Xırdalan Cümə məscidi — Vikipediya

Xırdalan Cümə məscidi
Xəritə
40°26′51″ şm. e. 49°45′22″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşir Abşeron rayonu, Xırdalan şəhəri
Aidiyyatı Qafqaz Müsəlmanları İdarəsi
Tikilmə tarixi 1842
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Minarələri 1
Günbəzləri 1
Material ağ daş
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt scwra.gov.az
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Xırdalan Cümə məscidiXırdalan şəhərində yerləşən müsəlman dini məbədi. Məscid 1842-ci ildə inşa edilib.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Xırdalan Cümə məscidi 1842-ci ildə (hicri-qəməri ilə 1263-cü il) Axund Hacı Molla Qafur Molla Ələskər oğlunun təşəbbüsü və Xırdalan kəndinin imkanlı adamlarının maddi yardımı ilə inşa olunub.[1] Məscid vaxtilə həmin ərazidə yerləşmiş kiçik köhnə məscidin yerində tikilib. Tikintidə istifadə olunan daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb gətirilmişdir.[2]

Məscid Bakı-Abşeron memarlığı üçün ənənəvi üslubda tikilib. 1937-ci ildə minarəsi dağıdılmış, əsas binadan bir müddət kolxozun taxıl anbarı kimi istifadə olunub.[1] Məscidin həyətindəki minarənin daşları sökülərək Xırdalan kənd məktəbinin tikintisində istifadə olunmuşdur. Hazırkı minarə isə 1999-cu ildə tikilmişdir. Hazırda məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir. Burada ərəb diliniQuranı öyrənmək istəyənlərlə dini təhsil almış müəllimlər məşğul olur.[2]

Hazırda məsciddə dindarların rahat ibadət etməsi üçün bütün şərait mövcuddur.

Haqqında[redaktə | mənbəni redaktə et]

Şirvan-Abşeron məscidlərinə xas asimmetrik tək minarəsi olan Xırdalan məscidinin əsas binası daxili ölçüləri 12-16 metr olan böyük ibadət zalından və 2 yan otaqdan ibarətdir. Yan otaqların birindən məscidin arxasındakı həyətə çıxış var. Xırdalan məscidi iki mərtəbəlidir, yəni yan otaqların üstündə həyətdən ayrıca girişi olmaqla 4-12 metr ölçüdə qadınlar üçün ibadətxana da vardır ki, bura xüsusi dəmir şəbəkə ilə əhatə olunmuşdur. Dini mərasimlər zamanı kişilər aşağıda, qadınlar isə yuxarı mərtəbədə ibadətlə məşğul olurlar.[2]

Xırdalan Cümə məscidinin kişilər üçün ibadət otağı 180, qadınlar üçün ikinci mərtəbədə yerləşən ibadət otağı isə 48 kv. metrdir.

Böyük ibadət zalının ortasında ornamentlə və yazılarla bəzədilmiş günbəz vardır. Dörd metr diametrində olan gümbəz daxildən 4 tağlı sütunlar üzərində dayanmışdır. Sütunların tikilməsində inşaat materialı kimi bütün kənd əhalisindən yığılmış yumurtaların sarısından istifadə edilmişdir. Gümbəzin 4 vitraj pəncərəsi var. Minarənin hündürlüyü 32 metrdir. Daxildən tavanın günbəz hissəsində dairəvi şəkildə dörd dəfə “Kəlmeyi-şəhadət” yazılmışdır. Məscid binası düzbucaqlı formadadır.

Məscidin cənub şərq divarının mərkəzində müqəddəs Kəbənin istiqamətini bildirən mehrab var. Mehrabın ətrafında oxvari ornament işlənmişdir.

Məscidin minbəri 1899-cu ildə Hacı Hümbətəli adlı kənd sakini tərəfindən məscidə hədiyyə edilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 ""Xırdalan Cümə" məscidi Abşeron rayonu". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  2. 1 2 3 4 "Xırdalan məscidi". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]