Simeon Bekbulatoviç — Vikipediya

Simeon Bekbulatoviç
rus. Симеон Бекбулатович
Simeon Bek Bulatoviç, naməlum rəssamın portreti, 16-cı əsrin ikinci yarısı, 17-ci əsrin əvvəlləri
Simeon Bek Bulatoviç, naməlum rəssamın portreti, 16-cı əsrin ikinci yarısı, 17-ci əsrin əvvəlləri
1575 – 1576
ƏvvəlkiIV İvan Qroznı
SonrakıIV İvan Qroznı
1567 – 1573
ƏvvəlkiŞah Əli
SonrakıMustafaəli xan
1576 – 1585
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi 5 yanvar 1616(1616-01-05)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Bəybulat
Həyat yoldaşı Anastasiya İvanovna Mstislavskaya
Ailəsi Çingizlilər
Dini şərqi ortodoks xristianlıq

Simeon Bekbulatoviç (rus. Симеон Бекбулатович; Sain-Bulat, rus. Саин-Булат; XVI əsr5 yanvar 1616, Moskva) — Qasım xanlığının xanlarındanRusiyanın çarlarındandır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sayın Bulat... Rus tarixində bu ad tez-tez gözə çarpmaqdadır; hətta Moskva çarı kimi... Sayın Bulat Bek Bulat sultanın oğlu, Gəraylar sülaləsindəndir; Qızıl Orda xanı Əhməd xanın nəticəsidir. Dediyimiz kimi o, birbaşa Çingiz xanın özünün düz xətlə gələn nəslindəndir; atası Bek Bulat Əhməd (Axmat) xanın nəvəsi, Axmat xan da öz növbəsində Cucinin törəməsidir.

XVI əsrin 50-ci illərində şahzadə Bek Bulat İvan Qroznı ilə müttəfiq kimi fəaliyyətə keçmişdi. 1552-ci ildə Moskvaya səfir kimi gəldi və daha geri dönmədi. Həm də tezliklə çarla bacanaq olur; Kabarda xanı Temiryürəkin digər qızı Altıncanı alır. o Simeon Bekbulatoviçin anasıdır. (Qeyd: digər 3-cü bacını da Həştərxan hakimi İsmayılın oğlu Dinahmad almışdı; bu ailənin qızlarının hökmdarlara gəlin getməsi ilk hadisə deyildi, II Sultan Bəyazidin xatunu, Yavuz Sultan Səlimin anası Gülbahar xanım da bu ocaqdan çıxmışdı).

Rus çarı bərk güvəndiyi Bek Bulatı 1558-ci ildə Noqay Ordasının sərkarı təyin etmiş və Bek Bulatın 1563-cü ildə Smolenskin zəbt olunub rus torpaqlarına qatılması uğrunda gedən döyüşlərdə iştirak etməsi məlumdur. 1566-cı ildə Rusun həmişə öz "başını qatdığı" hərbi yürüşlərin birində öldürülür. Bu zaman Kasım xanı Şah Ali xan da öldüyündən Astarxan şahzadəsi adlanan Sayın Bulat Kasım xanları taxtına sahib olur. Atasına xatir İvan Qroznıya yaxınlaşır; Sayın Bulat onun İsveçlilərlə apardığı müharibədə iştirak edir. Hələ cavan olan İvan Qroznı özü qoşuna rəhbərlik edirdi; Sayın Bulat da daim onun yanında bulunurdu. 1567-ci ildə Kasım xanlığı taxtına əyləşir; 1573-cü ilədək xanlıq edir. Həmin ilin iyulunda şahzadə Sayın Bulat xristianlığı qəbul edib Simeon adını alır.1. Gənc Simeon Bekbulatoviç həmən knyaz Çerkasskinin dul qadını (bu xanım knyaz İvan Mstislavoviçin qızı Anastasiya idi) ilə evlənir. Indi artıq Sayın Bulatın, yeni Simeonun müsəlman Kasım xanlığına heç bir iddiası ola bilməzdi!

Qasım xanlığı 15 –ci əsrdə meydana gəlmişdi və mərkəzi də Oka çayı üzərində yerləşən Kasım şəhəri (müasir Kasimov) idi. Xanlığın birinci hakimi Qasım xan (1452-1469) olduğundan səltənət də, paytaxt da onun adıyla adlanırdı. Bu qədim şəhərin ilk adı Xan Kermen ("Xan şəhəri") olmuşdu. Lakin 1152-ci ildə Moskva knyazı Yuri Dolqoruki onu zəbt etdikdən sonra şəhər ta Kasimov olana qədər yerli xalqın adıyla - Mişer (mişer~mişar tatarlarının adıyla) adlanmağa başlayır.

Sayın Bulat – Simeon Rus taxt-tacına dəvət alarkən Xan Kermendə yaşayırdı. Onun Rus çarının yanında xidmətə başlaması ilə Kasım xanlığına Sibir xanları komandanından Kasım xanının nəvəsi Araslan xan keçir. O, Kuçumun ruslarla döyüşdə öldürülən oğlu Alinin oğludur. Kasımın sonuncu xanı Seyid Bürhan isə onun oğludur.

1575-ci ildə İvan Qroznı onu bütün Rusun Böyük Knyazı elan edir. Moskva çar taxtına əyləşdirir. Rus çarı təyin olunanadək həm də o, Boyar Dumasına rəhbərlik edirdi.

Əlbəttə, ruslar, rus tarixçiləri belə onun çarlığı haqqında susmağa üstünlük verirlər; tarix kitablarında bu barədə verilən məlumatlar isə bir maskaradın bəyanı təsiri bağışlayır. Təbii ki, rus hakim dinastiyasında da, hətta Rusiyanın adlı-sanlı məruf şəxsiyyətləri sırasında da onun adına heç bir yerdə rast gəlmək mümkün deyil. Bu faktın müəmmalı cəhəti odur ki, İvan Qroznının niyə belə etdiyinin əsil səbəbi də aşkar deyil və ya həmin səbəbi birbaşa açıqlayan "böyük səbəb" ortada yoxdur.

Lakin bu ad və bütün tarixi fakt tarixin özünün lal səhifələrindən birbaşa deyilməsə də həmin dövrün tarixi şəraiti bu barədə olan fikirləri müəyyən istiqamətə yönəldə bilir. Moskva Rusu (bu zaman o, Moskva dövləti-Moskva Rusu adlanırdı; Mərkəzi Rus dövləti hələ yaranmamışdı) Qızıl Orda imperiyasının xələfləri olan güclü xanlıqlar ilə mürəkkəb münasibətlər şəraitində yaşamaqda idi. Kazan və Astarxan xanlığı ləğv edilmişdisə də, Sibir və Kırım xanlıqları çox güclü idi. Moskva Rusu xüsusən Kırım xanlığından cəzana gəlmişdi. Bir az irəli gedək: İvan Qroznı özü və yaxın xələfləri əsrin sonunadək Sibir xanlığını itaətə gətirəcəkdilər; Kırım xanlığının isə işğalı və Rusiyaya isə düz 200 il sonra keçməsi işi II Yekaterina dövründə olacaqdı.

İvan Qroznı çox ehtimal ki, keçmiş Kazan xanlığı və qonşu Kasım xanlığı ilə yaxşı münasibətlərə əsaslanmaqla Kırımdan olan ardıcıl hücumlarını da bu hərəkətləri ilə önləmək istəyirdi. Cəsur və igid xan olan Dövlət Gəray Astarxan və Kazan xanlığının heyfini çıxmaq, daha doğrucu, onları geri almaq ümidi ilə Moskvaya olan tələbindən əl çəkmirdi. Nəzərə alaq ki, ələ keçirilən Kazan və Astarxan müsəlman ölkələri zorla xristianlığa gətirilməklə qanlı girdabda çırpınırdı. Dövlət Gəray hücum edib Moskvanı yandırdı. Qroznı həmin an canini zorla qurtarmışdi; xəzinəsini isə gah Novqorodda, gah Voloqdada gizlədirdi. Təhlükə böyük idi... Hər halda müasirlərinin fikrinsə, sehirbazlara, cadugərlərə bərk inanan çardan hər bir ağlasığmaz təşəbbüs və tədbirləri gözləmək mümkün idi. Onların nəhs falını öz üzərindən adlatdırmaq üçün hər halda "Yusif Sərrac" tapılmışdı. Qroznı hakimiyyətdən əl çəkir; onun heç bir işinə qarışmır. Bu fakt özlüyündə bir "oyun" olsa belə, hər halda İvan Qroznının gözündə Sayın Bulatın sədaqətli adam olması idi. Ivan Qroznı "şübhə azarında" çabalayaraq ən yaxınlarını edam etdirdiyi bir şəraitdə bu sədaqət bizim də gözümüzdə böyüyür, gözümüzü açmağa sövq edir.

Sayın Bulat ölkəni ədalətlə idarə edirdi. Deyirlər ki, o çarlığı nəhayət təhvil verib onun üçün udel verilmiş Tverə yola düşəndə xalq onu göz yaşları ilə yola salırdı; qarşılayan Tver əhalisi isə onun ədalətliliyini və rəhmdilliyini bildiyindən yeni hakimlərini sevinc və razılıq yaşları ilə qarşılayırdılar. Ardınca IV Ivan Simeon Bekbulatoviçə ayrıca Tver və Torjoku verməklə onun hakimiyyətini məhdudlaşdırırdı və ona "Tver böyük knyazı" titulu verir. 1584-cü ildə IV İvanın ölməsi ilə Sayın Bulatın çətin günləri başlanır. Hakimiyyətə keçmiş ayıq-sayıq adam olan Boris Qodunov çarlığa şərik kimi ondan ehtiyat edirdi. Buna görə də onun mal-mülkünü müsadirə etdirib, titullarından da məhrum etdirdi. Bu titul və şöhrəti, eləcə də torpaqlarını o Yalançı Dmitrinin vaxtında tamamilə itirir.

Rus əyanları yenə dinc oturmurdular. Onlar birdən-birə zühur edən, özünə İvan Qroznının uşaqkən faciəli şəkildə həlak olan oğlu Dmitrinin adını götürən bu "əldəqayırma" çardan yaxalarını qurtarmaq, rus taxtına əsil çar qanından olan nəfəri təyin etmək istəyirdilər. Onlar çar Simeon Bekbulatoviçi xatırladılar. Axı bu "xaçlanmış xan" bir vaxt İvan Qroznının öz iradəsincə Moskva taxtında oturdulmuşdu. Həm də Sayın Bulat da Yalançı Dmitrini bir çox adlı-sanlı rus əyanları kimi qanuni hökmdar hesab etmirdi. Xülasə, bu düşüncələr, örtülü planlar həyata keçmədən Yalançı Dmitriyə çatdırıldı. 25 mart 1606-cı ildə onu monaxlığa keçirdilər Monastıra sürgün etdirilən Simeon Bek Bulatoviçin gözləri tutulmuşdu. Yalançı Dmitri öldükdən sonra onun yerinə göz tikən Vasili Şuyski "köhnə padişah" Sayın Bulatı unutmamışdı; onu özünə rəqib görürdü. Rus tarixində ləkəli ad qoyub gedən Vasili Şuyski onun bir vaxtlar çar olduğundan bərk xofa düşmüşdü; odur ki, dərhal bu məhbəslər dustağını Solovkiyə göndərir, ailəsinə divan tutur. Sayın Bulatın altı uşağının altısını da (3 oğlan, 3 qız) öldürtdürür. Beləcə Çingiz xanın nəvəsi bədbəxt Sayın Bulatın 1616-cı iliin yanvarında ömrü başa çatır. Moskvadakı Simonov Monastırında dəfn olunur. Onun qəbrinin üstündə sadəcə "allah bəndəsi çar Simeon Bek Bulatoviç" yazılmışdır.

Bundan düz 25 il sonra həmin əsrin 40-cı illərində Simeon Bekbulatın sağ qalan nəvələri məhbəsdən azad olunur. Onlardan biri gələcək çar yeniyetmə Pyotrun müəllimi - komandiri olmuşdur. Onun rotası, şəxsən özü 1711-ci il Purut savaşında Pyotru və arvadı Yekaterinanı labüd olan biabırçı əsirlikdən azad etmişdi. Ivan Bulatov (Sayın Bulatın nəvələri rəsmən Bulatov soyadını götürmüşdülər; bulat "naxışlı qədim Asiya poladı"; polad qılınc, möhkəm, etibarlı; türk dillərində bulat, bolat, polad, pulat şəkillərində işlənilir (bax: Radlov 4. 1278, 1374) 1738-ci ildə feldmarşal Minixin komandanlığı altında Kırıma hərbi yürüş əsnasında ölmüşdür. Onun da oğlu Leonti 1741-ci ildəki Pyotrun qızı Yelizavetanının xeyrinə saray çevrilişində iştirak edir və sonra 7 illik müharibədə həlak olur. Onun oğlu Mixail isə dekabrist Bulatovun atasıdır. Məşhur dekabrist Bulatovla isə bu şəcərənin daha bir yeni və mənalı ömrü başlanır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Minaxanım Təkləli, Türk əsilli görkəmli şəxsiyyətlər,
  • Лилеев Н.В. Симеон Бекбулатович хан Касимовский, Великий князь Всея Руси, впоследствии Великий князь Тверской. 1567-1616 гг. (исторический очерк) Тверь, 1891: (Тип. Губерн. Правления). - 126 с.

İstinadlar[redaktə | mənbəni redaktə et]