Torpaq — Vikipediya

torpaq

Torpaqyer qabığının bitki bitən üst münbit qatı.

Tərifi[redaktə | mənbəni redaktə et]

Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir".[1]

O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir.

Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir".

Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007).

Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir. Bu qatlar mikroorqanizmlərin təsirilə parçalanaraq çürüntü təşkil edən maddələri əmələ gətirir. Həmin çürüntü köklərlə birlikdə torpağın rəngini tündləşdirir. Alt qatlarda çürüntü və bitkilərin kökİəri nisbətən azalır. Ona görə də alt qatlarda torpağın rəngi üst qatdan açıq olur. Torpağın alt qatlarında, adətən, qum, gil və daşlar olur. Hər bir torpaqda çürüntü vardır, bununla da o, dağ süxuru, qum və ya gildən fərqlənir.

Tərkibində çürüntü çox olan torpaqların rəngi qara olur. Belə torpaqlar qaratorpaq adlanır. Qaratorpaq rütubəti yaxşı saxlayır, tərkibində qida maddələri çox olur. Çürüntü maddələri ilə zəngin olan torpaq münbit sayılır. Münbit torpaqlardan həmişə yüksək və sabit məhsul əldə edilir.

Tərkibi Torpaq tərkibinə görə mürəkkəbdir. Bunu aşağıdakı təcrübələrlə sübut etmək olar. Əgər bir parça qaratorpağı alovda közərtsək, onun tərkibində olan bitki qalıqları, çürüntülər yanacaq, yerdə torpağın bir qədər açıq rəngli külü qalacaqdır. Deməli, torpağın qara olması onun tərkibindəki çürüntünün miqdarından asılıdır.

Təcrübəni davam etdirək. Közərdilmiş torpağın bir hissəsini stəkana töküb, üzərinə su əlavə edək. Bu suyun rəngi bulanacaqdır. Bulanmış suyu başqa stəkana süzüb kənara qoyaq. Əvvəlki stəkanın dibindəki çöküntünü bir neçə dəfə yusaq, onun dibində təmiz qum qaldığını görərik. Bulanıq su tökülmüş stəkanı bir neçə saatdan sonra nəzərdən keçirsək, suyun durulduğunu və gilin stəkanın dibinə çökdüyünü müşahidə edərik. Deməli, torpağın tərkibində çürüntüdən başqa qum və gil də vardır. Suyu bulandıran da gildir.

İndi yenə közərdilmiş torpağın qalan hissəsini stəkana töküb üzərinə su əlavə edək və su durulana qədər gözləyək. Durulmuş suyu başqa təmiz bankaya boşaldıb süzgəc kağızından süzək. Alınmış suyu çini qaba töküb buxarlandıraq. Su buxarlanıb qurtardıqdan sonra qabın dibində ağ rəngdə ərp qalacaqdır. Bu, torpaq suyunda həllolmuş və süzgəc kağızından süzülən duzlardır. Torpaqda həmçinin su və hava da vardır. Suyun olmasını əl ilə hiss etmək olar. Əgər suya bir parça quru torpaq atsaq, ondan hava qabarcıqları çıxmağa başlayacaqdır. Bu da torpağın içərisindəki havadır. Deməli, torpağın tərkibində çürüntü, qum, gil, mineral duzlar, su və hava vardır. Onların miqdarı ayrı-ayrı torpaqlarda müxtəlifdir.

Çürüntü çox olan torpaqlar münbit torpaqlardır'. Qum çox olan torpaqlar qumlu, qumsal, gil çox olan torpaqlar isə gilli torpaqlar adlanır.

Torpağın tərkibində su çox olduqda bataqlığa çevrilir, mineral duzlar çox olduqda şoranlaşır, əkin üçün yararsız olur. Respublikamızın bəzi düzənlik rayonlarında torpağın tərkibində xörək duzu və başqa duzlar da həddindən çoxdur. Həmin duzlar mədəni bitkilər tərəfindən mənimsənilir və bitkiyə mənfi təsir göstərir. Belə sahələr əkin üçün yararsızdır. Şoran torpaqları yararlı hala salmaq üçün geniş meliorasiya işləri görülür. Bu məqsədlə şoranlaşmış torpaqlarda dərin kanallar çəkilir, torpaqdakı artıq duzlar yuyularaq həmin kanallar vasitəsilə axıdılır.

Münbit torpaq qatı uzun illər ərzində ona, müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlir. Ona görə də torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Belə ki, meşələrin qırılması, çəmənlikİərin düzgün istifadə edilməməsi torpağın aşınmasma, yəni onun münbit qatının su və külək vasitəsilə yuyulub aparılmasına səbəb olur.

Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda törpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2–3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır.

Əsrlər və min illər ərzində yaranan torpaq bizim təbii sərvətimizdir, insanın ərzaq məhsullarının, heyvan qidasının, sənaye üçün alınan xammalın əsas mənbəyidir. Torpağı qorumaq və onun məhsuldarlığını artırmaq hamının borcudur.

Torpağın qranulometrik tərkibi və ya mexaniki tərkibi- (lat. Granulum — dənəcik) – Torpağı təşkil edən (diametrinə görə) müxtəlif ölçülü hissəciklərin faiz, yaxud çəki ilə ifadə olunan nisbi miqdarı. Torpağın qranulometrik elementlər adlanan ayrı-ayrı hissəcikləri bir neçə fraksiya təşkil edir: 10 mm-dən iri hissəciklər daşlar, 10–5 mm-lik iri çınqıl, 5–3 mm-lik xırda çınqıl, 3–1 mm-lik iri qum, 1–05 mm-lik orta qum, 0,5–0,25 mm-lik narın qum, 0,25–005 mmlik tozlu gil, 005–0,01 mm-lik narın gil, 0,01–0,005 mm-lik iri toz, 0,005–0,001 mm-lik narın toz və 0,001 mm-dən kiçik hissəciklər isə lil adlandırılır. Bu fraksiyaları əksər hallarda qruplaşdırıraq 2 yerə ayırırlar: 0,01-dən kiçik hissəciklər – "fiziki gil"", 001-dən böyük hissəciklər "fiziki qum". Torpağın qranulometrik tərkibi onun müxtəlif fiziki təsirlərə münasibətini (qranulometrik və aqreqat tərkibi, strukturu, həcm kütləsi, məsaməliyi, hava, su, istilik, elektrik, radioaktivlik və s.) müəyyən edən xassələrdir. Torpağın qranulometrik tərkibi Azərbaycan Respublikası torpaqlarında çox geniş diapazonda – qumdan ağır gilli tərkibə kimi dəyişir. Torpağın qranulometrik tərkibində bitkiçilikdə və əkinçilikdə çox böyük elmi-təcrübi əhəmiyyətə malikdir.[2]

Torpaq müxtəlifliyi[redaktə | mənbəni redaktə et]

Tərkibindəki maddələrin miqdarına əmələgəlmə şəraitinə görə torpaq müxtəlif tiplərə ayrılır. Torpaq əmələ gətirən amillər hər hansı birinin dəyişməsi ilə torpağın xüsusiyyətləri də dəyişir. Odur ki, müxtəlif ərazilərin torpaqları da bir-birindən fərqlənir. Toprpaqlar təbii zonalar və relyefin hündürlük fərqinə görə müxtəlif cür yayılmışdır.

Hər bir təbii zonanın özünəməxsus təbiəti olduğundan onların xüsusi torpaq örtükləri də olur. Torpaqlar yer kürəsində aşağıdakı qanunuyğunluqla yayılmışdır:

  • Ekvatorial meşələrdə və musson meşələrində qırmızı-sarı ferralit (lat. ferrium-dəmir) və laterit (lat. kərpic) torpaqlar geniş yayılmışdır. Günboyu yağan yağışlar torpağı yuyub maqmatik ana qayanı üzə çıxarır. Tərkibində alimininum və dəmir birləşmələri çox olan ana qaya torpağa qırmızı rəngi verir. Qırmızı torpaqlar buna görə də dəmirlə zəngin olur.
  • Qarışıq meşələrdə çimli-podzol torpaqlar geniş yayılıb.
  • Savannalarda qırmızı-qonur torpaqlar yayılıb.
  • Çöl zonasında ən münbit — qara torpaqlar geniş yayılıb. Bu torpağın belə münbit olmasının əsas səbəbi tərkibində humusun çox olmasıdır. Belə ki, birillik ot bitkiləri bitən çöllərdə bitkilər tezliklə çürüyüb torpağa qarışır. Və bu da torpağa qara rəngi verir.
  • Quru çöllər — nisbətən quru çöl və ya meşə-çöllərdə şabalıdı torpaqlar yayılıb.
  • Səhra və yarımsəhralar — belə zonalarda canlılar və rütubət az olduğundan torpaqda humus miqdarı çox azdır. Belə torpaqlar münbit deyil.
  • Codyarpaqlı meşə zonasında(Aralıq dənizi tipli) — qəhvəyi torpaqlar
  • Enliyarpaqlı meşələrdə isə torpaq qəhvəyi və ya qonurdur.
  • İynəyarpaqlı(tayqa) meşələrində münbit olmayan podzol(küləçalan) torpaqlar yayılıb.
  • Tundra və meşə tundrada qleyli torpaqlar yayılıb. Havanın yüksək rütubətli olması torpaqda nəmi artırır. Torpaq gilləşir və sıxlığı artır. Belə torpaqlar yapışqan olur və münbit deyil.

Dağlarda, qütb səhralarında torpaq olmur. Burada bəzən nazik təbəqə şəklində torpaqlar da yaranır ki, bu torpaqlar da ibtidai torpaqlar adlanır.


Torpaqəmələgəlmə[redaktə | mənbəni redaktə et]

Torpaqəmələgəlmədə canlı orqanizmlərin, ilk növbədə yaşıl bitkilərin və mikroorqanizmlərin xüsusi rolu var. Onların fəaliyyətinin təsiri altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə bağlı əhəmiyyətli proseslər, o cümlədən bitki qidasının əsasını təşkil edən küli elementlərin və azot birləşmələrinin konsentrasiyası, üzvi maddələrin sintezi və parçalanması, bitkilərin və mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulları ilə dağ süxurlarının mineral birləşmələrinin qarşılıqlı təsiri və s. baş verir.[1]

Torpaqəmələgəlmənin bioloji mahiyyətinin dərk edilməsində V. R. Vilyams və V. İ. Vernadskinin xüsusi xidmətləri olmuşdur. İqlim şəraitinin, bitki örtüyünün, dağ süxurlarının və relyefin müxtəlifliyi və ayrı-ayrı ərazilərin yaşındakı fərqlər torpaqların təbiətdə müxtəlifliyini şərtləndirir. Onların yayılmasının cöğrafi qanunauyğunluqları torpaqəmələgətirən amillərin ahəngi ilə müəyyən olunur.

Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu qanunauyğunluqlar iqlim və bitki örtüyünün zonal dəyişikliyi ilə əlaqədardır. Bu cəhət torpaqların üfüqi və şaquli zonallıq qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq örtüyünün xüsusiyyətləri ilk növbədə relyefin, ana süxurun tərkib və xassələrinin torpağın iqliminə, bitki və torpaqəmələgəlməyə təsiri ilə bağlıdır.

Özünün xüsusi keyfiyyəti sayəsində torpaq üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın həm məhsulu və həm də elementi – xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi təbiətinin inkişafında əhəmiyyətli mühit kimi çıxış edir. Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji mübadiləsi halında olan torpaq örtüyü bütün bu sferalar arasında Yerdə təşəkkül tapmış və özünün çoxçeşidli formalarında həyatın inkişaf və mövcudluğu üçün zəruri olan müvazinətin saxlanmasında əvəzsiz şərt kimi çıxış edir.

Münbitlik xassəsinə malik olmaqla torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edir. Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan torpaqların xassələrinə, rejimlərinə və münbitliyinə, həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə bilavasitə təsir etməklə torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir; meşələrin salınması və qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii bitkiliyin görkəmini, qurutma və suvarma isə ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın becərilməsi, gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, gipsləmə və s.) də torpaqlara az təsir göstərmir. Nəticə etibarilə, torpaq təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni zamanda bu əməyin məhsuludur. Beləliklə, torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir.

Torpaq suyu[redaktə | mənbəni redaktə et]

Torpaq çoxfazalı və polidispers sistem kimi suyu udma və özündə saxlama qabliyyətinə malikdir. Torpağın tərkibində həmişə müəyyən miqdarda su olur. Su torpağa atmosfer yağıntıları, qrunt suyu, suvarma və su buxarının kondensasiyası vasitəsilə daxil olur. Dəmyə əkinçiliyində əsas su mənbəyi atmosfer yağıntılarıdır. Torpaqda baş verən bioloji, kimyəvi və fiziki-kimyəvi proseslərin intensivliyi, torpaq daxilində maddələrin hərəkəti, torpağın su-hava, qida və istilik rejimləri, onun fiziki-mexaniki xassələri, yəni torpaq münbitliyinin vacib göstəriciləri torpaqdakı suyun miqdarından asılıdır. Beləliklə, torpaq suyu bitkinin inkişafına bilavasitə və dolayısı ilə təsir göstərir. Torpaqda kifayət qədər su olanda bitki normal inkişaf edir. Suyun həm qıtlığı, həm də izafi çoxluğu bitkinin məhsuldarlığını aşağı salır. Bu halda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə yönəlmiş müxtəlif aqronomik tədbirlər (gübrələmə, əhəngləşdirmə və s.) səmərəsiz olur. Bitkilərin su təminatı təkcə torpağa daxil olan suyun miqdarından deyil, torpağın su xassələrindən, torpağın suyu udma, süzmə, özündə saxlamaq və bitkinin tələbinə uyğun olaraq ona çatdırmaq qabiliyyətindən də asılıdır. Ona görə də eyni iqlim şəraitində, eyni qayda ilə becərilən və hamar səthə malik sahələrdə suyun torpaqdakı miqdarı müxtəlif ola bilər.

Torpağın su xassələri və su rejimi[redaktə | mənbəni redaktə et]

Su torpaqda üç formada olur: bərk (buz), maye, buxarşəkilli.

Bərk su – buz – maye və buxarşəkilli suyun potensial mənbəyidir. O, mənimsənilən suyun ehtiyat mənbəyi olsa da bitkilər tərəfindən bilavasitə istifadə olunmur. Buz 0 C-dən yuxarı temperaturda maye və buxarşəkilli şəkilə keçir.

Buxarşəkilli su torpaq havasının tərkibində, tərkibində su olmayan məsamələrin daxilində olur. Torpağa su buxarı atmosferdən daxil olur və torpaqda maye suyun buxarlanması nəticəsində yaranır. O, torpaq profilində havanın hərəkət cərəyanına qoşularaq və ya buxarın təzyiq qradiyentinə uyğun olaraq diffuzion şəkildə hərəkət edir.[3]

Kənd təsərrüfatında[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi torpaq aşağıdakı mühüm xüsusiyyətləri ilə səciyyələnir: torpaq əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq olmaz; torpağın yerini dəyişmək olmaz; torpağa məxsus xüsusiyyət yalnız onun münbitliyidir. Bu xüsusiyyətlər torpaq resurslarına son dərəcə diqqətli yanaşmağı və daim torpaqların münbitliyinin artırılması qayğısına qalmağı tələb edir.

Bedlend (ing. — "pis torpaqlar") — səhra və yarımsəhra zonalarda gilli torpaqların külək və sular tərəfindən eroziyası nəticəsində yaranan əkinəyararsız ərazilərdir.

Torpaqdan istifadə[redaktə | mənbəni redaktə et]

Qısa tarixi məlumat[redaktə | mənbəni redaktə et]

Şirvan və Muğan çöllərinin torpaqlarını keçmişdə yerli əhali ənənəvi olaraq köçəri heyvandarlıq üçün istifadə edirdilər. Bu yerlərdə qış otlaqları mövcuddur, yayda isə sürü yuxarı, Dağlıq Şirvanın ərazisinə qalxırdı. Sovet hakimiyyəti gəldikdən sonra, keçən əsrin 30-cu illərində, köçəri həyat tərzi ləğv olundu, bu yerlərdə kolxozlar yarandı. Məs. 1930-cu illərdə Şirvan Milli Parkının indiki ərazisində "Bəşirrabad" kolxozunun pambıq tarlaları idi. Ərazi irriqasiya kanalları vasitəsilə suvarılırdı, onların izləri park ərazisində indi də qalır. Ancaq, intensiv suvarma nəticəsində torpağın şoranlaşması baş verdi, 60-cı illərdə torpaq öz məhsuldarlığını itirdi və bu yerlərdə pambıq və tərəvəz bitkiləri əkməkdən imtina olundu. Əkilən yerlər ancaq Yenikənd kəndinin ətrafında qaldı. Salyan rayonunun 16 000 ha ərazisini kolxozlar otlaq kimi istifadə edirdilər.1969-cu ildə bu otlaqlar Şirvan Qoruğu kimi qeyd alındı.[4]

Kənd təsərrüfatının inkişafı[redaktə | mənbəni redaktə et]

Tarixi olaraq Şirvan Milli Parkı regionu kənd təsərrüfatı regionudur.SalyanNeftçala rayonlarında kənd təsərrüfatında üstünlük taxılçılığatərəvəzçiliyə verilir, bəzi yerlərdə meyvəçilik və heyvandarlıq inkişaf edir. Kiçik kənd təsərrüfatı müəssisələri vardır. Qeyd alınmış fermer təsərrüfatlarının sayının az olmasına baxmayaraq, insanlar kənd təsərrüfatı vasitəsilə yaşayırlar. Xəzər dənizinin səviyyəsi qalxdıqdan sonra, Neftçala rayonunun sahil zonası ərazilərinin xeyli hissəsi su altında qaldı, böyük ərazilər kənd təsərrüfatı dövriyyəsindən çıxdı. Qeyd etmək lazımdır ki, torpaq reformasiyasından (1996 il) sonra əkin yerlərinin sahəsi Azərbaycanda və o cümlədən Salyan və Neftçala rayonlarında, 1999-ı ilə qədər azaldı. Hazırda əkilən yerlərin sahəsi sürətlə çoxalır və sovet dövründəkinə yaxınlaşır.

Demokrafik şərait[redaktə | mənbəni redaktə et]

Şirvan Milli Parkı əsasən Salyan və Neftçala inzibati rayonlarının torpaqları ilə əhatə olunmuşdur. Bu rayonlarda müvafiq olaraq 116000 və 74000 əhali yaşayır. Müvafiq olaraq rayonların əhalisinin sıxlığı 64 və 51 nəfər/ km² təşkil edir. Hazırda Salyan rayonu əhalisinin 34%-i, Neftçala rayonu əhalisinin isə 44%-i şəhərlərdə yaşayır.[5]

Neft sənayesi[redaktə | mənbəni redaktə et]

Şirvan Milli Parkının ərazisində Şirvan Qoruğunda və parkın ətraflarında Babəzən və Cənubi Kürsəngidə neft istehsal olunur.[6]

Kommunikasiyalar[redaktə | mənbəni redaktə et]

Şirvan Milli Parkının qərb tərəfindən Bakı-Astara avtomobil yolu keçir, hazırda onun genişləndirilməsi gedir və bu beynəlxalq əhəmiyyətli Bakı-Tehran yoluna çevriləcəkdir. ŞMP-nin ərazisindən arzu olunmayan yüksək gərginlik elektrik xətləri keçir. Burada əvvəlcədən çəkilmiş kanallar və kollektor mövcuddur. Şirvan Milli Parkının, bizim şərti olaraq qəbul etdiyimiz ətrafı ilə birlikdə 764000 ha təşkil edir. Bu ərazidə 20 yaşayış məntəqəsi (kənd, qəsəbə və s.) yerləşib və 30000 yaxın əhal yaşayır və bu da Salyan və Neftçala rayonlarının cəmi əhalisinin 16%-dir.

Kimyəvi tərkibi[redaktə | mənbəni redaktə et]

Mikroskop altında torpağın görünüşü

Şəraitdən asılı olaraq, məhlulun daxilində birləşmələr dissosiasiya olunursa, bu halda ayrı-ayrı ionlar torpaq tərəfindən udula bilər. Əgər torpaq tərəfindən kimyəvi reaksiya nəticəsində ancaq kationlar udulmuş olursa və bu reaksiya müəyyən fiziki qüvvə altında keçirsə, belə udulmaya torpağın fiziki-kimyəvi udma qabiliyyəti deyilir. Aşağıda yazdığımız reaksiya bunu aydınlaşdıra bilər:

[torpaq] Ca + 2Na Cl = [torpaq] Na + Ca Cl2

Fiziki kimyəvi udma qabiliyyətinin bir xüsusiyyəti var, dəyişmə reaksiyası nəticəsində torpaq ilə məhlulun kationları bir-birini əvəz edir. Bu reaksiya ilə udulan kationlara "dəyişmə" kationları və yaxud "udulmuş" kationlar deyilir. Xüsusən qeyd etmək lazımdır ki, udma prosesində torpağın bütün kütləsi iştirak etmir. Udma prosesini yaradan torpaqda olan ən narın kolloid zərrəcikləridir.

Bu kimi kolloid zərrəciklərə torpağın "udma qabiliyyəti" deyilir. Bu kompleksin ən səciyyəvi əlaməti, özündə olan kationu məhlulun kationu ilə əvəz etmə qabiliyyətidir. Tərkibcə udma kompleksi çox müxtəlif kimyəvi birləşmələrdən ibarətdir. Buraya istər mineral və istərsə üzvi kalloidlər daxil edilir. Bu səbəbədən də buna kompleks adı verilmişdir. Müxtəlif torpaq tiplərində udma kompleksinin miqdarı çox müxtəlif olur. Belə ki, bəzi torpaqlarda udma kompleksi çox yüksək, bəzilərində isə çox az olur. Narın zərrəli, gilli, gillicə və üzvü maddələrlə zəngin torpaqlarda udma kompleksinin miqdarı yüksək, qumsal humus maddəsi az olan torpaqlarda isə udma kompleksinin miqdarı az olur.[7]

Torpaq örtüyünün dəyişilməsi və onun səhralaşmaya təsiri[redaktə | mənbəni redaktə et]

Arid və semiarid landşaftlarda səhralaşma prosesinin inkişafı bilavasitə torpaq örtüyünün intensiv mənimsənilməsi, deqradasiyası, məhsuldarlığının aşağı düşməsi ilə bağlıdır. Kiçik Qafqazın şimal-şərq yamacında torpaq örtüyünün formalaşması və inkişafı landşaftın digər komponentləri kimi şaquli qurşaqlığa tabedir. Dağətəyi zonadan yüksək dağ zirvələrinə doğru allüvıal çəmən, boz-qonur, şabalıdı və onların müxtəlif şorakətli, şoran, dağ qara torpaqları, dağ-qəhvəyi meşə, dağ-qonur meşə, dağ çəmən torpaqları-bir-birini əvəz edir. Subalp və alp çəmənləri üçün dağ-çəmən torpaqlarının müxtəlif variantları səciyyəvidir. Kiçik Qafqazın 2500–3000 m mütləq yüksəkliklərində və bəzən daha yüksək sahələrində humusla yüksək dərəcədə təmin olunmuş (10%-dən çox) torflu dağ-çəmən torpaqları yayılmışdır. Səhralaşma prosesi arid və semiarid iqlim şəraitində inkişaf edən boz-qonur, boz, boz-çəmən, açıq şabalıdı və şabalıdı torpaqlarda daha intensiv baş verir. Boz-qonur və boz torpaqlarda humusun miqdarı 1,8–3,0% olub, intensiv şorlaşmaya məruz qalmışdır. Xüsusilə Kürboyu maili düzənliklərdə, dağətəyi massivlərdə, Ceyrançöl alçaq dağlığmda arid iqlim şəraitində şor süxurlar üzərində inkişaf edən torpaqlarda zəif məhsuldarlığa malik kolluqlar, yovşanlı-efemerli, daşdayanlı yarımsəhralar formalaşmışdır. Bu ərazilərdə şorlaşmış qrunt sularının səthə yaxın yerləşməsi də səhralaşmanı intensivləşdirən mühüm amillərdən biridir. Çökək ərazilərdə şor qrunt sularının səthə çıxması kiçik areallı şoranlıqlar yaradır. Şor süxurlar külək vasitəsilə həmin sahələrdən ətraf ərazilərə yayılaraq səhralaşma areallarını genişləndirir. Eroziyaya uğramış arid dağ yamaclarındakı torpaqlarda səhralaşma prosesi daha intensiv baş verir və çox vaxt çılpaqlaşmış ərazilər səhralaşma ocaqlarına çevrilir və belə sahələrin arealları ilbəil genişlənir.[8]

Torpaq eroziyasının səbəbləri[redaktə | mənbəni redaktə et]

  • Məişət tullantıları- Böyük şəhərlər böyük problemlər deməkdir. Dünya əhalisi getdikcə artır. Əhali artdıkca tələbat artır. Lakin hər bir məmulat vaxt getdikcə istismara uğrayır. Yaranan məişət tullantıları bəzən emal edilmədən birbaşa təbiətə atılır və ya məhv edilmək yerinə basdırılır. Lakin bu məişət tullantılarını çox vaxt kimyəvi üsullarla hazırlanmış sənaye məhsulları təşkil edir ki bu tullantılar torpaqda bəzən minilllərlə belə həll olmur. Məişət tullantıları torpaq əmələ gəlməsinin qarşısını alır və onları çirkləndirir.
  • Kənd təsərüffatında istifadə olunan gübrələr — Kənd təsərrüfatında gübrələrdən tez-tez istifadə olunur. Bu həm məhsulun miqdarını həm də keyfiyyətinin artırır. Lakin bəzən ifrat dərəcədə gübrələnmə torpaqları yararsız hala salır və torpaq şoranlaşır. Bu bəzən səhralaşmaya belə gətirir.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilində[redaktə | mənbəni redaktə et]

1. Azərbaycan Respublikasının torpaq kodeksi, 1999

2. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi, 2002

3. Bəndovan təbii yasaqlığının torpaqlarının bonitet kartoqramı, 2002

4. Salyan və Neftçala rayonlarının torpaq quruluşu planı və torpaq xəritəsi,2004

Xarici dillərdə[redaktə | mənbəni redaktə et]

1. Bruns, D, (2003): Was kann Landschaftsplanung liesten. Alte und neue Funktionen der Lanschaftsplanung. Naturchutz und Landschaftsplanung 35(4), 114–118.

2. Fisahn, A(2004): Effektive Beteiligung solange noch alle Optionen offen sind -Öffentlinchkeitsbeteiligunug nach der Aarhus-Konvention. ZUR.3/2004, S. 136–140

3. Friese K.-I., Hachman R & Wolter, F.-E (2003): Content Management Systeme in der Landschaftsplanung. Corp 2003, S 419–426.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Qərib Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, "Elm", 2007. 660 s.
  2. "Torpaqların və torpaqəmələgətirən süxurların qranulometrik tərkibi. Qranulometrik elementlər, onların təsnifatı və xassələri". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
  3. Qərib Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı–"Elm"–2007
  4. R. M. Məmmədov Landşaft planlaşdırılması mahiyyəti və tətbiqi. "Elm və Bilik" −2016 Bakı səh.188
  5. R. Məmmədov Landşaft planlaşdırılması mahiyyəti və tətbiqi. "Elm və bilik"-2016 Bakı səh.191
  6. R. Məmmədov Landşaftşünaslıq planlaşdırması mahiyyəti və tətbiqi."Elm və bilik"-2016 Bakı səh.193
  7. http://abduyev.com/index.php?mod=article_father&lang=az&cat=55&act=view&id=38
  8. Hafizə Əskərova. Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi. " Elm və təhsil" Bakı-2012

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]