Simfonik muğam — Vikipediya

Simfonik muğam — Azərbaycan musiqisinin bir janrı. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Janrın əsası Üzeyir Hacıbəyovun ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dəfə olaraq Avropa opera janrı ilə birləşdirilmişdi. "Leyli və Məcnun" operasında Heyratı (Nofəlin partiyası) və Arazbarı zərbi muğamlarından istifadə buna misaldır. Ü. Hacıbəyovun "Aşıqsayağı" kamera-instrumental əsəri də muğam-improvizasiya üslubunda yazılmışdır. Ü. Hacıbəyovun, Müslüm Maqomayevin öz əsərlərində simfonizmi fəal surətdə Azərbaycan musiqisinə gətirmələri, həmçinin simfonik janrda yazan yeni bəstəkar nəslinin (Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov və b.) yetişməsi simfonik muğamın yaranmasına rəvac verdi.

İlk simfonik muğamlar 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılmış "Şur" və "Kürd ovşarı" idi. F. Əmirov bu əsərlərində muğamlardan geniş istifadə etmiş, onlara öz müəllif konsepsiyasını verərək yeni emosional məzmuna nail olmuşdur. O, əsl muğamın kompozisiya strukturunu saxlamış, bəzi hallarda xalq mahnılarından da istifadə etmişdir.[1]

Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərbaycan bəstəkarı bu janra müraciət etmişdir.[2][3][4]

Simfonik "Şur"[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Şur (simfonik muğam)

Xanəndələr tərəfindən ifa olunan şifahi ənənəli Şur muğamında bu şöbələr var: Bərdaşt, Mayə, Zəmin-xarə, Şur-Şahnaz, Bayatı-Qacar, Şikəsteyi-Fars, Simayi-Şəms, Hicaz, Sarənc, Nişibi-Fəraz. Fikrət Əmirov isə simfonik muğamda əsas şöbələrdən istifadə edir: Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms. Bunların arasında təsnif və rənglərin melodiyaları da verilir. Şur simfonik muğamının musiqili-obrazlı məzmununu əsasən lirika təşkil edir. Şur simfonik muğamı əzəmətli xarakterli müqəddimə ilə başlayır. Xanəndələrimiz ona Bərdaşt deyirlər. Simfonik Şurda müqəddimənin intonasiyalarında başlanğıc və kadensiyalı ifadələrin rolu olduqca önəmlidir.

Müqəddimədən sonra gələn əsas bölmə (muğam ifacılığında ona Mayeyi-Şur deyilir) müqəddimənin kulminasiya nöqtəsindən başlanır. Beləliklə, müəyyən məsafədə, zəncirvari intonasiya əlaqəsi yaradılır.

Ən əvvəl litavrların zərbləri və kontrabasların (pitsikato- yəni barmaqla) üsulu fonunda bas klarnet bu mövzunu davam etdirir. Mövzu Şur təsnifindən götürülmüşdür. Xanəndələrin ifasında bu təsnif çox səsləndirilmiş və radionun fonduna salınmışdır. Sonra isə mövzu simli alətlərin, qoboyun və nəhayət, bütün orkestrin ifasında səslənir. Müqəddimənin orta hissəsi isə sərt koloritiilə seçilir. Bundan sonra yenidən birinci mövzu keçir. Bu mövzu təkcə bir dəfə ifa olunur. Bəzi musiqişünaslar həmin mövzunun bəstəkarın özünəməxsus əlavəsi olduğunu iddia edirlər.

Bu simfonik muğamda F. Əmirov 2 xalq mahnısının ("Ay qadası" və "Evləri var xanə-xanə") melodiyasından istifadə edib. Simfonik muğamın zil şöbəsi olan Simayi-Şəms ciddi vəznə əsaslanmışdır. Bu zərbi-muğam Şurda kulminasiyanı əvəz edir, melodiyanı isə ksilofon aparır. Beləliklə, "Şur" simfonik muğamı iri bölmələrdən ibarət süitaya bənzəyir.

Simfonik "Kürd ovşarı"[redaktə | mənbəni redaktə et]

F. Əmirovun dilogiyanın ikinci əsəri kimi təqdim etdiyi "Kürd ovşarı" simfonik muğamı zərbi-muğam üslubundadır. Bir növ şifahi ənənəli professional musiqidə "Ovşarı"nı xatırladır.

"Kürd ovşarı" simfonik muğamı dörd bölmədən ibarətdir: Ovşarı, Şahnaz, Kürdi, Maani. Burada yalnız bir təsnif melodiyası var. Ovşarının epizodları Şurdan götürülmüşdür. "Şahnaz" bölməsi Şur muğamı üstündədir. Bütün "Şahnaz" bölməsinin ən yüksək nöqtəsi Şur muğamından alınmış "Şur-Şahnaz"ın materialı əsasında qurulmuşdur. Lakin bu material bir qədər yeniləşdirilib, daha da ifadəli şəklə salınıb. Bu zaman qoboyun improvizasiyası "Şahnaz" bölməsini tamamlayaraq növbəti olan "Kürdi" bölməsinə gətirir. Fikrət Əmirov bu melodiyanı son dərəcə koloritli şəkildə orkestrləşdirərək onu da zənginləşdirmişdir. Qetd etmək lazımdir ki, "Kürdi" toy melodiyasına əsaslanan kiçik bir bölmədir. "Maani" isə zərbi- muğamdır. Bu da simfonik muğamda son bölmədir. "Maani" bayramsayağı marşdır. Koda isə burada bütün dulogiyanın inkişaf xəttini cəmləşdirərək, obrazlı- emosional məzmununu sonda bir daha təsdiq edir.[5]

Simfonik Gülüstan Bayatı Şiraz[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Gülüstan-Bayatı-Şiraz

Bu əsərdə, əvvəlki iki simfonik muğamlardan fərqli olaraq, muğamla aşıq melodiyaları ilə qovuşdurulmuşdur. Xalq musiqisinin müxtəlif janrlarını sintezləşdirməsi cəhdi "Bayatı-Şiraz" muğamını nəzərə çarpacaq dərəcədə zənginləşdirdi və ona parlaq konsert cizgiləri gətirdi. Əvvəlki nümunələrdən fərqli olaraq burada muğamın quruluşu klassik forma və kompozisiya xüsusiyyətləri ilə daha üzvi surətdə əlaqələndirilir.[6]

Örnəklər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Üzeyir Hacıbəyov ensiklopediyası — Simfonik muğam
  2. "Muğam Ensiklopediyası — Simfonik muğam". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-31.
  3. "Имруз Эфендиева. Мугам и композиторское творчество. Журнал İRS №2–3 (20–21), 2006" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-06.
  4. "Назим Миришли. Мугам и композиторское творчество. "Harmony" международный музыкальный культурологический журнал". 2019-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
  5. Arzu Quliyeva — Fikrət Əmirovun simfonik muğamları Arxivləşdirilib 2016-07-31 at the Wayback Machine. "Qobustan" jurnalı.
  6. İnara Məhərrəmova. Fikrət Əmirovun simfonik muğamlarının bəzi üslub xüsusiyyətləri Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
  7. "Əfrasiyab Bədəlbəylinin arxiv fondu". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]