Lənkəran güləbrişini — Vikipediya

Lənkəran güləbrişini
Elmi təsnifat
Beynəlxalq elmi adı

Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18–20 m-ə, diametri 30–40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18–25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir. Başcıq çiçək qrupunun kənarlarında erkəkcikli, mərkəzində isə ikicinsli çiçəklər yerləşir. Erkəkcikli çiçəklərin çiçək yanlığı yaşılımtıl-sarı rəngdədir. İkicinsli çiçəklərin tacı isə uzun boruşəkilli, kasacıqdan 8–10 dəfə uzun, xaricdən ipəkvari tüklərlə örtülüdür. Erkəkciklər sayca çoxdur, uzun (30–35 mm), nazik saplı, tacdan çox irəli çıxmış, çəhrayı rəngdə olub, boru şəklində birləşmişdir. Tozluqları xırda, dörd kameralı, sarıdır. Salxıma oxşar tozcuq qovuqlarına yapışıqdır. Dişiciyi bir, telvari sütunludur. Paxlalar yastı, xətvari, çılpaq, 16–20 sm uzunluqda və 20–25 mm enindədir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

İşıq, istisevən, quraqlığadavamlı, torpağa az tələbkar, tez böyüyən bitkidir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Əsasən Talış ərazisində yayılmışdır. Bakı, Gəncə, Astara, Lənkəran, Kür-Araz ovalığı, Samur və Şabran rayonlarında mədəni şəraitdə becərilir. Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmişdir (1989).

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dekorativ, ballı bitkidir, xoş ətirlidir. Qabığında 7–8% aşı maddəsi, saponin, həmçinin boyaq maddəsi vardır. Qabığından alınmış cövhərdən xalq təbabətində istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]