Lənkəranın işğalı (1813) — Vikipediya

Lənkəranın alınması
Rusiya-İran müharibəsi (1804–1813)
Rus qoşunları Lənkəran qalasına hücum edərkən, 13 yanvar 1813-cü il
Rus qoşunları Lənkəran qalasına hücum edərkən, 13 yanvar 1813-cü il
Tarix 1 (13) yanvar 1813
Yeri Talış xanlığı, Qacarlar (Cənubi Qafqaz)
Nəticəsi Rusiya İmperiyasının qələbəsi ilə nəticələnmişdir
Münaqişə tərəfləri

Rusiya Rusiya İmperiyası

Qacarlar

Komandan(lar)

Rusiya Pyotr Kotlyarevski

Sadiq Xan

Tərəflərin qüvvəsi
  • 1761
  • onlardan:
    * 6 heyət rəhbəri
    * 57 baş zabit
    * 131 zabit
    * 37 musiqiçi
    * 1530 əsgər
  • 4000
İtkilər
  • 341 ölü,
    * 609 yaralı

3737 ölü

Lənkəranın işğalı (rus. Штурм Ленкорани, translit. Ştrum Lenkorani) və ya Lənkəran yürüşü (fars. یورش به لنکران‎, translit. Yureş be Lankaran) — 1 yanvar 1813-cü ildə Rusiya imperiyası əsgərlərinin Talış xanlığının paytaxtı Lənkəran şəhərini ələ keçirməsi. Bu hərbi münaqişə qəddarlığına və amansızlığına görə fərqlənir.

Ərazinin top atəşənə tutulduğu beş günlük mühasirədən sonra ruslar Qacar qoşunlarının üstünlüyünə baxmayaraq qalaya hücum etdilər. Sərkərdələrin və əsgərlərin əksəriyyətinin öldürüldüyü mühasirədə ağır itkilərə məruz qalsalar da, ruslar qalanı alaraq Lənkəranı işğal etdilər.

Qala ələ keçirildikdən sonra Qacar ordusunun bütün əsgərləri rus ordusu tərəfindən qətlə yetirildi və ruslar heç kimi əsir götürmədilər. General Kotlyarevski özü mühasirə zamanı ağır yaralandı və bundan sonra döyüşlərdə iştirak edə bilmədi, Qacar canişini Sadiq Xan qalaya hücum zamanı öldürüldü. Mühasirə zamanı Rusiyanın 296 nəfərdən təşkil olunan 17-ci yeger alayından cəmi 74 nəfər sağ qalmışdı.[1]

Lənkəran qalası[redaktə | mənbəni redaktə et]

1804-cü ildə başlayan Rusiya-İran müharibəsi zamanı ingilislər Lənkəranda güclü bir qala tikdilər.

Qalanın inşasını gözü ilə görən şəxslərin sözlərinə görə "qala yüksək daş divarları və iti müdafiə nöqtələri ilə güclü təəssürat yaradırdı". Bundan əlavə, qala dərin xəndəklər ilə əhatə olunmuşdu. Lənkəran qalası Xəzər dənizindən bir o qədər də uzaqda yerləşməyən Lənkəran çayının sol sahilində yaxınlığındakı bataqlıqlarda qabarıq dördbucaqlı formasında inşa edilmişdir. Cənub-şərq hissəsinin uzunluğu təxminən 130 metr idi. Şimal-şərq tərəfinin uzunluğu 80 metrədək uzanan çoxbucaqlı şəklində tikilmişdir. Cənub-şərq (çay boyunca və Xəzər dənizinə doğru) və şimal-qərb tərəfi hər biri 100 metr uzunluğundaydı. Bundan başqa, hər bir küncdə bürclər yerləşdirilmişdir. Ən çox qala bürcləri şimal-şərq tərəfdə yerləşirdi. Qalanın qarşısındakı xəndəyin dərinliyi 4 metr, eni isə 10 metr idi.[1]

Arxa plan[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqazın müxtəlif bölgələrində münaqişə tərəflərinin mühüm strateji əraziyə sahib ola bilmədiyi bir neçə il boyu davam edən döyüşlərdən sonra ruslar üstünlük qazanmış və İranın önəmli bölgələrinə yaxın ərazilərə çatmışdı. 1812-ci ilin 18 dekabrında hərbi dəstənin generalı Kotlyarevski Araz çayını aşdı və duz yataqları və bataqlıqlar vasitəsilə Muğan düzənliyini 80 mil keçdi.[2] Bataqlıqları keçdikdən sonra qoşun dəhşətli qar və çovğunla üz-üzə qaldı. O zaman ordu ərzaq və içməli qıtlığından əziyyət çəkirdi.[3]

Lənkəranın planı və qalasının mühasirəsi

Dekabrın 20-də rus qoşunları tez-tez yer dəyişməyə məcbur olan və bəzi nümayəndələri əsir götürülmüş şahsevənlərlə qarşılaşdılar. Ruslar onların mallarını müsadirə etdilər.[2]

Dekabrın 21-də Kotlyarevskinin dəstəsi Talış xanlığına çatdı. Burada Abusalemanın rəhbərlik etdiyi 500 nəfərlik Qacar süvari qoşunu ilə qarşılaşdılar. Atlılar və Abusalema döyüşdən qaçdı və Ərkivana doğru geri çəkildilər.[1] Sonda Rusiya ordusu süvari qoşununun sərkərdəsi Pirqulu xan və 1000 nəfərdən ibarət olan Qacar süvari alayı ilə qarşılaşdı. Qısa müddətlik atışmadan sonra geri çəkilən Qacarlar kazaklar tərəfindən təqib edildi.[2]

Dekabrın 22-də Kotlyarevski Qarayazıdakı arxa cəbhəyə mayor Dyaçkovanın komandanlığı altında 200 atıcı, 170 kazak, Qarabağdan bir neçə at və silah-sursat qoyaraq oranı tərk edərək Ərkivana doğru irəlilədi. Arxa cəbhədə azad edilmiş Qarabağ ailələri və bir neçə gün öncə əsir götürülən Şahsevən məhbusları da qalmışdı.[2]

Bala xan və Əsgər xanın komandanlığı altında olan Ərkivan qarnizonu (1500 Qacar əsgəri və Qacar ordusuna qoşulan rus ordusunun 400 fərari əsgəri) bütün artilleriya ehtiyat hissələrini və ərzağı qoyaraq qalanı tərk etdi. Kotlyarevski polkovnik-leytenant Uşakovun komandanlığı altında 400 yeger alayı və 300 kazak əsgərindən təşkil olunmuş ordunu Qacar ordusunun arxasınca göndərdi.

Təqib zamanı rusların 400 nəfərdən ibarət olan fərari dəstəsindən 50-si təslim oldu və 300-ə yaxın Qacar əsgəri öldürüldü. Ruslar sonradan 600-dən çox atı və bir ədəd ehtiyat yükünü ələ keçirdilər.[2] Təqib edən tərəfdən 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdı. Ərkivanı qorumaq üçün 100 yeger ərazidə qaldı.[4]

Mir Mustafa xan Aslandüz döyüşündə Qacar ordusunun məğlubiyyətindən sonra rus qoşunlarının hərəkət istiqaməti haqqında məlumat əldə edərək tez bir zamanda əvvəlcədən atları və mal-qaraları saxlamaq üçün pəyə və anbar tiktirdiyi və bütün lazımi təchizat hissələrini doldurduğu Qamuşevana getdi.

Talış xanlığının xanı tərəfindən idarə olunan əraziyə girərək Kotlyarevski sakinlərə bildirdi:

" Lənkəran əhalisi. Böyük və qüdrətli qoşunlar – Rusiya İmperiyasının qoşunları sizi Qacarların – sizi məhv edənlərin əlindən azad etmək üçün buraya gəlmişdir. Evinizdə qalın və əmin olun ki, əmlakınız toxunulmazdır. Sizi soyan qacarlar və oğrular artıq olmayacaqlar. Mən sizdən tələb edirəm ki, silah gəzdirməyi bacaran hər kəs onu qüdrətli imperatorun qoşunları tərəfindən tezliklə cəzalandırılacaq zülmkarlara – qacarlara qarşı çevirsin və sizdən tələb edirəm ki, bizim qalib silahlarımıza tuş gəldikdə qaçmaq üçün qarşınıza çıxan fanatiklərin qalan hissəsini də bitirin. Mən sizə söz verirəm ki, qacarların onlara verdiyi könüllü vədlərə aldanaraq onlar tərəfdən vuruşanları da əfv edəcəyik. Belə şəxslər mənə, yaxud xana cəza almaq qorxusu olmadan yaxınlaşmalıdılar, çünki rus sözü qacar sözü deyil: ruslar aldatmırlar və aldatmağa da ehtiyac yoxdur.[3] "

Kotlyarevskinin bu bəyanatı Talış xanlığının əhalisinin bir hissəsinə təsir etdi və onlar Qacar ordusunun qaçan əsgərlərinin gizləndiyi meşəni kəsməyə başladılar.

Lənkəranın işğalı[redaktə | mənbəni redaktə et]

Mühasirə[redaktə | mənbəni redaktə et]

Sadiq xanın qarnizona göstərişləri:
Bütün komandirlərə və əsgərlərə bütün təhlükələrə məhəl qoymadan qalanı həyatımıza qəsd edərək işğal etmək niyyətində olan kafir düşmənə qarşı vuruşmaq üçün öz mövqelərində olmağı əmr edirəm. Vətənini dərindən sevənlər, qalanı öz əlimizdə saxlamaq üçün bütün vasitələrdən istifadə edərək ölənə qədər qətiyyətlə və inadkarlıqla müqavimət göstərməliyik və mübarizə aparmalıyıq və vətənimizin qurtuluşu üçün özümüzü qurban verə biləcəyimizi oğrulara göstərməliyik. Müqavimət göstərən hər kəsin diqqətinə, düşmən quduz canavar kimi qalaya dırmaşacaq. Silahlardan düzgün istifadə etməyi bacaran əsgərlər istehkamlarda dayansın. Bir sözlə, heç kəsə qarşı mərhəmət göstərməyəcək və qadınlar və uşaqlar da daxil olmaqla qarşılarına çıxacaq hər kəsi qətl edəcək düşmənə təslim olmaqdansa ölənə qədər cəsarətlə müqavimət göstərmək lazımdır və buna görə də, "qütb ayıları" tərəfindən hissələrə parçalanmaqdansa ana yurdunu ölənə kimi cəsarətlə vuruşaraq müdafiə etmək və şərəfli ölümə nail olmaq daha yaxşıdır.
Mir Mustafa xan Talışın qərargahından[5]
Kotlyarevskinin 30 dekabr 1812-ci ildə orduya göstərişləri:
Düşmənin qalanı təslim etməsi üçün bütün imkanlarını və vəsaitlərini tükədərək rus silahlarımızla qalaya hücum təşkil etdikdən sonra onların heç bir yolu qalmayacaq.

Son vasitədən istifadə edərək cəsarətlə qoşunlara xəbərdarlıq edirəm ki, bütün əsgərlər və zabitlər bilsinlər ki, geri çəkilməyəcəyik. Biz ya qalanı alacayıq, ya da ki hər kəs öləcək, buraya bunun üçün göndərilmişik.

Düşmənə iki dəfə qalanı təslim etməsini təklif etdim, lakin onlar təkid etdilər. Cəsur əsgərlərə bildir ki, heç kim rus süngərinə qarşı çıxa bilməz. Farslar kimi düşmənlərə qarşı biz ruslar mübarizəyə başladıq, amma əgər biz özümüz səbir etsək və sona qədər düşmənin üstünə hücum etməyi bacarsaq, üstünlük qazanacağıq.
Bütün bunlar hamısı bunu tələb edir:
birincisi – itaətkarlıq;
ikincisi – yadda saxlayın ki, nə qədər tez hücum etsək və nərdivanları dırmaşsaq, o qədər az zərər görəcəyik; təcrübəli əsgərlər bunu bilir, amma təcrübəsizlər yalnız inanırlar;
Üçüncüsü – ölüm qorxusu altında düşmənə hücum etməyə tələsməyin, bu hücumu tamamilə dayandırmayacaqdır, tez edilən hücum əsgərlərin lüzumsuz öldürülməsinə səbəb olacaqdır.
[6]

Sadiq xan Lənkəran qalasında 4000 nəfərlik bir ordu ilə qarnizon yaratdı. Qacar şahzadəsi və imperiya ordusunun baş komandiri olan Abbas Mirzə ona mandat göndərdi:

" Mən sizin sədaqətinizə və dərin vətənpərvərliyinizə ümid edirəm və əminəm ki, siz öz sadiqliyinizi qoruyacaqsınız və düşmən qarşısından qaçamayacaqsınız, hətta bütün dağlar düşmən qüvvələrinə çevrilsələr və sizə və sizin cəsur əsgərlərinizə qarşı hiddətlənərsələr belə, siz qalanı qoruyacaqsınız və bu yolla da İran imperiyasının ürəyinin açarını qorumuş olacaqsınız. Qoy böyük Allah ümidimizin həyata keçirilməsində sizə yardım etsin.[5] "

Bu məktub Qacar qarnizonunun tərkibində olan bütün zabitlərə və əsgərlərə oxundu. Qarnizon şahzadənin sözləri ilə razılaşaraq yekdilliklə qışqırdı:

" Allaha və Peyğəmbərin müqəddəs adına and olsun ki, biz öləcəyik, lakin düşmənə təslim olmayacağıq və ölənə qədər mübarizə aparacayıq.[5] "

Sadiq xan bütün sakinləri qalanı qorumaq üçün silah almağa və bütün lazımi tədbirləri görməyə çağırdı. Şimal və qərb eskadralar quruldu. Rusların qəfil hücumundan qorxan Sadiq xan gənc zabitlərin və əsgərlərin nəzarətindən əlavə özü də düşmənin hərəkət istiqamətlərini yaxından izləyirdi.

Mühasirəyə alınan dəstənin sayı[3]
Bölmənin adı Sahə zabiti Baş zabit Çavuş Musiqiçilər Məxfilər Ümumi:
14-cü Gürcü Qrenadier Alayı 3 25 54 23 834 937
97-ci Livoniya Piyada Alayı 6 18 3 141 168
17-ci Yeger Alayı 1 10 23 9 248 291
Xəzər Dəniz Bürosu və Donanması 2 12 33 2 264 313
Artilleriya 4 3 43 50
Ümumi: 6 57 131 37 1 530 Cəmi: 1759

Dekabrın 27-də Kotlyarevski Sadiq xana Lənkəranı təslim etməsi ilə bağlı məktub göndərdi:

Ali komandirin əmri ilə mən Lənkəran bölgəsinin ərazilərini Qacarların əlindən azad etməyə gəlmişəm, buna görə də Lənkəranı bizə verməlisiniz. Cəsarətli və nəzakətli bir lider olduğunuzu bildiyimiz üçün müqavimətinizin mənasız olacağını bildirirəm. Böyük bir hərbi lider olmağınıza baxmayaraq Aslandüzü döyüşündə 10 000 əsgərlə məğlub olan Abbas Mirzədən daha yaxşı sərkərdə deyilsiniz. Bu döyüşdə Abbas Mirzə səlahiyyətində 30000 əsgər olmasına baxmayaraq 20-ci süvari alayı ilə son anda qaçıb canını qurtara bildi, bizim ordumuzda isə cəmi 2000 əsgər vardı. Dünyanın böyük qüdrətli döyüşçüləri olan Rusiya İmperiyasının ordusu Abbas Mirzəni hissələrə parçaladı və indi burada — Talış xanlığında yerləşiblər. Ordusundakı əsgərlərin sayının bizdən 15 dəfə çox olmasına baxmayaraq bizim qalib silahlarımıza məğlub olan Abbas Mirzə kimi siz də bizə qarşı mübarizə apara bilməyəcəksiniz; buna görə də mən təklif edirəm ki, dəhşətli və lüzumsuz qırğının qarşısını almaq üçün qalanı təslim edəsiz, bu yolla həm Abbas Mirzənin, həm də mənim döyüşçülərimi də qorumuş olacaqsınız. Həyatınızı, ləyaqətini, əmlakınızı, eləcə də bütün tərəflərinizin mülkiyyətini bu münaqişədə qoruyub saxlamaqla nə əldə edəcəyinizi düşünün; əks halda, əgər ümumi qərarımıza məhəl qoymazsanız, hər şeyi itirmiş olacaqsınız. Lakin seçim hüququnun sizdə olduğunu bildirmək mənim vəzifəmdir; mən yalnız Allah və insanlıq qarşısında haqlı olacağam. Mənə bu məktubu sizə verdikdən sonra üç saat ərzində cavab alana qədər qalana bombardman etməmək əmr olunub.

Sülh və müsbət cavab almaq diləyi ilə gözləyəcəyəm.

— P. S. Kotlyarevski, 27 dekabr 1812-ci il, Lənkəran[3]

Eyni gündə Sadiq xan cavab verdi:

General Kotlyarevski.

Sülh təklifinizi aldıqdan sonra mən sizin təklifinizi rədd edərək mən sizə ən xoşagəlməz təcrübələrin yaranmasına səbəb olacaq bəzi təhlükəli və acı sözləri ifadə etməliyəm. Sizin məktubda qeyd etdiyiniz " Talış xanlığını Qacarların əlindən qurtarmaq üçün gəlmişəm" cümləniz mənə sizin yalançı sözlərinizə inanmamağa icazə verir və mən səmimiyyətlə və birbaşa olaraq bildirirəm ki, siz bura xalqı əsir götürməyə və torpaqları işğal etməyə gəlmisiniz. Mir Mustafa xan sağ olduğu müddətdə sizin hökumətiniz ona qayğıyla və hörmətlə yanaşaraq xanı və onun hüquqlarını müdafiə etməlidir; lakin o oldükdən sonra varisləri müstəqilliyini və muxtariyyətini itirəcək, dilsiz və bəxtsiz qullara çevriləcəklər, ağılsız və ani verilən qərarların nəticəsi olaraq Mir Mustafa xan öz hakimiyyətini itirəcək, buna səbəb olan insanlar hakimiyyət istəklərini qarşılamaq üçün yalnız öz şəxsi məqsədlərini güdərək qəlbsiz olacaqlar və mənfəətlərini təmin edəcəklər, çünki onlar öz gələcək nəsillərinin kədərli və tərk edilmiş taleləri barəsində düşünmürlər, gələcək nəsillər sonralar bu xəyanət üçün onlara lənət oxuyacaqlar, ona görə ki, onlar sizi buraya dəvət edirlər və öz ana yurdlarının talelərini xəyanətkar yadellilərə — təcavüzkarlara verərək öz xalqını qara camaata çevirirlər. Xudbin Mir Mustafa xanın şəbəkəsinə daxil olan ölü insanların həyəcanı və qışqırığı onu əbədi olaraq lənətləyəcək, Talış dağları öz yerində durduqca xalqın bəxtsiz taleyinin acıları dilə gələcəkdir.

Siz Talış xanlığını "qacarların əllərindən" qurtarmağa gəlməmisiniz, siz başqalarının ərazi bötövlüyü hesabına öz torpaqlarınızı genişləndirməyə gəlmisiniz. Dünyada olan bu böyük dövlətin yaxınlığında qalaraq siz indi yeni torpaq və ərazi axtarırsınız?

[5]

Yuxarıdakı məktubu oxuduqdan sonra Kotlyarevski qalanı bombardman etməyi əmr etdi. Daha təsirli bir zərbə üçün yaxınlığdakı hərbi artilleriya gəmisi də sahilə gətirildi. 28 dekabr — 29 dekabr; Rusiya batareyaları davamlı olaraq qalanı bombardman elədi, beləki döyüş texnikalarının kiçik çaplı topları qalanın güclü gilli divarlarını keçə bilmirdi. Havadan atılan toplardan isə qarnizon blindaj və qalanın daxilində qazılmış səngərlərdə müdafiə olunurdular. Kotlyarevski qalaya edilən hücumun uğursuz alındığını görərək xana və qarnizonun rəhbərlərinə özlərini, həyat yoldaşlarını, uşaqlarını və əmlaklarını qorumağa və qan tökmədən qalanı ruslara təslim etməyə təkid edən ikinci məktubu Lənkərana göndərdi. Kotlyarevski həmçinin yazırdı:

" Mən və əmrim altında olan bütün qoşunlar qalanı böyük Rusiya İmperiyasının silahları ilə almadan geri qayıtmayacağıq. Məndən başlayaraq sonuncu şəxsə kimi ya öləcəyik, ya da qalanı sizdən alacayıq. Üç saat ərzində sizdən cavab gözləyəcəyəm.[3] "

Sadiq xan məktuba cavab verməyin lazım olduğunu düşünmədi.

Bu müddət ərzində Rusiya dəstəsinin mövqeyi daha da kritik hala gəldi. Top artilleriyaları boşaldılmışdı və insanlar soyuqdan əziyyət çəkirdilər. Əlavə olaraq, qacar qoşunlarının komandiri Abbas Mirzənin Lənkəranı xilas etmək üçün yola çıxdığını xəbər aldılar. Kotlyarevski heç bir vaxt sərf etmədən qalaya hücum edərək onu işğal etməyi qərara aldı.

İşğalı[redaktə | mənbəni redaktə et]

Hücumdan əvvəl mühasirə heyətinin yerləşdirilməsi[6]
Kolonlar Komandirlər Bölmələr Tapşırıqlar
1-ci kolon Polkovnik Uşakov Gürcüstan 14-cü Qrenader Alayı (350 nəfər) Qamuşevan istehkamını və ona birləşik olan cənub-qərb istehkamını tutmaq. Ordunu daxil olmasını təmin etmək üçün darvazanın tutulması
2-ci kolon Mayor Povaliçin Triniti piyada alayı Şimal-şərq istehkamına və şimal-qərbdəki əraziyə hücum
3-cü kolon Mayor Tereşkeviç 17-cy Yeger alayları (313 nəfər).
Gürcüstanın 14-cü Qrenader alayından 37 nəfər
Çayın şimal-şərq hissəsindəki istehkama hücum etmək
Dağıdıcıların 1-ci alayı Qrenader alayının bir yarısı Çayın yaxınlığında yerləşən istehkamın yaxınlığındakı cənub-şərq fasadına saxta hücum təşkil etmək (mümkünsə, istehkamın topçu batareyasını almaqla)
Dağıdıcıların 2-ci alayı Qrenier alayının bir yarısı Çayın yaxınlığında yerləşən şimal-qərb istehkamının yaxınlığında saxta hücum təşkil etmək (1-ci kolon alayının hücum planlarına yardım etmək)

Lənkəranın ruslar tərəfdən işğalı sübh tezdən saat 5-də başladı. Yuxarıda qeyd olunan kolonlar dərin sükutla qalaya tərəf hərəkət etdilər, ancaq Qacar qarnizonu xəbərdarlıq etdi və ağır silahlardan və tüfənglərdən atəş açdı. Ancaq kolonlar sürətlə xəndəyi keçdilər və əsgərlər nərdivan qoyduqdan sonra divarın üzərindəki açılmış boşluqlardan tutaraq qalaya dırmandılar və əl bombalarını atmağa başladılar. İlk olaraq əsgərlərin əksəriyyəti yaralanmış və öldürülmüşdü. Bir müddət tərəddüd içində olan 1-ci kolonun polkovnik-leytenantı Uşakov öldürüldü. Sonra Kotlyarevskinin ayağı zədələnsə də, Uşakovun bədənin üstündə dayanaraq onu əlini qaldırdı və əmr etdi: "Eşidin məni! – Və özü şəxsən hücuma keçdi, lakin tezliklə başından iki güllə yarası aldı və xəndəyin dibinə yuvarlandı. Komandirsiz qalan rus əsgərləri hələ də hücumu davam etdirdilər. Azərbaycanlı pedaqoq və müəllim Teymur bəy Bayraməlibəyov bu hadisələri aşağıdakı kimi izah edir:

" Əsgərlər divara qalxırdılar, sanki onları gözləyən təhlükələrdən xəbərsiz olaraq düşmənin silahlarından tutdular və yaxın məsafədən silah atəşi ilə öldürüldülər və düşmən tərəfindən divardan aşağı atıldılar və beləcə qeyri-bərabər döyüşdə öldürüldülər.[5] "

Bu zaman davamlı olaraq divara yeni döyüşçülər qalxdıqca qalaya hücum edən kolonların sayı getdikcə azalırdı. Qrenaderlərin dəstəsi divara dırmaşdı və dərhal silahlarını qalaya tərəf yönəldərək atəş açdılar. Bu digər iki kolonun da işini asanlaşdırdı və onlar da dərhal qalaya dırmaşaraq Qacar ordusuna odlu silahlarından atəş açmağa başladılar. Sonradan xeyli sayda rus əsgəri qalanın içərisinə daxil olmağı bacardı, hücumçular və müdafiəçilər arasında dəhşətli bir döyüş başladı. İran tarixçisi Rövzətül Səfa bu hadisəni belə təsvir edir:

" Lənkəranın qalasına hücum o qədər qızğın və gərgin idi ki, 6 saat dayanmadan davam edən döyüş ərzində qılınc döyüşdürməkdən və odlu silahları fasiləsiz olaraq istifadə etməkdən barmaqların və qolların əzələləri hər an yerin yerindən qopa bilərdi.[7] "
Pyotor Stepanoviç Kotlyarevski

Teymur bəy yazırdı:

" Qəzəbli ruslar ən yüksək acınacaqlı və intiqam xəttinə çatdılar – hətta körpə çağalar, hamilə qadınlar, kişilər və qadınlar da daxil olmaqla qarşılarına çıxan əsgərləri və eləcə də hər kəsi amansız şəkildə öldürür və süngərdən keçirirdilər.[5] "

Qalanın sağ qalan müdafiəçiləri sığınacaq tapmaq üçün çaya doğru qaçdılar, lakin onlar yolun sağ tərəfində iki topla dayanmış 80 rus əsgəri ilə üzləşdilər. Geri qayıdarkən qaçaqçılar onları mühasirəyə alan rus əsgərlərin süngüsü ilə qarşılaşdılar.

Qacar qarnizonu tamamilə darmadağın edildi. Heç kəs əsir götürülmədi. Qalanın komandiri Sadiq xan və təxminən 10 nəfər yüksək vəzifəli xan öldürüldü.

Kotlyarevski ölü cəsədlərin altında tapıldı. Sağ gözündən qan axan Kotlyarevskinin çənəsi qırılmışdı və ayağının üstündən güllə yarası almışdı, lakin sağ qala bilmişdi.[8]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Аносов Н. С. Утверждение Русского владычества на Кавказе // в 4 томах. 2. Тифлис: Тип. Я. И. Либермана. ред. В. А. Потто. 1902. 479–492. 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
  2. 2,0 2,1 2,2 2,3 2,4 в 12 томах. 5. Тифлис: Тип. Гл. Упр. Наместника Кавказского. ред. А. П. Берже. 1873. 697–698, № 851.
  3. 3,0 3,1 3,2 3,3 3,4 Соллогуб В. А. Биография генерала Котляревского (2-е изд). СПб. ред. В. Бекетова. 1955. səh. 234. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
  4. Шабанов Д. Ф. Часть 1. От сформирования полка до его прибытия на Манглис. 1642–1825 // История 13-го Лейб-гренадерского Эриванского Его Величества полка // в 3 частях. Тифлис: Тип. окружного штаба кавказского военного округа. 1871. 125–133. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  5. 5,0 5,1 5,2 5,3 5,4 5,5 Байрам-Алибеков Т. "История талышского ханства". Ленкорань: Институт Рукописей НАН Азербайджана. 1885. 2009-05-07 tarixində orijinalından arxivləşdirilib.
  6. 6,0 6,1 Потто В. А. За Кавказом. Глава 21. Котляревский // Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях // в 5 томах. 1 — От древнейших времен до Ермолова. Вып. 3 (2-е изд). СПб.: Тип. Е. Евдокимова. 1887. 479–482. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  7. Ровзет-уль Сафа, Очаровательный сад, Кавказ, 1866 г, № 21
  8. Военная энциклопедия [ölü keçid]