Vaqif Poeziya Günləri — Vikipediya

Vaqif Poeziya Günləri
Vaqif Poeziya Günləri
Loqonun şəkli
Janr Ədəbiyyat
Tarix İlk dəfə 1982-ci il
Yer Qazax (1982—1991), Şuşa (1982—1991; 2021;2023)
Təşkilatçı Heydər Əliyev fondu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif Poeziya Günləri– Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında təşkil olunan tədbir.

Molla Pənah Vaqif türbəsi

Tarixi[redaktə | mənbəni redaktə et]

Şuşa Molla Pənah Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanması və bu tədbirin ənənəvi xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikilib.[1]

Molla Pənah Vaqif türbəsi

Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilib. 1982-ci ilin yanvar ayının 14-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi. Şuşaya istedadlı sənət adamları toplaşmışdı. Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrildi. Beləliklə, Ulu Öndər Heydər Əliyev hər il Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif Poeziya Günləri keçirilməyə başlanılıb. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatırdı. Vaqif Poeziya Günləri Şuşanın ermənilər tərəfindən işğalına qədər davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini də dağıdıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilib. Avqustun 29-da isə Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı baş tutub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər. Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin büstünün də açılışı oldu. Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Ölkə başçısının göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda Şuşada keçirilməkdədir. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdən Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir. Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçirilir.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İki Sahil qəzeti. "Böyük Qayıdışımızın daha bir təntənəsi - Vaqif poeziya günləri". 2024-04-02 tarixində arxivləşdirilib.
  2. 525-ci qəzet. "38 il öncəki 29 iyul günü Şuşada: 29 İYUL 1982-Cİ İL: ŞUŞADA VAQİF POEZİYA GÜNLƏ". 2024-04-02 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]