini izləyərək onları həbs etmişdir. D. Həsənov həmin ilin 11 mart tarixində həbs edilmişdir[1].l 13 mart 1926-cı il tarixindən başlayaraq səkkiz ay davam etmiş Dadaş Həsənovun istintaq dindirilmələrində o, müsavatçı olduğunu, gizli təşkilata rəhbərlik etdiyini, Tiflisə getdiyini və Gürcüstan Milli Komitəsi ilə əlaqə qurduğunu inkar etmişdir.

Yalnız 1926-cı ilin noyabr ayında D. Həsənov ona qarşı yığılan dəlillərin çoxluğu və müstəntiqlər tərəfindən tətbiq edilən ardı-arası kəsilməyən mənəvi və fiziki işgəncələrin tətbiq edilməsinin nəticəsində etirafedici ifadələr verməyə başlamışdır. Amma o, ancaq özünün təqsirli olduğunu etiraf etmiş, hər şeyi yalnız öz boynuna almış, yaxud da müsavatçıların mühacirətdə olan və ölən üzvlərinə qarşı ifadələr vermişdir ki, belələrini ADSİ həbs edə bilməzdi. İstintaq dindirilmələrinin mətnindən görünür ki, D. Həsənov nə Bakıdakı yoldaşları, nə də "Müsavatın" qəza komitələrinin tərkibi barədə bir kəlmə də olsun ağzından qaçırmamışdır[12].

28 fevral 1927 ildə Müsavat Partiyasının ikinci gizli təşkilatının 34 üzvünün tezləşdirilmiş rejimdə məxfi qapalı məhkəmə prosesi keçirilmişdir. Bu məhkəmədə Dadaş Həsənov güllələnməyə məhkum olunmuşdur. Rəsmi sənədə görə, hökm aprel ayında icra edilmişdir. Ancaq ADSİ əməkdaşlarının xəbərlərinə istinad edən mühacirət yazarlarının əsərlərində bildirilir ki, əslində D. Həsənovu ADSİ mühafizəçiləri dindirilmələrin birində Jukov soyadlı müstəntiqə hücum edib onun bir gözünü vurub kor etdiyinə görə güllələmişdirlər[4].

Məhəmməd Əmin Rəsulzadə D. Həsənovu "Azərbaycan davası" adlı əsərində[13] bu sözlərlə yad edərək qəhrəman adlandırmışdır:

" Bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz... Parlament və hökumət dışında... doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. "

Bəraəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ildə, Dadaş Həsənovun işinə yenidən baxılmış və o bəraət edilmişdir[1].

Xatirələrdə[redaktə | mənbəni redaktə et]

Digər tərəfdən, qeyd etmək lazımdır ki, D. Həsənov (Həsənzadə) haqqında xəbərlər təkcə onun istintaq işində deyil, həm də başqa mənbələrdə, o cümlədən xaricə mühacirət edən müsavatçıların əsərlərində də vardır. Məsələn, Məhəmməd Əmin Rəsulzadə onu Azərbaycan (türk) xalqının azadlığı uğrunda həyatını qurban vermiş şəxs kimi yad etmişdir: "Bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz… Parlament və hökumət dışında… doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır[13].

Bundan başqa, "Müsavat" təşkilatının fəallarından biri olan Əbdül Vahab Məmmədzadə (Yurtsever) yuxarıda gətirilən sitatda D. Həsənovu (Həsənzadəni) "hərbi təşkilatın rəisi" adlandırmışdır[5].

Daha bir tanınmış mühacirət xadimi Hüseyn Baykara, D. Həsənov (Həsənzadə) haqqında maraqlı məlumat verərkən onu "milli azadlıq komitəsinin rəhbəri" adlandırmışdır: "Bir gün Əhməd Cavadla qeyri-leqal milli azadlıq komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və liderlərdən biri olan Rəhim bəy Vəkilli ilə rastlaşdıq. Uzun danışıqlardan sonra mən qeyri-leqal komitənin görkəmli nümayəndələrinin bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getmələrini təklif etdim. Azərbaycan azadlıq mübarizəsinin hər üç lideri mənim bu təklifimə qarşı çıxdılar və dedilər: "Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?" Çox yaxşı xatırlayıram, Əhməd Cavad və Rəhim bəy Vəkilli mənim sözlərimə çox hirsləndilər və bir daha belə sözlər danışmamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. Azadlıq uğrunda mübarizə aparan bu üç azadlıq aşiqi sözlərinə sadiq qalmış, Azərbaycan xalqının bədbəxt günlərini xalqla birgə yaşamışlar. Doktor Dadaş Həsənzadə güllələnmiş, Rəhim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş və ondan bir daha heç bir xəbər gəlməmişdir"[14].

Dadaş Həsənovla (Həsənzadə ilə) bir müddət ailəvi dostluq etmiş daha bir azərbaycanlı mühacir — İsmayıl Saryal (Seyidzadə) "Bakı rüzgarı" romanında onu xatırlamışdır. Onun yazdıqlarına görə, Dadaş bəy uşaqlıqdan vətənpərvər olmuş, hələ yeniyetmə yaşlarında gimnaziyada çar hakimiyyətinə qarşı gizli dərnək yaratmışdır. Dadaş bəyin fəaliyyəti o qədər məxfi idi ki, hətta İ. Saryalın özünün belə bu barədə xəbəri olmamışdır və bunu yalnız onun həbs edilməsindən sonra bilmişdir. İ. Saryal onun evində millətçi gənclərin yığışdığının şahidi olmuşdur, ancaq onların müsavatçı olmaları haqqında o zaman xəbəri olmamışdır. Dadaş bəy həbs olunandan sonra isə, onun durumu ilə maraqlanmış və bir müddət ailəsi ilə əlaqə saxlamışdır. İ. Saryalın həyat yoldaşı Dadaş bəyin böyük bacısı Pəri xanımla onun yanına həbsxanaya görüşə gedirdilər.

Məhəmməd Əmin Rəsulzadənin qaçırılması əməliyyatının təfərrüatlarını açıqlayan İ. Saryal bu əməliyyatda Dadaş bəyin müstəsna rolunu qeyd etmişdir, hətta onu onun xilaskarı adlandırmışdır. Bu iş olduqca çətin idi, çünki Məhəmməd Əmin Rəsulzadə Moskvada ciddi nəzarət altında yaşayırdı. Buna görə, D. Həsənov Sovet xüsusi xidmət orqanları əməkdaşlarını şübhələndirməmək üçün 3 ay ərzində Moskvada yaşamış, Dövlət Universitetinin tələbəsi olmuş ya da orada işə düzəlmişdir. Bu müddət ərzində də həmin planı tədricən yerinə yetirmişdir[4].

M.Ə. Rəsulzadənin xaricə qaçırılmasından qəzəblənən İ. Stalin onu qaçıranların tapılması və cəzalandırılması əmrini vermişdir. Ancaq ADSİ uzun müddət onları tapa bilmirdi. Bu işə xaricdə fəaliyyət göstərən sovet casusları da cəlb olunmuşdurlar. Onlardan biri olan Tamara adlı bir gözəl rus qadını İranın Rəşt şəhərində bir müsavatçı mühacirlə sevişərək onun evindən gizli "Müsavat" üzvlərinin siyahısını ələ keçirib onu ADSİ-yə göndərmişdir. Yalnız bundan sonra Sovet xüsusi xidmət orqanları təşkilatın izinə düşərək, onun otuzdan çox üzvünü bir gecə ərzində həbs edə bilmişdirlər. İ. Saryala isə bu olaylar barəsində xəbəri Quluzadə soyadlı bir ADSİ casusu vermişdir[4].

Qeyd edilməlidir ki, İ. Saryalın verdiyi bəzi mühüm xəbərlər istintaq materiallarındakı rəsmi sənədlərdən fərqlənir. Birincisi onun yazdıqlarına görə D. Həsənovun tutulma səbəbi və əsas ittihamı Məhəmməd Əmin Rəsulzadəni xaricə qaçırması əməliyyatının üzərində qurulmuşdur. Ancaq rəsmi sənədlərdə onu ilk olaraq Gürcüstan menşevikləri ilə əlaqədə olmağına görə həbs etmişdirlər. Həmin sənədlərdə ittihamların sırasında Məhəmməd Əmin Rəsulzadəni xaricə qaçırması əməliyyatı ötəri hallanır, əsaslardan olmamışdır.

İkincisi, onun yazdığına görə Dadaş bəy uzun müddət işgəncələrə dözərək ona qarşı irəli sürülən bütün ittihamları rədd edirdi. Sonuncu dindirilmə zamanı müstəntiqlərdən biri yenə Məhəmməd Əmin Rəsulzadənin qaçırılması əməliyyatının təfərrüatları haqqında sual verəndə Dadaş bəy masanın üstündə olan mürəkkəbqabı ilə onun üzünə zərbə endirərək gözünü çıxartmışdır. Müstəntiqə hücum edilən zaman həmin otaqda olan silahlı əsgərlər onu oradaca güllələmişdirlər[4]. Ancaq bu xəbər də rəsmi sənədlərlə təsdiq olunmur. Orada müstəntiqə hücum olayı haqqında heç bir məlumat yoxdur.

Eləcə də Rəşt şəhərində rus casusunun hansısa müsavatçıdan gizli təşkilat üzvləri siyahısının alınması olayı da başqa mənbələrlə və istintaq materialları ilə təsdiq edilmir. İstintaq işində deyilmişdir ki, təşkilat üzvləri ADSİ-yə daxil olan teleqram əsasında həbs olunublar. Ancaq onun məzmunu haqqında heç nə deyilmir. İ. Saryalın yazdıqlarını istisna etmək də olmaz, ancaq bunu nəzərə almaq lazımdır ki, roman tarixi, ya da hüquqi sənəd deyil. Orada açıqlanan hekayə ilə hökm vermək olmaz. Əlbəttə, bu kimi olayın baş verməsi də istisna edilmir və bunu nəzərə almaq lazımdır, ancaq onun daha etibarlı mənbə ilə təsdiq edilməsinə ehtiyac vardır.

Beləliklə, istintaq materiallarına görə, D. Həsənova 1927-ci ilin fevral ayında məhkəmənin qərarı ilə ölüm hökmü oxunmuş və o, martın ortalarından aprel ayının əvvəlinə qədər olan müddət ərzində edam edilmişdir. İsmayıl Saryalın istinad etdiyi ADSİ cəsusu Quluzadəyə görə isə, o dindirilmə zamanı güllələnmişdir. Belə olubsa, onda bu dindirilmə artıq məhkəmədən sonra mart ayının ikinci yarısından sonra keçirilmişdir. Çünki istintaq sənədlərinin birinə görə 16 mart 1927-ci il tarixində D. Həsənov hələ sağ idi[9].

İ. Saryala görə Dadaş bəyin anası və bacılarına onun güllələnməsi haqqında xəbər verilməmişdir. Sadəcə onlara əmr olunmuşdur ki, bir daha onunla görüşə gəlməsinlər. Buna görə də ailə üzvləri bir müddət ümid edirdilər ki, o sağdır və Rusiyaya sürgünə göndərilib ya da Türkiyəyə qaçırılıb, bu barədə o zaman yanlış şayiələr də yayılmışdır[4].

Bacısının xatirələri[redaktə | mənbəni redaktə et]

Dadaş Həsənovun fəaliyyəti haqqında onun bacısı Pəri Əliyeva (1908–1992) da xatirələrini danışmışdır. Belə ki, o, Sovet dövründə nəvələrinə qardaşının gizli "Müsavatın" rəhbəri olması və Məhəmməd Əmin Rəsulzadənin qaçırılması əməliyyatında iştirak etməsi, evlərində müsavatçıların yığıncaqlarının keçirilməsi haqqında bəhs edərdi. Təbii ki, o Dadaş Həsənova aid istintaq materialları ilə tanış deyildi. Qardaşı həbs edildikdə isə Pəri Həsənova ADSİ tərəfindən evlərində keçirilmiş axtarışın canlı şahidi olmuşdur.

Eləcə də Pəri Həsənova xatirələrində qardaşının maarifçilik fəaliyyətindən də bəhs etmişdir. Onun dediklərinə görə, D. Həsənov evində kəndlərdən gəlmiş gəncləri yığaraq, onlara vətənpərvərlik ruhunda mühazirələr oxumuşdur. Bir dəfə Pəri xanım ona savadsız və nadan adamların nə üçün evlərinə gətirdiyindən narazılıq edərkən cavabında Dadaş bəy acıqlanaraq ona "biz hamımız millətimizin səviyyəsinin qaldırılması üçün iş görməli, onlar haqqında aşağılayıcı sözlər deməməliyik!" söyləmişdir.

Bacısının xatirələrinə görə, Dadaş bəy hansısa Sovet hökumətinə məxsus obyektlərin birinin ya da bir neçəsinin partladılmasında da iştirak etmişdir. Bunu da təsdiq edən başqa mənbələrə rast gəlmək olmur. Bu hadisələr olsaydı, çox güman ki, 1922-ci ilə qədər baş verməli idi, çünki o zaman Azərbaycanın SSRİ tərkibinə girməsinə etiraz olaraq ölkədə üsyanlar başlamışdır, xüsusən də Bakıda çoxlu strateji obyektlər, sıradan çıxarılmışdır.

Yuxarıda deyildiyi kimi İ. Saryal yazmışdır ki, dindirilmələrin birində D. Həsənov bir müstəntiqin üzünə mürəkkəbqabı ilə zərbə endirərək onun gözünü çıxartmışdır. Həmin olayı Pəri xanım da söyləyərək o müstəntiqin kim olmasına da aydınlıq gətirmiş, onun istintaq sənədlərində adı keçən Jukov olduğunu iddia etmişdir. Onun sözlərinə görə, Dadaş bəyin anası Güllü xanım onunla həbsxanaya görüşə gələndə bir zabitin gözünün sarğılı olduğuna diqqət etmişdir. Bu barədə İ. Saryal da yazmışdır.

Daha sonra Pəri xanımın xatirələrinə görə, M. C. Bağırovu yaxşı tanıyan bir qohumu Dadaş bəyin cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına getmişdir. Bir müddət sonra, M. C. Bağırov onu yanına çağırıb tapançasını qabağına qoyaraq demişdir ki, onu vurub öldürə bilər, ancaq bir daha D. Həsənovun cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına gəlməsin. Bağırovun sözlərinə görə, o Dadaş bəylə söhbət edib, ona əksinqilabi fəaliyyətə son qoymaq şərti ilə tibb müəssisələrinin birində müdir vəzifəsini və hər cür imtiyazları təklif etmişdir. Ancaq cavabında Dadaş bəy onun təklifini rədd edərək, Sovet hökumətini tanımadığını və bu dövlətlə heç bir sövdələşməyə getməyəcəyini söyləmişdir.

Pəri Həsənova qardaşı ilə həbsxanaya görüşə gedəndə onun məhbus şəkillərini uzun saçları arasında gizlədərək oradan çıxarda bilmişdir. Təhlükələrə baxmayaraq, qardaşının bütün fotoşəkillərini və sənədlərini repressiyaların ən şiddətli illərində belə qoruyub saxlaya bilmişdir.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Saryal "Bakı Rüzgarı" romanında (Bakı: Hədəf Nəşrləri MMC, 2017) Dadaş Həsənovun xatirəsini yad etmiş, onun həyat yolunu və mübarizəsini qələmə almışdır.
  • 19 dekabr 2017-ci ildə "Müsavat" partiyası Dadaş Həsənovun anadan olmasının 120 illiyi münasibətilə böyük tədbir keçirmişdir. Bu barədə mətbuatda xəbərlər verilmiş Arxivləşdirilib 2018-05-28 at the Wayback Machine, tədbirdən videoçəkiliş yayımlanmışdır.

Fotolar və sənədlər[redaktə | mənbəni redaktə et]

  • Dadaş Həsənovun bəzi sənəd və fotolarını şiddətli repressiyalara məruz qalmasına baxmayaraq bacısı Pəri Əliyeva qoruyub saxlaya bilmişdir. Onun məhbus şəkillərini onunla həbsxanada görüşəndə saçlarının arasında oradan gizli olaraq çıxartmışdır.
  • İstintaq işinə aid olan sənədlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində skan edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Əlizadə A. A. Dadaş Həsənovun Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Azərbaycan xalq cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının materialları. 21–23 may 2018, Bakı. s. 554–560.
  2. 1 2 Рустамова-Тогиди С. А. Март 1918 г. Азербайджанские погромы в документах. Баку: Научно-исследовательский центр Министерства Национальной Безопасности Азербайджана, 2009, c. 451.
  3. 1 2 3 4 5 6 7 Əlizadə A. A. Gizli "Müsavat" Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920–1926) Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Strateji təhlil 1–2 (23–24), Bakı, 2018, s. 379–398.
  4. 1 2 3 4 5 6 Saryal İ. Bakı rüzgarı. Bakı: Hədəf Nəşrləri MMC, 2017, s. 185; 199; 231–232; 239; 288.
  5. 1 2 Yurtsever E.V. Gizli "Müsavat" teşkilatının harakteristik vazıfaları // "Azərbaycan" jurnalı № 2-3 (27-28). İstanbul, 1954. Sitat səhvi: Xətalı <ref> etiketi; "Yurtsever E.V 1954" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  6. Мамулиа Г. К вопросу антибольшевистского восстания в Грузии 1924 г. и его последствий для грузинского вопроса в Европе Arxivləşdirilib 2013-09-22 at the Wayback Machine // Журнал "Прометей".
  7. Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, s. 159.
  8. "Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. İstanbul, 1975. Sitat bu məqalədə gətirilir". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  9. 1 2 Заключительное постановление по делу уполномоченных ЦК, БК, Военного центра и военной организации "Мусават", c. 70 / Дело Дадаша Гасанова и других. Архивный номер 500518, т. 7, машинопись, оригинал, 1926–1927 // Архив Службы Государственной Безопасности Азербайджанской республики.
  10. Зейналов Э. Мечты, мечты – где ваша сладость?.. Arxivləşdirilib 2018-06-25 at the Wayback Machine
  11. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012, s. 136.
  12. Quliyev V. ‘Mənim babam kim olub?’ Bakı, Şuşa nəşriyyatı, 2001? s. 150.
  13. 1 2 Rəsulzadə M.Ə. Azərbaycan davası / "Azərbaycan" aylıq kültür dərgisi Sayı 2–3 (26–27), 1954 // Əsərləri, c. 4. Bakı: Qanun, 2013, s. 21–22.
  14. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi Arxivləşdirilib 2021-07-19 at the Wayback Machine.