Azərbaycanlıların Soyqırımı Günü — Vikipediya

Azərbaycanlıların soyqırımı günü — Azərbaycanda rəsmi qeyd edilən anım günüdür. Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

Günün mənşəyi

[redaktə | mənbəni redaktə et]

1918–1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm nail olmağa cəhd edirlər. Bakı Soveti əks-inqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə hadisələr zirvə nöqtəsinə çatıb. Milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1.653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1.920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

  • 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası prezidenti H. Əliyevin "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərmanı olmuşdur.
  • 28 mart 2006-cı ildə Azərbaycan Respublikası prezidenti İ. Əliyevin "31 Mart Azərbaycanlıların soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur.

Azərbaycanlıların soyqırımı günü Hollandiyada

[redaktə | mənbəni redaktə et]

Niderland krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin və onun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə Rotterdam şəhərində 31 mart–Azərbaycanlıların soyqırımı günü ilə bağlı 2009-cu ilin mart ayında etiraz aksiyası keçirilib.

Tədbirə Azərbaycan və Türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri qatılıblar. Aksiyada iştirak etmiş 150-ə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırım qurbanlarının sayının göstərildiyi ağ köynəklər geyinib, başlarına mavi papaq qoyublar. Etiraz aksiyasına toplaşanlar holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndiriblər. Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə ətraflı məlumatın əks olunduğu Holland dilində hazırlanmış 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanıb.

Azərbaycanlıların soyqırımı günü Türkiyədə

[redaktə | mənbəni redaktə et]

Türkiyənin İzmir şəhərinin mərkəzi Konak Meydanında 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar 2009-cu ildə etiraz aksiyası keçirilib.

Aksiya Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti, İzmir universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub. Aksiyada 31 mart soyqırımını əks etdirən fotoşəkillər nümayiş etdirilib və broşürlər paylanıb. Aksiyanın sonunda bəyanat qəbul edilib.

31 mart azərbaycanlıların Soyqırım Günü ilə bağlı Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası da bəyamat yayıb. Bəyanat müəllifləri 31 mart soyqırımını törədənlər, onlara dəstək verənlər və tarixi saxtalaşdırıb ikili standartlardan çıxış edən etməni diasporunun yalanlarına alət olanları nifrətlə qınadıqlarını bildiriblər.

Azərbaycanlıların Soyqırımı Günü ABŞ-də

[redaktə | mənbəni redaktə et]

Nevada ştatının qubernatoru Cim Qibbons 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ştat ərazisində matəm elan edib (2009). APA-nın ABŞ bürosunun məlumatına görə, bu, ABŞ tarixində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə matəm elan olunmasına dair ilk haldır.

Qubernator Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsilə qubernator ona ünvanlanan onlarla məktuba cavab olaraq tariximizin qanlı səhifəsinə həsr olunan bəyanat yayıb. USAN-nin icraçı direktoru Adil Bağırovun APA-ya verdiyi məlumata görə adı çəkilən bəyanatın ərsəyə gəlməsində təşkilatın Nevada ştatı üzrə fəalı Bob Güneyin böyük xidməti olub. Bəyanatda ermənilərin 1918-ci il mart ayında Bakı və Azərbaycanın digər şəhərlərində on minlərlə mülki azərbaycanlının qətlə yetirilməsi münasibətilə başsağlığı verilir. Qubernator məktubunda həmçinin qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Vaşinqton Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi sayır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-də bir çox qubernator və şəhər merləri 28 may – Respublika Günü, 18 Oktyabr – Milli Müstəqillik Günü münasibətilə yerli azərbaycanlılara təbrik məktubları yollayıblar. Həmin məktublarda Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistanın işğalçı dövlət olduğu qeyd olunub. USAN həmçinin Amerika kitabxanalarına Azərbaycan həqiqətləri haqqında bir çox akademik kitablar yollayıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]