Sadiq Həsənov (idmançı) — Vikipediya

Sadiq Həsənov
Şəxsi məlumatlar
Tam adı Sadiq Həsənağa oğlu Həsənov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti Azərbaycanlı
Doğum tarixi
Doğum yeri Günəşli kəndi, Cəlilabad rayonu, Azərbaycan SSR
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Təhsili Sumqayıt Dövlət Universiteti,
Pekin İdman Universiteti
İdman növü Uşu-sanda, body-fitness
31.10.2021 tarixində yenilənib.

Sadiq Həsənov — Azərbaycanlı idmançı və aktyor.

Sumqayıt Dövlət Universitetininin tarix fakültəsinin məzunudur. S.Həsənov bakalavrı bitirdikdən sonra magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib. Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib. S.Həsənov uzun illər idmanın bir neçə - kiqboks, tayboks, taekvondo, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub. O, mütəmadi olaraq, Çində ölkəmizi bu idman növləri üzrə layiqincə təmsil edib. S.Həsənov həmçinin peşəkar fitneslə də məşğul olub və Çinin müxtəlif şəhərlərində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib.[1]

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sadiq Həsənağa oğlu Həsənov 1985-ci il aprelin 10-da Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olub. Orta məktəb illərində daha çox idman, tarixingilis dili dərslərinə böyük maraq göstərib. Bölgənin ən nüfuzlu ingilis dili müəllimlərindən olan anası Afət xanım onun ilk müəllimi olub. Kiçik yaşlarından idmanla ciddi məşğul olub. Ali təhsilinin bakalavr pilləsini Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində alıb, 2007-ci ildə həmin universiteti bitirib.[2][3]

2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvü olub. Uzun illər idmanın döyüş növləri — TayboksUşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu və mükafatçısı olmuşdur. Belə ki, 2010 və 2015-ci illərdə Uşu üzrə Azərbaycan Respublika Çempionatının qalibi olmuşdur. 2016-2019-cu illərdə isə Çin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil etmişdir. Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilini davam etdirmiş, Çinin Pekin İdman Universitetində doktoranturada oxumuşdur. O təhsilinin magistratura pilləsini də bu universitetdə almış və 2018-ci ildə məzun olmuşdur. Çində təhsil almağa müsabiqə yolu ilə seçilmiş və oraya dövlət xətti ilə göndərilmişdir.[2] Çində idman təhsili ilə yanaşı həm də çin dilinin dərinliklərini və dialektlərini öyrənə bilmiş, təhsilini də dünyada ən çətin dil sayılan çin dilində almışdır. Ümumiyyətlə o, dörddən artıq xarici dil bilirdi.[3][4]

Ömrünün son 8 ilini Çinin müxtəlif şəhərlərində yaşayıb, təhsil almışdır. Azərbaycan səfirliyinin Pekində və başqa şəhərlərdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir. O, təhsil aldığı universitetlərin elm, idman, sosial həyatında fəal iştirak edib.

İdmanın bir neçə sahəsi ilə yanaşı, eyni zamanda body-fitnesslə də məşğul olub, yarışlarda çıxış etmişdir. Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olub, dəfələrlə birincilik qazanmışdır. Daha sonra Pekində keçirilən “Beijing Students Fitness Model contest” yarışmasının qalibi olub və “Ən istedadlı yarışçı” adına layiq görülmüşdür.[3]

Professional idmançı kimi Çində rəsmi kanalların kino çəkilişlərinə dəvət almışdır. Sonralar onlarla filmlərə çəkilmişdir. Filmləri də üç dildə (çin, ingilis və rus) özü səsləndirmişdir. Çinin dövlət TV kanallarına və filmlərinə dəvət alıb çəkillən ilk azərbaycanlı gənc aktyor olmuşdur.[2]

Sadıq Həsənov ömrünün son aylarında qəfil xəstələnib Pekin şəhərində müalicə olunsa da[3], ailəsinin xahişi və Azərbaycan dövlətinin dəstəyi ilə Bakıya gətirilmiş, 2021-ci ilin 18 sentybrında 36 yaşında vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Çində təhsil alan azərbaycanlı idmançı vəfat etdi - Foto". 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  2. 2,0 2,1 2,2 2,3 "Azərbaycan çempionu olmuş aktyor 36 yaşında vəfat etdi - FOTO/VİDEO". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  3. 3,0 3,1 3,2 3,3 "Çində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOLAR". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  4. "İdmançımızın vəziyyəti ağırlaşdı – Qardaşı danışdı". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]