Məmmədağa Muradov — Vikipediya

Məmmədağa Muradov
Ümumi məlumatlar
Doğum tarixi 19 fevral 1921(1921-02-19)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1969(1969-11-14) (48 yaşında)
Həyat yoldaşı Anaxanım Muradova
Uşaqları Cahid Muradov
Zahid Muradov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Məmmədağa Məmmədhəsən oğlu Muradov (19 fevral 1921, Bakı14 noyabr 1969) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).

Həyatı[redaktə | mənbəni redaktə et]

M. Muradov 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə yaşayıb yaradır, gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərirdilər.

M. Muradov gənc yaşlarından ifaçılığa başlamış və o, 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunmuşdur. O, tez bir zamanda orkestrin solisti olmuş, daha sonra isə konsertmeyster vəzifəsində çalışmışdır.

M. Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A. Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur.

Məmmədağa Muradov özünün incə ifaçılıq texnikası, muğamları özünəməxsus işləməsi, solist müğənnilərin virtuoz müşayəti ilə dinləyicilərin qəlblərinə yol tapır, xalq musiqisi sevərlərin hörmətini qazanırdı.

Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo çalmaqda, həm də xanəndələri müşayət etməkdə xüsusi istedada malik idi. O, müğənnilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birgə çıxışlar edir, onları müşayət edirdi.

Məmmədağa Muradovun ifaçılıq bacarıği xarici ölkə dinləyiciləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Onun sənəti Misirdə, Tunisdə, Almaniyada, Bolqarıstanda, İranda, Çində, Mərakeşdə, Sudanda və digər ölkələrdə özünə pərəstişkarlar qazanmış, alqışlara layiq olmuşdur. Həbəşistanda iki dəfə müvəffəqiyyətli qastrol çıxışlarının yuksək qiyməti olarag o, bu ölkənin imperatoru Hayle Selasiye tərəfidən qızıl imperator ordeni ilə iki dəfə təltif olunmuş və bu mükafatlar ona ölkənin başçısı tərəfindən şəxsən təqdim olunmuşdur.

M. Muradovun milli musiqimizin inkişafı və təbliği sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın əməkdar artisti fəxri adı, bır sıra hökumət mükafatları verilmişdir.

Məmmədağa Muradov yaradıcılığının çiçəkləndiyi bir dövrdə, ömrünün qirx səkkiz yaşında vaxtsız vəfat etmişdir.[1][2]

Azərbaycanın əməkdar artisti Məmmədağa Muradovun 19 fevral 2011-ci ildə 90 illik yubileyi qeyd edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Оху таp, сяни ким унудаp…" [ölü keçid]
  2. "Oriental Traditional Music". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-01.