Azərbaycan mifologiyası — Vikipediya

Qulyabanı

Azərbaycan mifologiyası (az-əbcəd. آذربایجان اساطیری‎) — azərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Formalaşması və xarakteristikası[redaktə | mənbəni redaktə et]

XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.[1]

Mifoloji dünya təsəvvürü[redaktə | mənbəni redaktə et]

Tanrılar[redaktə | mənbəni redaktə et]

Al anası. Əzim Əzimzadə, 1939

Azərbaycanlılarda tanrını göylə düşünmə təmayülü var. Tanrıya şükür edilərkən Günəşə dönər və ya şükür edilən nemət Günəşə çevrilərdi. Günəşdə ilahi bir hikmət olduğu qəbul edilərdi.[2] Ənənəvi türk xalq inanclarında Tanrının göylə əlaqələndirilməsi İran Azərbaycan türkləri arasında "göydəki Tanrıya and olsun", "göy haqqı", "ay haqqı" kimi deyimlərdə yaşadılır. "Göy haqqı" xüsusilə göyün müqəddəsliyinə işarə edir.[3] Azərbaycanlılarda Ulu Tanrıdan bəhs edilərkən "varlı və neməti bol olan" mənasında "bayat" adı istifadə edilir.[4]

Sayanın bir şaman tanrısı olduğu və sayaçılığın kökünün Azərbaycandan çıxdığı düşünülür. Monqol dilində tanrı mənasında istifadə edilən "Yaya", "Dz'aya" ve "Dzayagg" sözləri ilə saya arasında əlaqə sayaçılığın şamanizmdən gəldiyini göstərir. Saya ilə bağlı inanc Altaylara, ordan da Anadolu və Azərbaycana köhnə şaman türk-monqol mədəni mühitinin təsiri ilə gəlmişdir.[5] Azərbaycanda istifadə edilən sayaçı sözləri mənaca heyvanların ilahiləşdirilməsinə qədər gedib çıxmış, qədim türk köçəri həyatını yenidən canlandırmışdır.[6] Digər bir şaman tanrısı olan Qodu isə günəşi çağırmaq üçün istifadə edilir. Araşdırmaçılar onun bir büt-ilahə olduğunu və ya Günəş və Ayı təmsil etdiyini düşünür.[7]

Azərbaycanın bir sıra bölgələrində Humay adlandırılan qayalar və onunla bağlı inamlar qədim türk tanrısı Umayın ana kultunun hələ də mövcud olduğunu göstərir. Bura gələn uşaqsız qadınlar başını qayaya qoyub yatar, uşaqlar isə sümüyü bərkisin və tez yerisin deyə qayanın altındakı deşikdən keçirilərmiş. Qubadlı rayonun Qaracallı kəndində isə Umay kahası mövcud olmuşdur.[8] Umay kultu ilə İslamdakı Fatimənin birləşməsi nəticəsində Fatma Qarı obrazı ortaya çıxmışdır.[9]

Azərbaycan nağıl qəhrəmanı Tufan Divin qız qaçırarkən ildırım çaxması motivi bu divin İldırım tanrısının izlərini daşıdığını göstərir. Onun oğlu Tapdıq Göy oğlu kimi göydən yerə atılır və tapıldığı üçün adına Tapdıq deyilir. Eynən İldırım tanrısının övladlarında da bu motiv görülür. Beləliklə, Tufan divin oğlu Tapdıq türk və monqol əfsanələrində şeytani qüvvədən təmizlənməsi üçün göydən yerə göndərilən Tanrının övladları şəklindəki əfsanəvi qəhrəmanlar qrupuna aid olunur.[10]

Novruz bayramında torpağın iki tərəfdən qazılması və altından keçidin düzəldilməsi, sonra insanların oradan keçməsi yer kultunun bir qalığı olub, torpaq ruhu və Yer Ana (Certenger) ruhundan yenidən canlanmağı ifadə edirdi. Digər türk xalqları ilə ortaq örnəklər Al Dədə, Albasdı, Alvız (Dağ Ana), Andar xan, Qanım Xan və s.-dir. İyələr adlandırılan, türk mifologiyasında qoruyucu rol oynayan ruhlara Çay nənəsi, Ev iyəsi, Meşə iyəsi, Od iyəsi, Su sahibi, Yel iyəsi, Yer iyəsi daxildir.[11][12][13]

Ölüm və Əbədi Həyat[redaktə | mənbəni redaktə et]

Azərbaycanlılarda məhsul mövsümü başlanarkən dan yeri ağarmadan və günəş çıxmadan yığılan ilk almanın "Əbədi həyat" verdiyinə inanılır.[14] Ölümü çatanın isə ulduzu düşər. Həmin şəxs ulduz düşməsinin ona yox, başqasına aid olduğunu fikirləşib, "Ulduzum yerində" və ya "tu-tu-tu" deyə bilər.[15] İnanclarda çox ağlayan və uğursuz adamlarla qarşılaşmaq ölümə işarə olaraq qəbul edilir.[16]

Ölümü çatan insanın canının gec çıxması isə onun sevdiyi bir adamı görmədən ölmək istəməməsi kimi başa düşülər.[16]

Həmçinin qəbiristanlığın yanından keçənləri Qaranın basacağına inanılır. Döyüşdə övladlarını itirən ailələr evlərindən qara yas bayrağı asarlar.[17] Azərbaycanda ölən bir şəxs üçün onu "torpağa əmanət etdik" deyilər. Beləliklə, torpaq dəyərli hesab edilən ölülərin əmanət ediləcəyi dəyərli bir yer sayılır. Ölümün ən günahkar insanı belə "təmizlədiyi"nə inanıldığı halda bəzi insanlar üçün "onu yer də qəbul etməz" deyilər.[17]

Mifoloji varlıqlar[redaktə | mənbəni redaktə et]

Ağac Ata/Ağac iyəsi/Ağac kişi

Azərbaycanlıların mif və əfsanələri xeyir və şərin daşıyıcı olan müxtəlif mifik və semi-mifik varlıqlara inancın əsasında qurulub.[18] Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən, özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirən "Kitabi-Dədə Qorqud" dastanından götürür.[19] Azərbaycan mifoloji görüşləri fars folklorunun təsirinə məruz qalmasına baxmayaraq öz orijinallığı ilə seçilir. Fars mifologiya da Azərbaycan mifologiyasından bir sıra mifoloji süjetləri götürmüşdür.[20] Qumuq mifologiyası həm tipoloji, həm də genetik əlaqə inkişafında Azərbaycan mifologiyası ilə daxili əlaqəli olmuşdur.[21]

Azərbaycan mifologiyasında ən aparıcı obrazlar div, əjdahapəridir. Nəhəng, qüvvətli, eybəcər və insanabənzər divlər quyuların dibindəki üç otaqlı mağaralarda yaşayırlar və şər qüvvələri təmsil edirlər. "İbrahimin nağılı"nda isə div xeyirxahlığı, insanlarla qan qohumluğu ilə təsvir edilir. Əjdahalar isə quraqlıq və xəstəliyin səbəbkarı kimi təsvir edilir, su mənbələrinin qabağını tutur.[19] Bəzi süjetlərdə əjdaha üç, yeddi və qırx başlı olur, öldürülməsi üçün bütün başları kəsilməlidir. Kəsilmiş başın dirilərək qəhrəmana hücum etməsi də mümkündür.[22] Pərilər div və əjdahalarla müqayisədə daha müsbət rol oynayır, ağ dəriləri və uzun saçları ilə gözəl bakirələr olaraq təsvir olunur. Pərilər gözəl bağlarda və saraylarda yaşayır, hovuzlarda üzürlər. Onlar göyərçinə çevrilib, başqa yerlərə uça bilirlər.[22] Azərbaycan mifologiyasına suların sahibi olan su pəriləri də mövcuddur.[23]

Damdabacalar köhnə evlərin, məscidlərin dəyirmanların xarabalıqlarında yaşayırlar. Axşamdan keçmiş həyətə isti su tökmək olmaz, çünki təsadüfən, damdabacaların uşaqlarını yandırmaq olar, belə olarsa, onlar bunun qarşılığında intiqam almağa başlarlar.[24] Bundan başqa Azərbaycan mifologiyasına balaca adamlar (əcinnə, cırtdan), sikloplar (Təpəgöz, kəlləgöz), dağ meşələrində yaşayan, tüklü varlıqlar formasındakı ruhlar ("Ağac kişi" və ya "Meşə adamı"), çöldə və ya qəbiristanlıqda yaşayıb, gecə yolçularını qorxudan qulyabanılar daxildir. Qulyabanılar tutulduqdan sonra paltarına iynə sancılaraq sahiblənilə bilər, ancaq insanın hər dediyinin əksini edəcək.[25][26][27]

Azərbaycan rituallarında əsas obrazlardan biri olan Xızır üçün "…unu teştə yığıb yükün altına qoyarlar. Guya gecə Xızır Nəbi gəlib əlini bu una çəkər, onu əfsunlar. Bu un müqəddəs və əfsunlanmış hesab edilər." Xızır bəzən möcüzəli doğuşa səbəb olan dərviş, bəzən də bir illik yolu bir göz qırpımında qət edən, korların gözünü açan peyğəmbər olur. Rituallarda istifadə edilən digər bir obraz isə keçmişdə taxıl sünbüldən çıxandan sonra buğdanı samandan çıxartmaq üçün çağrılan Yel Baba idi: "Taxılımız yerdə qaldı, yaxamız əldə qaldı. A Yel baba, Yel baba, Qurban sənə, gəl, baba!"[19] Qırmızı paltar geyən Hal anası isə doğuş zamanı zahının başının üstündə dayanır. Gözəgörünməz olan Hal anası anaya və ya uşağa xətər yetirmək məqsədini güdür. Ondan qorunmanın müxtəlif üsulları vardır: tüfəngdən güllə atmaq, zahıya kişi paltarı geydirmək və ya adını Məryəm çağırmaq.[28]

Azərbaycan mifologiyasında insanın bedheybətə və ya əksinə çevrilmə ilə bağlı, nadir hallarda ikiləşmə (qohumlara, hətta əkizlərə) ilə bağlı süjetlərə rast gəlinir. Buna misal olaraq İsaq-Musaq quşunu, insan-qurd çevrilmələrini, Əkil və Bəkil əkiz qardaşlarının mifik bir şəkildə birləşib, daha sonra bir sayılmaqlarını göstərmək olar. İnsan-qurd çevrilmələri insanları vəhşiliyə sövq edir. Qurd dərisinə girən qadınlar hətta öz körpələrini yeyir, nəslin kökünü kəsirlər.[19][20]

Ruhlar[redaktə | mənbəni redaktə et]

Azərbaycanda şər ruhlardan qorunmaq üçün oğlan övladına 15 yaşına qədər qız paltarı geyindirilməsi adəti mövcuddur.[29]

İnanclar[redaktə | mənbəni redaktə et]

Mifik quş Simurq. Sitarə Rəhimova

Azərbaycan xalqının inanclarında qurda, marala, inəyə, ağ quşa, ilana, aslana, qaba ağaca totem kimi yanaşıldığı müşahidə olunur. "Qurdun oğlu" mifində dişi qurd tərəfindən bəslənilən oğlan böyük güc əldə edir və öz xalqının xilaskarına çevrilir. "Xilaskar qurd" mifində müqəddəs qurd türkləri xilas edir, onlara qurtuluş yolunu göstərir. İlanlar isə bəzi mif və inanclarda insanlara heyvanların dilin öyrədir, xəzinələrin insanlarla paylaşır, digərlərində mənfi obraza sahibdir, zəhərli varlıqlar kimi tanınır.[22]

Azərbaycan inanclarında təbiətdəki hər şeyin ruha sahib olması görüşləri vardır. Məsələn, əncir ağacını kəsəndə "Ruhu səni tutacaq" qənaətinə gəlirlər. Yerə qaynar su atanda "Torpağın ruhunu incitdin" deyirlər. Quşa daş atanda "Onun ruhundan qorx!.." xəbərdarlığını edirlər.[19]

Azərbaycan mifologiyasında insanın, xüsusilə ölünün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edilir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dünyada yaşamaqda davam edir, təkcə məhsuldarlığını itirmiş olur. Azərbaycanda qəbir üstünə gedənlər özləri ilə ölünün ruhuna çalınmış halva, Novruz bayramında isə səməni aparıb qəbirin üstünə qoyurlar. Qəbir qohum-əqrəba və ailə üzvləri tərəfindən ziyarət ediləndə onlar qəbirin üstünü yuyur, su çiləyirlər. Daşla 3 dəfə qəbirin aşağısını döyürlər. Bununla, ölüyə gəldiklərini xəbər verirlər. Qəbirin üzərinə onu ziyarətə gəldiklərini bildirmək üçün müəyyən işarələr qoyurlar.[30]

Həmçinin inanclarda insana xas xüsusiyyətlərin əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız varlıqlara, göy cisimlərinə, heyvan və quşlara aidliyi mövcuddur. Daş beşikdən tutmuş, göy cisimlərinə — günəşə, aya, ulduzlaradək bütün canlı-cansız varlıqlar insanlar kimi düşünə, danışa, yarada, şüurlu fəaliyyətdə ola bilir.[19]

Ağacın üzərində qoç buynuzu

Magiya, yəni fövqəltəbii qüvvələrin gücü ilə dünyaya (təbiət hadisələrinə, ruhlara, adamların əhval-ruhiyyəsinə, sağlamlığına) təsir etməyin yolunun tapılması əfsun, cadu, sehr, tilsim, fal və duaların toplusu şəklində anılır. Əski azərbaycanlılar qorxunu götürməkdən ötrü (bəzi kəndlərdə indi də icra olunur) cəftə suyu verirdilər. Onun çəkicini adi suya salır, alınan yaxalantını magik gücə malik hesab edirdilər. Keçi piyini bədəninə sürtməklə xəstənin sağalacağına ümid bəsləyirdilər. Şər işlərin baş tutması üçün isə qurd yağından və ilan qabığından istifadə edirdilər. Kolu, tikanlı ağacların budaqlarını və üzərlik bitkisini evlərin astanasından asırdılar ki, pis nəzərləri içəri buraxmasın. Bağbağata ziyan dəyməsin deyə itin kəllə sümüyünü çəpərin üstünə sancırdılar.[19]

Azərbaycan inanclarında kiçik məişət əşyalarından tutmuş silahlara, bulaqlara, təpələrə, qayalara kimi hamısı ilahiləşdirilib tarixin müxtəlif dönəmlərində insanların ümid yerinə çevrilmişdir. Müxtəlif nağıl və dastan nümunələrində bir silsilə sehrli əşyalar və vasitələr təsvir edilir ki, qeyri-adi işləri yerinə yetirir, möcüzələr törədir. Bu inanclara müxtəlif yerlərin müqəddəsləşdirilməsində də qarşılaşılır. Məsələn, Azərbaycan bayatılarında dağlardan böyüklər olaraq söz açılır.[19] Qoşqar dağı keçmişdə azərbaycanlılar tərəfindən müqəddəs olaraq görülürdü.[31]

Azərbaycan mifoloji sistemində və inanclarında ağac (ağac pirlərinə bu gün də paltarlarından bir hissə qoparıb asanlar var), dağ, qaya, su, bulaq, ilan (ilan pirləri), öküz, inək, at, ocaq, ata, ana, baba (Şəkidə Babaratma piri, Ağdaşda Gündoğdu baba ziyarətgahı) kultlarının izlərinə rast gəlinir.[19] Ağac kultu geniş yayılıb. Hətta müasir dövrdə də ip və ya parçaların ağaclara bağlanmasına rast gəlinir. İlisu kəndindəki "Qoz piri"ndə şəfa tapmaq üçün gələn xəstələr, övlad istəyən qadınlar bu piri ən müqəddəs bir qüvvə kimi qəbul edirlər. Qaxla İlisu arasında Qarabulaq adlı yerdə "Zoğal pir" var. Ziyarətçilər zoğalın budaqlarına ip, sap, əsgi parçası, yun qırığı, kağız pul və s. bağlayırlar.[22]

Uğur və vergi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalələr: BadəButa (ilahi vergi)

Bəzi uşaqların gələcəyi gördüyü, olacaq hadisələri hiss etdiyi düşünülür.[32] Bundan başqa yuxuda bəzi simvolların görülməsinin işarə olduğu, bəzi insanlara sirr verildiyi və onların yuxularında həqiqəti gördüyünə inanılır. Bu haqq vergisi hər insana verilmir, sadəcə bəzi nəsillərin bütün üzvlərinə verilir. Belə şəxslər "yuxuda badə içmişlər" adlandırılır. Bu cür ailələrin oğlanlı-qızlı bütün üzvlərində müəyyən bir yaşa gələndə xüsusi hallar müşahidə edilir.[33]

Azərbaycanda Qərb ulduzunu və ya Bəxt ulduzunu görən şəxs uğurlu qəbul edilər.[15] Nəzərdən qorunmaq üçün isə üzərlik yandırılır.[34]

Mərasimlər[redaktə | mənbəni redaktə et]

Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: "Qodu, odu daşı. Odu kəssin yağışı." Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur.[35] Yağışı yağması üçün isə yeddi daş ipə bağlanıb suya atılar, ucu qarağac və ya fındıq ağacına bağlanılar.[36]

Ayın 3 günlüyündə subaylar eyvana çıxıb niyyət tutarlar. Bunu üç gün təkrar edən şəxs üçüncü gün yuxusunda evlənəcəyi şəxsi görər. Ay vasitəsilə gələcəyi görmə inancları Azərbaycandan başqa Şərqi Anadoluda da yayılmışdır.[14] Qisməti təyin etməyin digər bir üsulu Xızır Nəbi bayramında icra edilən üzük falı və ya yeyilən almanın toxumlarının yastıq altına qoyulduqdan sonra görülən yuxudur.[37][38]

Zifaf gecəsindən əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəyərlər.[36] Uşaq sahibi olmaq üçün isə qışın doqquzuncu gününün gecə yarısından sonra ayaz vurmuş almanı uşaqsız qadın yeməlidir.[14]

Hamiləlik rahat keçsin deyə qoca Bilici qadın hamilənin qarnı üstünə bıçaq sürtər. Doğum zamanı isə Bilici qadının buyruğu ilə içəridə qadınlar, çöldə kişilər bıçaq itiləyərlər. Doğumdan sonra insanlar bıçaq itiləməyi dayandırarlar.[39]

Bəzi inancların siyahısı[redaktə | mənbəni redaktə et]

  • Aləmin yatdığı vaxt. Qışın sonu, yazın başlanğıcına deyilir. Təbiətin ölüb-dirildiyinə inanılır.[40]
  • Adna günləri. Bəzi Azərbaycan bölgələrində dədə-baba ruhlarının yad olunduğu günlərə deyilir.[41]
  • Göyə bağlı ip. Azərbaycan türklərinin etiqadlarma görə də, hər kəsin həyatı, taleyi sirli iplə göyə bağlıydı. О ipin qırılmağıyla insanın ömrünün də sona çatdığına inanılırdı.[8]
  • Qarabasma. Gözə pis bir şey görünməsidir, kabuslar da buna aiddir.[42]
  • Qaradaban. Gecə doğulan şəxsə deyilir. Gördüyü iş həmişə uğursuz olur.[43]
  • Qarı nənənin örkəni. Yağışdan sonra səmada yaranan yeddi rəngli göy qurşağının xalq arasındakı adıdır.[44] Göy qurşağının altından keçəndə qız oğlan, oğlan isə qız olur.[45]
  • Qış. Azərbaycan inanclarında qış qoca qarı olaraq təsəvvür edilir.[46]
  • Qoşabulaq. Koroğlu dastanında dirilik suyudur.[47]
  • Qut. Azərbaycan türk şivələrində "qut"un "həyat gücü, can" ("qutdan düşmək" — yaşamaq gücünü itirmək) mənaları qorunubdur. Bu anlayış Azərbaycan türk ədəbi dili örnəklərində "sayalı, mübarək, xeyirli, uğurlu" anlamlarında da işlənmişdir.[8]
  • Ölülərin dirildilməsi. "Qul Mahmud" dastanında ölülərin başı üzərində üç misra şeir oxunar, hər misra bitəndə bir ölü dirilər.[48]
  • Yuxuda at görmək. Uzunboyluluq və arzuya çatmağa işarədir.[49]

Ulduzlar və Ay[redaktə | mənbəni redaktə et]

  • Günəş və Ay. Azərbaycan inanclarında Günəşın qız, Ayın isə oğlan uşağı olması fikri vardır.[46]
  • Qərb ulduzu. Azərbaycan inanclarında Qərb ulduzunu görən şəxs uğurlu qəbul edilər.[15]
  • Ülkər ulduzu. Əfsanəyə görə, Ülkər adlı qızı atası ot qarşılığında ağa ilə evləndirmək istəyir. Ülkər göyə yalvararaq ot gətizdirir və daha sonra göyə qalxır.[47]
    • Karvanqıran. Əfsanəyə görə göydə Ülkər ulduzunu gördüyünü fikirləşən karvan gözətçisi bütün karvanın borana düşməsinə səbəb olur. Həmin Yalançı Ülkər ulduzu "Karvanqıran" adlandırılır.[47]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Caferoğlu, 1956. səh. 66-67
  2. Kalafat, 1998. səh. 42
  3. Rahimi, M. "İran Türklüğünde Geleneksel Türk İnançlarının Etki ve İzleri" . Milli Folklor 16 (2019 ): 147-159 <https://dergipark.org.tr/tr/pub/millifolklor/issue/51228/666927 Arxivləşdirilib 2023-08-19 at the Wayback Machine>
  4. Beydili, 2003. səh. 96
  5. Beydili, 2003. səh. 488
  6. Caferoğlu, 1956. səh. 72
  7. Caferoğlu, 1956. səh. 68-69
  8. 1 2 3 Cəlal Bəydili (Məmmədov). Türk mifoloji obrazlar sistemi: struktur və funksiya (monoqrafiya). — Bakı: Mütərcim, 2007. — 272 səh.
  9. Beydili, 2003. səh. 214-215
  10. Beydili, 2003. səh. 547
  11. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
  12. Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
  13. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
  14. 1 2 3 Kalafat, 1998. səh. 66
  15. 1 2 3 Kalafat, 1998. səh. 68
  16. 1 2 Kalafat, 1998. səh. 142
  17. 1 2 Kalafat, 1998. səh. 54
  18. Набиев А. (азерб.)русск.. Азербайджанские сказки, мифы, легенды (рус.) / Редактор Т. Рашевская. — Б.: Азербайджанское государственное издательство, 1988. — 303 с.
  19. 1 2 3 4 5 6 7 8 9 Qafarlı, Ramazan, AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI, ADPU, 2010
  20. 1 2 Набиев А. (азерб.)русск.. Взаимосвязи азербайджанского и узбекского фольклора (рус.) / Научный редактор доктор филологических наук А. Дж. Гаджиев. — Б.: Язычы, 1986. — 286 с.
  21. Халипаева И. А. Кумыкская мифология и ее турецко-азербайджанские параллели // Языки, духовная культура и история тюрков. Традиции и современность. — 1997. — Т. II. — С. 129.
  22. 1 2 3 4 Әфәндијев П. (азерб.)русск.. Азәрбајҹан шифаһи халг әдәбијјаты (азерб.) / Научный редактор А. Набиев (азерб.)русск.. — Б.: Маариф, 1992. — 477 с.
  23. Басилов В. Н. Пари // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1982. — Т. II. — С. 287.
  24. SMOMPK: AZƏRBAYCAN FOLKLORU MATERİALLARI. 2-ci cild, AMEA Folklor İnstitutu, 2019
  25. Каракашлы К. Т. (азерб.)русск.. Материальная культура азербайджанцев Северо-восточной и Центральной зон Малого Кавказа: историко-этнографическое исследование. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1964.
  26. В. Б. Агач-Киши // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 35.
  27. Гюль-ябани // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 342.
  28. Məmmədova L. SMOMPK («Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu») məcmuəsində kiçik janrlar. // «Folklorşünaslıq məsələləri» IX bur. Bakı, 2011, s.136-145
  29. Kalafat, 1998. səh. 105
  30. Ələkbərova, Ülkər. Türk xalqlarının yas mərasimləri və inancları / Ü. Ələkbərova // Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. - 2018. - № 1. - S. 258-267.
  31. И. М. Джафар-заде. Экспедиция по обследованию циклопических сооружений Азербайджана // Известия АзФАН СССР. — 1938. — № 3. — С. 38.
  32. Kalafat, 1998. səh. 115
  33. Kalafat, 1998. səh. 90
  34. Kalafat, 1998. səh. 92
  35. Kalafat, 1998. səh. 64-65
  36. 1 2 Kalafat, 1998. səh. 77
  37. Kalafat, 1998. səh. 75
  38. Kalafat, 1998. səh. 118
  39. Kalafat, 1998. səh. 55
  40. Beydili, 2003. səh. 42
  41. Beydili, 2003. səh. 79
  42. Beydili, 2003. səh. 298
  43. Beydili, 2003. səh. 300
  44. Beydili, 2003. səh. 217
  45. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  46. 1 2 Beydili, 2003. səh. 63
  47. 1 2 3 Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 174 s.
  48. Beydili, 2003. səh. 460
  49. Beydili, 2003. səh. 71

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Caferoğlu, Ahmet. Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı (türk). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt 5, Sayı 1-4. 1956.
  • Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.
  • Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.