Qəzəl — Vikipediya

Qəzəl – klassik Şərq şeiri növüdür.[1]

Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. YaxınOrta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir. (Qeyd: Qazi Bürhanəddin qəzəllərində adını verməyib).

Qəzəllər, əsasən, məhəbbət mövzusunda olur. Bundan başqa əxlaqi, tərbiyəvi, ictimai-siyasi, fəlsəfi, təbiət mövzusunda ola bilər.

Klassik qəzəlxan şairlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Həsənəli xan Qaradaği, Şah İsmayıl Xətai fars şairlərindən Sədi, Hafiz, Cami, özbək şairi Nəvai qəzəlin klassik nümunələrini yaratmışlar.

Müasir qəzəlxan şairlər[redaktə | mənbəni redaktə et]

Müasir Azərbaycan şeirində qəzəl ənənələrini, əsasən, Əliağa Vahid, Süleyman Rüstəm , Vüqar Biləcəri davam etdirmişdir.

Qərb ədəbiyyatında qəzəl[redaktə | mənbəni redaktə et]

Qərb ədəbiyyatı nümayəndələrindən Göte, Puşkin, Bryusov və b. Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişlər.

Quruluşu[redaktə | mənbəni redaktə et]

1-ci beyt: MƏTLƏ: Həmqafiyəli iki misra[redaktə | mənbəni redaktə et]

Fələyin bir belə dövrü olacağmış, nə bilim ?
Saralıb bağü gülüstan solacağmış, nə bilim

2-ci beyt: ikinci misrası həmqafiyəli[redaktə | mənbəni redaktə et]

Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb, yaş dolacağmış, nə bilim ?

3-cü beyt: ikinci misrası həmqafiyəli[redaktə | mənbəni redaktə et]

Bitirib, bağ salıb, bir neçə güllər yetirdim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim ?

4-cü beyt: ikinci misrası həmqafiyəli[redaktə | mənbəni redaktə et]

Əl çəkib nakəsidən çərx elə nakəs imiş,
Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim ?

5-ci beyt: ikinci misrası həmqafiyəli[redaktə | mənbəni redaktə et]

Aşiqə naz eləmək adət olub mə’şuqə,
Bu qədər naz eləyib can alacağmış, nə bilim ?

6-ci beyt: ikinci misrası həmqafiyəli[redaktə | mənbəni redaktə et]

Bəslədim zülfü, dedim, başıma salsın sayə,
Dolanıb boyna ilantək çalacağmış, nə bilim ?

7-ci beyt: ikinci misrası həmqafiyəli[redaktə | mənbəni redaktə et]

Səltənət rütbəsini xar tutardım şah ikən,
Məni başdan ayağa qəm saracağmış, nə bilim ?

Sonuncu (8-ci) beyt: MƏQTƏ: şair təxəllüs və ya adını göstərir[redaktə | mənbəni redaktə et]

Ruzigarın dolanıb haləti bir özgə hala,
Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim ?

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]