Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi — Vikipediya

Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi
(rus. Акмолинский лагерь жён изменников Родины)
Həbs düşərgəsi
Repressiya qurbanlarına həsr olunmuş abidə
Xəritə
Digər adlarıA.L.J.İ.R. (rus. А. Л. Ж. И. Р.)
TanınırStalin repressiyası
YerləşirAkmola
İdarə edənSSRİ
Fəaliyyət dövrü1938–1953
DustaqlarRepressiya qurbanlarının ailə üzvləri olan qadınlar
Veb saythttps://museum-alzhir.kz

Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi (rus. Акмолинский лагерь жён изменников Родины) və ya qısaca ALJİR — Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvü olan qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi. Qaraqanda İslah Əmək Düşərgəsinin tərkibində Qazaxıstanın Akmola bölgəsində yerləşib. Sürgün olunan qadınların arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad, Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya və Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova kimi onlarla azərbaycanlı qadın da var idi.[1]

Düşərgənin adı qısalaşdırılıb və insanlar arasında "ALJİR" adlandırılıb. SSRİ-də mövcud olmuş ən böyük qadın düşərgələrindən biri və "QULAQ arxipelaqı"nın "ada"larından biridir. 1938-ci ildə düşərgədə 8 minə yaxın məhbus qadın var idi onlardan 4500 nəfəri "Vətən xainlərinin ailə üzvləri" (VXAÜ) idilər.[2] Bundan başqa 1500 nəfər "VXAÜ" də Karaqanda İslah Əmək Düşərgəsinin digər bölmələrində saxlanılırdılar.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

SSRİ Xalq Daxili İşlər Komissarlığının 15 avqust 1937-ci il əmrinə əsasən Akmolinsk (Qazaxıstanın indiki paytaxtı Nursultan şəhəri) şəhərinin cənub qərbində Akmol yaşayış məntəqəsində Karaqanda düşərgəsinin bir bölməsi kimi yaradılıb. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 8 iyun 1934-cü ildə verdiyi qərarına əsasən "Vətən xainlərinin" yaxınlarına ya 5–10 il azadlıqdan məhrumetmə ya da Sibirin uzaq bölgələrinə 5 il sürgün edilmək cəzası verilməli idi. "ALJİR" düşərgəsi 30 hektar ərazini əhatə etməklə yanaşı KaraqandaAkmola vilayətlərində bölmələri də var idi.

1931-ci ildə gələcək "ALJİR" düşərgəsinin yerində Saratov vilayətindən sürgün edilmiş insanlar üçün 26 nömrəli xüsusi düşərgə salınmışdı.[4] Daha sonra isə SSRİ-nin digər bölgələrindən, 1932-ci ildə Belorusiya SSR-dən, 1933-cü ildə Krımdan 54 ailə, sonradan isə bura Moldova MSSR-dan və Ukrayna SSR-dən insanlar sürgün olundular.[4]

Düşərgə əvvəlcə 1938-ci ilin əvvəllərində 26-cı əmək düşərgəsinin əsasında "R-17" islah əmək düşərgəsi kimi açılmışdır. 10 yanvar 1938-ci ildən etibarən düşərgəyə eşelonlar gəlməyə başladı. Altı ay ərzində düşərgə dolduğuna görə Karaqanda düşərgəsinin rəhbərliyi növbəti sürgün olunanları digər düşərgələrə yerləşdirməyə məcbur oldu. Payızda isə "Vətən xainlərinin ailə üzvləri" üçün yeni xüsusi "Spasskoe" bölməsi yaratdılar.

29 dekabr 1939-cu ildə rəsmi olaraq Karaqanda düşərgəsinin tabeliyinə verildi və Karaqanda islah əmək düşərgəsinin Akmola bölməsi kimi adlandırıldı. Buna qədər isə formal olaraq "QULAQ"-a tabe idi.

1950-ci ildə "ALJİR" düşərgəsi aradan qaldırıldı lakin 1958-ci ildə düşərgəyə məhkum olunanlar bəraət alana qədər heç biri əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ əldə etməmişdilər.[5] 1953-cü ildə Karaqanda düşərgəsinin 17-ci Akmola bölməsi bağlandı.

Bölmənin rəhbərləri[redaktə | mənbəni redaktə et]

  • Aleksandr Bredixin İosifoviç — 1938-ci il.[6]
  • Sergey Barinov Vasilyeviç — 1930-cu illərin axırı −1940-cı illərin əvvəli.[7]
  • Mixail Yuzipenko Terenteyeviç — düşərgəyə II Dünya Müharibəsi dövründə rəhbərlik edib.

Məhbusların saxlanma şəraitləri[redaktə | mənbəni redaktə et]

"Qazaxıstan çöllərinin iqlimi çox sərtdir. Yayda külə döndərən 40 dərəcəlik isti və həşəratlar, Qışda isə -40 dərəcə şaxtalar. Və bütün il boyu yatmayan çöl küləkləri.Qışda qarla. Yayda qumla"

"ALJİR-ə ilk eşelonlar 1938-ci ilin yanvarında ən şaxtalı günlərdə gəldi. İki sıra tikanlı məftillə əhatələnmiş 30 hektar ərazidə yerləşən samandan baraklar bu elə həbs düşərgəsi idi.

Qadınları yeni gələcək məhbuslar üçün baraklar tikməyə və sahələrdə işləməyə məcbur edirdilər. Hələ də heç kimə məlum deyil ki neçə neçə qadınlar, kişilər, uşaqlar şən adı olan Malinovka kəndi yaxınlığında ümumi çöl qəbirlərində əbədi yatdılar." .[8]

Karaqanda düşərgəsinin digər bölmələrindən fərqli olaraq 17-ci düşərgə bir neçə cərgə tikanlı məftillə əhatələnmişdi. Bundan başqa buraya mühafizə qüllələri də quraşdırılmışdı. Düşərgənin ərazisində içində qamışlar böyüyən göl var idi. Qamışlar qışda barakların isidilməsi üçün yayda isə tikinti üçün istifadə olunurdu.

Buradakı saxlanma şəraiti Karaqanda düşərgəsinin digər bölmələrindən fərqlənmirdi. İlk altı ay mövcud olmuş xüsusi düşərgə bölməsini məhbuslara əlavə məhdudiyyətlər də qoyurdu. Çox vaxt yazışmağa, bağlamaları qəbul etməyə və ixtisasa görə işləməyə qadağa qoyulurdu. Lakin bununla yanaşı düşərgəyə lazım olan ixtisasları olan qadınlar işləyirdilər. Humanitar sahədə ixtisaslaşanlara (musiqiçilər, şairlər, müəllimlər və digərləri) tibbi komissiyada "Tf" kateqoriyası verilirdi və onlar kənd təsərrüfatı sahələrində və tikintidə köməkçi qismində fəaliyyət göstərirdilər. Xəstələr, zəiflər, qocalar və uşaqlar tikiş fabriklərində işləyirdilər.

Yerli əhalinin məhbuslara münasibəti[redaktə | mənbəni redaktə et]

Yerli əhalinin xatirələrinə görə onlar məhbus qadınların həbs səbəbləri haqqında dediklərinə inanmırdılar.[9] Məhbuslarla yerli əhalinin əlaqəsinin məhdud olmasına baxmayaraq düşərgənin tikintisi üçün əhəmiyyətli dərəcədə böyük ərazi yerli əhalinin əlindən alınmışdı.[10] Bu ərazidə bir neçə qazax aulu və əhalisi "avropalı" olan 7 qəsəbə var idi (4861 təsərrüfat və 21979 nəfər insan).[10] Düşərgənin tikintisinə görə bu əhali Karaqanda vilayətinin digər bölgələrinə köçürüldülər. Hətta düşərgənin ehtiyaclarını ödəmək üçün yerli əhalinin mal qarasının bir hissəsi əllərindən alındı.

Bütün bunlara baxmayaraq yerli əhali həbs edilən qadınlara kömək edib. Qazax qadınları düşərgə nəzarətçiləri duyuq düşməsinlər deyə özlərini məhbuslara qarşı daş atan kimi göstərirdilər. Əslində isə onlar qadınların üzərinə qurut atırdılar.[11] Bu yolla bir neçə qadının aclıqdan ölməsinin qarşısı alınıb. Sonradan düşərgədən sağ qayıdan bir neçə qadın öz xatirələrində bunun haqqında danışıb.[12]

Düşərgədəki uşaqlar[redaktə | mənbəni redaktə et]

Düşərgədə saxlanılan bəzi qadınların azyaşlı övladları var idi və onlar övladları ilə birgə düşərgədə saxlanılırdılar. Uşaqlar 3 yaşa çatdıqdan sonra uşaq evlərinə aparılırdılar. Bundan başqa məhbus qadınlar arasında hamilə olanları da var idi. ALJİR mövcud olduğu illər ərzində burada 1507 uşaq dünyaya gəlib.[13] Vəziyyət 1951-ci ildə dəyişdi. 24 aprel 1951-ci ildə Sovet həbs düşərgələrindən hamilə, düşərgədə uşağı olan və ya düşərgədən kənar uşağı olan bütün qadınlar azad olundular.[14]

Düşərgənin məşhur məhbusları[redaktə | mənbəni redaktə et]

  • Kira Andronikaşvili — aktrisa, kinorejissor, yazıçı Boris Pilnyakın həyat yoldaşı, Andronikovlar dvoryan nəslinin nümayəndəsi.
  • Yelizaveta Arvatova-Tuxaçevskaya — Mixail Tuxaçevskinin bacısı, təyyarəçi Yuriy Arvatovun həyat yoldaşı.[15]
  • Nadejda Qoldşteyn — İosif Liberberqin həyat yoldaşı.
  • Yermekova Dameşa — Temirbek Jurgenovun həyat yoldaşı.
  • Rahil Messerer-Plisetskaya — aktrisa, Mixail Plisetskinin həyat yoldaşı.[16]
  • Nataliya Sats — rejissor və teatr xadimi, İsrail Veytserin həyat yoldaşı.[17]
  • Kseniya Serbina — tarixçi və arxeoqraf.[18]
  • Liya Solomyanskaya — sovet kinematoqrafı, jurnalist, Arkadi Qaydarın həyat yoldaşı, Yeqor Qaydarın nənəsi.[19]
  • Xədicə Xakimova — sovet diplomatı Kərim Xakimovun həyat yoldaşı.[20]

Düşərgəyə məhkum edilmiş azərbaycanlılar[redaktə | mənbəni redaktə et]

Abdullayeva Mirnuriyyə İbrahim qızı — 1909-cu ildə, Göyçay şəhərində anadan olub. ÇSİR (VXAÜ) (vətən xainlərinin ailə üzvləri) 9 dekabr 1937-ci ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM (İslah Əmək Düşərgəsinə) göndərilməklə həbs olunub. Akmola düşərgəsinə Bakının Bayıl həbsxanasından gətirilib. 24 oktyabr 1945-ci ildə azad olunub.[21][22]

Əliyeva Kənizə İmaməli qızı — 1920-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı Əliyev Niyaz Muxtar oğlu 1904-cü ildə Bakının Corat kəndində doğulub. 1931–1932-ci illərdə Qubadlı rayon partiya komitəsinə rəhbərlik edib. 15 fevral 1937-ci ildə əksinqilabi fəaliyyət ittihamı ilə həbs olunub. Əliyeva Kənizə 13 aprel 1938-ci il tarixdə "vətən xaininin həyat yoldaşı" kimi həbs edilmiş, XDİK-nin 29 may 1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsındə çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Seqejalqadan Karlaqa 20 avqust 1941-ci ildə gətirilib. 13 aprel 1946-cı ildə azad olub. 26 oktyabr 1979-cu il tarixdə Azərbaycan SSR Ali Məhkəmənin və cinayət işləri üzrə Məhkəmə Kollegiyasının qərarına əsasən bəraət alıb.[21][23]

Əliyeva Məyruhə Süleyman qızı — Əliyeva Məyruhə Süleyman qızı 1909-cu ildə Quba şəhərində anadan olub. Həyat yoldaşı Əliyev Hacı Əli oğlu 17 avqust 1937-ci ildə əksinqilabi-millətçi fəaliyyətdə ittiham olunaraq həbs edilib. Bundan sonra 1937-ci il tarixdə SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən Əliyeva Məyruhə də həbs olunub. ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə məhkum edilib. SSRİ XDİK-nın Xüsusi Müşavirəsi əsasında 2 fevral 1938-ci ildə Bakıdan Akmola Xüsusui Düşərgəsinə gətirilib. 20 mart 1939-cu ildə düşərgədə dünyasını dəyişib. Dünyasını dəyişəndə qızı Elmiranın 6 yaşı olub.[21][24]

Əmrahova Gülruh Bala qızı — 1905-ci ildə Bakıda, Balaxanı kəndində anadan olub. Həyat yoldaşı Əmrahov Müslüm Rza oğlu 29 aprel 1937-ci ildə əksinqilabi millətçi təşkilatda fəaliyyət göstərməkdə ittiham olunaraq həbs edilib. Əmrahova Gülruh Bala qızı SSR MİK-in 4 dekabr 1934-cü il tarixli qərarına əsaslanaraq 26 noyabr 1937-ci il tarixdə həbs edilmiş, XDİK-nın Xüsusi Müşavirəsinin 26 noyabr 1938-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunanda 5 övladı olub. Övladlarından Əmrahın 14, Tofiqin 8, Mayruhun 12, Rəfiqənin 10, Zoyanın isə 3 yaşı olub. 10 dekabr 1945-ci ildə həbsdən azad olunub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 4 aprel 1956-cı il tarixli qərarına əsasən Əmrahova Gülruh Bala qızına bəraət verilib.[21][25]

Bayramova Ceyran Şirin qızı — 1896-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə XDİK tərəfindən əksinqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs olunub, 1937-ci il 31 iyul tarixdə güllələnməyə məhkum edilib.[26] SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova "Vətən xaini" nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib ALJİR düşərgəsinə göndərilib. Həbs edilərkən övladları Bayramov Əlinin 13, Bayramov Fəridin 11, Bayramov Aydının 9, Bayramova Nazilənin isə 3 yaşı olub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. 8 sentyabr 1945-ci ildə azad olub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilib. Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılıb. 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.[21][27]

Baratzadə-Bədəlova Leyla Əli qızı — 1912-ci ildə Gəncə şəhərində anadan olub. Həyat yoldaşı Bədəlov Əbülfəz Məmməd oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən 30 dekabr 1937-ci il tarixində əksinqilabi millətçi trotskiçi-terrorçu və üsyançı təşkilatın üzvü olmaqda ittiham edilərək güllələnməyə məhkum edilib. Baratzadə-Bədəlova Leyla Əli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. Seqejlaqadan Karlaqa 20 avqust 1942-ci ildə gətirilib. 26 noyabr 1942-ci ildə azad olub. Zaqafqaziya Hərbi Tribunalı Hərbi Dairəsinin 13 dekabr 1955-ci il tarixli rəyinə əsasən Baratzadə-Bədəlova Leyla Əli qızına bəraət verilib. Həbs olunduqda oğlu Çingizin 5 yaşı olub.[21][28]

Biləndərli Sayad Qasım qızı — 1912-ci ildə Qazax şəhərində anadan olub. Onun həyat yoldaşı Hüseynəli Süleyman oğlu Biləndərli Partiya Tarixi İnstitunun baş elmi işçisi, ADU-nun tarix müəllimi olub. Hüseynəli Süleyman oğlu Biləndərli 1937-ci il yanvarın 26-da Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 1937-ci il yanvarın 31-də Hüseynəli Süleyman oğlu Biləndərli "əksinqilabi trotskiçi, müsavatçı və xalq düşməni kimi" partiyadan çıxarılaraq 1937-ci il oktyabrın 11-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclasının qərarı ilə güllələnib.[29] Biləndərli Sayad Qasım qızı vətən xaininin həyat yoldaşı kimi, SSRİ XDİK-nın Xüsusi Müşavirəsinin 15 sentyabr 1937-ci il tarixli qərarına əsasən tutulub, Azərbaycan SSR CM 72, 73 maddələrilə təqsirli bilinərək, 9 dekabr 1937-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Akmol Xüsusi düşərgəsinə 2 fevral 1938-ci ildə Bakıdan gətirilib. 15 oktyabr 1945-ci ildə azad olunub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 11 iyun 1956-cı il tarixli rəyinə əsasən Biləndərli Sayat Qasım qızına bəraət verilib. Həbs olunarkən qızı Zoyanın 6, Zərifənin isə 3 yaşı olub.[21][30]

Vəzirova İzzət İsmayıl qızı — 1903-cü ildə Tiflisdə anadan olub. Həyat yoldaşı Qambay Vəzirov 1937-ci ilin iyul ayının 27-də həbs edilib və həmin ilin oktyabr ayının 13-də əksinqilabi-millətçi təşkilatın üzvü ittihamı ilə güllələnib.[31] İzzət Vəzirova 1937-ci il oktyabrın 5-də həbs olunub. SSRİ XDİK yanında Xüsusi Müşavirənin 9 dekabr 1937-ci il qərarına əsasən Vəzirova İzzət İsmayıl qızı vətən xaininin həyat yoldaşı kimi müqəssir hesab edilərək, 8 il müddətinə azadlıqdan mərhum edilib. Qazaxstanın ALJİR düşərgəsinə sürgün edilib. 11 oktyabr 1945-ci ildə həbsdən azad olunaraq Bakıya qayıdıb. 4 oktyabr 1956-cı ildə bəraət alıb.[21][32]

Həmzəyeva Həvva Bəyim qızı — 1901-ci ildə Gəncə şəhərində anadan olub. Həyat yoldaşı Həmzəyev Mircavad Mirtağı oğlu 4 iyul 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi fəaliyyət ittihamı ilə güllələnməyə məhkum edilib. Həmzəyeva Həvva Bəyim qızı vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunduqda oğlu Otayın 3 yaşı olub. 11 iyul 1943-cü ildə həbsdən azad olunub.[21]

Hüseynova Tamara Fətəli qızı — 1902-ci ildə Bakı şəhərində anadan olub. Tamara xanım Cümhuriyyətin qurucusu və ilk baş naziri Fətəli xan Xoyskinin yeganə qızı olub. Həyat yoldaşı Mirzə Davud Hüseynovla birlikdə Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib. 1 iyul 1945-ci ildə həbsdən azad olunub. Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən Tamara Xoyski 1990-cı ildə Bakıda dünyasını dəyişib.[21]

Hüseynova Şövkət Mirzəli qızı — 1907-ci ildə Gəncə şəhərində anadan olub. Həyat yoldaşı Hüseynov Mikayıl Namaz oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 29 yanvar 1937-ci il tarixdə əksinqilabi fəaliyyətdə ittiham olunaraq güllələnməyə məhkum edilib. Hüseynova Şövkət Mirzəli qızı vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində 8 il müddətinə çəkməklə azadlıqdan məhrum edilib. 15 oktyabr 1945-ci ildə həbsdən azad olunub. Azərbaycan SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 23 aprel 1956-cı il tarixli rəyinə əsasən Hüseynova Şövkət Mirzəli qızına bəraət verilib. Şövkət xanım həbs olunduqda oğlunun 4 yaşı olub.[21]

Hüseynova Əminə Məmmədşəfi qızı — 1912-ci ildə anadan olub. Həyat yoldaşı Hüseynov Mustafa Əliqulu oğlu əksinqilabi-millətçi təşkilatın üzvü olmaqda günahlandırılaraq güllələnməyə məhkum edilib. Hüseynova Əminə vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində 5 il müddətinə çəkməklə azadlıqdan məhrum edilib. 26 noyabr 1942-ci ildə həbsdən azad olunub.[21]

İsmayılova Xədicə Məhərrəm qızı — 1905-ci ildə Bakıda anadan olub. Həyat yoldaşı İsmayılov Əbülfəz Abbasəli oğlu 13 oktyabr 1937-ci ildə əksinqilabi-millətçilik fəaliyyətində təqsirləndirilərək həbs olunub. İsmayılova Xədicə Məhərrəm qızı "vətən xaininin həyat yoldaşı" kimi Azərbaycan SSR CM-nin 72,73-cü maddələrilə təqsirli bilinərək, həbs olunub. Tutularkən oğlu Akifin 3 yaşı var idi. 14 oktyabr 1945-ci ildə həbsdən azad olunub.[21]

İsazadə Suğra Rəhim qızı — 1903-cü ildə Ərdəbil şəhərində anadan olub. Həyat yoldaşı İsazadə Həsən İsa oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 4 iyul 1937-ci il tarixdə əksinqilabi terrorçuluq fəaliyyətində təqsirləndirilərək güllələnməyə məhkum edilib. İsazadə Suğra Rəhim qızı "vətən xaini"nin həyat yoldaşı kimi 5 il müddətinə azadlıqdan məhrum edilib. 3 fevral 1938-ci ildə Bakı həbsxanasından ALJİR düşərgəsinə gətirilib. 23 sentyabr 1942-ci ildə azad edilib. Həbs olunarkən 4 övladı olub.[21]

Qarayeva-Səlimxanova Səkinə İcabəy qızı — 1896-cı ildə Bakıda anadan olub. 22 fevral 1938-ci ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsi ilə əksinqilabçı fəaliyyətinə görə 10 il müddətinə İslah-Əmək Düşərgəsinə məhkum olunub. Akmol Xüsusi Düşərgəsinə Bakı həbsxanasından gətirilib. ALJİR-dən 25 iyun 1943-cü ildə azad olub. 1945-ci ildə əzablarla dolu sürgün həyatı başa çatıb.[21]

Qasımova Bibixanım Ağarəhim qızı — 1910-cu ildə Bakıda anadan olub. 9 aprel 1938-ci ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsi ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə məhkum olunub. Seqejlaqadan Karlaqa 9 aprel 1938-ci ildə gətirilib. 21 yanvar 1943-cü ildə azad olub.[21]

Kərimova Firuzə Əsgər qızı — 1906-cı ildə Qazax rayonunda anadan olub. Həyat yoldaşı, 77-ci diviziyanın batalyon komandiri Kərimov Rəşid Tağı oğlu SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 3 yanvar 1938-ci ildə əksinqilabi-millətçilik fəaliyyətində təqsirləndirilərək güllələnməyə məhkum edilib. Kərimova Firuzə Əkbər qızı "vətən xaininin həyat yoldaşı" kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən, 8 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 1945-ci ildə həbsdən azad olunub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 13 noyabr 1956-cı il tarixli rəyinə əsasən, bəraət qazanıb. Həbs olunduqda oğlu Ənvərin 9, qızı Minanın 13 yaşı olub.[21]

Kərimova Həmayil Həsən qızı — 1909-cu ildə Qazax rayonunun Daş salahlı kəndində anadan olub. Həyat yoldaşı Kərimov Mustafa Bayram oğlu əksinqilabi burjua-millətçilik təşkilatının üzvü olmaqda ittiham olunaraq həbs edilib. Özü isə "vətən xaininin həyat yoldaşı" kimi 1938-ci ildə həbs olunub. Həbs olunduqda qızları Əslinin 7, Ofelyanın isə 4 yaşı olub. Qızları uşaq qəbulu məntəqəsində yerləşdiriliblər. 21 iyul 1943-cü ildə azad olunub.[21]

Quliyeva Validə Hilal qızı — 1914-cü ildə Şuşa şəhərində anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsi ilə 5 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Karlaqa 20 avqust 1941-ci ildə gətirilib. 31 mart 1943-cü ildə azad olunub.[21]

Qurbanova Ruqiyyə Hənif qızı — 1913-cü ildə Lənkəran rayonunun, Qızılağac kəndində anadan olub. Həyat yoldaşı Qurbanov Seyfulla Məmməd oğlu 13 noyabr 1937-ci ildə əksinqilabi-terrorçuluq fəaliyyətində ittiham olunaraq 30 dekabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən həbs edilib. Qurbanova Ruqiyyə Hənifə qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsaslanaraq 31 yanvar 1938-ci il tarixində tutulmuş SSRİ XDİK-nın 9 fevral 1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Seqejlaqadan Karlaqa 20 avqust 1941-ci ildə gətirilib. 31 yanvar 1946-cı ildə azad olub Azərbaycan SSRİ Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 8 fevral 1990-cı il tarixli qərarına əsasən Qurbanova Ruqiyyə Hənifə qızına bəraət verilib. Həbs olunarkən oğlu Ramizin 7, Rafiqin isə 4 yaşı olub.[21]

Mədətova Hafizə Yarəli qızı — 1904-cü ildə Bakıda anadan olub. Həyat yoldaşı Mədətov Hənifə İbrahim oğlu 31 iyul 1937-ci ildə əksinqilabi trotskiçi-terrorçuluq fəaliyyəti göstərməkdə təqsirli bilinərək, güllələnməyə məhkum olunub. Mədətova Hafizə Yarəli qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən, "vətən xaininin həyat yoldaşı" kimi 8 il müddətinə azadlıqdan məhrum edilib. 29 avqust 1946-cı ildə cəza müddəti başa çatdığı üçün, yaşadığı Şamaxı şəhərinə göndərilib. 1946-cı ildən 1951-ci ilə kimi İkinci Dünya Müharibəsi əlillərinin internatında tərbiyəçi, 1951-ci ildən 2 nömrəli Şamaxı şəhəri orta rus məktəbində xadimə işləyib. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 may 1956-cı il qərarına əsasən bəraət alıb. Həbs olunarkən qızları Saranın 14, Nəsibənin isə 12 yaşı olub.[21]

Şövkət Məmmədxanovanın həbsdə çəkilmiş şəkili

Məmmədxanova Şövkət İsmayıl qızı — 1903-cü ildə Əhmədli kəndində anadan olub. Onun həyat yoldaşı Məmmədxanov Məmmədxan 1902-ci ildən Bakıda neft mədənlərində işləyib, 1905–1907-ci illər inqilabında iştirak edib. 1917–1919-cu illərdə Qaryagin qəzasında Qırmızı qvardiyanın tərkibində əksinqilabçılara qarşı vuruşub, partiya özəklərinin yaradılmasında iştirak edib. Qaryagin qəza partiya komitəsinin sədri olub, AKP-nin 1-ci qurultayına nümayəndə seçilib. 1920-ci ildə MK-ya üzv olub. Sovet dönəmində məsul vəzifələrdə çalışıb. Dəfələrlə partiya və sovet qurultaylarının nümayəndəsi olub. Azərbaycan KP MK və Azərbaycan MIK-in üzvi seçilmiş, hətta "Qırmızı Bayraq" ordeni ilə təltif olunub. Məmmədxan Məmmədxanov 1938-ci ildə repressiyaya məruz qalıb. Bundan sonra Məmmədxanova Şövkət İsmayıl qızı "vətən xaininin həyat yoldaşı" 9 aprel 1938-ci ildə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə məhkum olunub. Seqejlaqadan Karlaqa 20 avqust 1941-ci ildə gətirilib. 9 noyabr 1945-ci ildə azad edilib.[21]

Mehdiyeva Ziba Əbdül Əzim qızı — 1910-cu ildə Şuşa şəhərində anadan olub. Həyat yoldaşı Qoşqarov Ağamirzə İbrahim oğlu SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 3 yanvar 1938-ci ildə millətçilik fəaliyyətində təqsirləndirilərək güllələnməyə məhkum edilib. Mehdiyeva Ziba "vətən xaininin həyat yoldaşı" kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarı əsas tutalaraq, SSRİ XDİK-nın 9 aprel 1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. 11 noyabr 1945-ci ildə həbsdən azad edilib. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 22 avqust 1956-cı il tarixli rəyinə əsasən Mehdiyeva Ziba Əbdül Əzim qızına bəraət verilib. Həbs olunduqda qızı Səadətin 9, oğulları Nazimin 7, Rasimin isə 6 yaşı olub.[21]

Məmmədova Nəimə Rəşid qızı — 1906-cı ildə Şəki şəhərində anadan olub. O, xalq maarifinin təşkilatçılarından olan yazıçı-pedaqoq Rəşid bəy Əfəndiyevin kiçik qızı, tarixçi-alim, Azərbaycan Dövlət Universitetinin kitabxanasının direktoru Ağamir Məmmədovun həyat yoldaşı olub. Həyat yoldaşı Ağamir Məmmədov 10 yanvar 1937-ci ıldə Azərbaycan SSR Xüsusi Dövlət İstintaq Komitəsi tərəfindən terrorçu əksinqilabi-millətçi, pantürkist təşkilatın üzvü olmaqda ittiham olunaraq həbs edilib. Üç aylıq istintaqdan sonra, 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarına əsasən güllələnməyə məhkum edilir. Məmmədova Nəimə Rəşid qızı "vətən xaininin həyat yoldaşı" kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. Bayıl həbsxanasından ALJİR düşərgəsinə göndərilir. 9 aprel 1943-cü ildə həbsdən azad olunur.[21]

Mehdiyeva Sitarə Hüseyin qızı — 1910-cu ildə Qaryagin şəhərində anadan olub. Həyat yoldaşı Mehdiyev Mehdi Adıgözəl oğlu ictimai xadim idi. Son vəzifə olaraq Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi idi. 13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarına əsasən güllələnməyə məhkum edilir. Bundan sonra Mehdiyeva Sitarə Hüseyin qızı "vətən xaininin həyat yoldaşı" kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. 7 dekabr 1946-cı ildə azad olunur. Həbs edilərkən oğlu Fikrətin 9, qızı Rimanın isə 3 yaşı var idi.[21]

Mehtiyeva Dursun Həmzə qızı — 1907-ci ildə Gəncədə anadan olub. Həyat yoldaşı Mehdiyev Eyyub Nağı oğlu "əksinqilabi-millətçilik fəaliyyəti" göstərməkdə ittiham olunaraq güllələnməyə məhkum edilib. Dursun Mehdiyeva "vətən xaininin həyat yoldaşı" kimi 8 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunduqda oğlu Sahibin 8, qızı Xalidənin isə 3 yaşı var idi. 20 dekabr 1940-cı ildə düşərgədə dünyasını dəyişib.[21]

Muradova Səfurə Nəsib qızı — 1902-ci ildə Zaqatala şəhərində anadan olub. Həyat yoldaşı Muradov Səbri Murad oğlu 3 yanvar 1938-ci idə əksinqilabi-millətçilik fəaliyyəti göstərməkdə ittiham olunaraq həbs edilib. Səfurə xanım SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsasında "vətən xaininin həyat yoldaşı" kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətində azadlıqdan məhrum edilib. Həbs edilərkən oğlu Oğuzun 16 yaşı var idi. 6 yanvar 1946-cı ildə azad olub.[21]

Naibova Məryəm Əli qızı — 1900-cü ildə Zaqatala rayonunun Çardaxlar kəndində anadan olub. 9 dekabr 1937-ci ildə "xalq düşməninin yaxını" kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətində azadlıqdan məhrum edilib. ALJİR düşərgəsinə 2 fevral 1938-ci ildə Bayıl həbsxanasından gətirilib. 10 oktyabr 1945-ci ildə həbsdən azad olunub.[21]

Nurməmmədova Fatma Abdul qızı — 1899-cu ildə Şamaxı şəhərində anadan olub. Həyat yoldaşı Nurməmmədov Mirzə Həsən 4 iyul 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərfindən əksinqilabi terrorçuluq fəaliyyətində ittiham olunaraq həbs olunub. Daha sonra Nurməmmədova Fatma Əbdül qızı "vətən xaininin həyat yoldaşı" kimi 8 il müddətinə azadlıqdan məhrum edilib. 16 sentyabr 1942-ci ildə həbsdən azad olunub.[21]

Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubovanın həbsdə çəkilmiş şəkli.

Eyyubova Sənubər Nəsib qızı — 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1937-ci ildə həbs olunub. Həyat yoldaşı Mehdi Məhərrəmov güllələndikdən sonra 29 may 1938-ci ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsi ilə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan Karlaqa 20 avqust 1941-ci ildə gətirilib. 20 iyul 1945-ci ildə həbsdən azad olunub. 1956-cı ildə bəraət alıb. 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.[21]

Rzayeva Balabacı Hüseyn qızı — 1902-ci ildə Bakıda anadan olub. Həyat yoldaşı Cəfər Rzayev əksinqilabi-terrorçuluq fəaliyyətində ittiham olunaraq görə həbs edilib. Balabacı Rzayeva "vətən xaininin həyat yoldaşı" kimi 10 noyabr 1937-ci ildə tutularaq, Seqejlaqa, oradan isə Karlaqa gətirilib. Həbs edilərkən 8 yaşı olub. 20 noyabr 1945-ci ildə həbsdən azad olunub.[21]

Rizayeva Firəngiz Mirzayevna — 1901-ci ildə Qəzvin şəhərində anadan olub. Həyat yoldaşı Azərbaycanın Daxili İşlər Komissarı Novruz Rizayev 1937-ci il oktyabr ayının 31-də həbs olunur. Firəngiz xanım isə "vətən xaininin həyat yoldaşı" kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 7 iyul 1938-ci il qərarına əsasən 5 il müddətinə Karlaqa göndərilir. Həbs olunanda qızları Zaranın 17, Kamilənin isə 9 yaşı var idi.[21][33]

Sadıqova Qeysə Nəsir qızı — 1912-ci ildə Şuşa şəhərində anadan olub. Həyat yoldaşı Sadıxov Qəmbər Nəsir oğlu Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini olub. 12 oktyabr 1937-ci ildə əksinqilabi trotskiçi-terrorçuluq fəaliyyətində təqsirləndirilərək həbs edilib. Qeysə Sadıxova da "vətən xaininin həyat yoldaşı" kimi 8 il müddətinə sürgün olunur. 15 avqust 1938-ci ilə qədər A. L. J. İ. R düşərgəsində saxlanılıb.[21]

Salamzadə Fəridə Rəhman qızı — 1910-cu ildə Şəki şəhərində anadan olub. Həyat yoldaşı, tənqidçi, tarixçi Salamzadə Əbdüləziz Heydər oğlu 1907-ci ildə Nuxada anadan olub. Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı, Azərbaycanda ilk tarix elmləri namizədi idi. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 11 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə "trotski-terrorçuluq fəaliyyəti"-ndə təqsirləndirilərək güllələnməyə məhkum edilib. Bundan sonra Fəridə xanım "vətən xaininin həyat yoldaşı" kimi 8 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunduqda qızı Quzeydənin 5 yaşı olub. 15 oktyabr 1945-ci ildə həbsdən azad olunub.[21]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Qazax tədqiqatçı Z.Suraqanova 1990-1991-ci illərdə Malinovkada olduğu dövrdə, keçmiş ALJİR məhbuslardan, onların qohumlarından eləcə də düşərgənin keçmiş mühafizəçilərindən intervyular götürüb. Yığılmış materialları o cümlədən də ona verilmiş foto şəkilləri Selinoqrad bölgəsinin arxivinə və eləcə də tarix-diyarşünaslıq muzeyinə təhvil verib.[34]

2019-cu ildə Rusiyanın NTV kanalında Aleksandr Kasatkinin çəkdiyi 11 hissəli "A.L.J.İ.R." teleserialının təqdimatı baş tutub.[35][36]

2019-cu ildə Azərbaycanda açılmış Siyasi Repressiya Qurbanları Muzeyi ndə ALJİR düşərgəsində cəza çəkmiş 44 azər­baycanlı qa­dın haqqında məlumat verən bölmə var.[37] Muzeyə bəzi sənədlər “ALJİR” siyasi repressiya muzeyi tərəfindən təqdim olunub.[38]

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V.X.A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub[39][40][41].

A. L. J. İ. R xatirə-muzey kompleksi[redaktə | mənbəni redaktə et]

Keçmiş ALJİR düşərgəsi Qazaxıstan müstəqillik əldə etdikdən sonra muzey kimi fəaliyyət göstərir. Muzeyə girişdə 2007-ci ildə Nursultan Nazarbayev tərəfindən açılan "Qəm alaqapısı" yerləşir. Nazarbayev 1993-cü ildə həmin düşərgənin bütün qurbanlarına bəraət verilməsinə dair fərman imzalayıb. "ALJİR" muzeyində həmin illərdən qalmış istintaq təçridxanasının qapısı, qadınların aldadılaraq evdən çıxarkən son dəfə geyindikləri təzə, bərli-bəzəkli paltarları, ayaqqabıları, uşaqların analarına, anaların ailələrinə məktubları, düşərgədə işlədilən əmək alətləri, tikiş maşını, istintaq otaqları, otaqlardakı istintaqçılarin maketi və dövrü təsvir edən bir çox eksponatlar mövcuddur.[42] Kompleksin həyətində isə azərbaycanlı qadınların xatirəsinə lövhə qoyulub.[43]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlahə Əhmədova. "ALJİR- Akmola siyasi repressiya qurbanları düşərgəsində 44 azərbaycanlı qadın sürgün həyatı yaşayıb" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 26 oktyabr 2017. 16 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  2. "Оперативный приказ НКВД СССР № 00486 «Об операции по репрессированию жён и детей изменников Родины»". 2007-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  3. Всего в 1938—1939 годах по приказу № 00486 в СССР было арестовано и направлено в лагеря около 18 000 ЧСИР, у которых было изъято 25 342 ребёнка.
  4. 4,0 4,1 Сураганова З. К. "АЛЖИР как феномен «женской» несвободы в репрессированной памяти казахского народа". Северо-Восточный гуманитарный вестник. (rus). Yakutsk. V. 2018: 65. ISSN 2218-1644. İstifadə tarixi: 29 noyabr 2022.
  5. Алжир // Казахстан. Национальная энциклопедия. I. Almatı: Қазақ энциклопедиясы. 2004 — Алматы: Қазақ энциклопедиясы, 2004. — Т. I. — ISBN 9965-9389-9-7. ISBN 9965-9389-9-7. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  6. Ansis Mariya Lazarevna. "Воспоминания бывшей узницы Акмолинского лагеря жён изменников Родины «АЛЖИРа»" (rus). sakharov-center.ru. 23 fevral 2013. 2 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  7. Sergey Baymuxametov. "АЛЖИР в Казахстане: ад для «жён изменников Родины»" (rus). svpressa.ru. 30 oktyabr 2009. 27 mart 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  8. "BBC | Layihələr | "Xüsusi kontingentin" taleyi". 2007-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  9. Сураганова З. К. "АЛЖИР как феномен «женской» несвободы в репрессированной памяти казахского народа". Северо-Восточный гуманитарный вестник. (rus). Yakutsk. V. 2018: 67. ISSN 2218-1644. İstifadə tarixi: 29 noyabr 2022.
  10. 10,0 10,1 Сураганова З. К. "АЛЖИР как феномен «женской» несвободы в репрессированной памяти казахского народа". Северо-Восточный гуманитарный вестник. (rus). Yakutsk. V. 2018: 66. ISSN 2218-1644. İstifadə tarixi: 29 noyabr 2022.
  11. Alyona Demçenko. "Курт - камень, спасший жизни" (rus). e-history.kz. 14 may 2015. 20 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  12. Alyona Demçenko. "«Курт – драгоценный камень». Как казахи спасали узниц АЛЖИРа" (rus). azattyq-ruhy.kz. 25 may 2021. 16 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  13. Albert Axmedov. "С чего начинается Родина: Памяти жертвам АЛЖИРа" (rus). dknews.kz. 16 avqust 2021. 26 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  14. Сураганова З. К. "АЛЖИР как феномен «женской» несвободы в репрессированной памяти казахского народа". Северо-Восточный гуманитарный вестник. (rus). Yakutsk. V. 2018: 69. ISSN 2218-1644. İstifadə tarixi: 29 noyabr 2022.
  15. "Арватова-Тухачевская Елизавета Николаевна (1906)" (rus. ). ru.openlist.wiki. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
  16. "Мессерер-Плисецкая Рахиль Михайловна (1902)" (rus. ). ru.openlist.wiki. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
  17. "Сац Наталия Ильинична (1903)" (rus. ). ru.openlist.wiki. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
  18. "Сербина Ксения Николаевна (1903)" (rus. ). ru.openlist.wiki. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
  19. "Соломянская Рахиль Лазаревна (1907)" (rus. ). ru.openlist.wiki. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
  20. "Хакимова Хадич Гайнутдиновна (1903)" (rus. ). ru.openlist.wiki. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
  21. 21,00 21,01 21,02 21,03 21,04 21,05 21,06 21,07 21,08 21,09 21,10 21,11 21,12 21,13 21,14 21,15 21,16 21,17 21,18 21,19 21,20 21,21 21,22 21,23 21,24 21,25 21,26 21,27 21,28 21,29 21,30 21,31 21,32 21,33 "Sürgün olunmuş azərbaycanlıların siyahısı" (rus. ). museum-alzhir.kz. 29 mart 2019 tarixində arxivləşdirilib.
  22. "Абдуллаева Мирнирия Ибрагимовна (1909)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2019.
  23. "Алиева Кяниза Имам Али Кизы (1920)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2019.
  24. "Алиева Майруха Сулейман Кизы (1909)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  25. "Амрахова Гюльрух Бала Кизы (1905)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  26. "Байрамов Орудж Байрам оглы (1898)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  27. "Байрамова Джейран Ширин кизы (1896)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  28. "Барат-Заде-Бедалова Лейла Али Кизы (1912)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  29. "Биляндарли Гусейнали Сулейман оглы (1905)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  30. "Биляндарли Саяд Касым Кизы (1912)" (rus). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  31. "Везиров Гамбай Мамед оглы (1899)" (rus). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  32. "Везирова Изетта Измаиловна (1903)" (rus. ). openlist.wiki. 29 mart 2019 tarixində arxivləşdirilib.
  33. Asif Rüstəmli. "Türk dünyasının astanası" (az.). 525-ci qəzet. 20 dekabr 2014. 29 mart 2019 tarixində arxivləşdirilib.
  34. Сураганова З. К. "АЛЖИР как феномен «женской» несвободы в репрессированной памяти казахского народа". Северо-Восточный гуманитарный вестник. (rus). Yakutsk. V. 2018: 65–66. ISSN 2218-1644. İstifadə tarixi: 29 noyabr 2022.
  35. "На НТВ — премьера исторической драмы о женах изменников родины" (rus). ntv.ru. 11 iyun 2019. 14 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  36. Susanna Alperina. "Сериал "А.Л.Ж.И.Р." про лагерь для жен изменников Родины покажут на НТВ" (rus). rg.ru. 13 iyun 2019. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  37. "Siyasi Repressiya Qurbanları Muzeyindən Reportaj" (az.). turan.az. 2 sentyabr 2022. 29 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  38. Fariz Hüseynov. ""Siyasi Repressiya Qurbanları Muzeyi"nin açılış mərasimi keçirildi" (az.). turan.az. 31 may 2019. Archived from the original on 29 November 2022. İstifadə tarixi: 29 noyabr 2022.
  39. ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  40. "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  41. ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  42. "История музея «АЛЖИР»" (rus). museum-alzhir.kz. 16 aprel 2019 tarixində arxivləşdirilib.
  43. İlahə Əhmədova. "ALJİR- Akmola siyasi repressiya qurbanları düşərgəsində 44 azərbaycanlı qadın sürgün həyatı yaşayıb" (az.). azertag.az. 26 oktyabr 2017. 16 aprel 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]