Mingis məscidi — Vikipediya

Mingis məscidi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Ordubad
Yerləşir YER
Tikilmə tarixi 1677
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Mingis məscidi (Azərbaycan)
Mingis məscidi

Mingis məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzindəki Mingis məhəlləsində yerləşən məscid.

Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimi ilə 1088-ci ildə, miladi 1677-ci ildə Əbdülhüseyn Orduba dinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilmişdir. Kitabədə adı qeyd olunan və məscidi bərpa etdirən Məhəmməd Hadinin atası Əbdül Hüseyn Ordubadi I Şah Abbasın baş vəziri, Etimad əd-Dövlə Hatəm bəy Ordubadinin qardaşı Hacı Ədhəm bəyin oğludur. Əbdülhüseyn Ordubadi Səfəvi hökmdarı I Şah Səfinin dövründə (1629-1642-ci illər) sarayın baş münşisi-sarayda fəaliyyət göstərən katiblərin rəhbəri olmuşdur. XVII əsrin 2-ci yarısında bərpa etdirilən məscidin inşa tarixi daha əvvəlki dövrlərə aiddir. Zaman keç dikcə dağıntıya məruz qalmış məscid 20 yüzilliyin 70-80-ci illərində yarımuçuq vəziy yətdə idi. Məscidin binası 2001-ci ildə Hüseyn Əli oğlu Qənbərovun övladları tərəfindən yenidən bərpa etdirilmiş, giriş qapısının sol tərəfində divara bu haqda məlumat verən kitabə qoyulmuşdur.[1].Məscidin 1677-ci ildə bərpa edilməsindən xəbər verən kitabə isə bərpa zamanı qapının sağ tərəfində divara hörulmüşdür. Əvvəldə olduğu kimi məscidin girişi şimal tərəfdəndir. İçərisi çox genişdir. Tavan bir neçə sütunun və divarların üstündə oturmuşdur. Mingis məhəlləsində başqa kiçik məscidlər olduğu üçün bu məscid məhəllənin əsas məscidi sayılır. Maili yerdə tikildiyindən şimal tərəfdən bir, cənub tərəfdən iki mərtəbəlidir. Birinci mərtəbədən təsərrüfat məqsədləri üçün istifadə olunur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın məscid və ziyarətgahları. Naxçıvan:"Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2018,216 səh
  2. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.303-304  (az.)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Səfərli H. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: 2003.