Vamiq Məmmədəliyev — Vikipediya

Vamiq Məmmədəliyev
Vamiq Məmmədəli oğlu Məmmədəliyеv
Ümumi məlumatlar
Doğum tarixi (77 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Tarzən, muğam bilicisi
Fəaliyyət illəri 1963–h.h.
Musiqi aləti Tar
Albom şirkəti Maison Des Cultures Du Monde
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vamiq Məmmədəli oğlu Məmmədəliyev (9 iyun 1946, Bakı) — Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti (2018).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub.

1953–1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar "Bahar" xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965–1967-ci illərdə Astara rayonunda hərbi xidmətdə olub. 1972–1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar üzrə ali təhsil alan Vamiq Məmmədəliyev bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa texnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək canına hopdurub. Mədəni Maarif Texnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971–1993), Bakı Musiqi Akademiyasında baş müəllim, dosent (1988–2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyev 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində açılmaqda olan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunur. O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin əmək sərf edən Vamiq Məmmədəliyev yaradıcılıqdan da kənar qalmır. Onlarla elmi məqalələr, metodiki göstəricilər, tədris proqramları tərtib etməklə bərabər mövcud kütləvi informasiya vasitələrində fəal iştirak edir. Gənc xanəndə və müşayiətçilərin yetişməsində, onların xalq tərəfindən tanınmasında, meydan üzü görməsində yardımçı olaraq xeyirxah işlər görür.

Hələ post-sovet məkanında Azərbaycan radiosunda Vamiq Məmmədəliyevin ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilir. Həmin dövrlərdə demək olar ki bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Könül Xasıyeva, Nazpəri Dostəliyeva və s. müşayiət etmiş Vamiq Məmmədəliyev nəinki konsertlərdə, həm də dövlət televiziyasında, qastrol səfərlərində, festivallarda uğurla çıxış edərək ödüllərə layiq görülür. 1985-ci ildə Ümumittifaq "Melodiya" firması Vamiq Məmmədəliyevin ifasında Xaric SegahRahab muğamlarını lentə alaraq yüksək tirajla çap edir. 1989-cu ildə İsveçdə keçirilən "Falun Folkmusic Festival" folklor festivalda uğurla çıxış edərək 1-ci yerə layiq görülür və digər Avropa ölkələrinə dəvətlər alır. 1994-cü ildə Fransanın "Maison De’s Cultures Du Monde" şirkəti Vamiq Məmmədiyevin ifasında NəvaRahab muğamlarını və onun müşayiətilə Qəndab QuliyevanıCanəli Əkbərovu lentə alır. 1996-cı ildə Vamiq Məmmədəliyev kompakt-disklərin təqdimatından ötrü Fransaya dəvət alır. 1996–97-ci illərdə Avropa ölkələrində bu albomlar yüksək tirajla yayılır. Dəfələrlə İran İslam Respublikasında, Türkiyə Respublikasında (Hacı Bektaş Vəlinin 500 illiyində), İraqda (Babilistan Festivalında), Danimarkada, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukrayna Respublikasında keçirilən tədbirlərdə uğurla çıxış etmiş, konsertlər vermişdir.

Ölkəni qarış-qarış gəzən, bütün zonalarda – istər müharibə bölgəsində, istərsə də dinc rayonlarda keçirilən konsertlərdə iştirak edən Vamiq Məmmədəliyev ümumiyyətlə Azərbaycanın musiqisevərləri, ziyalıları arasında da yaxşı tanınır.

2005-ci ildə ulu öndərimizin adını daşıyan "Heydər Əliyev Fondu"nda UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyət proqramına daxil olan Azərbaycan muğamları layihəsinin müzakirəsi zamanı Vamiq Məmmədəliyev yaxından iştirak edərək öz arzu və tövsiyələrini sənət yoldaşları ilə bölüşür. Az sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ərsəyə gələn "Qarabağ xanəndələri" layihəsi Azərbaycan musiqi mədəniyyətinin inkişafında daha bir addım oldu. Vamiq Məmmədəliyev respublikada keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü və sədri kimi də fəal ziyalı mövqeyini nümayiş etdirir. Bir sözlə musiqidən, qəzəliyyatdan, muğamlardan bəhs edən mədəni tədbirləri, xatirə gecələrini, məclisləri Vamiq müəllimsiz təsəvvür etmək qeyri-mümkündür.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2006-cı il tarixli 1673 saylı sərəncamında fəxri adlar siyahısında Vamiq Məmmədəliyevin adının olması tarzənin 60 illik yubileyinə töhfə oldu.

Hazırda başçılıq etdiyi kollektivdə sərbəst ünsiyyət, yaradıcı mühit, gənc musiqiçilərin yetişməsi, onların ifaçılıq üslublarının cilalanması, sağlam rəqabət Vamiq Məmmədəliyevin kredosudur.

6 may 2016-cı ildə[1], 1 may 2017-ci ildə[2] və 9 may 2018-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

27.05.2018-ci il tarixdə Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.05.2018-ci il tarixli Sərəncamı ilə Xalq artisti Fəxri adına layiq görülmüşdür.[4]

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[5]

Vamiq Məmmədəliyev həm də gözəl ailə başçısıdır. Dörd övladı – üç oğlu, bir qızı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  4. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  5. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.