Lahıc misgərlik sənəti — Vikipediya

Lahıc misgərlik
Misgərlik

Lahıc misgərlik sənətiAzərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı.

Lahıc misgərlik sənəti haqqında[redaktə | mənbəni redaktə et]

Lahıc misgərlik sənəti yalnız Lahıc qəsəbəsində mərkəzləşmişdir (xüsusilə də qəsəbənin "Misgər bazarı" adlandırılan Ağalı rayonunda). Lahıc qəsəbəsi Girdmançay Çayının sol sahilində 1375 metr hündürlükdə İsmayıllı rayonunda yerləşir. Qəsəbə Böyük Qafqazın cənub yamacında yerləşir. İnzibati baxımdan, Lahıc qəsəbəsinin (rəsmi olaraq –"şəhər-tipli qəsəbə") özünüidarə müəssisəsi kimi öz bələdiyyəsi mövcuddur. Gündəlik həyatlarında mis məmulatlardan istifadə edən geniş insan icması Azərbaycan Respublikasının bir çox regionlarında yerləşir. Mis əridən usta tam prosesi kordinasiya edir və ustaya kömək edərək lazımi texnikaları öyrənən usta köməkçisi tərəfindən müşayiət edilir. Misgər-dəmirçi havanı sobalara vurur və nazik lövhələrdə əridilən misi əzir. Sənətkar daha sonra əzilən mis lövhələri cilalayır və hazır mis məmulatları naxışlarla bəzəyir. Prosesin bu son mərhələsi sahibkarın ənənəvi biliyini və mədəni dəyərlərini əks etdirərək ətraf mühitdə diqqət mərkəzi olan istifadə edilmiş dizaynlar kimi vacib olduğu deyilir. Usta mis məmulatların anbarlarda satişına görə və cəlb edilən digər misgərlərin işini qiymətləndirməyə görə məsuliyyət daşıyır. Ənənə ailələrdə atadan oğula ötürülür. Azərbaycanda müxtəlif ailələr mis məmulatlar almaq üçün Lahıca gəlir və onların sağlam qidalanmanın faydalarını artırdığına inanaraq onlardan öz gündəlik həyatlarında istifadə edirlər. Peşəkar ustaların fikrincə, bu ənənə əsas yaşayış mənbəyini təmsil edir və güclü birlik hissini və ictimai fəxr hissini təmin edir. Misgərlik sənəti həmçinin Lahıc icmasında ailə münasibətlərini gücləndirir və Lahıcın milli mənsubiyyətinin şəffaf göstəricisi olaraq başa düşülür.

Tarixi mənbələrdə[redaktə | mənbəni redaktə et]

Tarixi mənbələrin yazdığına görə, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarin yazırdı ki, burada hər gün hökmdarın ətrafındakı təxminən 400 nəfərə mis qablarda yemək verilir. XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Alimlərin qeydlərinə görə, mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.

Azərbaycanda misgərlik sənətinin mərkəzləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb.

Misgərlik UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında[redaktə | mənbəni redaktə et]

2015-ci il 30 noyabr — 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. Sessiya çərçivəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanmışdır. Azərbaycan tərəfindən "Lahıc misgərlik sənəti" nominasiyası təqdim olunub. Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunub ki, bu nominasiya faylı Qeyri-Maddi Mədəni İrsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə etmələri tövsiyə edilib. "Lahıc misgərlik sənəti" faylı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO-ya təqdim edilib. Beləliklə, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcək.

Poçt markası üzərində[redaktə | mənbəni redaktə et]

Lahıc misgərlik sənəti 2014-cü ilin dekabr ayında buraxılmış "Azərbaycan — Rumıniya birgə buraxılışı"na aid poçt markalarında təsvir olunmuşdur.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]