Muğam (rəsm) — Vikipediya

Muğam
Muğam üçlüyü
Rəssam Toğrul Nərimanbəyov
Tarixi 1965
Üslubu məişət janrı
Ölçüləri 170 sm × 200 sm
Materialı Kətan, yağlı boya
Saxlanıldığı yer Azərbaycan Milli İncəsənət Muzeyi

"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri.

Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir.

Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.

Təsvir[redaktə | mənbəni redaktə et]

Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tarkamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var.[1] Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir.

Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib.[2] Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur.[3]

Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri Qalib Qasımov bu əsəri belə şərh edir:

Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük. Əsərin marşrutu təxmini belədir. İlk növbədə onu qeyd edim ki, Nərimanbəyovun əsərlərində hər detalın öz mənası var. Baxın, muğam üçlüyünün simasında emosional təsir var. Qızcığaz isə sanki nəsə düşünür. Təmkinli və düşüncəli təsir bağışlayır. Bir sözlə, muğam üçlüyü ilə qızın üzündəki ifadə təzad təşkil edir. Bu da rəssamlıqda istifadə olunan bir tərzdir. Rəssam əsərin ideyasını çatdırmaq üçün ədəbiyyatda olduğu kimi, bədii təsvir vasitələrindən istifadə edir. Təzad da onlardan biridir. Ancaq bu təzad təkcə ifadə vasitəsi olmaqla məhdudlaşmayıb, həm də fəlsəfi mənadan xəbər verir. Sanki muğamın insanda yaratdığı təsir qızcığazın simasında təzahür edir. Digər maraqlı bir məqam isə qızcığazın geyimindəki milli ornamentlərdir. Ümumiyyətlə, rəsmdəki geyimlər çox mətləblərdən xəbər verir. Bu rəsmin çəkildiyi dövrdə muğam gerilik, köhnəlik kimi təbliğ olunurdusa, rəssam üçlüyü kostyumda təsvir etməklə muğamın müasirliklə olan vəhdətini də göstərirdi.[4]


Rus sənətşünas, tarixçi Aleksandr Komenski bu əsəri şərh edərkən bildirir:

Bu şəkildə musiqiçilərin fiqurlarının əyrılıyı mürəkkəb melodik naxış yaradır. Sol tərəfdəki qız, musiqi dinamikasının inkişafını bağlayır və xalçanın sıçrayan fon ştrixləri, bir-birinə qarışan çizgiləri, əksinə, ona daha da böyük polifoniya və ifadə müxtəlifliyi verir.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Muğallı, 2015. səh. 44
  2. Möhbəddin, 2011. səh. 19
  3. Muğallı, 2015. səh. 60
  4. "Rənglər dirijorunun "Muğam"ı". anl.az.
  5. Каменский, 1989. səh. 334

Mənbə[redaktə | mənbəni redaktə et]

  • А. А. Каменский. Романтический монтаж. Советский художник. 1989.
  • Möhbəddin Səməd. Toğrul Nərimanbəyov, Şux rənglərin təranəsi. Bakı: Çağdaş As nəşriyyatı. 2011.
  • Vagif Muğallı. TUĞRUL NERİMANBEYOV’UN AZERBAYCAN RESİM SANATI İÇİNDEKİ YERİ VE ÖNEMİ. Ankara: T.C. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2015.