Neft və milyonlar səltənətində (film) — Vikipediya

Neft və milyonlar səltənətində
rus. В царстве нефти и миллионов
Janr dram
Rejissor Boris Svetlov
Əsərin müəllifi İbrahim bəy Musabəyov
Ssenari müəllifi Anna Panova-Potyomkina[1]
Baş rollarda Hüseyn Ərəblinski
Vladimir Lenin
K.M.Piontkovskaya
Regina Lazareva
Yevgeni Muromski
Y.S.Orlitskaya
Y.V.İvanovski
Vladimir Vyazemski
Operator Qriqori Lemberq[1]
İstehsalçı "Filma" Səhmdar Cəmiyyəti[1]
İlk baxış tarixi 1-ci seriya: 14 may 1916[1]
2-ci seriya: 27 may 1916[1]
Filmin növü tammetrajlı bədii film
Ölkələr Rusiya İmperiyası Rusiya imperiyası
Dil səssiz[1]
İl 1916
Texniki məlumatlar 2 Seriya
8 hissə (1-ci seriya-5 hissə, 2 seriya-3 hissə)[1]
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID0212583

Neft və milyonlar səltənətində tammetrajlı bədii filmi[2] rejissor Boris Svetlov[1] tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Sosial kinodram[1] neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır.Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin) taleyi fonunda cərəyan edir.[1] Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.[1] Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski, Vladimir Vyazemski və N. M. Dobrınin ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın (Y. S. Orlitskaya) başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin (Vladimir Vyazemski) yanında işə düzəldir. Bir neçə ildən sonra Cəlilin anası vəfat edir. Cəlil evə qayıdır.[3]

Cəlilgilin kasıb evi və bir parça torpağı varlı Lütfəli bəyin (Hüseyn Ərəblinski) geniş malikanəsinin yanında yerləşirdi.[3]

Bir neçə il gəlib keçir, Abşeron torpağının hər yerində neft buruqları getdikcə artır… Buruqlar fontan vurur, sahibkarlara ağlagəlməz dərəcədə var-dövlət gətirir. Uzun danışıqlardan sonra Lütfəli bəylə Cəlil şərik olub, ikincinin həyətində bir neft quyusu qazdırırlar. Tezliklə yeni quyu fontan vurur, Cəlil varlanır; mülklər alır, gəmilər, mədənlər sahibi olur.[3]

Qonşusu qocanın (Y. V. İvanovski) ölüm xəbərini eşidən Cəlil mərhumun evinə baş çəkir; qocanın qızı, onun uşaqlıq dostu Şəfiqəyə (K. M. Piontkovskaya) başsağlığı verməyə gedir… Şəfiqə böyümüş, gözəl bir qız olmuşdur… Cəlil və Şəfiqə evlənirlər.[3]

Cəlil ata-baba adətinə zidd olaraq öz gənc yoldaşını başqalarından gizlətmir. Lütfəli bəy Şəfiqənin gözəlliyinə heyrandır. O, münasib vaxt tapıb öz məhəbbətini açır. Lakin Şəfiqə ona qapını göstərir.[3]

Lütfəli bəy intiqam tələsi qurmağa başlayır; o, Cəlili məhv etməyi qət edir.[3]

Lütfəli bəyin təsiri nəticəsində Cəlil sərxoşluğa, qumara və daha başqa pis əməllərə qurşanır, sirkdə atçapan gözəl bir qadınla (Regina Lazareva) tanış olur, ona külli miqdarda pul xərcləyir. Lütfəli bəylə əlbir olan atçapan qadın Cəlillə birlikdə səyahətə çıxır və onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.[3]

Bu müddət ərzində Lütfəli bəy Cəlilin evini əlinə keçirir, Şəfiqəni qovur. Şəfiqə bir zamanlar əri ilə tacir Həsənin yanında qulluq edən qoca Qurbanın (Yevgeni Muromski) evində özünə sığınacaq tapır. Cəlil Bakıya qayıdır. O, qadınını və oğlunu tapır. Lakin ailəsinin ağır günlərinə dözə bilməyən Cəlilin ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan hiyləgər Lütfəli bəy Şəfiqəyə evlənməyi təklif edir. Şəfiqə bu təklifi eşitcək səbri tükənir; bıçağı Lütfəli bəyin sinəsinə sancır…[3]

Haqqında[redaktə | mənbəni redaktə et]

Fayl:Neft və milyonlar səltənətində (film, 1916)(kadr).jpg
Filmdən kadr
  • Film yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.[1]
  • Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında "Fransız Elektrobioqrafı"nda (indiki "Köhnə univermaq") göstərilmişdir.[1]
  • Binəqədidə mədəndə baş verən yanğın da filmə daxil edilmişdir.[1]
  • Filmi müşayiət edən yazılar həm azərbaycan, həm də rus dillərində köhnə psixoloji və salon dram əsərləri ruhunda yazılmışdır.[1]
  • Film aktyor Hüseyn Ərəblinskinin kinoda ilk və son işidir.
  • Film Məmməd Əlilinin kinoda ilk işidir.
  • Film son illərə kimi Azərbaycanda çəkilən ilk film sayılırdı. Yəni Azərbaycan kinosunun tarixi 14 may 1916-cı ildən, bu filmin ilk dəfə göstərildiyi gündən hesablanırdı.
  • Film "Piron qardaşları" şirkətinə məxsus idi.
  • Filmi çəkmək üçün şirkət Peterburqdan rejissor Boris Svetlovu və operator Qriqori Lemberqi Bakıya dəvət etmişdi.[4]
  • Film Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində nümayiş etdirildi.
  • Filmin titrləri azərbaycancadır.
  • Balaxanı neft mədənlərində milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın zamanı sənədli surətdə lentə alınaraq filmə salınmışdır.
  • Filmin qəzet reklamlarındakı "mədənlərdəki böyük yanğın dəxi göstəriləcəkdir"[5] elanını təsdiq edən mədəndə yanğın kimi sensasiyalı reportaj süjeti bədii oyun kinodramaturgiyasının şərtiliyini pozur. "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar Qaryağdıoğlunun musiqi üçlüyünün ifası səssiz olduğundan, illüstrativ xarakter daşıyaraq üzvi şəkildə dramaturji struktura daxil ola bilmir.[6]
  • Film Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii filmdir.
  • Film neft sahibkarlarının vəsaiti hesabına çəkilmişdir.[7]

Filmin ekranlara buraxılması ilə əlaqədar "Baku" qəzetinin 14 may 1916-cı il sayında belə bir elan dərc edilmişdi: "Bu il mayın 14-dən "Neft və milyonlar səltənətində" filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İbrahim bəy Musabəyovun romanı (əslində povesti – A.K.) əsasında çəkilib… Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək." "Yeni iqbal" qəzetinin 1916-cı il 7 iyul tarixli nömrəsindəki elanda deyilir: "Elektroteatr "Edisson"un ekranında öz dostlarınızı və tanışlarınızı görəcəksiniz…", "Müsəlman artistlərindən Hüseyn Ərəblinski cənabları və qeyriləri iştirak edəcəkdirlər", "Görməyə təcil ediniz", "Ancaq dörd gündür", "Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir."[7]

Filmdə təsvir olunan yanğınla bağlı mərdəkanlı M. Ağayev vaxtilə öz xatirəsini yazıb sənətşünas Nazim Sadıxova vermişdir. Xatirədə yazılmışdır: "İşdən evə təzəcə qayıtmışdım. Atı arabadan açmışdım. Qaş qaralmaq üzrə idi. Bir də gördüm ki, göyün üzündə nə isə qara ləkələr var, elə bil dumandır. Evin damına çıxdım. Çox uzaqdan qızartı gördüm. Qət etdim ki, yanğın Binəqədidədir. Atı qazalağa qoşub tələsik tərpəndim. Yolda nə isə hiss etmişdim ki, yanğın bizim mədəndədir. Yanğın yerinə çatdım, sahib də arada idi. Yanğın doğrudan da böyük idi. İşə girişdim. Mədəndə kənar adamlar çox idi. Hamı yanğını söndürməyə səy edirdi. Yanğınsöndürən arabalar bir-birini əvəz edir, adamlar torpaq dolu kisələri çox da enli olmayan taxtalar üzərindən keçirərək aparıb yanan buruğun üstünə atırdılar. Alov ətrafı yalayırdı… İsti adamın üzünə, boynuna vururdu. Kənarda bir qrup aparatla şəkil çəkirdi. Mən belə şəkil çəkən aparat birinci dəfə idi ki, görürdüm… Yanğın söndürüləndən sonra yoldaşlardan öyrəndim ki, həmin aparatla kino çəkirlərmiş. Sonra elanlardan birində oxudum ki, "Neft və milyonlar səltənətində" filmi nümayiş etdirilir. Mən bu filmə Parapet bağının yanında Azadov və İsgəndərovun evlərinin birinci mərtəbəsində yerləşən kino zalında tamaşa etdim. Yadımdadır, kino başlanmamışdan ekranın qabağında tarzən Bala Məlikov tar çalırdı, xanəndə Ələsgər də oxuyurdu. Film başlandı: şəhərin küçələri, tanış hadisələr, adamlar – hər şey çox maraqlı idi. Binəqədidəki yanğın və yanğınsöndürənlər də kinoya düşmüşdülər. Orada mən özümü də gördüm… Taxta körpü ilə boynumu istidən qoruyaraq gedirdim".[7]

Bu filmin bukleti M.F.Axundov adına Respublika Kitabxanasının nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə filmin məzmunu Azərbaycan və rus dillərində yazılmış, filmdən fotoşəkillər çap olunmuşdur.[7]

"Neft və milyonlar səltənətində" povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə "Qızıl uçurum" adı ilə yenidən ekranlarda nümayiş etdirilmişdir. Bu melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir.

İddialara görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan "Neft və milyonlar səltənətində" filmi də yanıb külə dönür. Amma kinoşünas Aydın Kazımzadə bu ehtimalı təkzib edərək bildirib: ""Filma" şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orda yoxdur."[8]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Boris Svetlov
Ssenari müəllifi: Anna Panova-Potyomkina
Əsərin müəllifi: İbrahim bəy Musabəyov
Operator: Qriqori Lemberq

Rollarda[redaktə | mənbəni redaktə et]

Hüseyn Ərəblinski — Lütfəli bəy[1][9]
Vladimir Lenin — Cəlil[1]
K.M.Piontkovskaya — Şəfiqə[1]
Regina Lazareva — Olqa[1]
Yevgeni Muromski — Qurban
Y.S.Orlitskaya — Cəlilin anası
Y.V.İvanovski — Şəfiqənin atası
Vladimir Vyazemski — dükançı Həsən
N.M.Dobrınin — həkim
Məmməd Əlili — mollaxana şagirdi
Cabbar Qaryağdıoğlu — xanəndə
Qurban Pirimov — Tarzən
Mədətov — rəqqas
Mirmahmud Kazımovski
Məşədi Qulu — kamançaçı[7]

Çəkilişlər[redaktə | mənbəni redaktə et]

Məmməd Əlili: 1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: "Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M. Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adı "Neft və milyonlar səltənətində" idi. Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış səni də filmə çəksinlər. Bir neçə gündən sonra artist M. Muradov filmi çəkən rejissor B. Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim. Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin ən inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdir. C. Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə-dörd aya çəkib başa vurdular.[7]

Qurban Pirimov: Filmin "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. Hüseyn Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.20.
  2. Kazımzadə, A. "Neft və milyonlar səltənətində" filminin 95 yaşı tamam olur //Mədəniyyət.- 2010.- 4 avqust.- S. 10.
  3. 1 2 3 4 5 6 7 8 "Azərbaycan bədii kinosu (1920–1935-ci illər) [Mətn] /N. Sadıxov ; red. C. Cəfərov ; AzSSR EA Memarlıq və İncəsənət İn-tu". 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
  4. Azərbaycan kino tarixi oçerkləri. Bakı: 2001.- səh. 15.
  5. "Yeni iqbal" qəzeti. 7 iyul 1916-cı il. № 354
  6. Aydın Dadaşov "Ssenari yaradıcılığı", Bakı, BDU Nəşriyyatı, 2001, səh 22.
  7. 1 2 3 4 5 6 7 ""Neft və milyonlar səltənətində" – 100". 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
  8. Azərbaycanın İlk səssiz filmi "Neft və milyonlar səltənətində"[ölü keçid]
  9. Sarabski, Hüseynqulu. Köhnə Bakı (az.). Bakı: Qanun nəşriyyatı. 2019. 126.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Yeni iqbal" qəzeti, 20 may 1916-cı il, № 313.
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 369–370.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.
  • Художественные фильмы дореволюционной России. Век Вишневский. Москва 1945. стр. 87

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]