I Şah Təhmasibin Xəmsə əlyazması — Vikipediya

I Şah Təhmasibin Xəmsə əlyazması
Əlyazmasının titul səhifələri
Həmçinin tanınır Xəmsə əlyazması (1539-1543)Britaniya Kitabxanası Or. 2265
Tip Xəmsə
Tarix 1539-1543
Mənşəyinin yeri Təbriz, Azərbaycan valiliyi, Səfəvilər dövləti
Dil(lər) farsca
Yazan(lar) Nizami Gəncəvi
Müəllif(lər) Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli
Tərtib edən Şah Mahmud Nişapuri
Həsr olunur Şah I Təhmasib
Material kağız və mürəkkəb
Ölçü 35,56 x 25,4 sm
Format kitab
Vəziyyət əla
Əlifba ərəb əlifbası
İçindəkilər 369 səhifə
Əvvəl saxlanılıb Britaniya Milli Kitabxanası, London, Böyük Britaniya Birləşmiş Krallıq
Kəşf tarixi

9 oktyabr 1880 - Messr. Trübner &

Co. şirkəti tərəfindən alınıb
1883 - Şarl Rio tərəfindən kataloqlaşdırılıb
Digər Onlayn səhifələ
Əlavələr 17 miniatür, 6 ünvan

I Şah Təhmasibin Xəmsə əlyazmasıSəfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)""Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır.

Əlyazma Təbriz miniatür məktəbininSəfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir."[1] XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixi-mədəni mühit[redaktə | mənbəni redaktə et]

Sultan Məhəmmədin Azərbaycan Milli Kitabxanası binasının lociyasında heykəli

XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu. Beləcə XVI əsrin I yarısında böyük bir rəssamlar pleyadası Təbrizdə miniatür məktəbinin inkişaf etdirilməsinə təkan verdi. Bu dövrdə Təbrizdə fəaliyyət göstərmiş yerli rəssamlar arasında Sultan Məhəmməd Təbrizi, onun oğlu Mirzə Əli Təbrizi, Sultaniyyədən olan Mir Musavvir, onun oğlu Mir Seyid Əli və başqalarını göstərmək mümkündür. Bunlardan başqa, o zaman İranın başqa şəhərlərində doğulmuş, lakin Təbrizdə yaşamış və yaradıcılığa başlamış Ağa Mirək İsfahani, Heydər Əli, onun oğlu Müzəffər Əli Türbəti, xacə Abud Əziz Kaşani, Şeyxzadə Xorasani, Şah Məhəmməd İsfahani, Şah Mahmud Nişapuri və başqa kitab sənəti ustaları da paytaxta incəsənətin inkişafına təkan vermişlər.[2]

Şah I İsmayılın azərbaycan dilində divanının Britaniya nüsxəsi

XVI əsrin 20-30-cu illərində, bütün Yaxın Şərqdə məşhur olan, Herat miniatür məktəbinin ən məşhur təmsilçisi Kəmaləddin Behzad da Təbrizdə yaşamış və fəaliyyət göstərmişdir. Fəaliyyətə Herat şəhərində başlamış və Teymuri hökmdarı Sultan Hüseyn Bayqaranın hakimiyyəti dövründə məşhurluq qazanmış bu sənətkar, XVI əsrin əvvəllərində fəliyyətini Şeybani xanın sarayında, daha sonra isə Təbrizdə Şah İsmayıl Xətainin yanında davam etdirmişdir. Təbrizdə, o, əsasən miniatür portretləri çəkmiş və yerli rəssamlara dərs keçmişdir.[3] Böyük miniatürist, öz dövrünün ən qabaqcıl incəsənət xadimlərindən biri olan Behzad, 1522-ci ildə I İsmayılın xüsusi fərmanı ilə ölkənin baş kitabxanaçısı və incəsənət nəzarətçisi təyin edilmişdi.[3]

XVI əsrdə Yaxın Şərq təsviri sənətində yeni istiqamət forması yaratmış Təbriz miniatür məktəbi, qonşu xalq və ölkələrin mədəniyyətinə də təsir etmişdir. Təbriz məktəbinin yetirmələri olan Vəlican Təbrizi, Şahqulu Təbrizi, Kamal Təbrizi, həmçinin I İsmayılın Çaldıran döyüşündə məğlub olmasından sonra güclə İstanbula aparılmış Şah Qasım Təbrizi və Zahirə Kəbir Qazizadə Osmanlı təbəəliyində fəaliyyət göstərmiş və I Sultan Səlimin himayəsi altında olmuşlar.[4] Təbrizdə fəaliyyətə başlamış Mir Seyid Əli yaradıcılığını Hindistanda Sultan Hümayunun sarayında davam etdirmiş, və hökmdar tərəfindən “nadir-ül-mülk” adlandırılmışdır.[4] XVI əsrin böyük xəttatı mövlanə Məhəmməd Hüseyn Təbrizi, onun tələbəsi, şair, xəttat və rəssam olmuş Əli Rza Təbrizi və xəttat Məhəmməd Rza Təbrizi yaradıcılıqlarının son dövründə İsfahanda yaşayaraq fəaliyyət göstərmişlər.[4]

Əlyazmalarının hazırlanma texnikası[redaktə | mənbəni redaktə et]

Yaxın Şərqdə əlyazma kitab incəsənətinə feodal cəmiyyətinin ən üst təbəqələrində yer tutan imkanlı şəxslər – hökmdarlar, şahzadələr və yüksək vəzifəli saray qulluqçuları diqqət yetirirdilər. Onlar, uzun müddət ərzində məşhur xəttatlar, rəssamlar və digər kitab sənəti ustaları tərəfindən hazırlanan bahalı əlyazmaların əsas sifarişçiləri idilər.[4]

Yaxın Şərq ölkələri, o cümlədən, Azərbaycan ərazisində müxtəlif incəsənət sahələrini təmsil edən sənətkarların birgə fəaliyyəti nəticəsində ərzəyə gələn əlyazma kitablar incəsənətinin formalaşması sırf ali təbəqənin maraqlarına xidmət edirdi. Çünki, yalnız bu təbəqə incəsənət xadimlərini əsərin ərsəyə gətirilməsi üçün lazım olan duru və səhifə qızıl, gümüş, lyapis-lazur, əl istehsalı olan yüksək keyfiyyətli kağız kimi bahalı məhsullarla təmin edə bilirdi.[4]

Sintetik incəsənət məhsulu olan bədii əlyazmaların hazırlanmasında müxtəlif bədii sənət təmsilçiləri – xəttatlar, rəssam-miniatürçülər, ornamentalistlər, bədii üzləmə ustaları – birlikdə fəaliyyət göstərirdilər. Bədii əlyazmaların hazırlanmasında mühüm rol oynayan bu mütəxəssislərdən başqa, kitab incəsənətinə zərgərlər, lakçılar, dəri deşənlər, ağ mərməri və rəngli kağız hazırlayan ustalar da töhfələrini verirdilər.[4]

Müxtəlif sənət sahələrini təmsil edən və hər birinin müəyyən edilmiş vəzifəsi olan çoxsaylı ustaların ortaq işində, əlyazmasının ümumi stili və texniki kamilliyini təmin edin bir ardıcıllıq və qarşılıqlı əlaqə mövcud idi. Əlyazmasının hazırlanmasında əsas rolu xəttat oynayırdı.[5] O, yalnız müəyyən mətni köçürməklə kifayətlənmir, həm də köçürdüyü əsəri redaktə edərək kamilləşdirir və dövrün tələblərinə uyğunlaşdırırdı.[5] Mətni köçürən xəttat, əksər hallarda bilərəkdən bir neçə beyti buraxır, rəssam isə çəkdiyi miniatürlərdə həmin beytlərin yazılması üçün xüsusi yerlər ayrır və çərçivəyə alırdı ki, rəsmlərin tamamlanmasından sonra həmin beytlər də əlyazmaya əlavə edilsin. Beləliklə, əsərin ümumi məzmunu ilə tanış olmayan oxucu beylə, miniatürlərin yanında verilmiş kiçik beytləri oxumaqla, təsvir edilən hadisədən xəbər tuta bilirdi.[5]

Əlyazmasında "Leyli və Məcnun" poemasının Mahmud Şah Nişapurinin xətti ilə yazılmış səhifəsi.

Xəttat və əlyazmasının kalliqrafiya xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Xəmsənin bu unikal əlyazmasını köçürmüş xəttat, “Zərrinqələm” ləqəbi ilə də tanınan mövlanə Nizaməddin Şah-Mahmud Nişapuri xəttatlığı dayısı olan nəstəliq xətti üzrə ustad mövlanə Abdullah Nişapuridən öyrənmişdir.[6] Ömrünün böyük bir hissəsini I Şah İsmayılI Şah Təhmasibin saray xəttatı olaraq keçirmişdir. Müasirlərinin verdiyi məlumata görə, Şah Mahmud həm də şerlər yazmış və bu işdə dayısı xəttat Abdinin tələbəsi olmuş, lakin xəttatlıqda onu geridə qoymuşdur.[7]

Şah Mahmudu şəxsən tanımış və 1550-ci illərin ikinci yarısından onun yanında xəttatlığı öyrənmiş Qazi Məhəmmədin sözlərinə görə, bu xəttat yazı sənətində özünə tay tanımırdı. O, həm böyük (cəli), həm də kiçik (hafi) xəttlə yazılmış çoxlu sayda qitənin[Qeyd 1] müəllifidir. O, həm də I Təhmasib üçün çox kiçik xəttlə (qubrar) yazılmış “Xəmsə” əlyazmasının müəllifidir. Qazi Əhmədin məlumatına görə bu əlyazması ustad Behzadın rəsmləri ilə bəzədilmişdir.[8][Qeyd 2]

Qazi Əhmədin verdiyi məlumata görə, Şah Mahmud cavan yaşlarından I Təhmasibin sarayında qulluğa başlamışdır. Bir müddət o ölkənin paytaxtı olan Təbrizdəki Nəsiriyyə mədrəsəsində yaşamışdır. O, yazır: “Saturn ləyaqətli hömdar yazı və rəsm işindən yorularaq, hökmdarlıq və dövlətin vacib işləri ilə məşğul olmağa başladıqda, mövlanə, məzuniyyət alıb müqəddəs Məşhəd şəhərinə gəldi...burada o, Cahar-ba mədrəsəsində məskunlaşdı; burada o ziyarətlə məşğul olmuş, eyni zamanda qitələr də yazmışdır...Beləcə təxminən iyirmi il həyat sürən ustad 972-ci ildə [Qeyd 3] Məşhəddə vəfat etmiş və xəttat Sultan Əli Məşhədinin yanında dəfn edilmişdir.”[11]

Bu sənətkarın nəstəliq xətti ilə yazdığı əlyazmalar hazırda London, Paris, İstanbul, Tehran, Daşkənd, Sankt-Peterburq və başqa şəhərlərdə saxlanılır. 942-ci ildə (1536) Şah Mahmud tərəfindən Təbrizdə Şah İsmayıl Xətainin Divanının Azərbaycan dilində nəfis əlyazma nüsxəsi köçürülmüşdür.[Qeyd 4]. Nizami Gəncəvi “Xəmsə”sinin 1539-1543-cü illərə aid olan nüsxəsini Şah Mahmud dörd il ərzində tamamlamışdır. Bir çox xəttatlar kimi, poetik bacarığa da malik olan Nişapuri, köçürdüyü mətnə bəzi düzəliş və əlavələr də etmişdir. Əlyazmasının mətninin Nizami əsərlərinin Vəhid Dəstgerdi tərəfindən nəşr edilmiş tənqidi mətnləri ilə müqayisə edilməsi də bu fikri təsdiqləyir[10].

Təsviri[redaktə | mənbəni redaktə et]

Mirzə Əlinin əl işi olması güman edilən, duru qızılla işlənmiş heyvan və bitki təsvirləri əlyazmasının bütün səhifələrini bəzəyir.

Əlyazmasında Nizami Gəncəvi Xəmsəsinə daxil olan beş poema tam şəkildə yer almış və miniatürlərlə bəzədilmişdir. Dəbdəbəli həll edilmiş bu əlyazmasının miniatürləri I Təhmasibin saray kitabxanasında çalışmış beş Təbriz rəssamının fırçasına aiddir: Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər ƏliMir Seyid Əli. Dekorativ kompozisiyası, rəng koloriti, insan, heyvan və bitki təsvirlərinin ifadəliyi, həmçinin üstün kompozisiya quruluşu və personajların geyimlərinə görə bu rəssamların işləri bir-birindən seçilir. İncə yerli tonlarda çəkilərək orijinal formada yerləşdirilmiş, bitkilərlə örtülmüş böyük qayalı dağlar, möhtşəm forma və rənglərə malik çiçəklər, bəzən qızılı çalara malik səma, öz yaradıcılığında tamlıq və dəbdəbəyə can atan bu miniatürçülərin bədii idealını əks etdirir.[13]

Zəngin ornamentlərlə bəzədilmiş, qızılı naxışlara malik titul və şmutstitul səhifələrinə malik bu əlyazma, hər iki tərəfdən nəstəliq xətti ilə yazılmış 396 [13] səhifədən ibarətdir. Əlyazmasının cilalanmış kağızı fil sümüyü çalarına malikdir. Bütün səhifələrin boş hissələri, biri digərindən bir qədər tünd yaşıla çalan duru qızılla heyvan və bitki siluetləri ilə bəzədilmişdir.[13] A. Qazıyev qeyd edir ki, əlyazmasının bütün dekorativ-təsviri bəzəkləri Mirzə Əli Təbrizi tərəfindən həyata keçirilmişdir.[13] N. Zamanov da, A. Qazıyevin fikri ilə razılaşaraq Mirzə Əlinin əlyazmasının dekorativ-təsviri bəzəklərini həyata keçirdiyini qeyd edir.[14] Əlyazması ilkin cildindən 1737-ci ildə çıxarılmış və yeni cildə yerləşdirilmişdir.[10]

Miniatürlərdə bəzi frizportallarda yerləşdirilmiş yazılar, adətən süls və kufi xəttləri ilə yazılsa da, bu əlyazmasında belə yazılar da nəstəliq xətti ilə yazılmışdır.[15] A. Qazıyev qeyd edir ki, “miniatürlər üzərindəki mətnlərə əsasən demək olar ki, əlyazmasının hazırlanması zamanı xəttat və rəssamların işi əla koorinasiya edilmişdi. Əlyazmasının Xəttatı olan Şah Mahmud Nişapuri mətni köçürərkən misralar və beytləri elə hesablamışdır ki, müəyyən beytlər məhz aid olduqları miniatürlərin yerlşdiyi səhifələr üzərinə düşmüşdür. Səliqə ilə miniatürlərin kompozisiyasına daxil edilmiş bu mətn parçaları onları əlyazmanın ümumi sturkturu ilə birləşdirərək vahid hala gətirmişdir."[15] Səlist oxunan gözəl nəstəliq xətti ilə yazılmış beytlər miniatürlərin ümumi informativliyini tamamlayaraq, miniatürdə təsvir olunmuş hadisənin konflikt və dramatizmini anlamağa kömək edir. Əlyazmasında rəssamların imkanlarını məhdudlaşdıran əsas şərt, bütün miniatürlərdə kompozisiyaların vertikal şəkildə qurulması tələbidir.[15] Bu tələb, əlyazmasını tərtib edənlərin oxucunun rahatlığını təmin etmək istəyindən doğsa da, bədii baxımdan bəzi miniatürlərin horizontal kompozisiyada təsviri daha səmərli olardı.[15]

Əlyazmasında miniatürlərin hər birinə ayrıca səhifə ayrılması, onları faktiki olaraq, müstəqil sənət əsərlərinə çevirmişdir. Onlar əlyazmasında kənarda da öz həyatını yaşaya biləcək dəzgah əsərlərinə bənzəyir.[15] Miniatürlərdən bəzilərində rəssamların adı qeyd edilmişdir. Lakin, onların hamısı bir xəttlə yazıldığından, ehtimal ki, əlyazmasına ləvvah tərəfindən əlavə edilmişdir.[15]

Miniatürləri[redaktə | mənbəni redaktə et]

Əlyazmasının əsas təsvir vasitələri Nizami poemalarına illüstrasiya kimi çəkilmiş böyük miniatürlərdir. Əlyazmasına daxil olan 17 miniatürdən 14-ü əlyazması ilə eyni yavxtda yaradılmış, 3 miniatür isə əlyazmasına sonradan əlavə edilmişdir. Həmin 3 miniatür Hacı Yusifin oğlu Məhəmməd Zaman tərəfindən tamamilə başqa üslubda çəkilmişdir. Həmin üç miniatürdə Yeddi gözəl poemasından olan “Çiynində öküz tutmuş Fitnənin pilləkənlə qalxması”, “Bəhram Gurun aylı gecədə şahzadə ilə bağda şam yeməyi yeməsi”Bəhram Gurun əjdahanı öldürməsi səhnələri təsvir olunub.[6] Bu miniatürlərdən ikisinin üslubunda Məhəmməd Zamanın yaradıcılığında Avropa rəssamlığı üsullarından istifadə etməsi müşahidə edilir.[16][17]

Əlyazmasını tədqiq etmiş A. Qazıyev əsəri bəzəyən orijinal miniatürlərdən bəhs edərkən qeyd edir ki, “Stil və icra ustalığına görə bir-birinə tay olan bu miniatürlərdə ayrılıqda bu və ya digər rəssama xas olan element və incəlikləri müəyyən etmək çətindir. Baxmayaraq ki, miniatürlərin hər biri ayrı-ayrı rəssamlar tərəfindən işlənmişdir, ilkin baxışda insana elə gəlir ki, sanki onların hamısının müəllifi bir rəssamdır.”[15] Miniatürlərin eyni stildə olmasını tədqiqatçılar, rəssamların bir emalatxanada eyni rəssamın rəhbərliyi ilə işləməsi ilə izah edirlər. Ehtimal ki, bu rəssam Kəmaləddin Behzaddan əvvəl və sonra şah kitabxanasına rəhbərlik etmiş[18] Sultan Məhəmməd Təbrizi olmuşdur.[19]

Ölçü, incə rəng seçimi, dəqiq təsvir və ifadəli siluet detalları ilə diqqət çəkən dəbdəbəli miniatürlərin eyni stildə işlənmələrinə baxmayaraq, onlarda müəllif olan rəssamların individual yaradıcılığını əks etdirən kiçik detallar da vardır. Əlyazma üzərində işləmiş rəssam-illüstratorlara xas bu özünəməxsusluqları rəng sistemi, kompozisiyanın əsas motivlərinin təşkilində görmək mümkün olsa da, bu xüsusiyyətlər bütün miniatürlərdə dekorativ məqsədlə istifadə edilmişdir.[20] Sifarişçinin zövqünə uyğun olan, açıq havada döyüş, təntənəli mərasim, Bəhram Gurun macəraları kimi mövzuları seçmiş rəssamlar mövzuya uyğun olaraq bayram əhval-ruhiyyəli, rəngarəng ifadə tərzi axtarmışlar. Lakin, miniatürlərin belə həyatsevər, dekorativ təşkili Nizami poemalarında əks edilmiş ifadə motivi, öyrədici təsir, faciəvi konflikt məqamlarını açmağa imkan verməmişdir.[20]

Müəlliflərin dəsti-xətti[redaktə | mənbəni redaktə et]

Sultan Məhəmmədin "Məhəmməd peyğəmbərin meracı" miniatüründə burulğanlı buludların və mələklərin təsviri

Şah I Təhmasibin “Xəmsə” əlyazması yüksək ustalıq prinsipləri əsasında tərbiyə olunmuş və akademik maneraya malik Təbriz miniatür məktəbi ustaları pleyadasının əl işi olmaqla mühüm tarixi və bədii əhəmiyyətə malikdir. Bu əlyazması üzərində çalışmış rəssamların əsərləri kitab illüstrasiyasından daha çox, geniş məqsədləri olan rəsm əsərləridir.[21] Öz dövrünün hakim ideologiyasının, cəmiyyətin zadəgan təbəqəsinin ideal və zövqlərinin təsvirçiləri olan rəssamlar, Nizami “Xəmsə”sindən məhz hökmdarları tərif edən səhnələri seçməyə çalışmışlar. Belə süjetlər həmin rəssamlara kompozisiyanın çoxsaylı personajlar, landşaft elementləri, rəssamların müasiri olduqları saray mühitinə aid əşyalar sayəsində mürəkkəb kompozisiya qurmağa imkan verirdi. Kompozisiyanın, əksər hallarda heç bir məna ifadə etməyən personajlarla zənginləşdirilməsi, əlyazmasının sifarişçisi olan I Təhmasibin dəbdəbəli sarayını təsvir etməyə hesablanmış metoddur.[22]

Əlyazmasındakı on dörd orijinal miniatürdən altısının müəllifi olan Ağa Mirək Mirzə Qiyas çəkdiyi miniatürlərdə o qədər xırda detallara yer verir ki, bu, bəzən süjetin qarışmasına və kompozisiyanın tamlığının parçalanmasına səbəb olur.[20] Onun bütün miniatürləri eyni şəkildə parlaq və dekorativ detallarla bəzədilmişdir. Bu rəssamın miniatürlərinin bütün sahəsini əhatə edən parlaq rəng gərginliyi dekorativlik və paradlıq tələblərinə cavab versə də, ümumi qəbul tələbinə cavab vermir; Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri miniatürü bu baxımdan istisna təşkil edir.[20]

Ağa Mirəkin həmişə parlaq kompozisiyalarından fərqli olaraq, Sultan Məhəmmədin əlyazmasında yer almış dörd miniatürü kompozisiya və koloristika baxımından vəhdət təşkil edir.[20] Bu miniatürlərdə rənglər ümumi kompozisiya ilə sintezdə istifadə edilmişdir. Sultan Məhəmmədin miniatürlərində bu elementlərin vahid halında və qarşılıqlı əlaqədə istifadəsi, onun əsərlərinin kompozisiya quruluşunun dəqiqliyini təmin etmişdir. Onun təsvir etdiyi şən və həyatsevər obrazlar, təsvir edilən hadisələrə uyğundur. Sevgi lirikası, Sultanın təmtəraqlı keçidi, hökmdarın ovdakı məharəti və peyğəmbərin coşğun uçuşu əlavə süjet və kompozisiya detallarından qaçmağa çalışan bu incə kolorist, kompozisiya və ifadəli siluet ustadının müraciət etdiyi mövzulardır. Rəssamın sevdiyi və bir çox miniatürlərinə əlavə etdiyi Çin tipli burulğanlı buludlar isə kompozisiyanı daha da canladırmağa və dinamikanı gücləndirməyə kömək edir.[21]

Mirzə Əlinin bu əlyazmasında yer almış iki miniatürü üçün dekorativ-rəngarənglik efeekti naminə süjetə biganəlik xarakterikdir. Ümumi təəssüratın parçalanması, kompozisiyanın xırda detallarala zənginləşdirilməsi onun yaradıcılıq stilini Ağa Mirəkin bu əlyazmasındakı miniatürlərinin stilinə yaxınlaşdırır. Hər iki sənətkarın miniatürlərindəki stil yaxınlığının səbəbi, onların saray əhval-ruhiyyəsini əks etdirən, hökmdar və onun yaxın ətrafının da əks olunduğu oxşar mövzularda işləmələridir.[21] Əlyazmasının bütün səhifələrinin dekorativ bəzəklərinin də müəllifi olan Mirzə Əli, müəllifi olduğu miniatürləri nəinki parlaq rəngli paltarlar geyinmiş süjetdən kənar personajlarla zənginləşdirmiş, hətta təntənəli dekorativlik naminə ornamental-dekorativ motivlərlə də yükləmişdir.[21]

Əlyazmasında cəmi bir miniütürün müəllifi olan Müzəffər Əli daha sakit səma təsvirlərinə üstünlük verərək burulğanlı fantastik buludlardan uzaq durmuşdur. Onun miniatürdə təsvir etdiyi adi təpələr üzərində bir ağac görünür, qalan ərazi isə nadir bitki kolları ilə örtülmüşdür. Əlyazmasının hazırlanmasında iştirak etmiş digər rəssamlardan fərqli olaraq, Müzəffər Əli təsvir etdiyi süjetə tamamilə sadiq qalaraq çoxsaylı əlavə personajlar, parlaq rənglər istifadəsindən uzaq durmuşdur. Lakin, əlyazmasındakı digər miniatürlərlə harmoniyanı pozmamaq üçün o da, öz əsərinə bir neçə süjetdən kənar pürsonaj və xırda detal əlavə etmişdir.[21] İstedadlı janrist və animalist olan Mir Seyid Əli də bu əlyazmasında yer almış yeganə miniatürünü süjetə dəxli olmayan çoxsaylı səhnələr, detallar və əlavələrlə zənginləşdirmişdir. Miniatürü təsviri baxımdan gözəl təşkil etmiş sənətkar, dəbdəbə və təntənəli dekorativlik naminə müəllifin əsas ideyalarını qurban vermişdir.[21]

Peyzaj[redaktə | mənbəni redaktə et]

Ağa Mirəkin "Məcnun heyvanlar arasında" miniatüründə təbiətin təsviri

Əlyazmasında yer almış bütün miniatürlərdə peyzaj müstəqil rol oynayır. O, rəssamları poemada baş vermiş hadisənin vəziyyətinin dəqiqləşdirilməsi üçün yox, daha çox təbiətin və ətraf mühitin inandırıcı təsviri, parlaq rəngli paltarlarda təsvir edilmiş personajlara uyğun, məzmun və rəngkarlıq baxımından zəngin dekorativ fon yaradılması üçün maraqlandırır. Bundan əlavə, fonun peyzaj motivləri, Nizami beytlərinin lirikası ilə daha çox uyğunluq təşkil edir. Buna görə də, əlyazmasında yer almış bütün miniatürlərdə hadisələr açıq səma altında təsvir edilmişdir.[22] On dürd süjetin hər biri təbiət fonunda verilmişdir; burada bütün xarakterik detalarla təsvir edilmiş bağlar, göllər qayalı dağlar və dağlıq ətraf-mühit, təsvir edilən hadisələrə müəyyən poetik sevinc bəxş edir. Miniatürlərin hər birində bağlar çiçəkli meyvə ağacları, qovaq, sərvçinar ağacları ilə göstərilmişdir. Onlar bir qayda olaraq hadisənin baş verdiyi yerdən keramik və taxta məhəccərlərlə ayrılmışdır.[22]

Göllər və gölməçələr üzərində bitmiş çoxsaylı çiçəklərlə örtülmüşdür. Ağ və sarı rəng çalarlarında təsvir edilmiş həmin çiçəklər göllərin qırmızı və tünd-yaşıl rənglərin qarışımından alınmış rəngi ilə kontrast təşkil edir. Belə çiçəkli fona adətən dağ çayının gümüşü lenti xatırladan qolu da əlavə edilir. Belə çayların sahili isə nadir rənglərə malik daşlarla bəzədilir.[22] Dağlıq və səhra mənzərələri çox vaxt sahilində kiçik kollar bitən və parlaq daşlarla əhatə olunmuş, ərazi boyunca qıvrılaraq axan çaylarla canlandırılır. Çiçəklər və kollar çaydan bir qədər aralı təsvir edilir; onlar sanki daşlar altında saxlanılan nəmliklə qidalanırlar. Bu çaylar üzərində quşların yaşadığı ağaclarla zəngin təpələr və dağları da özünəməxsus şəkildə əhatə edir.[22]

Qayalı təpələr də həmçinin nadir bitki və kollar, həmçinin çiçəkləmiş və qol-budaqlı ağaclarla birgə təsvir edilir. Təpələrin mürəkkəb həndəsi formalar əmələ gətirən və parlaq rənglərdə verilmiş qayaları səmanın mavi və qızılı təsviri fonunda seçilir. Çoxplanlı aşırımlar formasında verilmiş dağlıq yerlər bir-birinin üstündə yerləşərək, zirvələrin gözəl siluetini formalaşdırır. Onların maili hissələrində dekorativ ləkələr formasında daşlar və kollar yerləşdirilmişdir. Belə fantastik landşaft aşağı hissədə sahilində rəngarəng daşlar və nadir bitki kolları olan çaylarla tamamlanır.[23]

Miniatürün yuxarı hissəsi, aşağı hissədəki dəbdəbəli təsvirə uyğun olaraq “çi” tipli burulğanlı buludlarla tamamlanır. Sultan Məhəmməd Təbrizi tərəfindən çəkilmiş miniatürlərdə bu cür buludlar mavi və ya qızılı səmanı canlandırmaq üçün istifadə olunur.[23] Bu cür peyzaj təsvirləri fonunda verilmiş kiçik insan və heyvan fiqurları isə təbiətin böyüklüyünü daha da qabarıq şəkildə əks etdirir.[23]

Heyvan və insan fiqurları[redaktə | mənbəni redaktə et]

Ağa Mirəkin "Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri" miniatüründə taxtda oturmuş XosrovŞirinin təsviri

Əlyazmasındakı miniatürlərdə müxtəlif canlılar olduqca ifadəli və düzgün təsvir edilmişdir. Müvafiq vəziyyət və xarakterik pozada verilmiş dördayaqlılar və quşların təsviri zamanı rəssamları statik və ləng hərəkət formalarından qaçmağa çalışmışlar.[23]

İnsanlar isə bu miniatürlərdə şəxsiyyətsiz incə manerada təsvir olunmuşlar. Kiçik, lakin incə fiqurlar üz ifadəsi olmadan verilmişlər. Onların açıq gözləri harasa uzağa zillənmişdir. Personajların üzü profilə gah yaxın gah da uzaq olmaqla, həmişə üçdə dörd formada verilmişdir. Başın vəziyyəti horizontaldan vertikala doğru müxtəlif ox istiqamətlərində dəyişir. İnsan fiqurları yalnız bir neçə pozada göstərilsə də, ifadəli hərəkət bədən üzvləriin prespektiv kiçikməsi və ya ixtisarı olmadan verilir.[23]

Ən kiçik detallarına qədər dəqiq təsvir edilmiş geyimlər əlyazmasının aid olduğu tarixi dövrə uyğun olaraq seçilmişlər; onlar hamısı əlyazmasının aid olduğu Səfəvilər dövrünün kostymlarını əks etdirirlər. Buna görə də miniatürlərdəki kostyumlara uyğun olaraq, XVI əsr Səfəvilər dövlətinin müxtəlif saray xidmətçilərini və adi adamları fərqləndirmək mümkündür.[23]

Bir qayda olaraq zadəgan kişi kostyumları iki uzun mantiyadan (üstdəki cübbə, altdakı isə qəbbə) ibarətdir. Altdakı qısa qollu mantiya bir qayda olaraq yan tikişinə malik idi və beldən altı ləçəkli rozet şəkilli başlığı olan dəri kəmərlə yığılırdı. Geniş xalatı xatırladan üst geyimi isə uzun, sallanan qollara malikdir; bu geyim qabaqdan bağlanmır, bəzən sinədə və çiyinlərdə tikmə bəzəklər görünür. Yüksək rütbəli dövlət xadimləri və saray qulluqçuları bu cür geyimdə, uzun qılıncla və baş geyimində lələklə təsvir edilirdi.[23]

Səfəvi sarayında daha aşağı təbəqəni təmsil edən eşik ağası, qarovul başı, quşbaşı isə ali rəhbərlikdən fərqli olaraq dar, qısa qollu, böyük başlıqlı kəmərlə beldən yığılmış üst geyiminə malikdir. Eşik ağası da eşik ağası başı kimi qılıncla, lakin lələksiz təsvir edilir. Lələyə bəzən pajların və digər orta saray xidmətçilərinin də türbanında rast gəlinir.[24] Aşağı xidmətçi təbəqə və qoruyucular kaftanlarda və dirəkli türbanlarda təsvir edilmişlər. Adi xalq nümayəndələri də bu cür kaftanlarda lakin adi papaqla göstərilmişlər.[24]

Qadın geyimləri biçiminə görə demək olar ki, kişi geyimləri ilə eynidir; iki uzun paltar, üst paltar geniş “yalançı” qollara malikdir və qabağı açıqdır. Bantlanmış alt geyimi qabaqdan sıx düymələnmiş və ya döş hissəsindən bir qədər açıq buraxılmış olur. Yüngül materialdan olan tuman isə ayağın üstünə kimi uzanır.[24]

Personajların geyimlərində qeyd edilən ümumi xüsusiyyətlər onların baş geyimlərinə də aiddir. Məsələn, Sasani şahı NuşirəvanArran şahzadəsi Şirin dəbilqəvari taclarla, Xosrov Pərviz, Bəhram GurSultan Səncər isə dirəkli və lələkli ağ Səfəvi türbanlarında təsvir edilmişlər. Digər saray xadimləri də qızılbaş türbanlarında təsvir edilmişlər. Din xadimləri, müdriklər və sarayəhli olmayan digər şəxslər oval formada burulmuş, kiçik dirəkli çalmalarda təsvir edilmişlər. Adi adamların baş geyimləri isə dəri papaqdan ibarətdir.[24]

Kişi baş geyimləri ilə müqayisədə qadın baş geyimləri daha az zəngindir. ŞirinLeylinin rəfiqə və qulluqçuları kiçik araqçınla təsvir edilmişlər. Araqçın üstdən kiçik ağ və ya rəngli şalla örtülmüş, onun bir ucu isə aşağı sallanmışdır. Bu baş geyimi başa mirvari və ya qiymətli daşlardan ibarət boyunbağı ilə bərkidilir, boyunbağı qulağın qabağından keçərək buxağı əhatə edirdi. Xalq təmsilçiləri və qoca qadınlar adi örpəklə təsvir edilmişlər.[24]

Kişi və qadınlar adətən dabansız adi çarıq ayaqqabıda təsvir edilir, nadir hallarda çəkmələrdə də rast gəlinir.[24]

Məişət əşyaları[redaktə | mənbəni redaktə et]

Səfəvi dövrünün maddi mədəniyyəti və bədii sənət nümunələrinin öyrənilməsi üçün əlyazmasında yer almış miniatürlər maraqlı mənbə rolunu oynayırlar.[25] Burada dövrün özünəməxsusluqlarını əks etdirən məişət əşyaları, qablar, musiqi alətləri, bədii tikmələr, xalça və parçalar xırda detallarına kimi dəqiqliklə təsvir olunmuşlar. Xüsusilə məişətdə istifadə olunan qabların formaları, incə və uzun boğaza malik qızıl qrafinlər, qapaqlı dərin boşqablar, meyvələr üçün istifadə olunan düz boşqab və podnoslar diqqət cəlb edir.[25]

Həmin dövrün inkrustasiya və intarsiya incəsənəti haqqında ayrı-ayrı miniatürlərdə əks olunmuş taxt, oturacaq, baldaxin kimi mebel məmulatları məlumat verir. Paltarların tikilməsi üçün istifadə olunmuş parçalar al-əlvan rənglərdə olmaqla qızılı naxışlar və çiçək təsvirləri ilə bəzədilmişdir. Paltarlarda rəngli saplarla işlənmiş bədii tikmə detalları qabarıq nəzərə çarpdırılmışdır.[25]

Miniatürlərin ardıcıllığı[redaktə | mənbəni redaktə et]

Miniatür Adı Qısa təsvir
1
Nuşirəvan və bayquşlar
Ağa Mirək tərəfindən "Sirlər xəzinəsi" poemasından "Nuşirəvan və bayquşların söhbəti" hekayəti mövzusunda çəkilmişdir. Kompozisiya quruluşu və detalların həllinə görə orijinal olan bu miniatür Nizaminin tərbiyəvi hekayələrindən birini təsvir edir. Hekayəyə əsasən Nuşirəvan bir gün xarabalıq yanından keçərkən bayquşların söhbətini eşidir və bu söhbətdən ölkənin xaraba halına salındığını öyrənir. Miniatürün mərkəzində at belində oturmuş Nuşirəvan və onun vəziri təsvir edilmişdir.[26]
2
Sultan Səncər və yaşlı qadın
Sultan Məhəmməd tərəfindən "Sirlər xəzinəsi" poemasından "Sultan Səncər və yaşlı qarı" hekayəti mövzusunda çəkilmişdir. Hekayəyə əsasən bir gün vəziri ilə gəzən Sultan Səncərin qarşısını kəsən bir qadın fəqan edərək hökmdardan aman diləyir. Nə baş verdiyini anlamayan hökmdar, qulluqçularının ölkəni talan etməsini, bütün zülmlərin isə məhz hökmdarın adına yazılmasını öyrənir. Miniatürün mərkəzində at belində oturmuş sultan, onun çətirdaşıyan və yaşlı qarı təsvir edilmişdir. Miniatürdə mərkəzi obrazın əhəmiyyəti onu əhatə edən atlılar və qayalıqlarla vurğulanmışdır. Beləcə izləyicinin nəzəri bütün ətraf detallardan uzaqlaşdırılaraq mərkəzdəki fiqur üzərinə yönləndirilmişdir.[27]
3
İki rəqib alimin hekayəti
Ağa Mirək tərəfindən "Sirlər xəzinəsi" poemasından "İki rəqib alimin hekayəti" mövzusunda çəkilmişdir. Hekayəyə əsasən rəqib olan EsxilEvripid bir-biri üçün güclü zəhər hazırlamaqda yarışmalı idi. Rəqiblərdən biri digərinə zəhərli içki düzəltsə də, digəri sadəcə qızılgül verir. Birinci alim hələ gülü qoxsulamamış qorxudan ölsə də, ikinci alim zəhər hazırlamağa sərf edəcək vaxtda özü üçün zəhər əlehinə dərman hazırladığı üçün rəqibin zəhərli içkisini içir və sağ qalır.[28]
4
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Mirzə Əli tərəfindən "Xosrov və Şirin" poemasına çəkilmiş miniatürdür. Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir. Bu miniatürü özünün təzahür tapdığı Nizami mətni ilə müqayisə etdikdə aydın olur ki, oradakı bir çox fiqurlar, o cümlədən kişilər ədəbi süjetdə göstərilməmişdir. Bunlar, kompozisiyanı canlandırmaq naminə rəssamın fərdi yaradıcılıq təşəbbüsü kimi qiymətləndirilməlidir.[29] Təbriz miniatür məktəbi rəssamlarına xas olan belə təşəbbüslər rəssamı təkcə mətndən gələn əhvalatın tərənnümü çərçivəsində saxlamayıb, onun fırçasına sərbəstlik gətirmiş, bir növ qol-qanad açmasına səbəb olmuşdur.[29]
5
Xosrovun çimən Şirini görməsi
Sultan Məhəmməd tərəfindən "Xosrov və Şirin" poemasına çəkilmiş miniatürdür. Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür.[30]
6
Şapurun Xosrovun yanına qayıtması
Ağa Mirək tərəfindən "Xosrov və Şirin" poemasına çəkilmiş miniatürdür. Poemada Şapur Xosrovun şəkli vasitəsilə Şirində ona qarşı eşq oyatdıqdan sonra, Xosrova müjdə vermək üçün onun yanına qayıdır. Şapurun qayıtdığını Xosrova xəbər verən şıq geyinmiş gənc məclisi bir alığa xələldar edir. Ağa Mirək müjdəçini gənc oğlan kimi təsvir etmişdir. N. Zamanovun fikrincə, həmin gəncin Şapur olmasını iddia etmək düzgün olmazdı. Çünki, qısa saqqallı olan Şapurun üzü I Şah Təhmasibin sifarişi ilə hazırlanmış “Xəmsə” əlyazmasına daxil olan digər miniatürlərdə başqa cür təsvir olunmuşdur.[31] Zamanovun fikrincə, rəssam öz təfsirində müasir mövqedən çıxış edərək dövrün adət-ənənəsini nəzərə almış və buna görə də, şairin mətni xilafına müjdəçi qızı, oğlanla əvəz etmişdir.[31]
7
Xosrovun taxta çıxması
Ağa Mirək tərəfindən "Xosrov və Şirin" poemasına çəkilmiş miniatürdür. Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. N. Zamanovun fikrincə, miniatürdə saray həyatının dəbdəbəli və izdihamlı təsvirində Ağa Mirəkə tanış olan I Təhmasibin sarayı və onun mühiti əsas götürülmüşdür. Buradakı monumental tağın tünd göy rəngli frizində süls xətti ilə yazılmış kitabədə Şah Təhmasibin adının çəkilməsi və onun şəninə deyilən uzun tərif də bunu sübut edir.[32]
8
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri
Ağa Mirək tərəfindən "Xosrov və Şirin" poemasına çəkilmiş miniatürdür. Xosrov, Şirinlə görüşü münasibətilə kef məclisi qurur. Onlar, müğənnilərin mahnısını dinləyir, ecazkar musiqi təranələrindən məst olurlar. Bu zaman sevgililər musiqiyə bir an fasilə verərək, xidmətçilərin maraqlı nağıllarına qulaq asırlar. Rəssam, Nizami təsvirlərinin dəqiq illüstrəsinə cəhd etmiş və göründüyü kimi, bəzi uğurlu tapıntıları ilə buna nail olmuşdur. Miniatür, monumental kompozisiyaya malikdir. Tağ, hovuz və bunların qarşısında dəqiq simmetriya üzrə yerləşdirilmiş müxtəlif pozalı fiqurlar həmin monumentallığı daha da artırır. Sağ tərəfdəki kişi, soldakı qadın qrupları bir növ durna qatarı kompozisiyası üzrə verildiyindən o, tamaşaçının nəzər-diqqətini taxtda əyləşmiş Xosrov və Şirinə yönəldir.[33] Düşünülmüş kompozisiya qurumu bu miniatürdə təsvir olunan süjetin açılmasına kömək edən bədii ifadə vasitəsi kimi səslənir.[33]
9
Xosrovun Barbedin musiqisini dinləməsi
Mirzə Əli tərəfindən "Xosrov və Şirin" poemasına çəkilmiş miniatürdür. Şirinin hicrində qovrulan Xosrov dərdini unutmaq üçün məclis düzəldib kefə başlayır. Lakin, şərab da ona dərdini unutdura bilmir. Nəhayət, əfsanəvi Barbədin füsnkar musiqisiXosrovun fərağına çatır. Rəssam səhnəni təsvir etmək üçün Orta Şərq miniatür boyakarlığında geniş yayılmış saray məclislərinin mühitini seçsə də, onu tez-tez təkrar olunan ənənəvi şablon şəklində təsvir etməyib, orijinal forma axtarır. O, təntənə və təmtəraqdan qaçır, mətnə əsasən süjeti intim planda verməyə çalışır.[14] Miniatürün gözəl məziyyətlərindən biri, ədəbi mətndəki vaqiənin Mirzə Əli tərəfindən sənətkarlıqla əks etdirilməsidir.[34] Mətni diqqətlə gözləyən rəssam ən kiçik ştrixlərin belə fərqinə varır. Miniatürdə Barbedin yanında əlində xələt olan iki xidmətçi dayanmışdır. Mahnı üçün Xosrovun Barbedə hədiyyə verməsi faktı şərti də olsa, miniatürdə sərrastlıqla əks etdirilmişdir.[34]
10
Məcnun Leylinin çadırı qarşısında
Mir Seyid Əli tərəfindən "Leyli və Məcnun" poemasına çəkilmiş miniatürdür. Bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun səbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
11
Məcnun heyvanlar arasında
Ağa Mirək tərəfindən "Leyli və Məcnun" poemasına çəkilmiş miniatürdür. Miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır.[35] Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacısərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir.[35]
12
Məhəmməd peyğəmbərin meracı
Sultan Məhəmməd tərəfindən "Yeddi gözəl" poemasına çəkilmiş miniatürdür. Orta əsr divan ənənəsinə uyğun olaraq, başqa şairlər kimi Nizami poemalarını dini məzmunlu girişlə başlamışdır. Həmin girişə əsasən Məhəmməd peyğəmbərin göyə qalxması təsvi olunur: Ulduzlu bir gecdə peyğəmbər dünya tamahı ilə vidalaşıb çəhrayı rəngli insan başlı, qanadlı əfsanəvi atın - Buraqın belində göyün yeddinci qatına qalxır. Sənətşanas K. Kərimov miniatürün bədii üslubuna və ifadə tərzinə dair dəlillər gətirməklə əsərin Sultan Məhəmmədin fırçasına mənsub olduğunu sübut etmişdir.[36]
13
Bəhram Gurun şir ovu
Sultan Məhəmməd tərəfindən "Yeddi gözəl" poemasına çəkilmiş miniatürdür. Poemada, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. Dekorativ planda işlənmiş kompozisiyanın monumentallığı və lakonikliyi, Bəhram surətinin tutarlı həlli, sayca az, lakin intensiv rənglərin ahəngdar çalarlarından doğan zəngin kolorit uyarlığı, poemanın qəhrəmanlıq ruhu və oynaq bəhri ilə səsləşir.[37] Bütün bunlar Nizami hekayətini rəsm dilində canlandırmaq naminə rəssamın kəşf etdiyi uğurlu təsvir vasitələri və orijinal ifadə tərzi sayəsində mümkün olmuşdur.[37] Rəssam əsas süjet xəttinin (şirlə gurun oxla bir-birinə tikilməsi) nəqlini, habelə epizodu tamamlayan digər köməkçi personajları məhdud miniatür səthində müxtəlif pozalarda paylaşdırmaqla komozisiyada gərgin dinamika yarada bilmişdir.[37]
14
Bəhram Gurun əjdahanı öldürməsi
Məhəmməd Zaman tərəfindən "Yeddi gözəl" poemasına çəkilmiş miniatürdür. Miniatür əlyazmasına 16751676-cı illərdə əlavə edilmişdir.[38] Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir.[39] Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır.[39]
15
Bəhram Gur və Fitnənin ova çıxması
Müzəffər Əli tərəfindən "Yeddi gözəl" poemasına çəkilmiş miniatürdür. Bəhram şahın Fitnə adlı ay üzlü, zirək və ağıllı bir kənizi var idi. Bir gün şah növbəti ov səfərinə Fitnəni də özü ilə aparır. Onun şücaəti hamını heyrətə salsa da, Fitnə şahın qoçaqlığına qarşı susur, nazındanmı, hiyləsindənmi, nədənsə şahı tərifləmir. Şah Fitnədən nə görmək istədiyini soruşduqda Fitnə gurun dırnağının oxla qulağına tikilməsni görmək istədiyini deyir və şah onun dediyini edir.[40] Bu mövzuda əsər yaratmış çoxsaylı başqa rəssamlardan gərqli olaraq, Müzəffər Əli Nizami təsvirini o dövr rəssamlığına xas olan dekorativ üslubda əks etdirsə də,bu miniatürün ümumi ahənginə realizmə meyl edən şərti təsvir vasitələrinin bəzi incə ayrıntılarına təsadüf olunur.[41] Lövhədəki dağətəyi düzənlik, xəfif dağ silueti, onu iki yerı bölən və miniatür səddindən çıxan iri gövdəli çinar və s. real mənzərə təsiri oyadır. Miniatürdə kolorit zənginliyi, zəriflik, insan və heyvan fiqurlarının pozalarında qərar tutan təbii hərəkət sərbəstliyi və sair real mənzərə təsiri oyadır. Miniatürdə kolorit zənginliyi, zəriflik, insan və heyvan fiqurlarının pozalarında qərar tutan təbii hərəkət sərbəstliyi və s. kimi əlamətlər onu fərqləndirir.[41]
16
Fitnənin öküzü qaldırması
Məhəmməd Zaman tərəfindən "Yeddi gözəl" poemasına çəkilmiş miniatürdür. Günlərin bir günü şahın Fitnəyə acığı tutur, onun ölümünə hökm verir. Lakin ağıllı sərkərdə Fitnəni öldürmür, onu öz qəsrinə aparır. Fitnəni xəlvətdə gizlədib, ona nəvaziş göstərir. Fitnə orada yeni doğulmuş dananı əllərinə alıb ondan xoşlanır. Xeyli müddət keçəndən sonra Fitnə dananı çiyinləri üzərinə qaldırıb sarayın pilləkənlərindən aşağı-yuxarı düşürür. Nizami göstərir ki, o, artıq buna adət etmişdir. Həmin bu adət məsələsini Fitnə şah ov edən zaman Bəhrama demişdir. «Bəhrami Gur ceyranı qulağını qaşıyarkən oxu elə atmışdı ki, heyvanın ayağı qulağı ilə bir yerdə qalmışdır». Fitnə buna «adət» dedikdə şah qəzəblənib onu öldürmək istəsə də Fitnəyə qıymamış, onu sərkərdəsinin əliylə öldürmək qərarına gəlmişdir. Xeyli müddət bu hadisədən keçəndən sonra şah təsadüfən həmin sərkərdənin qəsrinə qonaq gəlir. Fitnə adəti üzrə öküzü çiyinlərində pillələrdən qaldırdıqda şahın gözü ona sataşır və deyir ki, belə şey ola bilməz. Fitnə çevrilib şaha cavab verir ki, adət etsən olar. Bəhram dərhal Fitnəni tanıyır və onun sağ qalmasına sevinir. Sərkərdəyə onu öldürmədiyi üçün təşəkkür edir.
17
Hindistan gözəlinin hekayəsi
Məhəmməd Zaman tərəfindən "Yeddi gözəl" poemasına çəkilmiş miniatürdür. Yeddi gözəli tapan Bəhram şah onlar üçün hərəsi bir rəngdə olan yeddi saray tikdirir. Hər gün bir sarayı ziyarət edərək qızların hekaələrini dinləyir. Miniatürdə Bəhram Gura qara sarayda məskunlaşmış Hindistan gözəli tərəfindən danışılmış hekayə əks etdirilmişdir. Hekayədə şahın sehrli bağa gəlməsi və sehrli məxluqla qarşılaşmasından bəhs olunur.

Sahibləri[redaktə | mənbəni redaktə et]

Əlyazması 1539-1543-cü illərdə Səfəvi şahı I Təhmasib (1524-1576) üçün hazırlanmışdı.[42] Əlyazmasının f 348v səhifəsində hicri təqvimlə 1243-cü ildə Məhəmmədəli şah Qacarın oğlu şahzadə Mahmud Mirzə Qacar tərəfindən edilmiş qeyddə bildirilir ki, hökmdarın əmri ilə əlyazması Şahzadə Tac əl-Dövlənin sarayında yerləşdirilmişdir.[42] 9 oktyabr 1880-ci ildə "Messr. Trübner & Co." şirkəti tərəfindən alınan əlyazması Böyük Britaniyaya gətirilmişdir.[42]

Tədqiqi[redaktə | mənbəni redaktə et]

Əlyazmasına çəkilmiş 14 miniatür ilk dəfə [1] rəngli reproduksiya (faksimile) şəklində 1928-ci ildə təbii ölçülərində, albom formasında, Londonda L. Binyon tərəfindən nəşr edilmişdir.[43] Lakin, 1912-ci ildə F. Martin tərəfindən 14 miniatürdən 11-nin təsvirləri verilmişdir.[44] Azərbaycan alimlərindən ilk dəfə Adil Qazıyev əlyazmasını və onun miniatürlərini tədqiq edərək, tədqiqatını ayrıca kitab şəklində nəşr etdirmişdir.[45] Daha sonra K. Kərimov[46][47], N. Zamanov[48] və başqa tədqiqatçılar da Şah I Təhmasibin "Xəmsə" əlyazmasına diqqət yetirmiş, onun ayrı-ayrı xüsusiyyətlərini, əlyazmasında yer almış miniatürləri tədqiq etmişlər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Qitə - kaliiqrafik xəttlə yazılmış şer parçası.
  2. “Reyhane-nəstəliq” traktatında verilən məlumata görə Qazi Əhmədin qeyd etdiyi “Xəmsə” əlyazma nüsxəsi Cəfər Təbrizinin tələbəsi Şeyx Mahmud tərəfindən başlanılmış, lakin tamamlanmamış qalmışdır. Sonradan I Təhmasibin əmrinə əsasən əlyazmasını Şah Mahmud Nişapuri qübrar yazısı ilə tamamlamışdır.[9]
  3. A. Qazıyev qeyd edir ki, Q. Əhmədin Nişapurinin ölümü haqqında göstərdiyi tarix dəqiq deyildir. Belə ki, dövrümüzə Şah Mahmud tərəfindən 972-ci ildən sonra yazılmış əlyazmaları da gəlib çatmışdır. Bunlar İstanbuldakı Türk və İslam əsərləri muzeyində saxlanan 982-ci ildə yazılmış “Cəhil kalma” əlyazması və Parisdəki Fransa Milli Kitabxanasında saxlanan 979-cu ildə yazılmış Əmir Xosrov Dəhləvinin “Xəmsə” əlyazmasıdır.[10]
  4. Xətai Divanının Şah Mahmud tərəfindən köçürülmüş Azərbaycan dilində olan bu əlyazma nüsxəsi Özbəkistan Milli Elmlər Akademiyasının Şərşünaslıq İnstitutunun kolleksiyasında saxlanılır[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Казиев, 1964. səh. 11
  2. Казиев, 1964. səh. 6
  3. 3,0 3,1 Казиев, 1964. səh. 7
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 Казиев, 1964. səh. 8
  5. 5,0 5,1 5,2 Казиев, 1964. səh. 9
  6. 6,0 6,1 Казиев, 1964. səh. 13
  7. Sam Mirzə. Töhfeyi-Sami. Tehran. 1314 (1930). 81.
  8. Ахмед, Кази. Трактат о каллиграфах и художниках. Москва-Ленинград: Искусство. 1947. 140. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  9. Bayani, M. "Şah Mahmud Nişapuri". “Peyam-e Nəvin” jurnalı (No. 2). 1342 (1963): 36. (#accessdate_missing_url)
  10. 10,0 10,1 10,2 Казиев, 1964. səh. 14
  11. Ахмед, Кази. Трактат о каллиграфах и художниках. Москва-Ленинград: Искусство. 1947. 141. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  12. Собрание восточных рукописей АН Узбекистан ССР под ред. А. А. Семенова, т. I-V, Ташкент, 1952-1960, опис. № 1339 (шифр 1412)
  13. 13,0 13,1 13,2 13,3 Казиев, 1964. səh. 12
  14. 14,0 14,1 Zamanov, 1981. səh. 34
  15. 15,0 15,1 15,2 15,3 15,4 15,5 15,6 Казиев, 1964. səh. 15
  16. Arnold, T.W. Painting in Islam. Oxford. 1928. 64.
  17. Smith, V.A. A history of fine art in India and Ceylon. Oxford. 1911. 132.
  18. Ахмед, Кази. Трактат о каллиграфах и художниках. Москва-Ленинград: Искусство. 1947. 182–183. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  19. Зеки, М.Г. История живописи в Иране. Тегеран. 1950. 73.
  20. 20,0 20,1 20,2 20,3 20,4 Казиев, 1964. səh. 16
  21. 21,0 21,1 21,2 21,3 21,4 21,5 Казиев, 1964. səh. 17
  22. 22,0 22,1 22,2 22,3 22,4 Казиев, 1964. səh. 18
  23. 23,0 23,1 23,2 23,3 23,4 23,5 23,6 Казиев, 1964. səh. 19
  24. 24,0 24,1 24,2 24,3 24,4 24,5 Казиев, 1964. səh. 20
  25. 25,0 25,1 25,2 Казиев, 1964. səh. 21
  26. Гасанзаде, Дж. Тебризская школа в кон- тексте мусульманской миниатюрной живописи. XIV – I половины XVI вв. Баку: Оскар. 2000. 231–232.
  27. Байрамов, Таир. Выбор сюжетов в иллю- стративных циклах к «Хамсе» Низами в тебриз- ских миниатюрах конца XV-XVI вв (Azərbaycan miniаtürləri: ənənə və müasirlik). Bakı. 2011. 69–78.
  28. Гасанзаде, Дж. Тебризская школа в кон- тексте мусульманской миниатюрной живописи. XIV – I половины XVI вв. Баку: Оскар. 2000. 207–208.
  29. 29,0 29,1 Zamanov, 1981. səh. 33
  30. Gəncəvi, Nizami. Xosrov və Şirin (PDF). Bakı: Lider nəşriyyatı. 2004. 113. 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-17.
  31. 31,0 31,1 Zamanov, 1981. səh. 37
  32. Zamanov, 1981. səh. 39
  33. 33,0 33,1 Zamanov, 1981. səh. 41
  34. 34,0 34,1 Zamanov, 1981. səh. 35
  35. 35,0 35,1 Zamanov, 1981. səh. 46
  36. Керимов, 1970. səh. 31
  37. 37,0 37,1 37,2 Zamanov, 1981. səh. 48
  38. Landau, Amy S. From Poet to Painter: Allegory and Metaphor in a Seventeenth-Century Persian Painting by Muhammad Zaman, Master of Farangī-Sāzī (PDF) (Muqarnas: An Annual on the Visual Culture of the Islamic World 28). 2011. 101–132.[ölü keçid]
  39. 39,0 39,1 Zamanov, 1981. səh. 55
  40. Gəncəvi, Nizami. Yeddi gözəl. Bakı. 1941. 84.
  41. 41,0 41,1 Zamanov, 1981. səh. 52
  42. 42,0 42,1 42,2 "Or. 2265" (PDF). britishlibrary.co.uk. 2022-02-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 sentyabr 2017.
  43. Binyon, L. The poems of Nizami. London. 1928.
  44. Martin, F.R. The miniature painting and painters of Persia, India and Turkey (vol. II). London. 1912. 130–140.
  45. Казиев, Адил. Миниатюры рукописи "Хамсэ" Низами 1539-1543 гг. Баку: АН Азерб. ССР Ин-т Литературы и Исскусства. 1964. səh. 82.
  46. Керимов, К. Д. Минаатюры к Хамсе Низами. Баку: Элм. 1991. səh. 51.
  47. Керимов, К. Султан Мухаммед и его школа (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Москва. 1970. səh. 190.
  48. Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Керимов, К. Султан Мухаммед и его школа (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Москва. 1970. səh. 190.
  • Казиев, Адил. Миниатюры рукописи "Хамсэ" Низами 1539-1543 гг. Баку: АН Азерб. ССР Ин-т Литературы и Исскусства. 1964. 82 səh.
  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. 190 səh.
  • Керимов, К. Д. Минаатюры к Хамсе Низами. Баку: Элм. 1991. 51 səh.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]