Gültəkin Əsgərova — Vikipediya

Gültəkin Əsgərova
Gültəkin Məlik qızı Əsgərova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Aranzəmin yüksəkliyi, Ağdam rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı azərbaycanlı
Uşağı Əminə Axundova
Atası Məlik Əsgərov
Anası Rəfiqə Əsgərova[1]
Təhsili
Fəaliyyəti Həkim
Mükafatları "Qızıl Ulduz" medalı

Gültəkin Əsgərova (tam adı: Gültəkin Məlik qızı Əsgərova; 20 noyabr 1960, Bakı20 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub.[2][3] O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.[3] Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.[3] Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi.[3]

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.[3][4] O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.[4]

Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub.[2] Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.[2]

1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur.[2] Anasına göndərdiyi məktubda yazılmışdı:

" Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…[4]

"

Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.[3]

Ölümü[redaktə | mənbəni redaktə et]

O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı.[2] O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı.[2] Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır.[2] Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır.[2] Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin.[2] Lakin atəş səslərinin gücləndiyini eşidir.[2] Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır.[2] Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.[2][3]

Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər.[2] Onun tabutunun üstündə də xarıbülbül var idi.[2] 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.[2]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.[2]

İrsi[redaktə | mənbəni redaktə et]

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur.[3] Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.[3] Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.[3] Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.[3] Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.[3]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur[5].

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı – FOTO". 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
  2. 2,00 2,01 2,02 2,03 2,04 2,05 2,06 2,07 2,08 2,09 2,10 2,11 2,12 2,13 2,14 2,15 "Döyüş yolu 20 yanvar faciəsindən başlayan qəhrəman". anl.az. anl.az. 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2016.
  3. 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 3,10 3,11 3,12 3,13 "Milli Qəhrəman Gültəkin Əsgərovanın bu gün doğum günüdür". azadqadin.az. azadqadin.az. 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2016.
  4. 4,0 4,1 4,2 ""Vətən elə igid qızlarımızdan, qəhrəman oğullarımızdan başlayır"". anl.az. anl.az. 28 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2016.
  5. Ləman Mustafaqızı. ""Gültəkin" filminin təqdimatı oldu". LENT.AZ (az.). news.lent.az. 20.06.2014 / 17:03. 2014-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-08.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]