Yay vaxtı — Vikipediya

Hər nə qədər dünyadakı çoxu ölkədə var olmasa da, yay vaxtı tətbiqi yüksək paralellərdə sıx rast gəlinən bir tətbiqdir.
  Yay vaxtı istifadə edilir
  Yay vaxtı artıq istifadə edilmir
  Yay vaxtı heç istifadə edilməmişdir

Yay vaxtı və ya qış vaxtı.

Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir.


Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Azərbaycanda Yay vaxtına keçid 1997-ci ildən 2016-cı ilədək Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilib[1]. Həmin Qərara görə:

  1. 1997-ci ildən başlayaraq hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan Respublikası ərazisində yay vaxtına keçilir.
  2. Hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ləğv olunur. Bunula da Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir[2].

Qazaxıstan, Türkiyə, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Braziliya, Yaponiya, Sinqapur, Rusiya, Belarus, Ukrayna[3] və s. ölkələr də saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

Bir sıra ölkələrdə yay və qış vaxtlarına keçidin ləğvi barədə təkliflər səslənir. Məsələn, 2008-ci ilin mayında Rusiya Dövlət Dumasına vaxt dəyişikliyindən imtina ilə bağlı qanun layihəsi təqdim olunub. Belə bir qanun layihəsinin yaranmasına, yay və qış vaxtlarına keçidin vətəndaşların səhhətinə mənfi təsiri barədə məlumatlar səbəb olub. Hesablamalara görə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır. Əlavə arqument kimi 1980–1999-cu illər ərzində Rusiyada ölüm hallarının sayı barədə statistika da göstərilir. Bildirilir ki, bu statistikada yay və qış vaxtlarına keçid dövrünün payı 8–10% təşkil edir. İddia edilir ki, saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60–70 min insan ölür.[4][5]

Həkimlər isə saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejiminlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
  2. "Azərbaycanda yay vaxtına keçid ləğv edildi" (azərb.). lent.az. 17 mart 2016. 2016-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.
  3. "UKRAYNA YAY VAXTININ TƏTBİQİNDƏN İMTİNA ETDİ". 2012-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
  4. "Saat dəyişikliyinin zərəri nədir?". 2010-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-26.
  5. "Arxivlənmiş surət". 2011-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]