Dadaş Rzayev — Vikipediya

Dadaş Rzayev
23 fevral 1993 – 17 iyun 1993
ƏvvəlkiRəhim Qazıyev
SonrakıSəfər Əbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1935(1935-12-22) (88 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hərbi qulluqçu
Rütbəsi
General-mayor

Təltifləri "Şöhrət" ordeni — 2015

Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur. Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D. Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb.[mənbə göstərin] Azərbaycan hökumətinin çağırışı ilə D. Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olur. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunur. Birinci ordu korpusunun komandiri olan Rzayevin Başkəndi ermənilərdən almaq qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq belə istəyirdilər. Avqustun 8-də ermənilərin əsas mövqelərini vurub hücuma keçirlər. Qısa müddət ərzində həyata keçirilən döyüş əməliyyatları nəticəsində Başkənd ermənilərdən alınır. Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, müdafiə naziri təyin edilir. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilmişdir.

Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib.

21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "D.Q.Rzayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2021.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]