Məşədi Məlik bəy Mansurov — Vikipediya

Məşədi Məlik bəy Mansurov
Doğum tarixi 1845
Doğum yeri
Vəfat tarixi 22 yanvar 1909(1909-01-22)
Vəfat yeri
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mansurov Məşədi Məlik bəy Ağa Salah bəy oğlu (1845, Bakı, Kaspi vilayəti22 yanvar 1909, Bakı) — Bakı Muğam Məclislərinin yaradıcısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məşədi Məlik bəy Mansurov (Mansurbəyov) 1845-ci ildə Bakıda, İçəri şəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açmışdır. Əsil adı Məlik-Məmməddir, qısaca olaraq Məşədi Məlik bəy deyə çağırırdılar. Məşədi Məlik bəy 3 yaşında olarkən atası Ağa Salah bəy vəfat edir. Onun tərbiyəsi ilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olurlar. Yazıb-oxumağı o, hələ uşaq yaşlarından mədrəsədə öyrənir. Gənc yaşlarından böyük qardaşı Məşədi İsmayıl bəylə birgə poeziya və musiqi ilə maraqlanmağa başlayırlar. Elə o vaxtlar Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə çalmağı öyrənir. Musiqiyə olan bu həvəslə Məşədi Məlik bəy Mansurov artıq 18 yaşında Bakı muğam məclislərinin təməlini qoyur və yaradıcısı olur. Onun İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü il tarixi ilə qeyd olunur. Bu məclislərə Azərbaycanın hər yerindən muğam biliciləri toplaşırdı. Sadıqcan, kamançaçı Mirzə Səttar, Seyid Mirbabayev, Hacı Hüsü, Mirzə Fərəc, Məşədi İsi, Əli Şirazi, Ala Palaz oğlu molla Rza, Məşədi Zeynal, Ağa Kərim Salik, keçəçi oğlu Məmməd, balaxanlı Əli Zühab, şamaxılı Mirzə Məmmədhəsən, şəkili Ələsgər, içərişəhərli Məşədi Baldadaş, Ağa Səid oğlu Ağabala, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, İslam Abdullayev kimi və bir çox başqa musiqiçilər bu məclislərdə öz bacarıqlarını göstərərdilər.

Məşədi Məlik bəy vağzalda və körpülərdə adam qoyar və tapşırarmış: "Elə ki, gördünüz bir adam əlində musiqi aləti gəlir, onu gətirin mənim evimə". O, bu musiqiçiləri çalıb-oxutdurar, qulaq asandan sonra ədəb-ərkanla yola salarmış. Məşədi Məlik bəy Mansurovun məclislərində muğamların tamam-dəstgah və düzgün oxunmasına fikir verirdilər. Araya hərdən mübahisələr də düşərdi. Belə məğamlarda məclis əhli muğamların bilicisi və mahir ifaçısı Məşədi Məlik bəyə və onun qohumu şair Ağa Kərm Salikə müraciət edirdilər. Köhnə Badi-Kubədə hamı yaxşı bilirdi ki, hər dəfə musiqi səsi gələndə Məşədi Məlikin evində muğam məclisi var. Qonşuluqda yaşayan molla qəzəblə lənət yağdırardı: "Allah sizə qənim olsun, bu evdə şeytanlar yuva salıb". Amma qonşular mollanın bu lənətlərinə gülərdilər. Şəhərin bütün şair və musiqiçiləri, ziyalı və mülkədarları Məşədi Məlikin evinə toplaşardılar.

Bakı muğam məclislərinin şöhrəti Şamaxı, Qarabağ, Tiflis, hətta İranda da geniş yayılmışdı. Bu yerlərdən gələn xanəndə və ifaçılar məhz Bakı məclislərində əsl sənət məktəbi keçiblər. Bu məclislər qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi-tədqiqi və geniş yayılmasında önəmli rol oynayıb. O vaxtın bir çox varlı adamları kimi, Məşədi Məlik bəy bütün ömrünü incəsənətə xidmətə həsr etmişdir. Mesenat kimi gənc istedadların himayədarı idi, onlara peşəkar kimi formalaşmaqda köməyini əsirgəmirdi. Məşədi Məlik bəy Mansurov yüksək intellektli və çox savadlı bir adam idi. Ərəb və fars dillərini mükəmməl bilirdi, rusca danışırdı. Bakının ziyalı və elitası ilə yaxından dostluq edirdi. Memarlar - Qoslavski, Ploşko, fon der Nonne, iş adamları - fon Velke, Rotşild, Nobel qardaşları və bir çoxları Məşədi Məlik bəyin evlərində və bağlarında hər zaman əziz qonaq olarmışlar. Məşədi Məlik bəy Mansurov böyük var-dövlət sahibi idi. Bakıda və onun ətraflarında çoxlu mülkləri, bağları, əkin sahələri, qara şəhərdə icarəyə verilmiş çoxlu torpaqları vardı.

Məşədi Məlik bəy Mansurov 1327-ci il məhərrəm ayının 12-də, yəni, 1909-cu il yanvarın 22-də Bakıda vəfat edib.

Şəcərəsi[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]