Het dövləti — Vikipediya

Şahlıq
Het dövləti
Het
Het dövlətinin xəritəsi
Het dövlətinin xəritəsi

Paytaxt Xattusa
Dilləri Luvi dili, Xet dili
Rəsmi dilləri
Dövlət dini politeizm
İdarəetmə forması monarxiya
Sülalə hetlər

Het dövləti[a]Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları SarqonNaram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular.

Tarixi[redaktə | mənbəni redaktə et]

Assurlular buraya mixi yazıakkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu. Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun şərq hissəsində artıq e.ə. II minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi. Bunlar şəhər-dövləti şəklində mövcud olmuşlar. Burusxan, Nesa (Kaniş), Kussar və Xattusa şəhər-dövlətləri Assur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər.

Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının üzərinə düşürdü. Onlar əmək mükəlləfiyyəti daşımalı idilər. Het cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi cəmiyyətin aşağı ictimai təbəqəsinə mənsub idilər. Belə adamların tərkibi qullardan, təsərrüfatdan asılı təhkimçilərdən, muzdlu işçilərdən ibarət olmuşdu.

Het qanunları[redaktə | mənbəni redaktə et]

Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında öz əksini tapmışdı. Het qanunları sinfi xüsusiyyət daşıyırdı. Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan azad adamın hüququnu daha da möhkəmləndirirdi. Het qanunlarında qullara müxtəlif cəza tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir maddəsində deyilir: "Əgər qul evdə oğurluq edərsə, o, oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq etdiyi üçün o, 6 şekel gümüş verməlidir. Qulun burnu və qulağı kəsilməlidir, özü isə sahibinə qaytarılmalıdır…". Əgər sahibi desə "mən onun əvəzini ödəyərəm", onda o, ödəməni verməlidir. Əgər o imtina etsə, onda quldan məhrum olur".

Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş quldan o məhrum olmurdu, oğurluq malın əvəzini ödəyib yenə də öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir cəza ilə nəticələnmirdi. Maddələrin birində deyilir: "Əgər kimsə qulu, yaxud kənizi vurarsa, o da ölərsə və bunu həmin kəs qəsdən etməmişsə, onda o, qulun əvəzinə bir adam verməlidir. Təminat üçün əmlak da verməlidir" Köləliyin əsas mənbəyi müharibələr olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər het mətnlərində arnuvala, yəni "Əsir aparılmış adam" adlanırdı. Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə cəlb edirdilər.

Het qanunlarında ailə məsələlərinə müəyyən yer verilmişdir. Ata ailədə qeyri-məhdud hakimiyyətə malik idi. Qadının hüquqi vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın və kişi münasibətlərinə həsr edilmiş bir sıra maddələr vardı. Məsələn: "Əgər kişi qadını atırsa, onda onu sata bilər. Qadını alan adam 12 şekel gümüş verməlidir". Başqa maddədə qadının kişiyə eyni münasibəti əks olunmuşdur: "Əgər qadın kişini qovursa, uşaqları ona verməlidir. Kişi övladlarını özü ilə götürməlidir".

Ailədə nəinki övlad, eləcə də əmlak müəyyən hüquqi qaydalara əsasən ərə, yaxud arvada çatırdı. Buna görə qanunun bəzi maddələri arvadın ata evindən gətirdiyi cehiz barədə də hüquq normaları müəyyən etmişdi. Maddələrin birində deyilir: "Əgər kimsə evlənir və arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə də sahib olur. Əgər qadın vəfat edərsə, onun əmlakı kişinin (ərin) olmalı və cehizi həmçinin kişiyə çatmalıdır. Əgər qadın atası evində vəfat edərsə və uşaqları qalarsa, onda kişi (əri) cehizi almamalıdır".

Qanunlar ərin vəfatından sonra dul arvadın qaynı ilə (ərin qardaşı ilə) kəbin kəsdirməyə və ona ərə getməyə icazə verirdi. Əgər mərhumun qardaşları yox idisə, onda dul arvad qayınatasına ərə gedə bilərdi. Bunlar göstərir ki, qız ər evinə həmişəlik köçürülürdü, əri vəfat etsə belə həmin evi tərk etməməli idi. Məsələ ailə daxilində həll olunurdu. Het ailəsində patriarxal qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə vərəsəlik Elam və Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı. Bunu ibtidai icma quruluşu nikah formalarının qalığı kimi qəbul etmək olar.

Qədim Het heykəlləri (Türkiyə)

Het cəmiyyətində sənətkarlıq inkişaf tapmışdı. Qanunlarda müxtəlif peşələrin (metalişləmə, dülgərlik, gönçülük və s.) adı çəkilmişdir. Alət, silah və başqa əşyalar hazırlamaq üçün mis və tuncdan istifadə edirdilər. Anadoluda dəmirdən hələ e.ə. III–II minilliklərdə istifadə olunurdu. Bu dövrün arxeoloji təbəqələrindən dəmir heykəlciklər, ibadət xüsusiyyətli yazılı lövhələr aşkar edilmişdir. Hetlər dəmirdən müxtəlif əşyalar, o cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın, heyvan, quş heykəlləri (fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər, qılınc, bıçaq, toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, çəkic, mismar) və s. düzəldirdilər. E.ə. XIV–XIII əsrlərdə dəmirdən hazırlanmış əşyalar het hökmdarlarının varidatı içərisində böyük sərvət hesab olunurdu.

Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə baha idi. Het qaynaqlarında müxtəlif çəkili (45 kq qədər) dəmir külçələri yad edilirdi.

Het məhkəməsi şifahi və yazılı ənənəyə əsaslanırdı. Het qanunlarında yazılı məhkəmə qaydaları, cəza normaları əks olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar şurasında baxılırdı. Məhkəmə işlərində dövlət nümayəndəsi iştirak edirdi. Nümayəndəyə xüsusi təlimat verilirdi. Bir təlimatda ona tapşırılmışdı: "Haqq işi nahaq eyləmə, nahaq işi haqq eyləmə. Ədalətli ol". Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli idarə nümayəndələri də iştirak edirdilər. Mürəkkəb məhkəmə işləri hökmdarın səlahiyyətinə verilirdi.

Het mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Qazıntılar zamanı aşkar edilmiş müxtəlif incəsənət abidələri, silah və əmək alətləri, Boğazgöydə (Xattusa) tapılmış het hökmdarlarının yazılı sənədlər arxivi het mədəniyyəti barədə müəyyən təsəvvür yaratmağa imkan vermişdir. Het mədəniyyətinin təşəkkülünə bir sıra etnosların təsiri olmuşdur. Het mədəniyyətində hat ənənələri üstünlük təşkil edirdi.

Het mədəniyyətinə hurri etnosları, hind-Avropa tayfalarından luvi və palaylar müəyyən təsir göstərmişdilər. Şumer-Akkad mədəniyyətinin bir çox cəhətləri het mədəniyyətində öz əksini tapmışdı. Vaxtilə het aləmində prototürk etnik ünsürlərinin iştirakı barədə də fikir söylənilmişdi. Lakin het etnik və dil aləmi bu səpkidə dərin və ciddi tədqiqat obyektinə çevrilməmişdi. Hind-Avropa tayfalarının ən qədim türk etnik qrupları ilə ünsiyyətini göstərən bir sıra leksik dəlillər müəyyən edilmişdir. Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind. Qızıl İrmoq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq "Het oğulları", "Hetlər" kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər. XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və 115 IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir. Kiçik Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q. Vinklerin 1906–1912-ci illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı lövhəciklər tapmışlar. Bu qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan Boğazgey (Ankaranın 50 km şərqinə doğru) hissəsində tapılmışdır. Hetlərin Anadoluda mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir. Anadolunun zəngin təbii ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca səbəbi oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə hərbi yürüşlər təşkil etmişlər. Bu ərazidə məskən salmış akkad tacirləri metal ticarətinin əsasını qoymuşlar. Kaneş şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi. Anadolunun şərq hissəsində e.ə. III minillikdə bir sıra siyasi birliklər meydana gəlmişdi. Bunlar şəhər dövləti şəklində mövcud idi. Anadolunun Burusxanda, Nesa (Kaniş), Kussar və Xattusa şəhər-dövlətləri Aşşur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər. E.ə. XVIII əsrin I yarısında şəhər dövlətlər arasında siyasi hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizədə Kussara şəhər-dövləti üstünlüyü öz əlində saxladı. Bu dövlətin hökmdarı Pitxana Nesa şəhərini tutdu. Bu işğalçılıq müharibələri onun oğlu Anitta tərəfindən davam etdirildi. O, atasının zəbt etdiyi Nesa şəhərini dövlətin paytaxtına çevirdi, Het dövlətinin gələcək paytaxtı Xattusa şəhərini tutdu. Kussara padşahlığı Anadolunun mərkəzində ən güclü dövlət oldu. Formalaşmağa başladığı dövrlərdən Het dövləti mədəniyyətin və incəsənətin inkişafına xüsusi qayğıkeşliklə yanaşırdı. Het mədəniyyətinin formalaşmasına hurri və luvi mədəni elementləri güclü təsir göstərmişdi. Şimali Suriya və şumer-akkad mədəni amillərini də inkar etmək olmaz. Boğazgey arxivi rəsmi səciyyə daşıyaraq, həmçinin mif, əfsanələr və mətnləri özündə cəmləşdirmişdi. Bu arxivdə tapılan "III Hattusulinin tərcümeyi-halı" əsəri dünya ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Yaxın Şərq xalq və bir çox ədəbi nümunələri ("Gilqameş haqqında əfsanə") het dilinə tərcümə olunmuşdur. Kumarbi tanrısı haqqındakı epik poema "Ullikummi haqqında mahnı" adlandırılır. Het mənşəli zəngin mifoloji ədəbiyyat mövcuddur. "İlluyanka haqqında mif" əsəri belələrindəndir. Burada ilahi qəhrəmanlarla onun düşməni olan əjdaha İlluyanka arasındakı mübarizə şərh olunur. Het incəsənət abidələrində rəngarənglik və orijinallıq üstünlük təşkil edir. Gümüş və bürüncdən olan heyvan fiqurları, maral təsvirləri, fincanlar, dolçalar, qızıl ornamentli əşyalar unikal təsir bağışlayır. Mərkəzi Kiçik Asiyada Yeni het şahlığı dövründə incəsənətin bir çox sahələrində (daş üzərində relyeflər, canlıların təsviri – sfinks, şirlər), o cümlədən memarlıqda monumental üslub təzahür olunmağa başlayır. Hattidə daş üzərində işləmə yüksək səviyyəyə çatır. Bunun ən gözəl nümunəsi Yazılı qayadakı qalereyada qaya yonulması hesab olunur. Het dini təsəvvürləri cəmiyyətin ideoloji və təsərrüfat həyatında güclü təsirə malik idi. Özlərinin qeyd etdikləri kimi "Hattininin min tanrısı" mövcud idi. Bunlar het, hindavropa (nesit, luvi, palay), hurri, assur-babil, ari və digər mənşəli tanrılar idi. Baş tanrı fırtına tanrısı olub "səmanın şahı, Hattinin hakimi" hesab edilirdi. Bu tanrının arvadı Arinna şəhərindən olan Günəş tanrısı sayılırdı. Het mifləri (əsatir) ilə bağlı digər folklor nümunəsi "ölən və dirilən tanrı" Telepinin adı ilə bağlıdır. Bu ədəbi abidədə həyat, təbiət, insan amilləri böyük məntiq və hikmətlə izah edilir, bədii obrazlarla ifadə olunur. Əldə olunan məlumatlara görə həmin əfsanə qış və yaz mövsümlərinin dəyişilməsi ilə əlaqələndirilirdi. Bu əfsanə bahar şənlikləri zamanı söylənilirdi. Het padşahlığının süqutundan sonra bu mədəniyyətin ənənələri ölüb getmədi. Bunların bir çoxu Şimali Suriya və Anadolunun şərq əyalətində davam etməkdə idi. Hetlərin bu mədəniyyəti, xüsusilə bənzəri olamyan incəsənəti Assur və Urartu incəsənətinə də güclü təsir göstərmişdir.

Het ədəbiyyatı[redaktə | mənbəni redaktə et]

Məlum olduğu kimi, Sarqon (e.ə. 2316–2261-ci illər) və Naram-Suen (e.ə. 2236–2200-cü illər) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar. Onların adı ilə bağlı rəvayətlərə het ədəbiyyatında rast gəlinir.

Het ədəbiyyatında Şumer-Akkad təsiri başqa sahələrdə də özünü göstərmişdi. Hetlər mixi yazı sistemini İkiçayarasından mənimsəmişdilər. "Gilqameş haqqında dastan" het dilinə tərcümə edilmişdi. Şumer-Akkad mətnlərindən istifadə etmək və dili başa düşmək üçün üçdilli lüğətlər tərtib olunurdu. Bunlardan biri şumer-akkad-het lüğəti idi. Hurri əfsanələri (Kumarva əsatiri) het dilinə tərcümə olunmuşdu.

Hurri təsiri onomastika və dini təsəvvürlərdə özünü təzahür edirdi. Dərs vəsaitləri tərtib olunurdu. Mitanni mənşəli Kikküli atçılığa həsr olunmuş vəsait yazmışdı.

Hetlər rəsmi ədəbiyyat nümunələri yaratmışdılar. III Hattuşilin "Tərcümeyi-hal" xüsusiyyəti daşıyan yazısı erkən ədəbiyyat nümunələrindən biri hesab edilə bilər. Hadisələr birinci şəxsin adından nəql edilir.

"Tərcümeyi-hal" göstərir ki, III Hattuşili mübahisəli məsələləri ancaq müharibə yolu ilə həll etməyi üstün tuturdu. Eyni zamanda o, həqiqət və ədalətin son məqamda qələbə çalacağı inamına biganə yanaşmırdı. Lakin mətndən göründüyü kimi, III Hattuşili, bəlkə də mövcud olan vərəsəlik qaydalarını pozaraq, hakimiyyətə zorla sahib olmuşdu. Mətn III Hattuşilinin müraciəti ilə sona yetir: "Gələcəkdə kim olursa olsun — Hattuşilin oğlumu, nəvəsimi, yaxud nəticəsimi-hakimiyyətə irsən yiyələnərsə, qoy tanrılar içərisində Samuxi şəhərinin ilahəsi İştara ehtiram göstərsin". Hetlərin dini dünyagörüşündə akkadların İştar ilahəsinə sitayişi geniş təmsil olunmuşdu. Ümumiyyətlə, İştar ilahəsinə sitayiş nəinki het hakim dairələri arasında, eləcə də İkiçayarasına söykənən başqa ölkələrdə də, məsələn Cənubi Azərbaycanın kuti və lullubi hökmdarları arasında da geniş yayılmışdı.

Het ədəbiyyatı nümunələri cərgəsinə I Hattuşilinin siyasi vəsiyyətini də daxil etmək olar. Burada I Murşilin hakimiyyətə varis təyin edilməsindən bəhs edilir, üsyan qaldırmış digər övladlar hakimiyyətdən uzaqlaşdırılır. I Hattuşili əyanlara müraciət edir: "Baxın, indi Murşili mənim oğlumdur… Nə zaman ki, silah götürməyə çağırış olsa, onda siz, mənim bəndələrim və əsilzadə vətəndaşların (mənim oğluma yardım göstərmək üçün əlçatanda) hazır olmalısınız. Üç il keçəndən sonra o, yürüşə getməlidir… Siz onu yürüşə aparsanız (nə qədər ki, o uşaqdır), onun sağ-salamat geriyə qayıtması qayğısına qalın". Het hökmdarlarının kitabələri və salnamələri ədəbiyyat nümunələri kimi də əhəmiyyətə malikdir. Bunlar "Anittanın kitabəsi", I Hattuşilin, I Suppiluliumun "salnamələri" və s. ibarət olmuşdur.

Din və əfsanələr[redaktə | mənbəni redaktə et]

Hetlərin, eləcə də başqa qədim xalqların ictimai həyatından olduğu kimi, təsərrüfat və ideoloji həyatında da din və dini təsəvvürlər böyük əhəmiyyətə malik idi. Het cəmiyyətində çoxtanrıçılıq mövcud idi. Het panteonunda bir çox qədim etnos və xalqların sitayiş etdiyi tanrılar cəmləşmişdi. Burada het və hat, hurri, akkad, hind-Avropa (luvi, nesi, pala, Hind-İran), prototürk və hələlik mənşəyi naməlum qalan etnos və xalqların dini ideologiyası əks olunmuşdu. Təsadüfi deyil ki, Het mənbələri "Hatti ölkəsinin min tanrısı" ifadəsini işlədirdi.

Het ölkəsinin hər bir vilayəti və icmasında yerli ibadətlər mövcud idi. Tanrı və ilahələrə (tanrıçalara) xüsusi ibadətgahlarda sitayiş edirdilər. Het hökmdarı və onun arvadı ildə iki dəfə keçirilən yaz və payız bayramları zamanı ölkəyə səfərə çıxır, dini ziyarət məqsədilə şəhərləri gəzir, və hər yerdə tanrılara qurban kəsirdilər.

Ehtimal ki, ölkəni gəzib dolanmaq adəti hatlardan miras qalıbmış. Yerli dinlərin müəyyən hissəsi dövlət dini cərgəsinə daxil edilirdi. Hetlərin ən nüfuzlu tanrılarının şərəfinə məbədlər tikilirdi. Belə dini ibadətgahlardan biri Boğazgöyün yaxınlığında Yazılıqayada aşkar edilmişdir. İbadətgah qaya oyuğunda yerləşirdi. Onun divarlarında het tanrı və ilahələri təsvir olunmuş, biri-birinə doğru irəliləyən dini mərasim yerişi qabarıq şəkildə divara həkk edilmişdi. Yazılıqayada tanrılar cəmini hurrilərə mənsub edirlər. Tanrılara ibadət hökmdar hakimiyyətinin ideoloji əsasını təşkil edirdi.

Het panteonu tanrılarının əksəriyyəti hat mənşəli olmuşdur. Səma tufan tanrısı və onun arvadı, Arina şəhərinin Günəş ilahəsi Vurusem panteonun baş tanrıları hesab edilirdilər. Ehtimala görə, tufan tanrısı Taru adlanırdı. Hurri panteonunda onun və Vurusemin bənzəri Teşub və arvadı Hepat idi. Taru müqəddəs öküz üzərində, Henat isə şir üzərində təsvir olunurdular. Nerin şəhərinin tufan tanrısı da Taru adlanırdı. Bəzən tufan tanrısı öküz, yaxud dağ sifətində təsvir olunurdu.

Het ölkəsində geniş hurri ilahəsi Sauşka böyük nüfuza malik idi, akkad məhsuldarlıq ilahəsi İştar isə onun müqabili hesab edilirdi. Hetlər İkiçayarası panteonundan Antu, Anu, Enlil, Eya, Ninlil və s. tanrılara ibadəti mənimsəmişdilər. İştar şir üzərində qanadlı təsvir olunurdu. Telepin hetlərin əkinçi tanrısı idi. O, hat dini təsəvvürlərinin qalığı kimi qəbul edilir. Telepin "ölən və dirilən" tanrısı təmsil edirdi. Təbiətdə mövsümün (qış və bahar) dəyişilməsi onun adı ilə də bağlanılırdı.

Dini təsəvvürlər kimi, ovsun (magiya) da hələ ibtidai insan cəmiyyətində mövcud olmuşdur. Ovsun həmişəlik insan həyatına daxil olmuş ən qədim təfəkkür formasını özündə saxlamışdı. Hetlərin ictimai və iqtisadi həyatında ovsunlamaq adəti dərin kök salmışdı. Het ədəbiyyatında ovsunlama qaydaları öz əksini tapmışdı. Xəstəlikləri ovsunla müalicə etmək cəhdləri göstərilirdi. Ovsun həyatın müxtəlif sahələrində tətbiq olunurdu.

Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat ənənəsi ilə bağlıdır. "İlluyank haqqında əfsanə" hat mənşəli hesab edilir. Əfsanədə tufan tanrısının əjdaha, yaxud ilan əndamlı əjdaha İlluyank ilə mübarizəsi əks olunmuşdur. Adətən bu hekayət Yeni il (yaz) bayramında söylənilirdi.

İncəsənət[redaktə | mənbəni redaktə et]

Hetlərə qədərki mədəniyyət saxsı-gil qablar, əşyalar istehsalı ilə fərqlənirdi. Qablar təsvirli və təsvirsiz hazırlanırdı. İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı (fiquru), uzunboğaz çəkmə şəklində düzəldilirdi. Tunc və qurğuşundan insan əndamı tökürdülər. Yeni Het padşahlığı dövründə artıq əzəmətli daş heykəllər yaradırdılar. Təsvirlər qabarıq şəkildə yonulurdu. Belə abidələr het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda yonulub düzəldilirdi. Daş heykəllərin əksəriyyəti het hökmdarlarını təsvir edirdi. Əzəmətli Yazılıqaya dəsti (kompleksi) dini mərasimi əks etdirirdi. Yazılıqayada "ilahi-qılınc" heykəli yonulmuşdu. Onun tutacaq hissəsi dörd şir şəklini təsvir edir, yuxarısında insan başı yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı tanrısını təmsil edirdi. Alaca-Hüyük sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu. Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli görkəmi ilə fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala ilə əhatə olunurdu. Onun daxilində saray və baş məbədlər yerləşirdi. Hetlər möhür düzəltmə işində mahir idilər. Bu möhürlər İkiçayarası möhürlərindən həm formaca, həm də təsvirlərin məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə hazırlanırdı. Möhür üzərində hökmdar təsvir olunurdu. Belə möhürlərin qırağına heroqlif işarələri yazırdılar. Hetlərin özünəməxsus və bənzəri olmayan mədəniyyəti Assur və Urartu mədəniyyətlərinə müəyyən təsir göstərmişdi.

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Hetlərin adı Azərbaycandilli mənbələrdə həmçinin "Hett",[1] "Xet"[2] və ya "Xett"[3] olaraq da çəkilir. Bu dövlət Azərbaycandilli mənbələrdə çarlıq,[4] şahlıq[2] və ya padşahlıq[5] da adlanır.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Akkad dili mətnlərindəki türkcə kəlmələrin bəziləri bu gün ancaq Azərbaycan türkcəsində işlənir"". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. 2,0 2,1 "Qədim İkiçayarasında dövlətlərarası münasibətlər (e.ə. III - I minilliyin I yarısı)". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. Хетт дөвләти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 67.
  4. "BMT 1 050" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-10.
  5. "QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ" (PDF). 2022-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-10.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]