Susəpən bayramı — Vikipediya

Susəpən bayramı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad bölgəsində yayın girməsi ilə əlaqədar keçirilən bayram mərasimi

Mahiyyəti və adətlər[redaktə | mənbəni redaktə et]

Xalq təqviminə uyğun olaraq Azərbaycan xalqının qışın və yazın qarşılanması üçün mərasim (çillə) və bayram (Novruz) qeyd edərlər. Son dövrün araşdırmalarından və toplanmış etnoqrafik çöl materiallarından məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “Susəpən” mərasimi qeyd edilərdi. İyun ayının 21-də yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsində Gilançay vadisinin yuxarı hissəsində “Susəpən” adlı mərasim keçirirdilər. Mərasim zamanı ətraf kəndlərin insanları da şənliyə qoşulardı. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edirdilər. Ziyarət üçün əvvəlcədən hər cür hazırlıq işləri görülürdü. İnanc yerlərinə gedərkən yol boyu insanlar bir birinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqayaya abidəsinə doğru üz tutardılar. Əsl şənliklər burda başlanılırdı. Xüsusi bayram yeməkləri hazırlanır, at yarışları, yallı və s. oyunlar keçirilirdi. Küsülülər məclisə gətirilərək barışdırılırdı.

Günəşin qarşılanması mərasimi[redaktə | mənbəni redaktə et]

XX yüzilliyin 80-ci illərinə qədər mövcud olan bu mərasimin məclisi gecədən səhərə qədər davam edirdi. Maraqlı məsələlərdən biri yayın ilk günü ayın 22-si insanların Gəmiqaya ətrafına yığışıb Günəşi qarşılaması idi. Mərasim iki gün qeyd edilərdi. Bayramın ikinci günü birinci günə nisbətən daha təmtaraqlı və adamların çoxluğu ilə seçilərdi. Mərasimdə iştirak edənlər Günəş doğmamış qayalarda olan şehi üzlərinə sürtərdilər. Sonra Gözəllər adlanan çeşmədən su götürər və bu suyu müqəddəs hesab etməklə, növbəti ilin həmin vaxtına qədər saxlayar, bərəkət və sağlamlıq vasitəsi kimi istifadə edərdilər. Həmin gün götürülən suya inam var. Su ilə təmizlənmə, çiləşmə, suya tapınma Naxçıvanda “axır çərşənbə”nin səhərisi günü həyata keçirilir. Mərasim ancaq Gəmiqayada məhz yay girəndə keçirilir. Bayramın «Su səpən» adlandırılması, burada icra edilən adət və inanclar, mərasimin genetik cəhətdən Azərbaycan türklərinə bağlandığını ciddi şəkidə sübut edən amillərdəndir. Çünki hansı adətə, ənənəyə, inanc sisteminə nəzər salsaq orda Azərbaycan türklərinə bağlılıq görürük.

Qurban kəsmə[redaktə | mənbəni redaktə et]

Mərasim yayın ilk günü axşama qədər davam edərdi. Mərasimdə Gəmiqayanın dörd tərəfində qurban kəsərdilər və kəsilmiş qurbanları qohumlara, qonşulara, kimsəsizlərə paylayardılar. Dörd tərəfə qurban kəsmək Bilqamıs dastanında da rast gəlinir.

Nuh peyğəmbər bağlılığı[redaktə | mənbəni redaktə et]

AMEA-nın müxbir üzvü Hacıqadir Qədirzadə yazır ki, “Susəpən” mərasiminin Nuh Peyğəmbərlə bağlı­lığı vardır, ancaq o, bir tərəfdən astronomik təqvimlə də səsləşir. Onu da qeyd edək ki, bu mərasim haqqında ilk məlumat elmi ədəbiyyata Hacıqadir Qədirzadə tərəfindən daxil edilib.[1]

Oxşar adətlər[redaktə | mənbəni redaktə et]

Bəhs olunan mərasimlə bağlı digər türk xalqlarında da oxşarlıq mövcuddur. Çuvaşlarda bu mərasimə bənzəyən “Tarla Qurban” adlı mərasim vardır. Mərasim zamanı insanlar yayın başlanğıcında su kənarlarına toplaşıb göyə qurban verərdilər. Mayya mədəniyyətinin daşıyıcıları da müasir təqvimlə iyun ayının 22-də yəni ən qısa yay gecəsində qurbanvermə mərasimi keçirərdilər.[2] Mərasim başa çatanda camaat yenidən çiləşə-çiləşə geri dönər, bununla da mərasim bitmiş olurdu.

Tədqiqi tarixindən[redaktə | mənbəni redaktə et]

“Susəpən” mərasimi haqqında ilk məlumat elmi ədəbiyyata AMEA-nın müxbir üzvü H.Q.Qədirzadə tərəfindən daxil edilmişdir. Hacı Qadir Qədirzadə araşdırmalarında yazır ki, vaxtilə Ordubad rayonunda Gilançayın sahilindəki yaşayış məntəqələrinin sakinləri yayda Gəmiqaya istiqamətinə üz tutaraq bir-birini sulayarmışlar. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevin fikrincə, Susəpən mərasimi Nuh peyğəmbərlə əlaqədar olub və Novruz bayramı günlərində qeyd edilib. O, ədəbiyyatşünas, tanınmış maarif xadimi Lətif Hüseynzadənin (1903-2008) arxivində araşdırma apararkən bu mərasim haqqında maraqlı məlumatlara rast gəldiyini deyir: “Mənbədə qeyd olunur ki, Susəpən ayini başlamazdan əvvəl Əlincəqaladan “Nuhdaban” adlı daş Naxçıvan şəhərinə, Nuhun məqbərəsinə gətirilər, sonra Novruz mərasimlərinə start verilərmiş. Bayram tədbirləri yekunlaşandan sonra həmin daş yenidən Əlincəyə, əzəli məkanına qaytarılarmış. Bu ayin 1920-ci illərə qədər yüksək şövqlə qeyd edilib”.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yayla bağlı təqvim adəti - susəpən bayramı. "Şərq qapısı" qəzeti, 22.06.2016-cı il[ölü keçid]
  2. "Yay fəsli ilə bağlı təqvim adəti – susəpən bayramı, "Şərq qapısı" qəzeti, 21.06.2014". 2014-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
  3. "Yunisli F. Novruz bayramı ortaq mənəvi dəyər kimi, Mədəniyyət.- 2014.- 7 mart.- S. 13". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.