Xəritə — Vikipediya

Dünyanın fiziki xəritəsi

XəritəYer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir.

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir.

Təsnifatı[redaktə | mənbəni redaktə et]

Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər:

  • Dünya və yarımkürələrin xəritələri;
  • Materik və okeanların xəritələri;
  • Dövlətlərin və onların hissələrinin xəritələri.

Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər.

  • Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir.
  • Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya).

Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür:

  1. Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr;
  2. Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr;
  3. Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.

Xəritə tərtib etmək üçün əvvəl Yer planetinin forma və ölçüləri təyin olunur, planetin fiziki səthi həndəsi baxımdan öyrənilir, formaca "geoid" olan Yer planeti həndəsi fiqur olan Yer ellipsoidi ilə əvəz olunur. Daha sonra riyazi metodlarla yer ellipsoidi müstəvi üzərinə köçürülür. Xəritənin hər bir nöqtəsinə Yer üzərində yalnız bir nöqtə uyğun gəlir.

Hər hansı xəritəni tərtib etmək üçün ilk növbədə təsvir olunacaq ərazinin və oradakı obyektlərin cöğrafi məzmunu öyrənilir. Çünki, xəritədə bütün məlumatlar və təsvirlər kartoqrafik işarələrlə verilir. Belə təsvirlər qəbul olunmuş şərtlərə əsasən müəyyən məna daşıyır. Xəritəni şərti işarələr toplusu da adlandırmaq olar. Şərti işarələrin mənasını xəritənin leqendasında, yəni şərti işarələr kitabında tapmaq olar.

İzoxətlər üsulundan istifadə etməklə ərazidə havanın temperaturunun, təzyiqinin, yağıntıların paylanmasının, buxarlanmanın miqdarının və s. təsvir etmək üsulları ilə tanış olmaq mümkündür.

Areal üsulu ilə isə hər hansı bitki, heyvan növünün yayıldığı sahələri təsvir etmək olar.

Hərəkət üsulu isə daha çox məlumatverici xüsusiyyətə malikdir. Belə ki, küləklərin, hava kütlələrinin, səyahətçilərin marşrut xətləri və s. mətn olmadan müəyyən edilir.

Nöqtələr üsulu isə obyektin həm yayılma arealı, həm də kəmiyyət göstəricisi haqqında məlumat verilir.

Xəritənin məqsədindən və miqyasından asılı olaraq orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumiləşdirilməsinə kartoqrafik generalizasiya (ümumiləşdirmə) deyilir.

Kartoqrafik proyeksiya[redaktə | mənbəni redaktə et]

Qlobus meridian və paralellərin yaratdığı dərəcə torunu, xəritə üzərindəki coğrafi enlik və uzunluğun əmələ gətirdiyi kartoqrafik şəbəkəyə çevirmənin riyazi üsulu kartoqrafik proyeksiya adlanır.

Proyeksiyalar hamısı təhriflidir – onların birində ölkənin ölçüləri, digərlərində isə forması həqiqətə uyğun olmur.

İstifadə olunan köməkçi həndəsi səthdən asılı olaraq kartoqrafik proyeksiyalar dörd sinifə bölünürlər:

a) silindrik proyeksiyada qlobus ekvator boyu silindirə toxunur.
b) konus proyeksiyasında qlobus hər hansı paralel üzrə konusa toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Ona görə də belə xətlər sıfır təhrifli xətlər adlanır.
c) azimutal proyeksiyada kürənin hər hansı bir nöqtəsi müstəviyə toxunur.

Xəritə tərtib edərkən onun proyeksiyasını hesablamaq və qurmaq üçün istifadə edilən miqyasa baş miqyas deyilir. Xəritənin istənilən nöqtəsində kiçilmənin həqiqi nisbətini yəni, xüsusi miqyası hesablamaqla, xəritədəki obyektlərin və məsafələrin Yer üzərindəki həqiqi ölçülərini təyin etmək olar.

Xüsusiyyətlərinə görə xəritələr[redaktə | mənbəni redaktə et]

Xəritələr xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif edilirlər.

  • Miqyasına görə xəritələrin təsnifatı.
  • Ərazi əhatə etməsinə görə xəritələrin təsnifatı.

Onlar üç qrupa bölünürlər:

    • Dünya və yarımkürələrin xəritələri Yer səthinin bütövlükdə təsvir edildiyi xəritələrə aiddir.
    • Materik və okeanların, habelə onların böyük hissələrinin xəritələri adətən müəyyən bir regionu əhatə edir.
    • Dövlətlərin və onların hissələrinin xəritələrində daha kiçik ərazilər təsvir edildiyinə görə miqyas orta və böyük olur, coğrafi obyektlərin təsvirləri daha dəqiq göstərilir.

Məzmununa görə xəritələr[redaktə | mənbəni redaktə et]

Məzmununa görə xəritələri iki böyük qrupa ayırırlar:

Ümumcoğrafi xəritələrdə Yer səthinin ümumi mənzərəsi əks etdirilir. Bu xəritələrin coğrafi məzmunu aşağıdakılardan ibarətdir:

  1. su obyektləri;
  2. relyef;
  3. bitki və torpaq örtüyü;
  4. yaşayış məntəqələri;
  5. yollar və rabitə vasitələri;
  6. siyasi-inzibati, ictimai-iqtisadi obyektlər.

Ümumcoğrafi xəritələrin məzmunu daim təkmilləşdirilsə də, onlar adətən üç qrupa bölünürlər:

  • Topoqrafik (1:10000–1:200000)
  • İcmal topoqrafik (1:200000–1:1000000)
  • İcmal (1:1000000-dan kiçik)

Tematik xəritələrdə hər hansı bir təbii komponent, hadisə (məsələn: metallurgiya sənayesi, iqlim, geoloji və s.) daha müfəssəl və konkret olaraq təsvir olunur. Belə xəritələrin adı, məzmunu, mövzusu müxtəlif olub yalnız bir məlumatı verir.

Bir-biri ilə əlaqəsi olan bir neçə müxtəlif komponentlərin və ya hadisələrin təsvir kompleks xəritələrdə əks olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]