Mirzə Davud Hüseynov — Vikipediya

Mirzə Davud Hüseynov
bayraq
Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
1930 – 1933
Əvvəlkivəzifə təsis edilib
SonrakıGeorgi Broydo
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri
bayraq2
11 fevral 1920 – 23 iyul 1920
Əvvəlkivəzifə təsis olunub
SonrakıViktor Naneyşvili
bayraq
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Xalq Komissarları Sovetinin sədr müavini
bayraq2
1923 – 1929
bayraq
Azərbaycan Sovet Sosialist Respublikası Ali İqtisadi Şuranın sədri
bayraq2
bayraq
Azərbaycan SSR xalq xarici işlər komissarı
bayraq2
2 may 1921 – dekabr 1921
ƏvvəlkiNəriman Nərimanov
SonrakıMahmud Əliyev
bayraq
Azərbaycan SSR xalq maliyyə komisaarı
bayraq2
28 aprel 1920 – 2 may 1922
Əvvəlkivəzifə təsis edildi
SonrakıNəsir bəy Tağıyev
aprel 1920 – ?
Hümmət Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin sədri
Avqust 1919 – ?
Hümmət Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin sədr müavini
1918 – 1919
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1894(1894-03-10)
Doğum yeri
Vəfat tarixi 21 mart 1938(1938-03-21) (44 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Həyat yoldaşı Tamara xanım Xoyskaya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Davud Hüseynov (10 mart 1894, Bakı21 mart 1938, Bakı) — Azərbaycan İnqilabi komitəsi sədrinin müavini, Azərbaycan SSR Xalq xarici işlər komissarı (05.1921 – 12.1921), Azərbaycan SSR Xalq Maliyyə naziri, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə Komissarı, Tacikistan KP MK-nin birinci katibi (1930–1933).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirzə Davud Hüseynovun xatirə lövhəsi (Bakı)

Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur. 1906-cı ildə ödənişsiz şəhər məktəbini bitirmiş və Bakı realnı məktəbinə daxil olmuşdur. Bu dövrdə baş vermiş Rusiya inqilabı onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Şəhərdə baş verən nümayiş və çıxışlarda Mirzə Hüseynovun yaxından iştirak etmişdir. O, məktəbdə gizli müsəlman şagird dərnəyi təşkil etmişdir. Sonra şəhərdəki müsəlman (azərbaycanlı) şagird dərnəklərini birləşdirmişdir. Bu dərnəklərin əsas məqsədi müsəlmanları çar hökuməti zülmündən azad etmək idi. Dərnəklərdə siyasi mühazirələr oxunur, siyasi tarix öyrənilirdi. 1913-cü ildə oranı bitirərək Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, Moskvada oxuduğu dörd il ərzində əsas diqqətini siyasi iqtisadı və dövlət maliyyəsini dərindən öyrənməyə vermişdir. 1917‐ci ilin may ayında tam kursu dinləmiş və bütün imtahanları verib Bakıya qayıtmışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mirzə D. Hüseynov 1918-ci ilin noyabrından Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzv olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, Azərbaycan tələbələri arasında inqilabi iş aparmış, tələbə komitəsini yaratmışdır. 1917‐ci ilin iyulunda Mirzə Hüseynov Müsəlman İctimai Təşkilatları Komitəsinə Bakı müsəlman tələbələri tərəfindən nümayəndə göndərilmiş və onun şurasına seçilmişdir. 1918–1919-cu illərdə bolşevik "Hümmət" təşkilatının əvvəl sədr müavini, sonra isə sədri, RK(b)P-nın Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komitəsinin üzvü olmuşdur. O, eyni zamanda bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Maliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.

1919‐cu il mayın 6‐12‐də Bakı proletariatının tətili baş verdi. Tətilin əsas səbəbi ingilis komandanlığının denikinçilərə su və dəmiryolu ilə silah göndərməsinə qarşı yönəlmişdi. Tətil zamanı bütün mədən, zavod, fabrik, elektrik stansiyaları və s. yerlərdə işlər dayandırıldı. Tətilin təşkilatçılarından biri Mirzə Hüseynov idi. AXC hökuməti tətilin təşkilatçılarını və fəal iştirakçılarını təqib və həbs etməyə başladı. Tezliklə həbs olunacağından xəbər tutan Mirzə Hüseynov gizli inqilabi fəaliyyətə keçmişdir. Mirzə Hüseynov 1919‐1920‐ci illərdə Sabunçu, Balaxanı, Suraxanıda fəhlələr arasında gizli təbliğati və təşviqati iş aparmışdır.

1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Ə. Bayramov, D. Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, B. Naneyşvili, H. Sultanov, Y. Rodionov, M. Pleşakov, A. Yusifzadə, Mirzə Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.

AK(b)P MK‐nın ilk azərbaycanlı rəhbəri olmuş Mirzə Hüseynov bu vəzifəyə seçildikdən sonra partiyanın sıralarının artması və təşkilatlarının sayının çoxalması sahəsində xeyli iş görməyə başladı. Mirzə Hüseynov bu dövrdə RK(b)P Qafqaz Ölkə Komitəsinin təşəbbüsü nəticəsində yaradılmış Hərbi inqilabi qərargahın sədri kimi başqa inqilabçılarla bərabər AXC hökumətini devirəcək XI Qızıl ordu komandanlığı ilə birlikdə ordu hissələrinin və Bakı fəhlələrinin birgə hərbi əməliyyatı planının tərtibində fəal iştirak etmişdir. 1920‐ci il aprelin 26‐da AK(b)P MK‐nın və Bakı Bürosunun birgə təcili iclası keçirilmiş və üsyana rəhbərlik etmək üçün Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradılmışdır. Onun tərkibinə A. Əlimanov, D. Bünyadzadə, Ə. Qarayev, Q. Musabəyov, N. Nərimanov və H. Sultanovla birlikdə Mirzə Hüseynov da daxil olmuşdur.

Mirzə Hüseynov N. Nərimanov Bakıya gələnə kimi rəsmi olaraq istər Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə, istərsə də Azərbaycan SSR XKS-ə sədrlik etmiş, Azərbaycan MİK və Azərbaycan SSR XKS‐nin verdiyi dekret və sərəncamları imzalamışdır. 1920‐ci il mayın 5‐də Mirzə Hüseynovun sədr kimi ilk imzaladığı dekretlərdən biri Azərbaycan kəndlilərinin uzun illərdən bəri həsrətində olduğu torpağın onlara verilməsi haqqında dekret olmuşdur.

Azərbaycanda Rusiyanın müdaxiləsi ilə Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR İnqilabi Komitəsinin sədrinin müavini, Azərbaycan SSR Xalq Maliyyə naziri, Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışmışdır.

1920‐ci il iyulun 20‐dən sonra Mirzə Hüseynov Moskvada olmuş, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri aydınlaşdırmış, hər iki sovet respublikası arasında qarşılıqlı münasibətləri nizama salmağa, Şərqdə görüləcək işlərin planını hazırlayıb əlaqələndirməyə çalışmışdır. O, yuxarıdakı məsələlər haqqında V. İ. Lenin və G. Çiçerin ilə hərtərəfli söhbət etmişdir. Mirzə Hüseynov eyni zamanda III İnternasionalın 29‐31 iyul tarixində Moskvada keçirilən iclaslarında iştirak etmişdir.

1920‐ci il sentyabrın 17‐də Bakıda Şərq xalqlarının I qurultayı çağırıldı. Qurultayda Avropa və Asiya ölkələrinin 1900‐ə yaxın nümayəndəsi iştirak etdi. Mirzə Hüseynov qurultayın nümayəndəsi olmuş və fəaliyyətində yaxından iştirak etmişdir. Qurultay özünün daim fəaliyyət göstərəcək icraiyyə orqanını – Təbliğat və Fəaliyyət Şurasını seçdi. Onun tərkibinə N. Nərimanov, S. Kirov, G. Orcokinidze, M. Sübhi, Heydər Əmioğlu, Y. Stasova və b. ilə yanaşı Mirzə Hüseynov da daxil oldu.

1920‐ci il mayın 14‐də Mirzə Hüseynov Bakıdakı İran, Hollandiya, İsveç, Danimarka, sonra isə Litva və Estoniya nümayəndələri ilə görüşərək Sovet Azərbaycanının onlarla hərtərəfli əlaqələr qurmağa hazır olduğunu bildirmişdir. Mirzə Hüseynov xalq xarici işlər komissarı kimi bir sıra dövlətlərə məktub, nota və teleqramlar göndərmiş, Tiflisdə ingilis və fransız nümayəndələri ilə əsirlərin dəyişdirilməsinə dair danışıqlar aparmış, Bakıdakı xarici ölkə nümayəndəlikləri, Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə yazışmalar aparmışdır. Bununla belə, onun xalq xarici işlər komissarı işlədiyi müddətdə Azərbaycanın xarici ölkələrdəki nümayəndəlikləri ləğv edilmiş, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin nümayəndəlikləri respublikadan çıxarılmışdır. Mirzə Hüseynov I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan MİK üzvü seçilmiş və Azərbaycan MİK‐in mayın 21‐də keçirilmiş I sessiyasında Azərbaycan XKS tərkibinə daxil olmuş, xalq xarici işlər komissarı və Ali İqtisadi Şuranın sədri təsdiq edilmişdir.

1922‐ci ildə Moskvaya çağırılmış Mirzə Hüseynov RSFSR milli işlər komissarının müavini vəzifəsində çalışmışdır. 1922‐1929‐cu illərdə Mirzə Hüseynov bir sıra rəhbər vəzifələrdə çalışmışdır. O, ZSFSR XKS sədrinin müavini, xarici işlər komissarı, maliyyə komissarı olmuşdur. Mirzə Hüseynov bu vəzifələrdə Zaqafqaziya respublikalarının sənayesinin, kənd təsərrüfatının inkişaf etməsi, maliyyə cəhətdən möhkəmlənməsi sahəsində xeyli əmək sərf etmiş və özünü böyük və bacarıqlı təşkilatçı kimi göstərmişdir. Mirzə Hüseynov bu dövrdə Zaqafqaziyada ağır sənayenin və kimya sənayesinin inkişaf etdirilməsinə böyük diqqət yetirmişdir. O, qeyd edirdi ki, kənd təsərrüfatının səmərələşdirilməsi, yeni fabrik və zavodların tikilməsi kimya sənayesinin inkişafından asılıdır.

ÜİK(b)P MK Mirzə Hüseynovu Moskvaya çağırmış və onu rəhbər partiya işinə göndərmişdir. O, 1930‐1933‐cü illərdə Tacikistan Kommunist Partiyası MK‐nın birinci katibi vəzifəsində çalışmışdır. Tacik xalqı birinci beşillikdə sənayeləşmə sahəsində bir sıra nailiyyətlər əldə etmişdir. Tacik xalqının bu müvəffəqiyyətlərində Mirzə Hüseynovun da zəhməti böyük olmuşdur. O, Tacikistanın mərkəzi Stalinabadın elektrikləşdirilməsi və radiolaşdırılmasında, kollektivləşmənin genişlənməsində, savadsızlığın ləğvində xeyli iş görmüşdür. Mirzə Hüseynov ömrünün son illərində Moskvada işləmişdir. 1934‐1937‐ci illərdə o, RSFSR Xalq Maarif Komissarlığında qeyri‐rus natamam və orta məktəblər idarəsi rəisinin müavini işləmişdir. O, SSRİ‐də sənayeləşmə və kollektivləşmənin başa çatdığı bir dövrdə savadsızlığın tamamilə ləğv edilməsi və ümumi yeddillik təhsil sisteminə keçilməsi, yeni‐yeni məktəblərin açılması sahəsində əzmlə çalışmışdır. Mirzə Hüseynov dəfələrlə AK(b)P MK, ÜİK(b)P MK Zaqafqaziya Ölkə Komitəsi, Orta Asiya bürolarının, Azərbaycan, ZSFSR, Tacikistan, SSRİ MİK üzvü, plenum, konfrans, sessiya və qurultayların nümayəndəsi olmuşdur.[2]

Mirzə Davud Bağır oğlu Hüseynov 1938-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.[3]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Fətəli xan Xoyskinin qızı Tamara xanım Hüseynova — Xoyskaya ilə ailə həyatı qurmuşdur. Mirzə Davud Hüseynov Əmircanlı Axund Mir Məhəmməd Kərim Ağanın bacısı oğlu olmuşdur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Müsavat firqəsi keçmişdə və indi". Bakı – 1920.
  • "Azərbaycan KP-nın inkişafının əsas cəhətləri". Bakı – 1958.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-07.
  2. Qasımlı M., Hüseynova E. "AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ" (az.). 2003. (#cite_web_url); (#accessdate_missing_url)
  3. "Görkəmli azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]